Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– ƏFV VƏ GÜZƏŞT (2)

İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– ƏFV VƏ GÜZƏŞT (2)

 Gündəlik qarşılaşdığımız hadisələr içrə səhv və xətadan insan haqlarının pozulması halları daha çox təsadüf olunur. Əgər hər kəs “intiqam” almaq fikrinə düşsəydi, ictimai durumu saxlamaq qeyri-mümkün olardı. Çünki insanın istənilən vaxt intiqam hissini idarə edib, normal saxlaması çətin məsələdir və adətən, getdikcə şiddətli forma alır. Hətta onun idarə olunub normal vəziyyətdə saxlandığı təqdirdə belə, yenə cani ilə cinayətə məruz qalanın ilk əvvəl baş verən cinayət hadisəsinə baxışı eyni cür olmur. Məsələn, qarşı tərəf hətta insafla intiqam almağa çalışsa belə, yenə onun baxışında ədalət bərpa olunmamış görünür və buna görə də onu yeni bir qisasa sövq etdikcə, ixtilaf və çəkişmələr də uzanır. Keçmişdə və indinin özündə davam edən əksər qəbilə-tayfa ixtilaflarının səbəbi məhz həmin məsələdir. Yəni hər kəs başqasının cinayətini ağır cinayətlə cavablandırdıqca, dava-dalaşlar da sona çatmır. Burada fitnə odunu söndürə bilən yeganə amil güzəşt, əfv və hər hansı qarşıdurmadan çəkinməkdir.

Qeyd edək ki, əfv və güzəşt ixtilaf və ədavətə son qoymaqla bərabər, şəxsin özünə insani-əxlaqi bir keyfiyyət kimi faydalı olub, gələcəkdə onu məruz qala biləcəyi bir çox zərər və zədələrdən uzaqlaşdırır, rahat edir. Əgər düzgün araşdırsaq, görəcəyik ki, qisas və intiqamın insana müvəqqəti təskinlik və xəyali qürurdan başqa heç bir müsbət təsiri yoxdur. İnsan həmişə qarşı tərəfin qisasının intizarını çəkdiyi halda, “güzəşt”in bəxş etdiyi rahatlıq qat-qat çox, ruhi və ictimai təsiri olduqca əhəmiyyətlidir.

İslam mənbələrində bu məsələ çox zərif ibarələrlə ən mühüm dini vəzifə kimi tanıtdırılır. Aşağıdakı nümunələr bu müddəaya şahiddir:

1. “Nur” surəsinin 22-ci ayəsində buyurulur:

{وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ}

 “Onları əfv edib, göz yumsunlar. Məgər siz Allahdan bağışlamağınızı istəmirsinizmi?”

Bu ayədən məlum olur ki, heç kəs təqsirsiz deyil. Əgər Allahdan günahlarınızın bağışlamasını istəyirsinizsə, din qardaşlarınızla yaranan ixtilaf və çəkişmələrdə haqqınızdan keçib güzəştə gedin. Diqqəti cəlb edən budur ki, ayədə qeyd olunan “əfv” və “səfh” (göz yummaq) sözləri lüğəvi baxımdan fərqlənir. “Səfh”, “əfv”dən daha dərin məna kəsb edir, yəni məzəmmət və qınaqsız güzəştə deyilir. (Rağib İsfahaninin “Müfrədat” kitabı.)

Amma qisası sinəsində boğub, lakin dili, yaxud küsülü qalması ilə qarşı tərəfin təqsirini daim xatırladan kəs həqiqətdə onu bağışlamamışdır. Əslində, həqiqi əfv və güzəşt hadisəni tamamilə unutmaq, öz dilimizlə desək, ona göz yummaqdır.

2. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurlur:

{وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْو}

“(Ya Peyğəmbər!) Səndən infaq barəsində soruşanlara de: “Əfv (etsinlər)!”

Təfsir alimləri arasında məşhur nəzərə görə, qeyd olunan “əfv” sözündə məqsəd ailənin ehtiyacından əlavə, illik gəlirdən artıq qalan malın zahirən Allah yolunda xərclənməsi olsa da (lüğəvi kökünə əsasən), heç də demək olmaz ki, onun digər işlək mənası (güzəşt) nəzərə alınmamışdır. Maddi infaq barədə verilən sualın cavabının əxlaqi infaqa – əfv və güzəştə yönəldilməsi diqqəti cəlb edən zərif məsələdir. Odur ki, infaq yalnız mal-dövlət və əmlakla bitmir və bəlkə də bu qədər sorğu-suala ehtiyac yoxdur. Əksinə, insanın başqası ilə əlaqədar öz hüquqlarından keçməsi və güzəşti daha mühüm məsələdir. Doğrusu, bu güzəşt çoxlarının qisas ruhiyyəsi ilə zidd olduğundan, onunla razılaşmaq daha çətin olur. Amma ictimai nizam-intizamın, ədalətin bərqərarı baxımından isə onun təsiri olduqca çoxdur.

Yeri gəlmişkən, Qurani-Kərimdə bir sualın cavabının başqa bir mətləblə verilməsi az müşahidə olunmur. Bu özü də Quranın bir çox məsələlərə diqqət yetirməsindən irəli gəlir. Belə ki, bəzən, verilən sualların cavablarından kənar çıxaraq qarşı tərəfin mövqeyini nəzərə alır, onun zəruri ehtiyaclarını xatırladaraq əsaslı cavablarla yola salır. Məsələn, bir zaman günlər keçdikcə ayın şəklinin dəyişilməsinin səbəbi ilə əlaqədar verilən sualın cavabını onun fayda və nəticələri ilə ifadə edir:

{يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ}

“(Ya Peyğəmbər!) Səndən yeni doğan aylar (hilal) barəsində sual edənlərə de ki, bunlar insanların həyatında vaxtların və həccin təyini üçün ölçülərdir.” (“Bəqərə” surəsi, ayə 189.)

3. İslam Peyğəmbəri (s) buyurur:

ثَلاثٌ وَالّذي نَفْسِي بِيَدِهِ لَوْ كُنْتُ حَلاّفاً لَحَلَفْتُ عَلَيْهِنَّ: ما نَقَصَ مالٌ مِنْ صَدَقَةٍ فَتَصَدَّقُوا؛ وَ لا عَفا رَجُلٌ مَظْلَمَةً يَبْتَغِي بِها وَجْهَ اللهِ اِلّا زادَهُ اللهُ بِها عِزّاً يَوْمَ الْقِيامَةِ؛ وَ لا فَتَحَ رَجُلٌ عَلى نَفْسِهِ بابَ مَسْألَةٍ اِلّا فَتَحَ اللهُ عَلَيْهِ بابَ فَقْرٍ

“Canım əlində olan Allaha and olsun! Üç əməl var ki, əgər and içməli olsaydım, onlara and içərdim: 1. sədəqə verməklə heç vaxt mal-dövlət azalmaz, belə isə sədəqə verin; 2. Allahın razılığını qazanmaq üçün hər hansı zülm və cəfanı bağışlayanın Allah qiyamət günü izzətini artırar; 3. hər kəsə əl açanın da üzünə Allah yoxsulluq qapısını açar!” (“Ehyaül-ülum”, Qəzzali, c.3, səh.182.)

4. İslam Peyğəmbəri (s) buyurur:

عَلَيْكُمْ بِالْعَفْوِ فَاِنَّ الْعَفْوَ لا يَزِيدُ الْعَبْدَ اِلّا عِزّاً فَتَعافَوْا يُعِزُّكُمُ اللهُ

“Əfv və bağışlamağı unutmayın ki, əfv insanı ucaldar. Belə isə bir-dirinizi bağışlayın ki, Allah da sizə izzət və ucalıq bəxş etsin.”

5. İmam Baqir (ə) buyurur:

اَلنَّدامَةُ عَلَى الْعَفْوِ اَفْضَلُ وَ اَيْسَرُ مِنَ النَّدامَةِ عَلَى الْعُقُوبَةِ

“Əfv və güzəştə (onu yerinə yetirməməzliyə) görə peşmançılıq, qisas almamazlığa görə peşmançılıqdan daha üstün, daha asandır.”

6. İmam Rza (ə) buyurur:

مَا الْتَقَتْ فِئَتانِ قَطُّ اِلّا نُصِرَ اَعْظَمُهُما عَفْواً

“Bir-birinə qarşı duran hər hansı iki dəstədən ən çox güzəştə gedənə hökmən (Allah tərəfindən) yardım olunar.” (“Kafi”, c.2, səh.108.)

Göründüyü kimi, bu hədislərdə “qələbə” əfv və güzəştin qəti təsirlərindən biri kimi tanıtdırılır. Bu ona görədir ki, adətən, qisas və sair əvəzçıxma halları instinktiv hisslərdən qaynaqlanır. Məhz onun qatı surəti heyvanlarda daha çox görünür. Lakin əfv və güzəşt isə şəxsiyyət nişanəsi, bir növ nəfsə hakimlik, ruhi ucalıqdır və bu xassə qəzəb və qisas kimi hisslərin yandırıcı şöləsini öz şüaları altına ala bilir. Demək, əfv və güzəşt artdıqca, insanların da dəyər-qiyməti yüksəlir, başı ucalır. Bir də ki, hər zaman əvəz çıxmaqla camaat arasında hörmət qazanmaq, ürəklərdə yer salmaq mümkün deyildir. Halbuki əfv və güzəştin xalqın rəğbətini, hiss və duyğularını cəlb etməkdə dərin təsiri vardır. Bunların isə qələbə amili kimi göstərilməsi təsadüfi deyil. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.137-141.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə