Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Yerinə yetirməyə əmin olmadığın vəd vermə

Yerinə yetirməyə əmin olmadığın vəd vermə

İnsanlıq və böyüklük kəlməsi ilə verdiyi sözə əməl etməmək bir-birinə uyğun gəlmir. İmam Əli (ə) buyurur: “O vədəni vermə ki, ona vəfa etməkdə əminliyin yoxdur”.

Yadıma gəlir ki, rəhmətlik atam bizə çox asanlıqla söz vermirdi və biz də ona görə həmişə şikayət edirdik. O zaman bizə söz verirdi ki, həmin işi həqiqətən də yerinə yetirə biləcəkdi. Verdiyi sözə heç bir zaman vəfasızlıq etməzdi.

Bizim üçün də çox maraqlı idi ki, niyə dostlarımızın atası onlara belə rahatlıqla söz verə bilir, ancaq bizim atamız bizə vermir. O zaman ki, yaşımız artdı və həddi-büluğa çatdıq – hər şeyi başa düşdük. Atamın etdiyi iş hər şeydən daha üstün idi. Atam yaxşı bilirdi ki, bir işə görə söz vermək nə qədər mühümdür. Ona görə də həmişə gec söz verər və tez əməl edərdi.

Gərək yadda saxlayaq ki, əgər vədimizə vəfa etməyəcəyiksə, namaz, oruc, məscidə getmək kimi əməllər bizim həqiqi mömin olmağımızı isbat edə bilməz. Çünki Peyğəmbərimiz (s) buyurur: “O kəs ki, öz əhdinə vəfalı deyilsə, müsəlman deyil”.

İnsan söz verib yerinə yetirməyən zaman başqalarının nifrətini qazanar. İmam Əli (ə) buyurur:“Vədinə vəfa etməməkdən çəkin ki, Allahın və insanların sənə nifrət etməsinə səbəb olar”.

Allah Təala möminlərin sifətlərini sayan zaman onları verdikləri sözə vəfa edən kimi tanıtmışdır. “Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar”. (“Rəd” 20).

Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzir, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin”. (“Maidə” 1).

“Allahın əhd-peymanına kamil surətdə vəfa edin”. (“Ənam” 152).

“Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar)”. (“İsra” 34).

“Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Əmirəl-möminin (ə) Malik Əştərə nəsihət verən zaman buyurur: “Əgər düşmənlə əhd bağlasan ki, onu öz pənahında qərar verəsən – öz əhdinə vəfadar ol. Öz canını əhdinin qalxanı qərar ver ki, İlahi vacibatlar arasında əhdə vəfa etmək qədər heç bir mövzu dünya insanları arasında ümumi razılığa malik deyildir”.

Əgər təkəbbürümüzü azaltsaq və bir qədər insanların haqqına da diqqət etsək, o zaman verdiyimiz sözlər bizim üçün əhəmiyyətli olar. Çünki əhdə vəfa etmək – bizim müsəlman olmağımızın nişanəsidir. Əgər bir işi yerinə yetirməyə qüdrətimiz yoxdursa, elə əvvəldən ondan imtina etmək lazımdır. Çünki söz elə bir şeydir ki, əgər ağızdan çıxarsa, artıq sən onun quluna çevrilərsən və yerinə yetirmək insanın borcu olar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə