Nəyin üzərinə səcdə etməli?!

SӘCDӘNİN ӘHӘMİYYӘTİ
Hörmətli din qardaşım! Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər.
Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi “islamı” inkar etmiş və demişdir: “Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”
Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması namazın batil olması deməkdir.
Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin “səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir.
Gəlin görək qeyd olunan bu ixtilaf nədən ibarətdir?
Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələmində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı – səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, “səcdə nəyin üzərinə edilməlidir?” – sualına cavab ətrafındadır. Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar, yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir?
Biz bu sualı Quran və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.
Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: “Yer mənim üçün səcdəgah və pak qərar verildi.”
Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mötəbər kitablarında qeyd etmiş və onun “mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur.
Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək “məscid” qərar vermişdir. “Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir.
Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər “yer” adlanmır. Deməli, “yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça “yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab “yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs “yer” üzərinə səcdə edir.
Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, “yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir.
Daha bir misal çəkək: Әgər bir nəfər “ayağım ilişdi, yerə yıxıldım” və ya “filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, “yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur? Әlbəttə ki, yox!
Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə “yer” üzərinə olmalıdır və “yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.
ӘHLİ-BEYT (ə) VӘ HÜSEYNİN (ə) TÜRBӘTİ
Peyğəmbərin Әhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin (ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmd-səna etmiş və insanlara İmam Hüseyn (ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.
İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir (O, Allah rəsulunun təyin etdiyi dördüncü xəlifə və canişindir).
Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atası İmam Hüseyni (ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.
Әsirlər, Allah düşməni Yezid ibn Müaviyənin Şam şəhərindəki qəsrinə gətiriləndə, imam Zeynəlabidinin əlində Kərbəla torpağından düzəldilmiş təsbeh var idi. Yezid bu təsbeh haqqında soruşanda İmam (ə) belə cavab verdi: “Cəddim (Rəsulullah) xəbər vermişdir ki, kim Kərbəla türbətindən düzəldilmiş təsbehi özü ilə gəzdirərək Allaha dua edərsə, Allah o şəxsə savab əta edər. Hətta dua etməsə belə onun üçün savab yazılar.”
İmam Zeynəlabidin (ə) Mədinəyə qayıtdıqda namazlarının səcdəsini bu türbət üzərinə etmiş və bu türbət vasitəsilə xəstələrə şəfa vermişdir. Bu xəbər Әləvilər və Әhli-beyt (ə) yolu ilə gedən digər möminlər arasında yayılmışdır.
İmam Zeynəlabidindən (ə) sonra, oğlu Muhəmməd Baqir (ə) insanlara İmam Hüseyn (ə) türbətinin fəzilətindən danışmış və bu türbətin əzəmətini, dəyərini qeyd etmişdir.
Daha sonra, imam Cəfər Sadiq (ə) bu türbətin müqəddəsliyini, digər türbətlərdən üstünlüyünü insanlara bəyan etmiş və bu türbət üzərinə edilən səcdəni Allah dərgahında bəyənildiyini (müstəhəb olduğunu) bildirmişdir.
İmam Sadiq (ə) sarı yaylığının içərisində Hüseyn türbətini saxlayar və namaz qılanda bu türbət üzərinə səcdə edər və deyərdi: “Həqiqətən də Hüseyn (ə) türbəti üzərinə edilən səcdə göyün yeddi təbəqəsini dəlir.”
Başqa bir hədisdə deyilir ki, İmam Sadiq (ə) Allah əzəməti qarşısında öz kiçikliyini və acizliyini göstərmək üçün İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edərdi.
İmam Sadiq (ə) bizlərə yadigar olaraq gəlib çatan başqa bir hədisində belə nəql edir: “Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə göyün yeddi təbəqəsini nurlandırır. Kim ki, Hüseyn (ə) qəbrinin türbətindən düzəldilmiş təsbihi özü ilə gəzdirərsə həmin şəxsə hətta dua etməmiş olsa da belə, savab yazılar.”
Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah rəsulunun qızı Fatimənin təsbihi düyünlənmiş yun ipdən idi. Xanımın bu təsbihi əlində gəzdirərək onunla Allaha həmd-səna göndərirdi. Lakin Həmzə ibn Әbdülmüttəlib şəhid olandan sonra Xanım Zəhra Həmzənin şəhadətə yetdiyi yerdən torpaq götürüb təsbeh düzəltmişdi. Camaat da o həzrət kimi o türbətdən özlərinə təsbeh düzəltməyə başladılar. Elə ki, Hüseyn (ə) qətlə yetirildi, camaat imam Hüseynin (ə) qətlə yetirildiyi yerdən torpaq götürüb təsbeh düzəltməyə başladı. Çünki bu torpağın fəziləti daha böyükdür.”
İmam Sadiqin (ə) yaşadığı zamandan heç bir əsr keçmədi ki, müsəlmanlar, Әhli-beyt yolunun davamçıları İmam Hüseyn (ə) türbətindən möhürlər düzəldərək məscidlərdə, evlərdə namaz qılarkən səcdələrini onun üzərinə edir, bir yerə səfər edərkən bu türbətdən düzəldilmiş möhürləri özləri ilə götürərdilər. Bu adət və fəzilətli əməl bizim yaşadığımız günlərədək davam etmiş və edəcəkdir.
Rəvayət olunur ki, Әl-Hişyəri adlı bir nəfər imam Mehdiyə (ə) sual yazaraq Hüseyn (ə) qəbrinin türbətindən hazırlanmış möhürə səcdə və bu möhür üzərinə səcdənin savab və fəziləti haqqında soruşduqda, İmam Mehdi (ə) (Allah onun zühurunu yetirsin) bu şəxsə belə cavab verdi: “Hüseyn türbəti üzərinə səcdə caizdir və bu səcdədə fəzilət vardır.”
PEYĞӘMBӘR (S) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.
“Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: “(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”
Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə “mənim yerinə yetirdiyim namazı necə görmüsünüzsə, siz də namazınızı məhz o şəkildə yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:
Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.”
Digər ayədə isə belə buyurulur:
“Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”
Aişədən nəql olunan rəvayətdə belə deyilir: “Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”
Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri “yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.
Vailin nəql etdiyi rəvayətdə deyilir: “Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.”
Peyğəmbər (s) də, öz növbəsində “yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: “Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
HӘSİR ÜZӘRİNӘ SӘCDӘ
Bir sıra rəvayətlərdə nəql olunur ki, bəzi hallarda Peyğəmbər (s) xurma ağacının qabığından hazırlanmış həsir üzərinə də səcdə etmişdir. Bu qəbildən olan hədislər ona dəlalət edir ki. Peyğəmbər (s) bitkilər üzərinə edilən səcdəyə də icazə vermişdir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı bitkilər olmasın. Peyğəmbər (s) öz əməli ilə bildirmişdir ki, yeyilməyən və geyim əşyaları üçün yararlı olmayan bitkilər üzərinə səcdə, yer üzərinə edilən səcdə kimidir. Qeyd etmək lazımdır ki. yer üzərinə edilən səcdə ilə heç bir ziddiyyət təşkil etməyən bu növ səcdə müsəlmanların işini asanlaşdırmaq üçündür. Lakin yeyinti və geyim əşyaları hazırlamaq üçün yararlı, toxunma işlərində istifadə edilən pambıq və digər bitkilər üzərinə səcdəyə müqəddəs İslam şəriəti icazə vermir.
Ağac yarpaqları və yeyilməyən bitkilər üzərinə səcdəyə icazə verilsə də, rəvayətlərdə qeyd edildiyi kimi, ən kamil və ən yaxşı səcdə torpaq üzərinə edilən səcdədir...
Tərtib edən:
Administrator