Məhərrəm yazıları

Həzrəti Zeynəbin uca şəxsiyyəti və missiyası ilə bağlı möhtəşəm təhlil

 Bu hadisənin əvvəlindən sonuna qədər Əli (ə) qızının rolu elə əhəmiyyətli və böyükdür ki, insan onun qadın və Əli (ə) qızı formasında ikinci bir Hüseyn olduğunu düşünür

Zeynəb-Kübra böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseynin (ə) və Həsənin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəb-Kübra kimi birisi hanı?! Zeynəb-Kübranın dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan möhtəşəm insani və dini mövqeyinə, hərəkətinə görədir. Onun işi, qərarı və hərəkət tərzi onu belə böyütdü. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, böyüyər. Bu böyüklüyün əsas səbəbi odur ki, əvvəla, mövqeyi tanıdı; həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarını, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələr mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun seçim etdi. Və bu seçimlər Zeynəbi yetişdirdi.

 

Kərbəlaya doğru hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının elm, şücaət və ağalıq iddiasında olan bəzi məşhur şəxsiyyətləri çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Zeynəb-Kübra isə çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. O bu işin çətinliyini anlayır, digərlərindən daha yaxşı hiss edirdi. O bir qadın idi – üzərinə düşən vəzifədən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu. Ən güclü insanların nə etməli olduqlarını dərk etmədikləri gərgin saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın isə o zaman bir nur olub parladı. Zeynəb elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərdilər.

 

Zeynəb olmasaydı, Kərbəla hadisəsi Kərbəla ola bilməzdi; Zeynəb olmasaydı, Aşura unudulmaz tarixi hadisəyə çevrilməzdi. Bu hadisənin əvvəlindən sonuna qədər Əli (ə) qızının rolu elə əhəmiyyətli və böyükdür ki, insan onun qadın və Əli (ə) qızı formasında ikinci bir Hüseyn olduğunu düşünür. Həm də Zeynəb olmasaydı, Aşuradan sonra nə baş verərdi? Bəlkə İmam Səccad (ə) da öldürülərdi və İmam Hüseynin (ə) sözü heç kimə çatmazdı. İmam Hüseynin (ə) şəhadətindən öncə Zeynəb sadiq bir dost kimi idi, imam onunla birgə olanda yalqızlıq və yorğunluq hiss etmirdi. İnsan Zeynəbin simasında, söz və hərəkətlərində belə bir rol müşahidə edir.

 

Zeynəb iki dəfə iztirab keçirdi və bunu İmam Hüseynə (ə) dedi. Bir dəfə dayandıqları mənzillərin birində cənab Müslimin şəhadət xəbərindən sonra İmam Hüseyn (ə) bəzi sözlər dedi və müxtəlif xəbərlər verdi. Həzrət Zeynəb hər halda həssas və zərif hisslərə malik bir qadındır. Peyğəmbər (s) ailəsi möhkəm, qüdrətli, şücaətli və dözümlü olması ilə yanaşı, həm də insani zərifliyin və mərhəmətin timsalıdır. Mən İmam Hüseyndən (ə) misal vurum. Bir dünya müxalif, bir səhra ac canavar qarşısında yalqız müqavimət göstərən və qorxmayan bu insan bəzi xırda məsələlər qarşısında çox təsirlənir. Misal üçün, həbəşəli qara qul torpaq üzərinə düşəndə imam onun başı üzərinə gəldi. Bəli, Əhli-beyti sevən qara bir quldur. O dövrün ictimai vəziyyətinə və mədəniyyətinə görə, Əbuzərin qulu olan Conun bəlkə də müsəlmanlar arasında çox da hörməti və dəyərli yeri yox idi. Kərbəlada çoxları öldürüldülər; Kufə zadəganları, Həbib ibn Məzahir, Züheyr ibn Qeyn kimi böyük və tanınmış şəxsiyyətlər İmam Hüseynin (ə) kənarında şəhid oldular, torpağa düşdülər, amma həzrət bu qulun şəhadətində olduğu kimi reaksiya vermədi. Müslim ibn Övsəcəyə müraciətlə buyurdu ki, inşallah Allahdan əcr alarsan. Amma heç kimi, ailə və övladı olmayan bu qara qul öldürüləndə Hüseyn ibn Əli (ə) Əli Əkbərin şəhadəti zamanı gördüyü işi gördü. Qulun başı üzərində oturdu, onun qanlı başını dizi üzərinə qoydu, amma ürəyi sakitləşmədi. Bir də gördülər İmam Hüseyn (ə) əyilib üzünü bu qara qulun üzünə qoydu. Belə güclü insani hisslər! Bu baxımdan, Zeynəb güclü emosiyalara malik olan adi bir qadın yox, həm də İmam Hüseynin (ə) bacısı və ona eşq bəsləyən bir şəxsdir. O, həyat yoldaşını və ailəsini tərk edib İmam Hüseynlə (ə) gəldi; həm də yalqız gəlmədi, oğulları Övn və Məhəmmədi də gətirdi. Mən ehtimal verirəm ki, Abdullah ibn Cəfər oğullarının gəlməsinə razı deyildi. Abdullahın razı olmasına əmin deyiləm, amma Zeynəb onları gətirdi ki, öz yanında və Allah yolunda fədakarlıq lazım olsa, şəhid olsunlar. İndi yoldakı mənzillərin birində təhlükə hiss edib İmam Hüseynə (ə) dedi ki, qardaş, mən təhlükə hiss edirəm. Bilir ki, şəhadət və əsirlik ehtimalı var, amma eyni zamanda hadisələrin həyəcanı onu o qədər sıxır ki, İmam Hüseynə (ə) müraciət edir. Burada İmam Hüseyn (ə) ona çox söz demədi, buyurdu ki, bir şey deyil, Allahın istədiyi olacaq. Bu məzmunda bir söz dedi.[103] Bundan sonra Aşura gecəsinə qədər biz Zeynəb-Kübranın İmam Hüseynə (ə) bir söz dediyini, nə isə soruşduğunu, yaxud qəlbində keçirdiyi sıxıntını İmam Hüseynə (ə) bildirdiyini görmürük.