Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR

İBADƏT

KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR

   Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı Kərbəla torpağının üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. İmam Hüseynin (ə) öz oğlu, aşuranın şahidi İmam Zeynülabidindən (ə) başlayaraq, məsum imamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında İmam Hüseyn (ə) türbətini saxlayırdı. Namaz vaxtı torpağı səccadənin üstünə səpir, onun üzərinə səcdə edir və buyururdu: "Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)" ("Mənahil əl-əbrar fi təlxis Bihar əl-ənvar", cild 14, səh. 121).

   Həmçinin, rəvayətə görə, İmam Sadiq (ə) Allah qarşısında təvazökarlıq məqsədilə Hüseynin (ə) türbətindən savayı heç nəyin üzərinə səcdə etməzdi (həmin mənbə, cild 12, səh. 389).

   Hədis kitablarında rəvayət edilir ki, On ikinci İmamın (ə) kiçik qeybət dövründə yaşamış Abdullah ibn Cəfər Himyəri ona məktub yazıb, İmam Hüseyn (ə) türbətindən hazırlanmış möhürün üzərinə səcdə etməyin bir üstünlüyü olub-olmadığını soruşur. On ikinci İmam (ə) cavab məktubunda bildirir ki, belə səcdənin böyük fəziləti var (yux. mənbə, cild 12, səh. 388; həmçinin, Ayətullah M.H.Kaşif əl-ğita - "Yer üzü və Hüseyn (ə) torpağı", səh. 149).

  Hicri III əsrdə (kiçik qeybət dövründə) Kərbəla torpağından möhür düzəldilməsi faktının mövcudluğu, hələ o dövrdə bunun adət kimi yayıldığını düşünməyə əsas verir (İmadzadə İsfahani - "İmam Hüseynin (ə) həyatı", səh. 855).

   Mərhum Şeyx Abbas Qummi "Məfatih əl-cinan" kitabında yazır ki, bir nəfər üçün İmam Rza (ə) Xorasandan hədiyyə göndərmişdi. Hədiyyəni alan adam boxçanı açanda içində bir az torpaq olduğunu görür. Hədiyyəni gətirəndən bu torpağın nə olduğunu soruşur. Cavab verir ki, bu, İmam Hüseyn (ə) türbətidir. İmam Rza (ə) kimin üçün nə hədiyyə göndərirsə, arasına bir az bu torpaqdan tökür və buyurur: "Bu torpaq Allahın izni ilə bütün bəlalardan amandır".

   Kərbəla türbətindən hazırlanmış təsbehi çevirmək və onunla zikr etmək böyük savaba malikdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Hər kimdə İmam Hüseyn (ə) qəbrinin torpağından hazırlanmış təsbeh varsa, hətta onu çevirib zikr etməsə də, bunu etmiş qədər savab qazanar" (Şeyx Səduq - "Mən la yəhzuruh əl-fəqih", cild 1, səh. 268, hədis 829).

   İmam Musa Kazimdən (ə) rəvayət edirlər ki, bizim tərəfdarlarımız (şiələrimiz) dörd şeydən ehtiyacsız deyillər. Həmin dörd şeyin biri də Hüseynin (ə) qəbrinin torpağından hazırlanmış 33 dənəli təsbehdir ("Mənahil əl-əbrar", cild 14, səh. 120).

   Müstəhəbdir ki, vəfat etmiş şəxsin hənutuna azacıq türbət qatsınlar, qəbrin içinə bir az türbət qoysunlar. Əgər ayaqyolunun su yoluna türbət düşsə, mümkündürsə çıxarsınlar, mümkün olmasa, həmin suyolundan daha istifadə etməsinlər.

   Həmçinin, körpə uşaqlara təbərruk kimi azacıq Kərbəla türbəti yedizdirmək də faydalıdır. İmam Sadiq (ə) bu barədə belə buyurub: "Uşaqlarınıza Hüseyn (ə) türbəti dadızdırın; çünki o, hər bəladan amandır" ("Mənahil əl-əbrar", cild 14, səh. 119; "Mizan əl-hikmə", cild 2, səh. 941, hədis 6170).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə