Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

İmam Mehdini (əc) tanıyaq!

GİZLİ DOĞUŞ
Həsən Əsgərinin (ə) imamət dövründə Bəni-Abbas hakimlərində dərin bir nigarançılıq vardı. Onları narahat edən həzrət Peyğəmbər (s) və mə’sum imamlardan nəql olunmuş çoxsaylı hədislərdə imam Həsən Əsgərinin (ə) dünyanı ədalətlə dolduracaq övladının dünyaya gəlməsi xəbəri idi. Bu şəxs bütün batil hakimiyyətləri süquta uğratmalı, yer üzündə zülmün kökünü kəsməli idi. Abbasilərin bu uşağın dünyaya gəlməsinə mane olmaq istəkləri imamı narahat edirdi.
Bütün bu səbəblərə görə də imam Mehdinin (ə) dünyaya gəlişi xalqdan gizli saxlanılırdı. İmam Riza (ə) buyurur ki, həzrət Mehdinin (ə) xüsusiyyətlərindən biri onun dünyaya gizli göz açmasıdır. Çoxsaylı hədislərdə bildirilir ki, həzrət Mehdinin (ə) həzrət İbrahim və həzrət Musaya oxşarlığı var.
İmam dünyaya gəldikdən sonra imam Həsən Əsgərinin (ə) səhabələri və yaxınlarından savay kimsə onun gəlişindən xəbər tutmadı. Uyğun hadisədən kimlərin xəbər tutması haqqında söhbətimizin davamında danışacağıq.
İMAMIN XÜSUSİYYƏTLƏRİ
Mühəddislər və tarixçilər həzrət Peyğəmbərdən (s) və mə’sum imamlardan nəql olunmuş rəvayətlərə əsasən öz kitablarında həzrət Mehdinin (ə) xüsusiyyətləri haqqında mə’lumatlar vermişlər. Onlardan bə’zilərini nəzərdən keçiririk.
Həzrət Mehdinin (ə) çöhrəsi gənc və buğdayı, qaşları hilal və dartılmış, gözləri qara və iri, çiyinləri enli, dişləri parıltılı, burnu gərilmiş və gözəl, alını uca və parlaq, sümükləri möhkəm, əlləri və barmaqları iri, yanaqları arıq və azca sarımtıl, sağ yanağında müşki bir xal, əzələləri möhkəm, saçları qulaqlarına tökülmüş, vücudu mütənasib və gözəl, görünüşü xoş və iki çiyni arasında peyğəmbər nişanəsi kimi bir nişanə.
Həzrət Peyğəmbər (s), İslamın girami xanımı həzrət Fatimə (s) övladı olması imam Mehdinin (ə) səciyyəvi xüsusiyyətlərindəndir. Onun iki qeyb dövrü olmuşdur. Həzrət yer üzündə zülm-sitəm ərşə dirəndiyi bir vaxt ədaləti bərpa edəsidir.
Bəli, Mehdi (ə) belə bir şəxsiyyətdir. Onun özünün, zühurunun dəqiq sadalanmış əlamətləri vardır. O hazırda qeybdədir. Həzrət Mehdi (ə) haqqın xəlifəsi, mütləq vəlidir. O, övliyaların sonuncusu, canişinlər canişini, son xilaskardır. O gələcək ki, Kə’bəyə istinad edərək peyğəmbər bayrağını əlinə alsın, Allahın dinini canlandırsın, bütün yer üzündə ilahi hökmləri rəhbər etsin. O, əlində qılınc gələr və yer üzünü bürümüş fitnə-fəsadın kökünü kəsər. Bütün yer üzündə mehribanlıq və ədalət hakim olar.
Həzrət (ə) qiyam və cihad, ibadət və təcəhhüd, xüzu və xüşu, zöhd və sadəlik, səbr və dözüm, ədalət və ehsan əhlidir. Həzrət (ə) elm və biliyin zirvəsi, ədalət və bərəkətin tə’minatçısıdır.
Həzrət Mehdinin (ə) xarakteri, tərbiyəvi, ictimai-siyasi və digər xüsusiyyətləri haqqında söhbətlərimizin davamında bəhs edəcəyik.
QEYB DÖVRÜ
Həzrət Mehdinin (ə) həyatını üç dövrə bölmək olar: İxtifa (pünhan olma), kiçik qeyb dövrü, böyük qeyb dövrü. Həzrətin zühur dövrü və zühurdan sonrakı dönəm də onun həyatının tərkib hissələrindən sayıla bilər.
Bəli, həzrətin həyatının ilk dövrü onun gizli halda yaşadığı ixtifa dövrüdür. Bu dövr onun dünyaya gəlişindən (hicri 255) atası imam Həsən Əsgərinin (ə) dünyadan köçməsinədək (hicri 260) davam etmişdir. Bu beş il müddətində həzrət atası ilə yaşamışdır.
Həmin vaxt imam Həsən Əsgərinin (ə) iki əsas vəzifəsi olmuşdur: Öz övladını Abbasi xəlifələrindən qorumaq və onun on ikinci imam olduğunu sübut və e’lan etmək. İmam Həsən Əsgəri (ə) hər iki işin öhdəsindən ən üstün şəkildə gəldi. O həm övladını qorudu, həm də münasib fürsətlərdə onu öz yaxınlarına tanıtdırdı. Abbasilərin təhlükəsi səbəbindən həzrət Mehdidən (ə) yalnız müəyyən adamlar xəbər tuta bilirdi. Əbu Haşim Cəfəri, Əhməd ibn İshaq, Həkimə, Xədicə, imam Həsən Əsgərinin (ə) bibiləri imam Mehdinin (ə) dünyaya gəlişindən agah olmuşdular.
KİÇİK QEYB («ĞEYBƏTE-SUĞRA»)
Hicri 260-cı ildə imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra qısa müddətli qeyb dövrü başlandı və imamın bu qeybi hicri 329-cu ilə qədər davam etdi. Demək, kiçik qeyb dövrü yetmiş il çəkmişdir. Bu dövr nisbətən qısa zamanı əhatə etdiyindən ona kiçik qeyb dövrü demişlər. Böyük qeyb dövrünə şiələrin hazırlığında kiçik qeyb dövrü mühüm rol oynamışdır.
Kiçik qeyb dövründə imam insanların nəzərlərindən qeybdə olsa da, imamla təmasda olanlar var idi. O dövrdə imamın xüsusi naibləri onunla əlaqə saxlayırdı. Hər bir şiə müsəlman həmin naiblər vasitəsi ilə imama müraciət edib, öz müşkülünü həll edə bilirdi. Bə’zən o naiblər vasitəsi ilə insanlar qrup şəklində imamla görüşüb. İmamın xüsusi naibləri dörd nəfər olmuşdur və onlar «nəvvabe-ərbəə» adlandırılıb. Böyük şiə alimlərindən ibarət olan bu insanlarla tanış olaq:
1. Əbu Əmr (Osman ibn Səid Əmri) hicri 260-267-ci illərdə, naiblik vəzifəsini yerinə yetirmişdir; 2. Əbu Cə’fər (Məhəmməd ibn Osman Əmri) hicri 267-305-ci illərdə imamın səfiri olmuşdur; 3. Əbül-Qasim (Hüseyn ibn Ruh Növbəxti) hicri 305-326-cı illərdə naiblik vəzifəsini icra etmişdir; 4. Əbül-Həsən (Əli ibn Məhəmməd Səmmuri) hicri 326-329-cu illərdə imamın naibi olmuşdur. Onlar öz məxfi vəkillik qurumları vasitəsi ilə şiələri böyük qeyb dövrünə hazırlamışlar.
BÖYÜK QEYB («ĞEYBƏTE-KÜBRA»)
İmam Mehdinin (ə) həyatının üçüncü mərhələsini böyük qeyb dövrü təşkil edir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamışdır və bu günədək davam edir. Həzrət imamın qəbulu, rəhbərliyi və bütün yer üzünə hakimiyyəti üçün şərtlər ödəndiyi vaxt həzrət zühur edəsidir.
Böyük qeyb dövrü insanlar üçün geniş imtahan meydanıdır. Məhz bu mərhələdə insanlar, mö’minlər və onların iman və əməlləri sınaqdan keçirilir. Böyük qeyb dövrü ərzində Allahın höccəti olan imam Mehdi (ə) bulud arxasındakı günəş tək qeyb pərdəsi arxasından  nuru ilə bəşəriyyəti faydalandırır.
www.sibtayn.com/az
Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından istifadə olunub

Nəzərinizs  

+1 #1 Allah Razi olsun sizdenCeyhun 2012-02-04 14:34
Verdiyiniz boyuk melumata gore size tesekkur edirem.Allah sizden razi olsun İnsallah kas bu yazdiqlarinizi ...

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə