ALLAHA İMAN

De ki: O, bir tək Allahdır.
Allah, mütləq varlıq və bütün varlıqların var olmasının səbəbidir.
Nə doğmuş, nə doğulmuş, nə ata, nə də oğul olmuşdur.
Heç bir şey Ona tay və bərabər deyil." [112:1-4]

Allaha iman, imanın ilk şərtidir. Digər bütün şərtlər, bu şərtə bağlıdır. Zatən Allaha iman etmədən axirətə və nübüvvətə imandan söz belə gedə bilməz. Məhz bunun üçün, Allaha imanın bütün tələblərini bir cümlədə birləşdirən kəlməyi-tövhid, imanın şüarıdır.

"Həqiqi möminlər yalnız Allaha və Rəsuluna iman edənlər, ondan sonra da şübhənin səmtinə uğramayanlar və Allah yolunda mallarıyla, canlarıyla cihad edənlərdir: məhz onlar, sadiq olanlardırlar." [49:15]

Sadəcə Allaha inanmaq kifayət deyil. Allaha layiqi ilə inanmaq lazımdır. Sadəcə Allaha inanmaq kifayət olsaydı, müşriklərə müşrik deyil, mömin deyilməli idi. Allaha iman, Allaha yaraşan bir iman olmalıdır. Bu imanın inkar olunmaz şərti, Allaha aid bir xüsusiyyəti Ondan başqa heç kimə yaraşdırmamaqdır. Bu şəxs istər peyğəmbər, istər vəli, istərsə əziz olsun. Çünki yalnızca Allah, Allahdır. Onun tayı və bənzəri yoxdur. Heç bir şey Onun kimi ola bilməz. Heç bir şey Ona tay və bərabər ola bilməz. Heç bir şey Ona ortaq ola bilməz. Heç bir ağıl Onu zatıyla tanıya bilməz, heç bir idrak Onu zatıyla qavraya bilməz. O, ancaq sifətləriylə tanınar və qavranar.

Ağılın işləmə forması bəllidir: gördüklərindən görmədiyini, bildiklərindən bilmədiyini çıxartmaq. Bu əməliyyatı, bəzən bütündən parçaya enərək [deduksiya [1], bəzən parçadan bütünə çıxaraq [induksiya[2], bəzən də parçadan parçaya intiqal edərək [müqayisə] həyata keçirər. Yəni ağıl, mütləq bütünlə parça arasındakı əlaqənin hər hansısa birini gördüyü üçün qurar. Allah zatıyla mütləq və üstündür. Onun zatı üçün bütün-parça faktından söz belə gedə bilməz. Belə bir fakt, immanent [3] və yaradılmış varlıqların xüsusiyyətidir. Məhdud olan ağıl, hüdudsuz olanın zatını ehtiva edə bilməz. Ağıl ehtiva edə bilmədiyini,- başqa bir sözlə çərçivəyə sala bilmədiyini,-qavraya bilməz. Qavraması üçün mütləq hüdudlandırması vacibdir. Nəyin ki, hüdudu var o, Allah ola bilməz. Buna görə də "ağılına nə gəlirsə, o, Allah deyildir" deyiblər. Bu, Onun mütləqliyini və üstünlüyünü ifadə edir.
Yaxşı, hüdudsuz olanı qavramağın bir yolu varmı?

Əlbəttə, vardır: İman.
Allah kəlməsinin mənşəyi haqqında, dilçilər fərqli fikirlər irəli sürüblər. Bu tezislərin ümumi sayı 30-a yaxındır. Allah kəlməsinin törədildiyi fikirində olanlar, bu adın ilahın müəyyənlik bildirən “əl” [ال ] artiklı ilə gələn forması olduğunu irəli sürürlər.
Əl-İlah ilə, mütləq ilah nəzərdə tutulur. Əl-İlah, sonralar Allah olaraq tələffüz edilmiş, dillərdə özünə beləcə yer etmişdir. Bu adın törədildiyi kök hərflər “ə-l-h”dir. Ələhə, "məbud hesab etdi, qulluğunu Ona təsis etdi, ibadət etdi" mənasına gəlir. Ancaq bu qulluğun əsası sevgi olmalıdır ki, sözün kökünə nisbəti dəqiq ola bilsin. Sevgi, bu sözlə eyni kökdən olan bütün sözlərin ortaq mənasıdır.

Bütün adlar, Allah adına yönəlikdir. Allah isminin özünə yönəlik tək bir söz var: Huvə, yəni "O".
Eynilə, "Qul huvəllahu əhad"də olduğu kimi. "O" əvəzliyi, bütün məna və kəlmələri aşan Zatı İlahinin mütləq varlığını təmsil edər.
O, Odur. O, özü olandır. O, özündən başqasına bənzəməyəndir. Onu, haqqıyla ancaq O bilər. Onu, haqqıyla ancaq O tərifləyər. Onu, haqqıyla ancaq O tanıyar. Onu haqqıyla ancaq O sevər. Onun haqqı O olmaqdır. O olmaq, əl-Haqq olmaqdır. O olmaq, mütləq həqiqət olmaqdır.
Ondan başqasının haqqı, Ona qul olmaqdır. Ondan başqasının haqqı, məxluq olmaqdır. Ondan başqasının haqqı, Ona boyun əyməkdir. Ondan başqasının haqqı, O, "ol" deyincə olmaq, "olma" deyincə olmamaqdır. Ondan başqasının haqqı, Ona rəğmən heç bir haqqının olmadığını qavramaq, Onun sayəsində var olduğunu bilməkdir. Ondan başqasının haqqı, Ona qeydsiz-şərtsiz təslim olmaqdır.

Huvənin əsli hu/hə’dir. Huvənin vavı [و] artıqdır. Bunun isbatı vavın ikil və cəm formada düşməsidir. [4] Bəziləri hu [ه] əvəzliyinin hərfi olan həni, Allah ismini törədildiyi kök olaraq görürlər. Buna görə hə hərfinə bir milk lamı əlavə olunmuş ləhu olmuşdur. Başına təzim üçün bir əl artıklı əlavə edilmiş, ləfzi cəlal olan Allah olmuşdur. [İtkan II, 158]

Allah ismi əlif ilə başlayır, hə ilə bitər.
Yəni, dildə başlayar, ciyərdə bitər.

Quranda 2697 dəfə istifadə edilən Allah ismi, istifadəsinin çoxluğuna görə şanına yaraşan bir yer tutmuşdur. [5] Allaha aid istifadə edilən açıq və gizli əvəzliklər bura daxil deyil. Əgər bu siyahıya Allaha aid istifadə edilən açıq və gizli əvəzlikləri də daxil etsək, say 6000-ni keçər. Quranın məqsədi kəlmə ilə inşadan çox, mənəvi bir inşadır. Buna görə müxətibinin Allah təsəvvürünü inşa etməyi qarşısına məqsəd qoyar.

Məkkə cəmiyyətinin əksəriyyəti Allah inancına sahib idi. Onları, göyləri və yeri Allahın yaratdığına, yağışı Allahın yağdırdığına, günəşi və ayı Allahın çıxarıb batırdığına inanırdılar [29:61, 63; 31:25; 39:38].
Onları müşrik edən inkarları deyil, Allah təsəvvürlərindəki yanlışlıqları idi. Allaha inanırdılar, lakin inandıqları Allahın "uzaq" olduğunu düşünürdülər. Bu düşüncə, onları Ona yaxınlaşdıracaq vasitə axtarışına sövq etdi. Məhz bu axtarış nəticəsində mələklər və cinlər kimi gözlə görünməyən varlıqların, Allah qatında onların lehinə vasitəçilik edəcəyi düşüncəsinə inandılar. Onları Allahın qızları və ya hərəmi olaraq təsəvvür edirdilər. Bütlərini düzəltdikləri mələkləri məmnun edərlərsə, mələklər də Allah qatında onlara arxa çıxacaq, bir şəkildə Allahı razı edəcəkdilər.
Quranın dönə-dönə tənqid etdiyi Cahiliyyə insanının şəfaət anlayışı bu idi [39:3; 10:18]. Allah təsəvvüründəki bu yanılma, bütçülüyü gətirdi. Bütlərə, Allaha yaxın olduğuna inandıqları mələklərin yer üzündəki simvolu olaraq tapınırdılar. Üç böyük büt olan Lat, Menat və Uzzaya buna görə qadın adları qoymuşdular. [53:19-22]. Cahiliyyə cəmiyyəti, bütlərə ibadət etməklərini belə açıqlayırdı:
"Bizi Allaha yaxınlaşdırsınlar deyə..." [39:3]

Bu, onlardakı azmanın təməlində, uzaq Allah inancının yatdığının açıq bir dəlili idi. Buna görə Quran inkarçı müxətiblərin əqidəvi azmasını şirk olaraq adlandırdı. Bu anlayış, Allahı inkar etməyi deyil, Ona ortaq qoşmağı ifadə edirdi. Ənbiya surəsinin 22-ci ayəsi kimi bəzi ayələrdə edilən müqayisə, Allahın varlığını isbat məqsədini deyil, şirk məqsədini daşıyırdı. Müşriklərin bütlərə tanrılıq yaraşdırması, Quran tərəfindən belə vurğulanır:
"Sizin Ondan başqa tapındığınız hər şey, yalnız və yalnız sizin və atalarınızın verdiyi adlardan ibarətdir. Allah bunlar haqqında heç bir dəlil endirməmişdir. [Yaradılanların mövqeləri haqqındakı] son mühakimə, yalnız Allaha aiddir: O sizə, Ondan başqasına əsla qulluq etməməyinizi əmr etmişdir: Məhz bu, doğru olan yeganə dindir; lakin insanların çoxu bundan xəbərsizdir." [12:40]


[1] fəls. Düşünmə prosesində ümumidən xüsusiyə getmə
[2] fəls. Xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu;
[3]fəls. bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili
[4] Ərəb dilində başqa dillərdə olamayan ikinci şəxsin cəm forması deyilən bir forma var.
[5] M. Fuad Abdulbaqi, əl-Mucəmu’l-Mufəhrəs