Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Bir gündə 18 əzizini itirən Xanım Zeynəb(s.ə) dəyanətinin sirri

Məhərrəm yazıları

Bir gündə 18 əzizini itirən Xanım Zeynəb(s.ə) dəyanətinin sirri

 

Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi

Məqalənin birinci hissəsini buradan oxuya bilərsiz

 

Aşura axşamı Zeynəb-Kübranın qəm-qüssə zamanıdır. O zaman xəstə olan İmam Səccad (ə) deyir ki, mən çadırda uzanmışdım. Bibim Zeynəb yanımda oturub mənə qulluq edirdi. Yanaşı çadırda da atam Hüseyn (ə) oturmuşdu və Əbuzərin qulu Con onun xəncərini təmir edirdi. Onlar özlərini sabahkı döyüşə hazırlayırdılar. Deyir ki, birdən atam bəzi şeirlər zümzümə etməyə başladı. Şeirlərin məzmunu belə idi ki, dünya üz çevirib, ömür vəfa etməyəcək və ölüm yaxındır.

 

Tezliklə dünyadan köçəcəyinə əmin olan adam belə şeirlər oxuyur. İmam Səccad (ə) deyir ki, mən bu şeiri eşidib mesajı aldım; başa düşdüm ki, İmam Hüseyn (ə) öz ölüm xəbərini verir, amma özümü saxladım. Birdən baxıb gördüm ki, bibim Zeynəb çox narahatdır. O qalxıb qardaşının çadırına getdi, dedi ki, qardaş, biz indiyədək sənə arxayın idik, sənsə ölüm xəbərini verirsən! Atamız dünyadan köçəndən dedik ki, qardaşlarımız var. Qardaşım Həsən (ə) şəhadətə qovuşanda dedim ki, qardaşım Hüseyn (ə) var. İllərlə sənə güvənmişəm, amma bu gün görürəm ki, özünün ölüm xəbərini verirsən.


Təbii ki, Zeynəb-Kübranın narahat olmağa haqqı vardı. Mən güman edirəm ki, o zaman Zeynəb üçün yaranmış vəziyyət müstəsna bir vəziyyət idi. Qadınların heç birinin, hətta İmam Səccadın (ə) vəziyyətini də Zeynəbin vəziyyəti ilə müqayisə edə bilmərik. Zeynəbin vəziyyəti olduqca ağır və dözülməz idi. Bütün kişilər Aşura günü şəhid oldular. Aşura günü axşamüstü bütün düşərgədə yataqda xəstə yatan, bəlkə də huşsuz halda olan İmam Səccaddan (ə) başqa bir kişi də yox idi. Görün bir sürü düşmənin mühasirəsində qalan 80-84 qadın və uşağın nə qədər problemi olar; bəziləri susuzdur, bəziləri ac; əslində demək olar ki, hamı susuz və acdır, hamı qorxur. Şəhidlərin hamısının cəsədləri yerə səpələnib; kimisi bunların qardaşıdır, kimisi övladı. Hər halda, çox acı və dəhşətli bir səhnədir. Bir nəfər bu insanları idarə etməlidir. Və həmin bir nəfər Zeynəbdir.


Zeynəb yalnız qardaşını, iki övladını, digər qardaşlarını, çoxlu əzizini, 18 Bəni-Haşim gəncini və vəfalı səhabələri əldən verən bir şəxs deyildi. Bundan əlavə, əhəmiyyəti bundan az olmayan bir məsələ də bu idi ki, məğlub olmuş, səpələnmiş bu düşərgənin bu qədər düşmən arasında idarəsi və mühafizəsindən ibarət ağır məsuliyyət onun üzərinə düşürdü. Hətta İmam Səccadı (ə) da o idarə etməli idi. Hadisədən sonrakı bir neçə saatda, hərəkət edib gedənə, düşmənlərin bunlarla nə edəcəyi bəlli olana qədər, qaranlıq, zülmət və ağır bir gecənin də daxil olduğu bu bir neçə saatda Zeynəb-Kübranın nə çəkdiyini bir Allah bilir. Zeynəb bu bir neçə saatda daim çalışır, kiçik uşaqların, qadınların, müsibət görmüş anaların, qardaşını itirmiş bacıların yanına qaçır, daim insanlar arasında hərəkət edir, onları bir yerə toplayır, onlara ürək-dirək verir. Birdən Zeynəbin taqəti tükənir, şəhid qardaşına üz tutur, onunla danışır. Onun yeganə dayağı o idi. Rəvayətdə deyilir ki, Zeynəb-Kübra qardaşının parça-parça edilmiş cəsədi yanında dayanıb ürəkdən fəryad qopardı: "Ey Məhəmməd! Göyün mələklərinin salamı olsun sənə! Qanına bələşmiş bu adam Hüseyndir!"

 

Demişlər ki, Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi; Aşura meydanında haqq qüvvələrinin zahiri məğlubiyyəti ilə qanlı toqquşma başa çatdı. Bu zahiri hərbi məğlubiyyətin qəti və daimi bir qələbəyə çevirlməsinə səbəb olan amil Zeynəb-Kübranın missiyası, üzərinə götürdüyü rol idi. Bu çox mühüm məsələdir. Bu hadisə göstərdi ki, qadın tarixi hadisələrdə kənar və ikinci dərəcəli qüvvə deyil, mühüm tarixi hadisələrin içindədir. Quran da çoxlu yerlərdə bu məsələyə toxunur. Lakin bu, yaxın tarixə aiddir, canlı və hiss olunan bir hadisədir, keçmiş ümmətlərə aid deyil. Burada Zeynəb-Kübra çox əzəmətli şəkildə müşahidə olunur. Onun fəaliyyəti nəticəsində döyüşdə qalib gəlib müxaliflərini qılıncdan keçirən və qələbə taxtında əyləşən düşmən öz iqamətgahında, şah sarayında təhqir edildi, rəzil oldu. Zeynəb onun alnına əbədi həqarət damğası vurdu və qələbəsini məğlubiyyətə çevirdi. Bu, Zeynəb-Kübranın roludur. Zeynəb göstərdi ki, qadın hicabını və iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirmək olar.
Zeynəb-Kübranın bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəb-Kübranın Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür.


İki gün öncə onun qardaşını, imamını, rəhbərini bütün əzizləri, gəncləri və övladları ilə birgə məhv etmişlər. Bu qədər qadını və uşağı əsir edib xalqın qarşısına çıxarmış, əsir kimi dəvələrə mindirmiş və camaata göstərmişlər; bəziləri sevincdən atılıb-düşür, bəziləri də ağlayırlar. Belə ağır şəraitdə birdən-birə bu əzəmət günəşi doğur. Atası Əlinin (ə) xəlifə ikən öz xalqı qarşısında danışdığı tərzdə danışır; eyni sözlərlə, eyni fəsahət və bəlağətlə, eyni uca məzmunla: Ey Kufə əhalisi! Ey xəyanətkarlar, yalançılar! İslam və Əhli-beyt davamçısı olduğunuza bəlkə özünüz də inanmışdınız, amma sınaqdan keçmədiniz, imtahan zamanı korluq göstərdiniz. Sizin rəftarınız diliniz və qəlbinizlə eyni deyildi. Özünüzlə qürur duydunuz, elə bildiniz imanınız var, hələ də inqilabçı və Əli (ə) davamçısısınız, halbuki belə deyil. Siz imtahandan keçib özünüzü xilas edə bilmədiniz. Yunu əyirib sapa çevirən, sonra sapı yenidən yuna və ya pambığa çevirən insana bənzəyirsiniz. Siz avamlığınızla, şəraiti tanımamanızla, haqq və batili ayırd etməmənizlə öz əməllərinizi və keçmişinizi puç etdiniz. Zahiriniz imanlı, ağzınız inqilab iddiaları ilə doludur, əslində isə puç və müxalif küləklər qarşısında müqavimətsizsiniz.


O, elə çətin şəraitdə belə güclü nitq söylədi. Həzrət Zeynəbin önündə bir qrup dinləyici oturub onu dinləmirdi ki, o da bir natiq kimi çıxış etsin. Xeyr! Düşmən yaraqlıları onun ətrafını sarmışdılar və orada müxtəlif hallarda olan əhali vardı. Müslimi İbn Ziyada təhvil verən, İmam Hüseynə (ə) məktub yazıb sonradan sözünün üstündə durmayan, İbn Ziyadla vuruşanda evlərində gizlənən adamlar Kufə bazarına toplaşmışdılar. Bəziləri də zəiflik göstərənlər idi. Onlar Əli (ə) qızına baxır və ağlayırdılar.


Həzrət Zeynəb-Kübra belə qarışıq və etimadsız insanlar qarşısında bu şəkildə möhkəm danışır. O, tarixin qadınıdır. Bu qadın zəif deyil. Qadını zəif adlandırmaq olmaz. Mömin bir qadın ağır şəraitdə özünü belə göstərir. Bu qadın dünyanın bütün böyük kişiləri və qadınları üçün örnəkdir. O, Peyğəmbər (s) və Əli (ə) inqilablarının zəif cəhətlərini izah edir. Deyir ki, siz fitnə və imtahan zamanı haqqı ayırd edə və vəzifənizi yerinə yetirə bilmədiniz. Nəticədə Peyğəmbər (s) ciyərparəsinin başı nizələrə taxıldı. Zeynəbin əzəmətini bundan dərk etmək olar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə