Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva Allaha yaxınlaşmaq haqqında mülahizələr

İman-Təqva

Allaha yaxınlaşmaq haqqında mülahizələr

 Həqiqi kamilliyin müxtəlif mərhələləri vardır. Əgər ali mərtəbəyə çatmaq hamıya müəssər deyilsə, istənilən bir kəs aşağı mərtəbələrə nail ola bilər
Sual: Əgər insanın həqiqi məqsədi Allahla yaxınlıq məqamıdırsa, bu məqama çatmaqla insan ən böyük ləzzətə nail olursa, necə olur ki, fitrətən ləzzət və səadət axtarışında olan əksər insan bu ünvanı tapa bilmir?

Cavab: İnsanın həqiqi səadətə, kamilliyə və ləzzətə nail olması o zaman mümkündür ki, insan bu gerçəkləri tanısın və təsdiq etsin. Lakin əksər insanlar yaranışın əsil məqsədini və həqiqi kamilliyi tanımırlar. Lakin bütün insanlar dünya nemətlərini tanıyır və onların ləzzətindən xəbərdardırlar. Ona görə də, bütün qüvvələr dünya nemətlərinin əldə olunmasına sərf edilir. Dünya nemətlərinin seçimində, insanlar arasında fərq mövcuddur. Hər kəs öz düşüncəsi və zövqünə uyğun olaraq müəyyən nemətlərə üstünlük verir. Həqiqi kamilliyi tanımaq fitri xüsusiyyət olsa da, məlumatsızlıq səbəbindən əksər insanın göstərişə ehtiyacı var.
Əksər peyğəmbərlərin ən böyük vəzifəsi, yatmış şüurları oyatmaq, unudulmuş ilahi göstərişləri xatırlatmaqdır. Dövrümüzdə bu vəzifə, peyğəmbər yolunu tanıyıb-tanıtdırmaq gücündə olanların öhdəsinə düşür. Bu insanlar həqiqi səadət yolunu göstərərək, insanların diqqətini həqiqi fitri istəklərə yönəltməlidir.

Sual: Əgər insanın əsil yaranış məqsədi həqiqi kamillik məqamına çatmaqdırsa, nə üçün bu yolda insana mane olacaq aldadıcı dünyəvi istəklərə insan xarakterində yer verilir?

Cavab:
1.İnsanın kamilliyinin dəyəri onun ixtiyarı olmasındadır. İnsana mələkdən üstün olma imkanı verən, məhz onun iradə azadlığıdır. İnsanın iradə azadlığının işə düşməsi və onun qarşısında seçim üçün müxtəlif yolların açılması zəruri idi.
2.İnsanın təkamülü tədrici və mərhələli olduğundan, seçim şəraiti də davamlı olmalı idi. İnsana hər bir təkamül mərhələsində azad seçim edib, hətta bu seçimi dəyişmək imkanı verilmişdir.
Bu iki nöqtəyə diqqət etdikdən sonra insanın dünya həyatının incəlikləri aşkarlanır. Aydındır ki, insanın hərəkət, dəyişiklik, tədrici təkamül dünyasında mövcudluğu, xüsusi vasitə və imkanlar tələb edir. Bu vasitə və imkanların stimulu insanın təbii istəkləridir. Seçim imkanı da bu istəklərin öhdəsindədir. Doğru yol seçilərsə, insanın son kamilliyə irəliləməsində təbii istəklər mühüm rol oynayar. Demək, təbii istəklər yaranış fəlsəfəsi ilə heç bir ziddiyyətə malik deyil.

Sual: Əgər həqiqi kamillik dünyəvi istəklərdən vaz keçib, Allaha yaxın məqama yüksəlməkdirsə, sözsüz ki, insanların böyük əksəriyyəti belə bir məqamdan məhrum qalacaqdır. Əgər həqiqi kamilliyə yalnız kiçik bir qrup insan nail ola biləcəksə, başqalarını insan adlandırmaq olarmı? Bu qədər insan əbədi əzaba düçar olacaqmı?

Cavab: Həqiqi kamilliyin müxtəlif mərhələləri var. Əgər ali mərtəbəyə çatmaq hamıya müyəssər deyilsə, istənilən bir kəs aşağı mərtəbələrə nail ola bilər. Bu mərtəbələr Allaha iman və bəndəlik yolunda müəyyən bir addım atmaqla əldə edilir. Bütün istəklərə göz yumub yalnız Allahın razılığı yolunda çalışmaq, ali mərtəbənin şərtidir.
Sözsüz ki, hər bir mərtəbə üçün xüsusi şərtlər vardır. Məsələn, həqiqətləri kamil tanımaq və hər bir işi görə bilmə qüdrəti hər möminə nəsib olmur. Amma ömrünün sonunadək imanını qoruyan, günahların çoxluğu etiqadını əlindən almayan insanlar, əbədi səadətə qovuşacaqdır. O da məlumdur ki, əbədi behiştin də müxtəlif dərəcələri vardır. Hər bir insan malik olduğu mərifət, iman, saleh əməl və əxlaqı ölçüsündə mükafat alacaqdır.
Bu nəticəyə gəlirik ki, kamillik zirvəsini fəth edib son ilahi yaxşılığa çatmamış insan, insanlıq adından məhrum edilib əbədi əzaba məhkum edilə bilməz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə