Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Təthir ayəsi

Allah-təala Əhzab surasinin 33-cü ayəsində Həzrət Peyğəmbərin (s) yaxınlarının Əli (ə), Həzrət Fatimə (s.ə), Həsən (ə) və Hüseyndən (ə) ibarət olduğunu bir daha təsdiq edərək buyurur.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.”

Burada qarşıya belə bir sual çıxır: Allahın bütün çirkinliklərdən uzaq və tər-təmiz, pak etmək istədiyi, Quranda “Əhli-beyt” adlandırdığı kəslər kimlərdir?

Bu sualın cavabını Həzrət Peyğəmbərin dilindən eşitsək, daha yaxşı olar. Çünki Əhli-beyti hamıdan yaxşı tanıyan Peyğəmbər(s)-in özüdür.

Ümmü Sələmə deyir: “Bir gün Həzrət Peyğəmbər(s) evdə əyləşmişdi. Qızı həzrət Fatimə(s.ə) əlində bir parça içəri daxil oldu. Həzrət Peyğəmbər(s) parçanı qızından alıb yerə qoydu və buyurdu: “Qızım, get, yoldaşın Əli(ə)-ı və oğlanların Həsən(ə)-i və Hüseyn(ə)-ı çağır gəlsinlər.” Xanım Fatimə(ə) getdi və bir az keçməmiş Əli(ə), Həsən(ə) və Hüseyn(ə)-la birgə peyğəmbərin hüzuruna gəldi. Bir süfrə kənarında əyləşib yemək yedilər. Sonra Həzrət Peyğəmbər(s) qızının gətirdiyi parçanı gətirib onların üstünə çəkərək belə dua etdi: “İlahi! Bunlar mənim Əhli-beytim və itrətimdir. Bütün çirkinlik və pislikləri onlardan təmizlə və onları tər-təmiz, pak et!”

Həzrət Peyğəmbər(s) bu duanı edib qurtaran kimi elə o haldaca həzrət Cəbrail(ə) nazil olaraq Əhzab surəsinin 33-cü ayəsini gətirdi.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.”

Ümmü Sələmə deyir: “Mən Peyğəmbər(s)-ə dedim: “Ya Rəsulallah, icazə verirsənmi mən də bu Əhli-beytin içinə daxil olum?” Peyğəmbər(s) buyurdu: “Ümmü Sələmə, Allah sənə xeyir versin. Lakin sənə Əhli-beytin içinə daxil olmağa icazə yoxdur. Onları Allah təyin etmişdir.”

Bu barədə Peyğəmbərin həyat yoldaşı Aişə belə rəvayət edir: “Əhli-beyt barəsindəki bu ayə nazil olduqdan sonra, Həzrət Peyğəmbər(s) düz doqquz ay məscidə sübh namazına gedərkən Həzrət Əli(ə)-ın qapısının qarşısında durub belə buyurardı: “Ey Əhli-beyt! Namaz vaxtıdır.” Sonra həmin ayəni oxuyardı.”

Ümmü Sələmənin və Aişənin nəql etdikləri bu rəvayətdən məlum olur ki, Peyğəmbər(s)-in Əhli-beyti Əli(ə), Xanım Fatimə(s.ə), İmam Həsən(ə) və İmam Hüseyn(ə)-dır.

Ümumiyyətlə, Allah-təala bizlərə Əhli-beyti sevməyi vacib etmişdir. Bizim onlara olan məhəbbətimiz ana südü ilə qəlbimizə daxil olmuşdur. Əgər günah edib o məhəbbəti qəlbimizdən çıxarmasaq, Qiyamət gününə qədər Əhli-beytin məhəbbəti qəlbimizdə qalacaqdır. İnsan günah etdikcə o məhəbbət qəlbində ölər.

Sünnülərin böyük alimlərindən olan Fəxri Razi, Qürtəbi və Kəşşaf Qurana yazdıqları təfsirlərdə Həzrət Peyğəmbər(s)-in Əhli-beyt barəsində buyurduğu bir hədisi belə rəvayət edirlər:

قَالَ رَسُولُ اللهِ(ص): مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِيدًا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مَغْفُورًا لَهُ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِاالْجَنَّةِ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللهُ قَبْرَهُ مَزارَالْمَلائِكَةِالْرَّحْمَةِ

أَلا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَهِ آيِسٌ مِنْ رَحْمَةِ اللهِ و مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ مَاتَ كَافِرًا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشُمَّ رَائِحَةَالْجَنَّةِ

Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, dünyadan şəhid getmişdir. Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, Allah onun bütün günahlarını bağışlayar. Hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarsa, can verən zaman ölüm mələyi onun başı üzərinə gülə-gülə gələrək ona cənnət müjdəsini verər. Və hər kəsin qəlbində Məhəmməd(s)-in Əhli-beytinə məhəbbəti olarkən ölərsə, Allah onun qəbrini Qiyamət gününə qədər mələklərin ziyarətgahı edər.”

Sonra həzrət Peyğəmbər(s) əlavə edərək buyurur: “Diqqət edin! Hər kəsin qəlbində Əhli-beytə qarşı düşmənçilik olduğu halda ölərsə, Qiyamət günü alnında “Allah rəhmətindən məyus olmuş” sözü yazılmış halda gələcək. Hər kəs Əhli-beytə qarşı düşmən olduğu halda ölərsə, dünyadan kafir getmişdir. Və hər kəs Əhli-beytə qarşı düşmən olduğu halda dünyadan gedərsə, Cənnətin iyi belə onun burnuna dəyməyəcək.”

Bu ayə və ayə barədə olan rəvayətlər də Həzrət Peyğəmbərin(s) Əhli-beytinin (yaxınlarının) Əli(ə), Xanım Fatimə(s.ə), İmam Həsən(ə) və İmam Hüseyndən(ə) ibarət olmasını bir daha açıq şəkildə bəyan edir.

Buna əsasən də Allah-təala Şura surəsinin 23-cü ayəsində bütün müsəlmanlara Həzrət Peyğəmbərin(s) əhlibeytinə məhəbbət bəsləyib onları sevməyi vacib etmişdir. Bu ayə lərdən belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin(s) yaxınlarını sevən şəxs həm Peyğəmbərin(s) özünü, həm də Allahı sevmiş olur. Yox əgər Peyğəmbərin Əhli-beytini sevmirsə, demək heç Peyğəmbərin özünü də sevmir.

Məlum məsələdir ki, Həzrət Peyğəmbərin(s) yaxınlarından biri də İmam Hüseyndir(ə). Allah təala bizə o həzrətə məhəbbət bəsləməyi vacib etmişdir. Həzrət Peyğəmbərdə(s) İmam Hüseyni(ə) əzizləyib sevər və bizə də onun sevməyi və onun üçün ağlamağı tövsiyə etmişdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə