Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

İki elm çeşməsinin mübarək təvəllüd günü

 İslam Peyğəmbəri (s) dünyaya gələn zamanlarda din, ilahi hökmlər az insanlar tərəfindən riayət edilirdi
Mübarək Rəbiul-əvvəl ayının on yeddinci günü dünya iki nurun zühur etməsiylə işıqlanmışdır.

Rəbiul-əvvəl ayı əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) və Həzrət İmam Sadiqin (ə) mübarək təvəllüd günləridir. Əziz İslam Peyğəmbəri (s) dünyaya göz açdıqda bir çox qəribə hadisələr baş vermişdir. Həmin hadisələrin baş verməsi hansısa mühüm bir hadisədən xəbər verirdi. Bir vaxt gələcək bu gündə doğulan körpə bütün dünyaya Allahın şəriətini yayacaq, insanları haqq yoluna dəvət edəcək, onlara dünya və axirət səadətini göstərəcəkdir.

Əziz İslam Peyğəmbəri (s) özündən sonra – rəvayətdə də buyurulduğu kimi – on iki xəlifənin gələcəyinə işarə etmişdir. Həmin on iki xəlifə qureyşdəndir və adları bir-bir Həzrət tərəfindən zikr edilmişdir. Allah-Təalanın bu xəlifələrindən biri olan Həzrət İmam Sadiqin (ə) mübarək təvəllüd günü Allah Rəsulunun (s) səadətli təvəllüdüylə üst-üstə düşür. Biri mübarək dini gətirib, insanlara çatdırıb, digəri öz elmiylə bu mübarək dinin aradan getməsinin qarşısını alıb, onu zəmanəsində meydana çıxan məzhəblərin, təriqətlərin arasında itib-batmaqdan sığortalayıb.

Həzrət İmam Sadiq (ə) cəddi Həzrət Peyğəmbər (s) kimi amansız bir mühitdə doğulub. Necə ki, İslam Peyğəmbəri (s) dünyaya gələn zamanlarda din, ilahi hökmlər az insanlar tərəfindən riayət edilirdi, şirk, küfr, haqsızlıq geniş yayılmışdı. Hətta insanlar o qədər xəbərsiz, rəhmsiz idilər ki, dünyaya gələn qız övladlarını diri-diri gömürdülər. Bu cür mühitdə nəyin həqiqətən eyib, nəyin başucalığı olduğu bilinmirdi. Qadınlara dəyərsiz bir əşya kimi baxırdılar. İslam Peyğəmbəri (s) isə mübarək gəlişiylə tayı-bərabəri omayan bir inqilab edib insanlara mədəniyyət, elm öyrətdi, haqq- batildən ayırıb doğru yolu göstərdi. İmam Sadiq (ə) də təqribən belə bir mühitdə dünyaya gəlmişdi. Doğrudur, İmam Sadiqin (ə) zamanında din geniş yayılmışdı, İslam Peyğəmbərinin (s) zamanındakı kimi şirk, küfr, cahillik hökmranlıq etmirdi, amma Həzrət İmamın (ə) zamanında demək olar küfr, şirk, savadsızlıq bir başqa cəhətdən kök atmışdı. Müxtəlif fiqhi məzhəblər, əqidə məktəbləri, azğın təriqətlər meydana çıxmış, hər birisi özünü həqiqi İslam hesab edirdi. Allahı cismə bənzədən, ona əl-qol, məkan, yuxarı, aşağı nisbət verən cərəyanlardan tutmuş, İslam Peyğəmbərinin (s) öyrətmədiyi tərzdə namaz qılan məzhəblərə qədər həmin zamanlarda məşhurlaşmışdılar. Belə bir zamanda əziz imamlarımız həqiqi dini, əqidəni, İslam Peyğəmbərinin (s) gətirdiyi qayda-qanunları təbliğ edib yaşadıblar. İmam Muhəmməd Baqir (ə), ondan sonra övladı altıncı imamımız İmam Sadiq (ə) böyük İslami məktəb açıb, saysız-hesabsız tələbə yetişdiriblər, sözün həqiqi mənasında "haqq gəldi, batil məhv oldu" ayəsinin bariz və həqiqi misdaqları olublar. Bəzən kimlərsə bu kimi ibarələri nöqsan hesab edə bilərlər. Amma unutmamalıyıq ki, Allah-Təala öz dinini bəndələrinin vasitəsiylə qoruyub saxlayır. Bu bəndələrin arasında Allah Rəsulu (s) və Əhlibeytindən (ə) – Allahın dinini qoruyub saxlamaq kimi bir müqəddəs missiyaya – kim daha layiqli ola bilər?

İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mübarək və səadətli təvəllüd günləriylə bağlı başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə