Cümə10222021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Müsəlman ümmətin imamları on iki nəfərdir

Müsəlman ümmətin imamları on iki nəfərdir

                                                

  
Əllamə Seyid Mürtəza Əsgəri (r.ə.)


                                                             Quran və sünnə ətrafında birlik

 


بسم الله الرحمن الرحيم‏
الحمد لله رب العالمين، و الصلاه و السلام على محمد و آله الطاهرين و السلام على اصحابه البرره الميامين

                                                                                                             Rəhman və Rəhim Allahın adı ilə
Biz bir yumruq olan müsəlmanlar daxildən, əxlaqi məsələlər üzündən qarşıdurma yaratdığımız bir vaxtda, İslam düşmənləri də xaricdən, naməlum yolla vəhdətimizi parçalayıb, izzət və gücümüzü zəiflətdilər. Nəhayət, özümüzü müdafiə etməyə aciz qoyaraq, bizə hakim kəsildilər. Halbuki, Allah-taala buyurur:


“و اطيعوا الله و رسوله و لا تنازعوا فتفشلوا وتذهب ريحكم... ”


“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa süstləşər və gücdən düşərsiniz!...” (“Ənfal” surəsi, ayə 46)


“ما اصابتكم من مصيبه فبما كسبت ايديكم و يعفو عن كثير


“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”. (“Şura” surəsi, ayə 30)
Bəs, yaxşı olar ki, bugün və hər gün kitab və sünnəyə dönək, Quran və sünnə mehvəri əsasında vəhdət və birliyə nail olaq. Necə ki, uca Yaradan buyurur:
“Əgər bir iş barəsində mübahisə etsəniz, onu Allaha və Peyğəmbərə həvalə edin!” (“Nisa” surəsi, ayə 59)
Biz də bu silsiləvi mövzularda Quran və sünnəyə müraciət edib, ixtilaflı məsələlərdə yolumuzu aydınlaşdıran vasitələri Quran və sünnədən alacağıq ki, vəhdət və birliyimizə yenidən qovuşaq.
İslam mütəfəkkir və alimlərinin də bu meydanda bizimlə çiyin-çiyinə verib, öz görüşlərini bizimlə paylaşacaqlarına ümidvaram!
İmamların (ə) sayı ilə bağlı Peyğəmbərin (s) açıq-aşkar hədisi
“İmamların sayı” hədisi:
Allah Rəsulu (s) bildirmişdir ki, ondan sonra gələcək imamlar on iki nəfərdir.
Bu mövzu barəsində aşağıda qeyd ediləcək səhih və müsnəd kitablarının müəllifləri həzrətdən belə nəql ediblər:
a) Müslim öz “Səhih” kitabında Cabir ibn Səmurədən nəql edir:
Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: “Bu din həmişə, qiyamətə qədər və on iki xəlifə sizə hakim olanadək duracaq. Bu xəlifələrin hamısı Qüreyşdəndir”.
Başqa hədislərdə də bu məzmuna yaxın ibarələr gəlmişdir: “Xalqın işi həmişə yolundadır, nə qədər ki...”, “Nə qədər ki, on iki xəlifə sizə hakimdir...”, “On iki nəfərin ömrünün sonuna kimi...”. (1)
“Səhihi-Buxari”də belə yazılır: “Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “On ik nəfər əmir və hakimdir.”
Ravi nəql edir: Peyğəmbər (s) sonra bəzi sözlər dedi ki, mən başa düşmədim.
Atam dedi: “(Həzrət) belə buyurdu: “Onlar hamısı Qüreyşdəndir””.
Başqa bir hədisdə ravi belə nəql edir: Sonra Peyğəmbər (s) bəzi sözlər buyurdu, lakin mənə qaranlıq qaldı. Atamdan soruşdum ki, “Allahın Rəsulu (s) nə buyurdu?”
Atam dedi: “Həzrət buyurdu ki, onların hamısı Qüreyşdəndir”. (2).
Digər bir hədisdə isə Həzrət buyurdu: “Düşmənlərinin ədavəti onlara heç bir zərər vurmaz!”. (3)

b) Başqa bir hədisdə Allahın Rəsulu (s) buyurur:


“لا تزال هذه الامه مستقيما امرها، ظاهره على عدوها، حتى يمضى منهم اثنا عشر خليفه كلهم من قريش، ثم يكون المرج او الهرج”


“Nə qədər ki, hamısı Qüreyşdən olan on iki xəlifə sağdır, bu ümmətin işi həmişə yolundadır və düşmənlərinə daima qalibdirlər. Onlardan sonra fəsad, viranlıq, yaxud fitnə və qarşıdurma olacaq”. (4)
c) Peyğəmbər (s) buyurur: “Bu ümmətin on iki rəhbər və hamisi vardır, onlarla olmayanlar onlara zərər vura bilməzlər. Onların hamısı Qüreyşdəndir”. (5)
d) Peyğəmbər (s) buyurur: “Nə qədər ki, on iki nəfər bu camaata hakim və rəhbərdir, onların işləri yolunda olacaqdır”. (6)
e) Ənəsdən nəql edilir ki, Həzrət Rəsul (s) buyurdu: “Qüreyşdən on iki nəfər sağ olduğu müddətcə, bu din yaşayacaq və onlar dünyadan getdikdən sonra, yer də öz əhlini udacaq”. (7)
f) Peyğəmbər (s) buyurur: “İş (vəziyyət) belədir, həmin on iki nəfər ayaqda durduğu müddətcə, onlar həmişə qalibdirlər. Onların hamısı Qüreyşdəndir”. (8)
g) Əhməd ibn Hənbəl, Hakim və başqaları Məsruqdan belə nəql edirlər:
Bir gecə Abdullah ibn Məsudun yanında oturmuşduq. O da, bizə Quran öyrədirdi. Bu arada bir nəfər soruşdu: Ey Əba Əbdürrəhman! Bu ümmətdən neçəsinin xilafətə çatacağını Allahın Rəsulundan (s) soruşmusunuzmu?
Abdullah dedi: İraqa gələndən bəri səndən başqa heç kim məndən belə bir sual soruşmayıb. Sonra əlavə etdi: Biz bu mövzunu (Allahın Rəsulundan (s)) soruşduq və Həzrət buyurdu: “Onlar on iki nəfərdir, Bəni-İsrail başçı və rəhbərlərinin sayı qədər”. (9)
h) Digər bir hədisdə İbn Məsuddan nəql olunur ki, Allahın Rəsulu (s) buyurdu: “Məndən sonrakı xəlifələrin sayı Musanın səhabələrinin sayı qədərdir”. (10)
İbn Kəsir yazır: Abdullah ibn Ömər, Hüzeyfə və İbn Abbasdan da bunun bənzəri nəql edilmişdir. (11)
Müəllif yazır: İbn Kəsirin İbn Abbasdan nəql etdiyi hədis Hakim Həsəkaninin İbn Abbasdan nəql etdiyi ilə eyni olub-olmaması mənə məlum deyil.
Qeyd edilən hədislər açıq-aşkar çatdırır ki, imam və rəhbərlərin sayı on iki nəfər, hamısı da Qüreyşdəndir.
İmam Əli (ə) də öz sözlərində bu hədislərdə vurğulanan Qüreyşdən məqsədin kim olduğunu bəyan edir:
“Bütün imamlar Qüreyşdəndir və onlar Haşimin ailəsindən (Əhli-beyt (ə)) seçilmişlər, (vilayət və rəhbərlik) onlardan başqasına rəva deyil, onlardan başqa heç kimsə imamlığa (vilayətə) layiq deyil!”. (12)
Həmçinin buyurur:


اللهم بلى لا تخلوا الارض من قائم لله بحجه اما ظاهرا مشهورا او خائفا مغمورا لئلا تبطل حجج الله و بيناته...”


“İlahi, yer üzü Allaha xatir haqqı dirçəldəndən boş qalmayacaq, (bu imam) ya qalib və aşkardadır, ya da Allahın dəlilləri və aşkar nişanələri məhv olmasın deyə, gizli və gözəgörünməz”. (13)
Tövratda on iki imam
İbn Kəsir yazır: Kitab əhlinin əlindəki Tövratda bu məzmunda bir yazı var: “Allah İbrahimə (ə) İsmayılı (ə) müjdə verdi və buyurdu: İsmayıla (ə) bərəkət verəcəyəm, nəslini çoxaldacağam və onların arasından on iki nəfəri üstün və şərafətli edəcəyəm.”
Həmçinin yazır: İbn Teymiyyə belə yazır: “Bu müjdəsi verilən şəxslər Cabir ibn Səmurənin hədisində gələn kəslərdir; təqdir edilmişdir ki, ümmət arasında pərakəndə olsunlar və onlar mövcud olmayınca, qiyamət qopmasın. İslamı qəbul etmiş bir çox yəhudi güman edirlər ki, onlar, rafizi təriqətinin (yəni on iki imam şiələrinin) tərəfinə çağırmış olduğu kəslərdir və onlara itaət edirlər”. (14)
Müəllif yazır: İşarə olunan müjdə günümüzdəki Tövratın “Yaranış” kitabında, (fəsil: 17, nömrə 18-20) orijinal ibricə belədir:


“قى ليشماعيل بيرختى اوتو قى هفريتى اوتو قى هربيتى بمئود شنيم عسار نسيئيم يوليد قى نتتيف لگوى گدول” (15).


Tərcümə: “İsmayılı mübarək edib, ciddi şəkildə onun ( vücudunu) faydalı, bərəkətli, dolu və geniş edəcəyəm, on iki imam ondan yaranacaq və onu ümmətin böyük və əzəmətlisi qərar verəcəyəm”.
Tövratın bu hissəsi işarə edir ki, mübarək, bərəkətli, çox və zəngin olmaq yalnız İsmayılın (ə) nəslindən olan (vücud baxımından) fərdlərə aiddir.
“شنيم عسار” kəlməsi, “on iki nəfər” deməkdir. (16) Burada miqdar sayı “نسيئيم” və müəyyəndir “يم” sözün axrına əlavə olmaqla cəmi ifadə edir. Təki isə “ناسى”, yəni imam, rəhbər və rəisdir. (17)
Amma həmin hissədə Allahın İbrahimə (ə) sözündə, yəni “فى نتنيف لگوى گدول” ibarəsindəki “نتنيف” sözü mürəkkəbdir və “فى” sözü bağlayıcı və “ناتن” qərar verirəm mənasını verən feildir. “يف” isə feilin sonunda gələn əvəzlikdir və İsmayıla (ə) qayıdır. Yəni, onu (bu cür) qərar verəcəyəm. (18)
“گوى” sözü ümmət və camaat (19), “گدول” sözü isə böyük və əzəmətli (20) mənasındadır və cümlənin tam mənası belədir: Onu böyük və əzəmətli bir ümmətə çevirəcəyəm.
Bu ibarələrin nəticəsindən məlum olur ki, İsmayılın (ə) nəslindəki çoxluq və bərəkətdən məqsəd birmənalı olaraq, Allahın rəsulu Məhəmməd (s) və onun Əhli-beytidir (ə), çünki onlar İsmayıl (ə) nəslinin davamçılarıdır. Belə ki, Allah-taala İbrahimə (ə) buyurur: Nəmrudun torpaqlarından çıxıb Şama getsin. Həzrət (ə) də, Allahın əmrinə əsasən, xanımı Sara və Lut peyğəmbərlə (ə) hicrət edib Fələstin torpaqlarına yerləşir. Allah-taala İbrahimin (ə) sərvətini olduqca artırdı.
İbrahim (ə) dedi: “İlahi, övladsız bu qədər sərvəti neynirəm?”.
Allah-taala ona vəhy etdi: “Mən sənin övladlarını o qədər çoxaldacağam ki, sayları ulduzların sayına çatacaq”.
O vaxt, Hacər Saranın kənizi idi və onu İbrahimə (ə) bağışlayır. Hacər İbrahimdən (ə) hamilə olur və İsmayılı (ə) dünyaya gətirir. Həmin vaxtda İbrahimin (ə) 86 yaşı vardı (21).
Qurani-kərim İbrahimin (ə) duası və Allahdan istəyi sırasında bu aydın həqiqətə işarə edir və buyurur:


 “ربنا انى اسكنت من ذريتى بواد غير ذى زرع عند بيتك المحرم ربنا ليقيموا الصلاه فاجعل افئده من الناس تهوى اليهم و ارزقهم من الثمرات لعلهم يشكرون


“(İbrahim (ə) dedi:) Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmayılı və anası Hacəri) Sənin “Beytul-Həramı”nın (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” (“İbrahim” surəsi, ayə 37).
Sözügedən ayə çatdırır ki, İbrahim (ə) nəslinin bəzi nümayəndələrinə, İsmayıl (ə) və ondan dünyaya gələn Məkkədəki övladlarına Allah evinin kənarında yer verdi, tarix boyu bəşərin hidayətini onun nəslinin və övladlarının öhdəsinə qoymasını Allahdan dilədi. Allah da onun diləyini qəbul edərək, hidayəti onun nəslinə, Məhəmməd (s) və on iki imama (ə) tapşırdı.
İmam Baqir (ə) bu barədə buyurur:


“نحن بقيه تلك العتره و كانت دعوه ابراهيم لنا”


“O (nəsil və) xanədan bizik və İbrahimin (ə) duası bizim üçün idi”. (22)
Yuxarıda qeyd edilən hədislərin xülasəsi
Qeyd edilən hədislərin nəticəsi belədir:
“Bu ümmətin imamlarının sayı bir-birinin ardınca gələn on iki nəfərdir. On ikinci imamdan sonra dünyanın ömrü başa çatacaq”.
İlk hədis belə idi: “Bu din qiyamətədək və nə qədər ki, on iki xəlifə sizə hakimdir, bərpadır...”.
Sözügedən hədis, dinin bərpa müddətini müəyyənləşdirir, onun vaxtını qiyamət qopan günə qədər təyin edir və bu ümmətin imamlarının sayını on iki nəfər bilir.
Beşinci hədis: “Qüreyşdən on iki nəfər mövcud olduğu müddətcə, bu din yaşayacaq və onlar dünyadan getdikdən sonra, yer də öz əhlini udacaq”.
Bu hədis, dinin varlığını onların ömründən asılı və onların ömrünün sonunu da dünyanın sonu bilir.
Səkkizinci hədisdə, Peyğəmbər (s) imamların sayının yalnız on iki nəfər olduğunu bildirir və buyurur: “Məndən sonrakı xəlifələrin sayı Musanın səhabələrinin sayı qədərdir”.
Bu hədisə əsasən, Allah Rəsulundan (s) sonra on iki xəlifədən başqa hər hansı xəlifə gəlməyəcək.
“Xəlifələrin sayı yalnız on iki nəfərdir, onlardan sonra hərc-mərclik, yerin məhvi və qiyamətin bərpası baş verəcəkdir” – bu kimi hədislərin açıq-aşkar ibarələri, bu şəffaflığa sahib olmayan digər sözlərə aydınlıq gətirir.
Beləliklə, insanların adi ömürlərindən fərqli olaraq, on iki imamdan birinin ömrü uzun və qeyri-adi olmalıdır. Necə ki, hazırda belədir, on iki imamdan və Allah Rəsulunun (s) canişinlərindən on ikincisi həmin ömrə sahibdir.
Sözügedən hədisin açıqlaması alimləri heyrətə gətirir
“Xüləfa məktəbi”nin alimləri, yəni əhli-sünnə alimləri yuxarıda vurğuladığımız hədisdə gələn on iki imamdan məqsədi bəyan edərkən, təəccüb etmiş və fərqli nəzərlər sərgiləmişlər:
Biz Allah Rəsulundan (s) sonrakı əmir və xəlifələri saydıq və gördük ki, Əbubəkr, Ömər, Osman, Əli, Həsən, Müaviyə, Yezid, Müaviyə ibn Yezid, Yezid ibn Əbdülməlik, Mərvan ibn Məhəmməd ibn Mərvan, Səffah və başqalarıdır.
O, bundan sonra öz dövrünə qədər iyirmi yeddi Abbasi xəlifəsini sayır və yazır: Əgər onların toplusundan zahiri xəlifə olaraq on ikisini saysaq, sonuncusu Süleyman ibn Əbdülməlikdir. Yox, əgər xəlifənin həqiqi mənasını nəzərə alsaq, yalnız beş nəfər yerdə qalır: ilk dörd xəlifə və Ömər ibn Əbdüləziz. Odur ki, bu hədisə bir izah tapmıram. (23)
Qazi Əyyaş “Bundan (on iki nəfərdən) çoxu vilayət və hakimiyyətə çatıb”, – sözünün cavabında yazır:
Bu etiraz doğru deyil, çünki Peyğəmbər (s) buyurmayıb ki, yalnız on iki nəfər vilayətə çatıblar və bu, onların sayının artmamasını istisna etmir. (24)
Süyuti yazır: Hədisin məqsədi İslamın ilk çağlarından qiyamətə qədər haqqa əməl edən on iki xəlifənin mövcudluğudur. Hərçənd, bir-birinin ardınca gəlməsinlər. (25)
“Fəthul-bari” kitabında yazılır: Sözsüz ki, dünyadan getmiş dörd xəlifə bu saydandır (on iki nəfərdəndir), qalanı da, labüd qiyamətdən öncə tamamlanacaq. (26)
İbn Cuzi yazır: Peyğəmbər (s) buyurub ki, sonra fitnə və qarışıqlıq olacaq, deməli, qiyamətdən öncəki fitnələrdən məqsəd Dəccalın çıxışı və ondan sonrakı hadisələrdir. (27)
Süyuti yazır: Bu on iki nəfərdən ilk dörd xəlifə, Həsən, Müaviyə, Abdullah Zübeyr və Ömər ibn Əbdüləzizdir və bu səkkiz nəfər xilafətə (hakimiyyətə) gələnlərdir. Əgər Mehdi Abbasini – hansı ki o, Abbasilər arasında Ömər ibn Əbdüləzizin Bəni-Üməyyə arasında olduğu kimidir, eləcə də, ədalətsevərliyinə görə, Tahir Abbasini də onlara əlavə etsək, yenə də, yerdə iki nəfər qalır və intizarı çəkilib gözlənilir və onlardan biri Ali-Məhəmmədin (ə) Mehdisi və Əhli-beytdən (ə) olacaq. (28)
Hədisin məqsədi budur ki, o on iki nəfər xilafətin izzəti, İslamın güclənməsi və işlərin möhkəmlənməsi prosesində aparıcıdırlar. Onların zamanında İslam izzət və güc tapacaq, bütün müsəlmanlar ətrafına toplaşacaqlar (29).
Beyhəqi yazır: Bu say (on iki nəfər) Vəlid ibn Yezid ibn Əbdülməlikin zamanına qədər iş başına gəliblər. Sonra isə böyük fitnə və çaxnaşma düşdü, bundan sonra da Abbasilər zəfər çalıb hakimiyyətə gəldi. Qeyd edilən sayı (yəni on iki nəfəri) artırmaları, ya hədisdə işarə edilən xüsusiyyəti nəzərə almadıqlarına, ya da qeyd edilən fitnə sonrası hakimiyyətə gələnləri onlardan saydıqlarına görədir (30).
Əhli-sünnə mənbələri yazır: Ümmətin yekdil olduğu şəxslər: üç xəlifə və Əli idi. Əlbəttə Əli də Siffeyndəki “həkəmiyyət” (hakimlik) məsələsinə qədər. O gün isə Müaviyəni xəlifə adlandırdılar. Sonra Həsənin sülhü ilə Müaviyəni xəlifə tanıdılar və ondan sonra da oğlu Yezidin xəlifəliyi məsələsində yekdil qərara gəldilər. Hüseyn isə xilafətə çatmamış qətlə yetirildi. Yezidin ölümündən etibarən, ümmət arasında ixtilaf və ikitirəlik yarandı. Nəhayət, İbn Zübeyrin qətlindən sonra Əbdülməlik Mərvanın, sonra onun dörd oğlu Vəlid, Süleyman, Yezid və Hişamın xilafəti barədə fikir birliyinə gəldilər. Qeyd etmək lazımdır ki, bu cəmdə Ömər ibn Əbdüləziz Süleymanla Yezidin arasında fasilə yaratdı. Onların on ikincisi isə Vəlid ibn Yezid ibn Əbdülməlik idi, Hişamdan sonra xalq onun xilafətini yekdil olaraq qəbul etdi və o, dörd il hökumət sürdü. (31)
Beləliklə, bu on iki nəfərin xilafəti müsəlmanların onlara verdiyi yekdil rəylərinə görə, düzgün sayılır. Peyğəmbər (s) də özündən sonra bunların xilafət və canişinliyini – İslamın xalqa həvalə edilməsini – müsəlmanlara müjdə verib!
İbn Həcər bu əsaslandırma barədə belə yazır: Bu ən yaxşı əsaslandırmadır.
İbn Kəsir isə yazır: “Hədisin məqsədi fasiq Vəlid ibn Əbdülməlikin dövrünə qədər ardıcıl gələn xəlifələrdir.”, – bu nəticə və fikir qeyri-məqbuldur. Çünki, Vəlidə qədər işarə olunan xəlifələr on iki nəfərdən çoxdur, səbəbi də budur: Əbubəkr, Ömər, Osman və Əlinin xilafəti məlumdur... Onlardan sonra Həsən ibn Əlidir. Əli onu öz canişini qoydu və İraq əhalisi ona beyət etdi... Sonunda Həsən Müaviyə ilə sülh bağladı. Sonra Müaviyənin oğlu Yezid, ardınca Yezidin oğlu Müaviyə ibn Yezid, sonra Mərvan ibn Həkəm və oğlanları Əbdülməlik Mərvan, Vəlid ibn Əbdülməlik, Süleyman ibn Əbdülməlik, arada Ömər ibn Əbdüləziz, yenə Yezid ibn Əbdülməlik, onun ardınca Hişam ibn Əbdülməlik – hansı ki ümumi sayları on beşə çatır – sonra da, Vəlid ibn Əbdülməlik xəlifə oldu. Əgər İbn Zübeyrin Əbdülməlikdən öncəki hakimiyyətini də hesaba alsaq, on yeddi nəfər olurlar. Bu hesabla, Yezid ibn Müaviyə on iki nəfərdən biri hesab olunur, amma bütün xəlifələrin tərifə layiq gördüyü, raşidi xəlifələrdən saydığı Ömər ibn Əbdüləziz, onun ədalətli olmasında müsəlmanların yekdil rəyi olmasına, hakimiyyəti dövrünün ən yaxşı dövr sayıldığına, hətta şiələrin də, bunu etiraf etməsinə rəğmən, on iki nəfərin sırasından xaric olur.
Əgər “Mən təkcə ümmətin yekdil rəy verdiyi kəsləri sayıram.” desə, onda Əli ibn Əbutalib və övladı da hesaba alınmamalıdır, çünki xalq hər ikisinə yekdil rəy vermədi. Səbəbi isə Şam əhalisinin ona beyətdən boyun qaçırmaları idi.
Habelə, yazır: Bəziləri Müaviyə, oğlu Yezid və nəvəsi Müaviyə ibn Yezidi hesaba almış, Mərvan və İbn Zübeyri isə nəzərə almayıblar, çünki ümmət onların heç birinə yekdil rəy verməyib.
Bu nəzərə əsasən də deyirik: Bu hesablamada ilk üç xəlifə, sonra Müaviyə, Yezid, ardınca Əbdülməlik Mərvan, Vəlid, Süleyman, sonra Ömər ibn Əbdüləziz, sonda da Hişamı saysaq, hamısı on nəfər edir. Bunlardan sonra da fasiq Vəlid ibn Yezid Əbdülməlik hakimiyyətə gəlir.
Bu nəzərə əsasən, Əli və oğlu Həsəni mövzudan xaric etməliyik. Bu isə, əhli-sünnə imamları və şiələrin açıq-aşkar dediklərinin tam ziddinədir (32).
“Kəşful-muşkil” kitabında İbn Cuzi bu əsaslandırmaların cavabında iki ayrı versiya nəql edir:
1) Peyğəmbər (s) öz hədisində özü və səhabələrindən sonrakı hadisələrə işarə etmir. Səhabələrin hökmü o həzrətin hökmünə bağlı olduğu üçün, nəticə alırıq ki, səhabələrdən sonra meydana gələn hökumətlərdən xəbər verilir, eyni zamanda da öz bəyanı ilə Bəni-Üməyyə xəlifələrinin sayına işarə etdiyi nəzərə çarpır. Sanki, o həzrətin sözü: “لا يزال الدين”, yəni vilayət on iki xəlifə hökumətə çatana qədərdir, sonra vəziyyət dəyişəcək, ilk halından daha pisinə qayıdacaq. Bu hesabla, Bəni-Üməyyənin ilk xəlifəsi Müaviyə, sonuncusu isə Mərvan Himardır, sayları isə on üç edir. Osman, Müaviyə və İbn Zübeyr sayılmırlar, çünki onlar səhabə olmuşlar. Əgər Mərvan ibn Həkəmi də – səhabə olması ixtilaflı olduğuna görə, yaxud Abdullah ibn Zübeyr müqabilində məğlub olması və xalqın Abdullahı dəstəkləməsinə əsasən – sözügedən cəmdən xaric etsək, yerdə on iki nəfər qalır. Xilafət Bəni-Üməyyənin əlindən çıxdıqdan sonra da böyük fitnələr, çoxlu qırğınlar baş verdi. Nəhayət, Bəni-Abbas dövləti quruldu və mövcud vəziyyət tamamilə dəyişib alt-üst oldu. (33)
İbn Həcər “Fəthul-bari” kitabında bu dəlili əsassız sayır.
2) İbn Cuzi ikinci versiyanı Əbulhəsən Munadinin Mehdi barədə topladığı kitabçadan nəql edir:
Bu mövzunun zamanın sonunda zühur edəcək Mehdidən sonraya aid olması mümkündür. Ona görə ki, mən “Danyal” kitabında görmüşəm ki, Mehdi vəfat etdikdə, “Sibti-əkbər”in – “böyük nəvənin” (yəni İmam Həsənin (ə)) nəvələrindən beşi hökumətə çatacaq. Sonra “Sibti-əsğər”in – “kiçik nəvənin” (yəni İmam Hüseynin (ə)) nəvələrindən beş nəfəri hakimiyyətə gələcək. Onların ardınca onlardan axırıncısı “Sibti-əkbər”in nəvələrindən birini öz canişini təyin edəcək. Ondan sonra onun övladı hakimiyyətə keçəcək. Bu tərtiblə, on iki nəfər hakim olacaq və onların hər biri imam və mehdidir (yəni hidayətçidir).
Sonra yazır: Başqa bir hədisdə belə deyilir: “Ondan sonra on iki şəxs; Həsənin altı, Hüseynin beş övladı, bir nəfər də onlardan olmayan şəxs hakimiyyətə çatacaq. Son şəxs öldükdən etibarən, fəsad aləmi bürüyəcək.
İbn Həcər öz “Səvaiq” əsərində bu hədisə belə bir haşiyə yazmışdır: “Şübhəsiz, bu hədis zəifdir və ona etimad etmək olmaz!” (34).
Digər bir qrup alim belə yazır: Çox güman Peyğəmbər (s) bu hədisdə özündən sonrakı qəribə hadisələrdən xəbər vermişdir. Belə ki, bir zaman fitnələr ümməti parçalayaraq və onları on iki rəhbərin fərmanına tabe edəcək. Əgər Həzrətin məqsədi bu olmasaydı, onda “On iki əmir və rəhbər filan işləri görəcək!” – deyə buyurardı. Amma onları belə vəsf etmədiyi üçün, hamısının vahid zamanda olacağını anlayırıq...”. (35)
Tarix yazır: Hicri tarixlə V əsrdə təkcə Əndəlusda belə bir hadisə baş verib və altı nəfər birdən özünü xəlifə adlandırıb. Onlardan əlavə, Misir hakimi, Bağdadın Abbasi xəlifəsi və digər xilafət iddiaçıları, ələvi və xaricilərdən də bəzisi xilafət iddiasında olub (36).
İbn Həcər bu əsaslandırma barəsində yazır: Bu sözü hədis nəql etmək barədə məlumatı olmayan bir şəxs söyləmişdir. Bu mətləb yalnız “Səhih-Buxari” kitabında qısa şəkildə qeyd edilmişdir. (37)
Həmçinin yazır: Onların vahid zamanda olması elə pərakəndəlik və parçalanmanın özü deməkdir və hədisin məqsədi bu ola bilməz. (38)
Beləcə, xüləfa məktəbinin alimləri keçən hədislərin şərhində vahid nəticəyə gəlməyiblər. Bundan əlavə, Allah Rəsulunun (s) on iki nəfərin adını çəkdiyi hədisləri vurğulamayıb bu məsələdə səhlənkarlıq etmişlər. Çünki, bu iş xüləfa məktəbinə hakim siyasətlə uzun illər boyu tərs mütənasib olmuşdur.
Əhli-beyt (ə) məktəbinin hədisçiləri öz əsərlərində etibarlı səhabələrə çatan sənəd və istinadlarla bu hədisləri Allah Rəsulundan (s) nəql etmişlər. Biz qarşıdakı fəsillərdə onlardan bir neçəsini – hansı ki hər iki dəstə öz kitablarında onları yazmışlar – qeyd edəcəyik.

Əhli-sünnə qaynaqlarında on iki nəfərin (imamın) adı
1. Əhli-sünnə alimi imam Cüveyni (39) Abdullah ibn Abbasdan nəql edir: Allahın Rəsulu (s) buyurdu:


 “انا سيد النبين و على بن ابى طالب سيد الوصيين، و ان اوصيائى بعدى اثنا عشر، اولهم على بن ابى طالب و آخرهم المهدى


“Mən peyğəmbərlərin ağası, Əli ibn Əbutalib də canişinlərin ağasıdır. Həqiqətən, məndən sonrakı canişinlər on iki nəfərdir, onların birincisi Əli ibn Əbutalib, sonuncusu isə Mehdidir”.
2. İmam Cüveyni yenə də öz sənədi ilə İbn Abbasdan nəql edir: “Allahın Rəsulu (s) buyurur: Həqiqətən məndən sonra xəlifələrim, canişinlərim və xalq üzərində Allahın höccətləri on iki nəfərdir. Onlardan birincisi qardaşım, sonuncusu isə övladım olacaq.
Soruşdular: Ey Allahın Rəsulu, qardaşın kimdir?
Buyurdu: Əli ibn Əbutalib.
Soruşdular: Övladın kimdir?
Buyurdu: O, Mehdidir (hidayətçidir). O, yer üzü zülmlə dolduqdan sonra orada haqq-ədaləti bərpa edəcək. And olsun məni müjdəçi və haqdan qorxudan olaraq göndərənə! Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü o qədər uzadar ki, övladım Mehdi zühur etsin, Ruhullah İsa göydən ensin və onun arxasında namaz qılsın, yer üzü Rəbbinin nuru ilə aydınlansın, Mehdinin hakimiyyəti şərq və qərbi əhatə etsin!”
3. İmam Cüveyni yenə də öz sənədi ilə nəql edir: “Ravi deyir: Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim:


 “انا و على و الحسن و الحسين و تسعه من ولد الحسين مطهرون معصومون”

“Mən, Əli, Həsən, Hüseyn və Hüseynin doqquz övladı pak və məsumuq”. (40)
Əsrlər boyu xüləfa məktəbinə hakim siyasət bundan ibarət idi ki, bu qəbildən olan hədisləri İslam ümmətindən uzaq tutur və ört-basdır edirdilər. Doğrudan da sözügedən məktəbin ardıcılları bu yolda necə də layiqli cəhdlər ediblər!?
Biz “Məalimul-mədrəsəteyn” kitabında xüləfa məktəbinin Allah Rəsulunun (s) açıq-aşkar hədisləri ilə rəftarını araşdırarkən, onların fikirlərinə müxalif olan bu nümunələrdən bir neçəsini qeyd etmişik. Burada həmin hədisləri sadalamağa imkan olmadığından, yalnız on iki imamı tanıtdıran hədislərə işarə etməklə kifayətlənirik. Allah Rəsulundan (s) nəql edilən bu hədislərdə on iki imamın adı mütəvatir şəkildə və açıq-aşkar gəlmişdir.
Allah Rəsulundan (s) sonrakı on iki imamın təqdimatı
Birinci İmam: Əmirəl-möminin Əli (ə)
Atası: Əbutalib ibn Əbdülmüttəlib ibn Haşim
Anası: Fatimə binti Əsəd ibn Haşim.
Künyəsi: Əbul-Həsən, Əbul-Hüseyn və Əbu Turab.
Ləqəbi: Vəsi, Əmirəl-möminin.
Doğulduğu tarix: 30-cu “Fil” ilində, Məscidul-Həramda (41), Kəbənin daxilində dünyaya gəlib.
Vəfatı: Hicri tarixlə 40-cı ildə xaricilərdən olan Əbdürrəhman ibn Mülcəmin əli ilə şəhadətə çatıb və Kufədən kənarda, yəni Nəcəful-Əşrəfdə dəfn edilib.

İkinci İmam: Həsən ibn Əli ibn Əbutalıb (ə).
Anası: Allah Rəsulunun (s) qızı Fatimə Zəhra (ə).
Künyəsi: Əbu Muhəmməd.
Ləqəbi: Sibti-əkbər, Müctəba.
Doğulduğu tarix: Hicri tarixlə 3-cü ildə, ramazan ayının 15-i Mədinədə dünyaya göz açıb.
Şəhadəti: Hicrətin 50-ci ilində rəbiül-əvvəl ayının 5-də (başqa bir rəvayətə əsasən səfərin 28-də) şəhadətə çatıb və Mədinədə, Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Üçüncü İmam: Hüseyn ibn Əli ibn Əbutalib (ə).
Anası: Allah Rəsulunun (s) qızı Fatimə Zəhra (ə).
Künyəsi: Əba Əbdullah.
Ləqəbi: Sibti-əsğər, Şəhidi-Kərbəla.
Doğulduğu tarix: Hicri tarixlə 4-cü ildə, şaban ayının 3-ü Mədinədə dünyaya göz açıb.
Şəhadəti: Hicri tarixlə 61-ci ildə, məhərrəm ayının 10-u, Əhli-beyti (ə) və dostları ilə birgə Kərbəlada Yezid və qoşunu tərəfindən şəhadətə çatıb. Hal-hazırda həzrətin qəbri, İraqın Kərbəla şəhərindədir (42).

Dördüncü İmam: Əli ibn Hüseyn (ə)
Anası: Ğəzalə, yaxud Şəhrbanu (xanımların şahı).
Künyəsi: Əbul Həsən.
Ləqəbi: Zeynəlabidin, Səccad.
Doğulduğu tarix: Hicri tarixlə, 33, ya 37, ya da 38-ci ildə Mədinədə dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 94-cü ildə şəhadətə çatıb və Bəqi qəbiristanlığının cənubunda, əmisi İmam Həsənin (ə) kənarında dəfn edilib (43).

Beşinci İmam: Məhəmməd ibn Əli (ə).
Anası: Ümmi Abdullah, İmam Həsən ibn Əlinin (ə) qızı.
Künyəsi: Əbu Cəfər.
Ləqəbi: Baqir.
Doğulduğu tarix: Hicri tarixlə 57-ci ildə, Mədinə şəhərində dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 117-ci ildə, Mədinədə şəhadətə çatıb və Bəqi qəbiristanlığında, atası Zeynəlabidinin (ə) kənarında dəfn edilib (44).

Altıncı İmam: Cəfər ibn Məhəmməd (ə).
Anası: Ümmü Fərvə, Qasım ibn Məhəmməd ibn Əbu Bəkrin qızı.
Künyəsi: Əba Əbdillah.
Ləqəbi: Sadiq.
Doğulduğu tarix: Hicri tarixlə 73-cü ildə, Mədinədə dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 148-ci ildə şəhadətə çatıb və Bəqi qəbiristanlığında, atası İmam Baqirin (ə) kənarında dəfn edilib (45).

Yeddinci İmam: Musa ibn Cəfər (ə).
Anası: Həmidə.
Künyəsi: Əbul-Həsən.
Ləqəbi: Kazim.
Doğulduğu tarix: Hicri tarixlə 128-ci ildə, Mədinədə dünyaya göz açıb.
Şəhadəti: Hicri tarixlə 183-cü ildə, Bağdadda, xəlifə Harun ər-Rəşidin zindanında şəhadətə çatıb və hazırkı Bağdadın qərbində, Kazimeyn kimi tanınan şəhərdə, Qüreyş qəbiristanlığında torpağa tapşırılıb (46).

Səkkizinci İmam: Əli ibn Musa (ə).
Anası: Xeyzəran. (Tuktəm)
Künyəsi: Əbul-Həsən.
Ləqəbi: Rza.
Doğulduğu tarix: Hicri tarixlə 153-cü ildə, Mədinədə dünyaya göz açıb.
Şəhadəti: Hicri tarixlə 203-cü ildə şəhadətə çatıb və Xorasanın Tus şəhərində (indiki Məşhəddə) dəfn olunub (47).

Doqquzuncu İmam: Məhəmməd ibn Əli (ə).
Anası: Səkinə.
Künyəsi: Əba Əbdillah.
Ləqəbi: Təqi, Cavad.
Doğulduğu tarix: Hicri tarixlə 195-cu ildə, Mədinədə dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 220-ci ildə Bağdadda şəhadətə çatıb və babası Musa ibn Cəfərin (ə) kənarında dəfn edilib (48).

Onuncu İmam: Əli ibn Məhəmməd (ə).
Anası: Səmanə Məğribiyyə (mərakeşli olub).
Künyəsi: Əbul-Həsən Əskəri.
Ləqəbi: Hadi, Nəqi.
Doğulduğu tarix: Hicri tarixlə 214-cü ildə, Mədinədə dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 254-cü ildə şəhadətə qovuşub və İraqın Samirra şəhərində dəfn edilib (49).

On birinci İmam: Həsən ibn Əli (ə).
Anası: Ümmü vələd, Süsən.
Künyəsi: Əbu Məhəmməd.
Ləqəbi: Əskəri.
Doğulduğu tarix: Hicri tarixlə 231-ci ildə, Samirra şəhərində dünyaya gəlib.
Şəhadəti: Hicri tarixlə 260-cı ildə şəhadətə çatıb və Samirra şəhərində dəfn edilib (50).

On ikinci İmam: Həzrət Höccət ibnil-Həsən (əc.f.)
Anası: Ümmü vələd, Nərcis, yaxud Seyqəl.
Künyəsi: Əba Əbdillah, Əbul-Qasim.
Ləqəbi: Qaim, Müntəzər, Xələf, Məhdi, Sahibəz-zaman.
Doğulduğu tarix: Hicri tarixlə 255-ci ildə, Samirra şəhərində dünyaya göz açıb.
O, on iki imamdan sonuncusudur və indiyə qədər də həyatdadır (sağdır). (Allah istədiyi vaxt – Allahın əmri ilə – zühur və qiyam edəcək, dünyanı ədalətlə dolduracaq).
Mühüm bir xatırlatma!
Keçən hədislərdən ikisində belə qeyd edilmişdi:
“… Onlardan on iki xəlifə (hakimiyyət edib) dünyasını dəyişdikdən sonra, fitnə və çaxnaşma başlayacaq”.
“Bu din daima – nə qədər ki, Qüreyşdən on iki nəfər sağdır – möhkəmdir. Onlar dünyasını dəyişdikdən etibarən, yer, üzərindəkiləri udacaq!”.
Bu iki ibarə onu göstərir ki, Allah Rəsulundan (s) sonra gələn imamların on ikincisi dünyasını dəyişməklə, yerin ömrü sona çatacaq. Deməli, on iki nəfərdən birinin ömrü dünyanın sonuna kimi uzanmalıdır. Bu da, on ikinci imam, Ali-Məhəmmədin (s) hidayətçisi Məhəmməd ibn Həsən Əskərinin (ə) faktiki ömrüdür. Ona görə ki, hədislərin məcmusu yalnız qeyd edilən on iki imam üçün keçərlidir və başqaları barəsində doğru deyil.
Aləmlərin Rəbbinə həmd olsun!

Qaynaqlar:
1-    “Səhihi-Müslim”, c. 3, səh. 1453, hədis 1821. Cabirin özü yazdığına görə bu hədisi seçdik.
“Səhihi-Buxari”, c. 4, səh. 165, “əl-Əhkam”, “Sünəni-Tirmizi”, bab: “Ma caə fil-xuləfai min əbvabil-fitən”, “Sünəni-Əbu Davud”, c. 3, səh. 106, “Kitabul-Məhdi”, “Müsnədi-Təyalisi”, hədis 767 və 1278, “Müsnədi-Əhməd”, c. 5, səh. 86, 90, 92, 101, 106 və 108, “Kənzul-ummal”, c. 13, səh. 26 və 27, “Hilyətul-əvliya”, Əbu Nəim, c. 4, səh. 333.
Cabir ibn Səmurə ibn Amiri, Səd ibn Əbi Vəqqasın bacısı oğludur və hicri tarixlə 80-cı ildə Kufədə dünyasını dəyişib. “Səhih” kitabların müəllifləri ondan 164 hədis nəql ediblər. Onun tərcümeyi-halı “Usdul-ğabə”, “Təqribut-təhzib” və “Cəvamius-sirə” (səh. 277) kitablarında qeyd edilmişdir.
2-    “Fəthul-bari”, c. 16, səh. 338, “Mustədrəkus-səhihəyn”, c. 3, səh. 617.
3-    “Fəthul-bari”, c. 16, səh. 338.
4-    “Kənzul-ummaldan seçmələr”, c. 5, səh. 321, “İbn Kəsir tarixi”, c. 6, səh. 249, “Tarixul-xuləfa”, Süyuti, səh. 10, “Kənzul-ummal”, c. 13, səh. 26, “Səvaiqul-muhriqə”, səh. 28.
5-    “Kənzul-ummal”, c. 13, səh. 27 və “Kənzul-ummaldan seçmələr”, c. 5, səh. 312.
6-    “Səhihi-Müslimin şərhi”, Nəvəvi, c. 12, səh. 202, “Səvaiqul-muhriqə”, səh. 18, “Tarixul-xuləfa”, Süyuti, səh. 10.
7-    “Kənzul-ummal”, c. 13, səh. 27.
8-    “Kənzul-ummal”, c. 13, səh. 27.
9-    “Müsnədi-Əhməd”, c. 1, səh. 398 və 406. Əhməd Şakir ilk haşiyədə (səh. 398) yazır: Onun (istinadı) sitat gətirdiyi sənədlər doğrudur. “Müstədrəki Hakim və xülasəsi”, c. 4, səh. 501, “Fəthul-bari”, c. 16, səh. 339, “Məcməuz-zəvaid”, c. 5, səh. 190, “Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 12, “Tarixul-xuləfa”, Süyuti, səh. 10, “Camius-səğir”, Süyuti, c. 1, səh. 75, “Kənzul-ummal”, Müttəqi c. 13, səh. 27-də yazır: Təbərani və Nəim ibn Həmmad da onu “Fitən” kitabında qeyd etmişlər.
10-    “İbn Kəsirin tarixi”, c. 6, səh. 248, “Kənzul-ummal”, c. 13, səh. 27, “Şəvahidut-tənzil”, Həsəkani, c. 1, səh. 455, hədis 626.
11-    “İbn Kəsir”, c. 6, səh. 248.
12-    “Nəhcül-bəlağə”, xütbə 142.
13-    “Yənabiul-məvəddə”, Şeyx Süleyman Hənəfi “sədəmə” babında, səh. 523, “İhyau-ulumid-din”, Qəzzali, c. 1, səh. 4. “Hilyətul-əvliya”, c. 1, səh. 80 (ixtisarla).
14-    “İbn Kəsirin tarixi”, c. 6, səh. 249 və 250.
15-    “Əhdi-Qədim”, “Yaranış kitabı”, fəsil 17, nömrə 20, səh. 22 və 23.
16-    “Möcəmul-hədis”, ibri-ərəbi dilində, səh. 316.
17-    Yenə orada, səh. 360.
18-    Yenə orada, səh. 84 və 317.
19-    “Möcəmul-hədis”, ibri-ərəbi dilində, səh. 84-317.
20-    Yenə orada.
21-    “Yəqubi tarixi”, c. 1, səh. 24 və 25. Qum, “Əhli-beyt (ə) mədəniyyətinin yayımı” müəssisəsinin çapı.
22-    Orijinal ibri dilində Tövratda və onun şərhində gələn mətni ustad Əhməd əl-Vasitin məqaləsindən nəql etmişik. “Tövhid” jurnalı, “İslam təbliğatı təşkilatı”nın nəşri, Tehran, № 54 (səh. 127 və 128).
23-    İbn Ərəbinin “Sünəni-Tirmizi”yə şərhi, c. 9, səh. 68-69.
24-    Nəvəvinin “Səhihi-Müslim”ə şərhi, c. 13, səh. 201 və 202, “Fəthul-bari”, c. 16, səh. 339. Mətnin ibarəsi ondandır və səhifə 341-də də bunu qeyd edib.
25-    “Tarixul-xuləfa”, Süyuti, səh. 12.
26-    “Fəthul-bari”, c. 6, səh. 341, “Tarixul-xuləfa”, səh. 12.
27-    “Fəthul-bari”, c. 6, səh. 341, “Tarixul-xuləfa”, səh. 12.
28-    “Səvaiqul-muhriqə”, səh. 19 və “Tarixul-xuləfa”, səh. 12. Deməli, xüləfa məktəti ardıcılları “iki imam”ın intizarında olacaq, hansı ki biri Məhdidir (əc). Halbuki, Əhli-beyt (ə) məktəbi ardıcılları təkcə bir imamın intizarındadır.
29-    Nəvəvi “Səhihi-Müslim”in şərhində, c. 12, səh. 202 və 203-də bu mövzuya işarə edir və İbn Həcər “Fəthul-bari”, c. 16, səh. 338-341 və Süyuti “Tarixul-xuləfa”, səh. 10-da da, bunu qeyd ediblər.
30-    “İbn Kəsirin tarixi”, c. 6, səh. 249. Beyhəqidən nəql edir.
31-    “Tarixul-xuləfa”, səh. 12, “Səvaiqul-muhriqə”, səh. 19, “Fəthul-bari”, c. 16, səh. 341.
32-    “İbn Kəsirin tarixi”, c. 6, səh. 249-250.
33-    “Fəthul-bari”, c. 16, səh. 340. (İbn Cuzinin “Kəşful-muşkil” kitabından nəql edir.)
34-    “Fəthul-bari”, c. 16, səh. 341. “Səvaiqul-muhriqə”, səh. 19.
35-    “Fəthul-bari”, c. 16, səh. 338.
36-    Nəvəvinin şərhi, c. 12, səh. 202. “Fəthul-bari”, c. 16, səh. 339.
37-    “Fəthul-bari”, c. 16, səh. 338.
38-    “Fəthul-bari”, c. 16, səh. 339.
39-    Tanınmış “rical” alimi Zəhəbi “Təzkirətul-huffaz” kitabı, 1505-ci səhifədə onun barəsində yazır: Misilsiz kamil hədis imamı, sufi şeyxi, İslamın fəxri Sədrəddin İbrahim ibn Həməviyyə Cüveyni Şafei hədislərin toplanmasına və hissələrinin yığılmasına diqqət edirdi. Qazan xan onun əli ilə İslamı qəbul etdi.
40-    A), b) və c) bəndindəki hədislər “Fəraidul-muslimin” kitabında, Tehran universitetinin mərkəzi kitabxanasında saxlanılan əlyazmada nömrə 1164 və 1690-1691, 160-cı vərəqdə qeyd edilmişdir.
41-    İmam Əlinin (ə) anası Fatimə binti Əsəd hamilə halda təvaf edirdi. Birdən sancısı tutur. Bu zaman Kəbə qapısı açılır, ora daxil olur və övladı Əlini (ə) orda dünyaya gətirir. Ətraflı məlumat üçün müraciət edin: “Müstədrək”, c. 3, səh. 483, “Təzkirətul-xəvassul-əimmə”, səh. 10 və “Mənaqib”, İbn Məğazili, səh. 7.
42-    Müraciət edin: İmamların tərcümeyi-halı: Əli və iki övladı Həsən və Hüseyn (ə), “Təbəri tarixi”ndə 40, 50 və 60-cı hicri illərin hadisələri. İbn Əsir, Zəhəbi, İbn Kəsir, “Tarixi-Bağdad”, “Tarixi-Dəməşq”, “İstiab”, “Usdul-ğabə”, “İsabə” və “Təbəqati İbn Səd” kitabları (yeni çap).
43-    Müraciət edin: İbn Əsir, İbn Kəsir və Zəhəbinin tarix kitabları, hicri tarixlə 94-cü il hadisələri, həmçinin İbn Sədin “Təbəqat”, “Hilyətul-əvliya”, “Vəfəyatul-əyan”, “Səfvətul-səfvə”, Ömər Əbdülkafi, “Yəqubi tarixi”, c. 2, səh. 303 və “Məsudi tarixi”, c. 3, səh 160-da İmam Əlinin (ə) tərcümeyi-halı.
44-    Müraciət edin: “Təzkirətul-huffaz”, Zəhəbi, “Vəfəyatul-əyan”, “Səfvətul-səfvə”, “Hilyətul-əvliya”, “Yəqubi tarixi”, c. 2, səh. 320. “Tarixul-İslam”, Zəhəbi, “İbn Kəsir tarixi”, hicri tarixlə 115, 117 və 118-ci illərin hadisələri, İmam Baqirin (ə) tərcümeyi-halı.
45-    Müraciət edin: “Hilyətul-əvliya” və “Vəfəyatul-əyan”da İmam Sadiqin (ə) tərcümeyi-halı. “Yəqubi tarixi”, c. 2, səh. 381 və “Məsudi tarixi”, c. 3, səh. 346.
46-    Müraciət edin: “Məqatilut-talibin”, “Tarixi-Bağdad”, “Vəfəyatul-əyan”, “Səfvətul-səfvə”, “İbn Kəsir tarixi”, c. 2, səh. 18 və “Yəqubi tarixi”, c. 2, səh. 414-də İmam Kazımın (ə) tərcümə-halı.
47-    Müraciət edin: “Təbəri tarixi”, “İbn Kəsir tarixi”, “Tarixul-İslam”, Zəhəbi, “Vəfəyatul-əyan”, hicri tarixlə 203-cü ilin hadisələri, “Yəqubi tarixi”, c. 2, səh. 453 və “Məsudi tarixi”, c. 3, səh. 441.
48-    Müraciət edin: “Tarixi-Bağdad”, c. 3, səh. 54, “Vəfəyatul-əyan”, “Şəzəratuz-zəhəb”, c. 2, səh. 48 və “Məsudi tarixi”, c. 2, səh. 48 və c. 3, səh. 464.
49-    Müraciət edin: “Tarixi-Bağdad”, c. 12, səh. 56. “Vəfəyatul-əyan”, “Yəqubi tarixi”, c. 2, səh. 484 və “Məsudi tarixi”, c. 4, səh. 84.
50-    Müraciət edin: “Vəfəyatul-əyan”, “Təzkirətul-xəvas”, “Mətalibus-su`ul fi mənaqibi Alir-Rəsul”, Şeyx Kamal Təlhə Şafei və “Yəqubi tarixi”, c. 2, səh. 503.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə