“Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim"

 



Kərbəla deyəndə İmam Hüseyn (ə) aşiqi olan hər bir insanın qəlbi çox ağrıyır, çox yanır. Əslində bizi ağladan, qəlbimizi sızladan Kərbəla deyil, çünki Kərbəla adi bir şəhərdir. Bizi ağladan Kərbəla vaqiəsidir. Mən də istəyirəm ki, bu acizanə sözlərimlə, o hadisələrdən, xüsusən də əziz xanım, Kərbəla qəhrəmanı olan Zeynəbi-Kubra (ə)-dan danışım. Əziz peyğəmbərimizin əziz nəvəsi, Həzrəti Əli(ə) və Zəhrayi Mərziyyə (s.ə)-nın ətirli bağlarının nübarı, İmam Həsən və İmam Hüseyn (ə)-ın bütün bacılardan seçilən bacısı və nəhayət əziz Ruqəyyənin sevgili bibisi, əmməsi olan xanım Zeynəb (ə.s) bütün məhəbbətlərin ən üstününə layiq olan bir xanımdır. Elə bir xanım ki, 3 yaşlı Ruqəyyənin o balaca, yaralı qəlbində böyük yer tutmuşdu. Hamımız yaxşı bilirik ki, az yaşlı uşaqlar kimin ona məhəbbət, böyük sevgi bəslədiyini çox yaxşı bilirlər. Həzrəti Ruqəyyə də az yaşlı idi, elə-belə xanım deyildi, imam qızı idi. Onun o kiçik qəlbində böyük bir həyat, nitqində gözəl sözlər var idi. Həzrəti Zeynəb belə bir xanımın bibisi, Ruqəyyənin dilindən desək əmməsi idi. Həzrəti Zeynəbin göstərdiyi cəsarəti, dözümlüyü, Allaha məhəbbəti hər xanım göstərə bilməz. Yezid kimi bir məlunun, nitqinə heyran qaldığı Zəynəb sizcə necə ola bilər? O həzrət (ə)-dan danışmağa ləyaqətimiz olmasa da məlumatımız olan qədər söyləməliyik.

Xanım Zeynəb (ə) beş ilə yaxın Peyğəmbərlə bir zamanda yaşadı. Təsəvvür edin: beş il. Peyğəmbərin yanında beş il qalıb gözəl əxlaq, tərbiyyə, səbr qazanmamaq mümkün deyil. Çünki beş il az vaxt deyil. İlahi məhəbbətlə yaşayan Zeynəb elə uşaq vaxtından onu gözləyən dəhşətli hadisələri yuxuda görüb, babası Həzrəti Muhəmməd (s)-a söyləmişdi. O, bu yuxunu görəndə, Peyğəmbərin vəfatı yaxınlaşırdı. Xanım Zeynəb babasının yanına gəlib şirin dillə dedi: Ya Peyğəmbər, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir - birinə yapışmış iki budağa üz tutdum, birdən onlar da sındı və mən yuxudan ayıldım. Peyğəmbər Zeynəbi dinləyəndən sonra ağlayaraq buyurdu : Əziz nəvəm, sənin ilk yanaşdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Biri - birinə yapışmış iki budaq qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaq.

Çox çəkmədi ki, Zeynəbin yuxusu bir-bir çin çıxdı. Bunların ən dəhşətlisi Kərbəla faciəsidir. Xanım Zeynəbin Kərbəla hadisələrindəki qəhrəmanlığına, göstərdiyi cəsarətinə, iffətinə nəzər salsaq görərik ki, həqiqətən Zeynəb Kərbəla qəhrəmanları sırasında öndə olanlardan biridir. Baxmayaraq ki, onun dağlı sinəsinə yeni dərd çökmüşdü, o xanım nəinki ruhdan düşürdü, əksinə, daha da dözümlülük, səbr nümayiş etdirirdi. Siz, ey bacılarım, Fatimeyi-Zəhradan (ə.s) sonra Zeynəbi-Kubra (s.ə)-dan başqasını özünüzə örnək saya bilərsinizmi ? Heç vaxt! Çünki xanım Zeynəb (ə.s) qədər iffətli, xanım Zeynəb qədər qeyrətli, xanım Zeynəb qədər Allahına, öz əhli - əyalına məhəbbət bəsləyən bir xanım tapa bilməzsiniz. Elə ona görə də, o əzizə xanımın tövsiyyələrini, dərslərini vaxt itirmədən öyrənmək lazımdır.

O əzizə xanım Kərbəlada dərd, qəm-qüssə içində idi. İmam Səccad (ə) buyurur: “Atam imam Hüseyn(ə) - in şəhid olan gününün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsində oturub şer oxuyurdu, şeri eşidib məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir, amma bibim Zeynəb bunu eşidən kimi, özünü saxlaya bilmədi, pərişan halda atamın yanına gəlib dedi: “Kaş ölüm gəlib mənim həyatımı alaydı”. İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: “Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın”.Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: “Əgər ovçu qəfəs quşunu rahat qoysaydı, yuvasında yatardı, indi də düşmən bizdən əl çəkməyəcək. ”Sonra bibim dilləndi: “Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən” deyib huşunu itirib, yerə yıxılır. İmam Hüseyn(ə) Zeynəbin üzünə su səpib, ayıldır və buyurur: “Ey bacım, təqvanı uca tut, səbrli ol! Bil ki, bütün göy yer sakinləri öləcəklər və Allah - Təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən, olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan, və ya mənim şəhadətimdə ucadan nalə və fəğan edəsən. İmam Səccad (ə) buyurur: “Atamın bu tövsiyyələrindən sonra bibim mənim yanımda oturdu. Bu tövsiyyələr bibimdə dərin təsir qoydu. Zeynəbin qamətini daha mətin, səbrini daha üstün, mərdliyini daha da qüvvətli etdi”. Bu səhnələrdən Xanım Zeynəbin qardaşına olan dərin məhəbbətini dərk etməmək mümkün deyil.

Xanım Zeynəb (ə.s) Kərbəlaya daxil olanda bilirdi ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə ona görə də qardaşından bir an belə ayrılmırdı. Kərbəla adından göründüyü kimi Zeynəbi-Kubraya Kərbəla oldu, yəni qəm və bəla.

Aşura gecəsi son gecə idi ki, İmamın mübarək vücudu Əhli-Beyt xeymələrinə nur saçırdı. İmam Hüseyn (ə) - dan sonra böyük ağır yük xanım Zeynəbin öhdəsinə düşürdü. O qardaşının tövsiyyələrinə yerli-yerində əməl edirdi. Hələ Xanım yolun əvvəlində idi. Qarşıda onu dəhşətli bəlalar gözləyirdi. Döyüş başlananda Əhli-beytdən meydana gedən ilk döyüşçü İmam Hüseyn (ə)-ın böyük oğlu Əli Əkbər idi. O şəhid olan vaxt döyüş meydanından səsi ucalır, atası ilə vidalaşırdı. Xanım Zeynəb qardaşının öz oğluna ağlamaq səsini eşidir, qəzəb və nifrət qəhəri boğazını sıxır, İmam Hüseyn (ə) -ın ağlar səsi canına od salırdı. Bax, belə bacı idi Zeynəb. Baxmayaraq ki, Xanım Kərbəlada öz övladlarını da şəhid vermişdi, yenə də dözür, səbr edirdi. Kərbəlada olan hər bir müsibətli səhnəyə tamaşa etmək Zeynəbin ürəyinə bir dağ qoyurdu. Bəlkə də övlad şəhadəti onun üçün Seyyidiş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. Çünki, Zeynəb özünü qardaşının yolunun fədaisi bilirdi. Sonra o xanım Əhli-beytin məzlumiyyəti və Yezidin alçaqlığı nəticəsində ən acı səhnənin şahidi oldu. Belə ki, İmam Hüseyn (ə) son anlarda Zeynəbi-Kubranın xeyməsinin yanına gəlir və deyir: ”Bacı, Əli Əsğəri mənə ver vidalaşım.” Zeynəb qardaşının altı aylıq südəmər oğlunu ona verir. Susuzluqdan halı pərişan olmuş o balaca körpənin halını təsəvvür edir-siniz ? Hansı ata belə bir faciəyə dözər ? Ata susuz körpəyə su istəyərkən məlunların oxu Əli Əsğərin boğazına saplanır. İmam Hüseyn (ə) uşağı Zeynəbə verir. İndi Zeynəb bu səhnəyə necə dözsün? Bəli, Zeynəb dözdü. Allaha görə, Əhli Beytə, namaza görə, bizə görə. Kərbəlada O xanım qulağı hərəm əhlinin əl atəş nalələrində, bir qulağı isə döyüş meydanında idi. Şəhriyar öz şerində belə deyir:

Kərbəla faciəsi bəzrin əkib başlandı

Ta qiyamət nə qopa, Zeynəbi Kubra başına

Qardaşının acı səhnəsinə tamaşa edən Zeynəb ürək yanğısı ilə fəryad edirdi: “Kaş göy yerə gələydi, kaş dağlar əzilib çölləri doldursaydı” deyir və qardaşının yanına gəlir.Qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba-əcdadını səsləyir, yüz ah və nalə çəkirdi. Camaat şivən qoparıb ağlayırdı, Xanım Zeynəb (s.ə) onları sakitləşdirib bir xütbə oxudu ki, kufəlilərin yatmış vicdanı oyandı. Əzizə xanım elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi. Ravi belə deyir: “Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim. Xanım Zeynəb ibni Ziyadın sarayında öz gözəl nitqi ilə məclisdəki, camaatın gözləri qarşısında ibni Ziyadı rüsvay etdi. Ravi deyir: Zeynəbin kəsərli sözlərindən sınan məlun ibni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi, ibni Ziyadın ətrafındakılarından biri dilləndi: “Ey əmir, bu qadındır!” Zeynəbin dağlı qəlbindən gələn sözlər Kufə camaatına od vurdu. Ravi deyir: “And olsun Allaha o gün camaatı çox heyran və pərişan gördüm. Narahatlıqdan əllərini ağızlarına qoyub, təəssüflə ağlayırdılar. Öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşları ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: “Atam anam sizə qurban olsun! Sizin yaşlılarınız yaşlıların ən yaxşısı, çobanlarınız çobanların ən üstünü, qadınlarınız qadınların ən yaxşısıdır və nəsliniz nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstündürlər.”

Xanım Zeynəbin sözü qurtarmağa az qalmış İmam Səccad (ə) buyururdu: “Bibican sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim, öyrədilməmiş müdriksən! Ağlamaq və nalə şəkmək gedənləri qaytarmaz.” Gəlin xanım Zeynəb qəhrəmanlıqlarını, xanım Zeynəb şücaətini örnək alaq! Gəlin, bunu bir dərs kimi, xanım Zeynəbin “Kərbəla dərsləri” kimi oxuyub, öyrənib layiqincə əməl edib, xanımı özümüzdən razı salaq! Həzrəti Zəhra (s.ə) və Həzrəti Zeynəb (s.ə) hicabını, onlara layiq qoruyub saxlayaq. Saxlayaq ki, qiyamətdə o əzizə xanımların mübarək vücudlarının qarşısında üzü qara qalmayaq və mövlamız İmam Zaman (ə.s) ağanın zühurunu səbirsizliklə gözləyənlərdən, zühur gününü görənlərdən və ağanın köməkçilərindən olaq, inşaallah!

Kərbəla dərsinin müəlliməsı, yəni xanım Zeynəbə heç bir söz ola bilməz. Biz - xanım Zeynəb məktəbinin tələbələri isə gərək xanımın həqiqi ardıcıllarından olaq, o əzizə xanımın dərslərini heç usanmadan öyrənək, bizə olan tövsiyyələrini yerinə yetirək. Bu işin öhdəsindən necə gəldiyimizi o xanımın bizə verdiyi qiymətdən anlayacağıq. İnşaallah, bu qiymət müsbət olar !