Peyğəmbərin (s) Əlinin (ə) xəlifəliyini sübut etmək üçün tədbirləri

 

 


Həzrət Peyğəmbərin (ə) İmam Əlinin (ə) xilafət və canişinliyini təsbit və bəyan etmək istiqamətində apardığı siyasəti üç qismə bölmək olar:
1. İmam Əlinin (ə) uşaqlıq çağlarından tərbiyəvi hazırlığı və onun kamillik, fəzilət və elmdə imtiyazları;
2. Vilayət və imamət haqqında “nəss” dəlillərin – açıq-aşkar sübutların bəyanı;
3. Peyğəmbərin (ə) ömrünün axırlarında xüsusi tədbirlərin əməli surətdə icrası.

İndi isə sözügedən üç qismi izah edirik:
A) Tərbiyəvi hazırlıq
Allahın Rəsulunun (s) xəlifəsi İmam Əli (ə) olmalı idi deyə, Allah-taala belə iradə etdi ki, o, uşaqlıq çağlarından Peyğəmbərin (s) yanında və vəhy mərkəzində böyüyüb boya-başa çatsın.
1. Hakim Nişapuri yazır: Allah Əli ibn Əbutalibə (ə) belə bir nemət bəşx etdi: Qüreyş qəbiləsinə ciddi aclıq üz vermişdi. O vaxtlar Əbutalibin (ə) ailəsi böyük idi. Allahın Rəsulu (s) da vəziyyəti başa düşüb Bəni-Haşim tayfasının varlı adamlarından sayılan əmisi Abbasa belə dedi: Ey Əbafəzl! Qardaşının ailəsi böyükdür. Camaat aclıq keçirir, gəl, onun yanına gedək və ailəsinin sayından azaldaq. Mən onun övladlarının birini götürüm, sən də birini. Bu iki uşağı böyütməklə onun xərclərini azaltmış olarıq. Abbas bu təklifi qəbul etdi və Peyğəmbərlə (s) Əbutalibin yanına gedib təkliflərini irəli sürdülər.
Əbutalib (ə) “Siz Əqili mənim yanımda qoyun və digər uşaqlarımdan hansını istəsəniz öz evinizə apara bilərsiniz” – dedi.
Allahın Rəsulu (s) Əlini (ə) seçdi. Abbas isə Cəfəri özü ilə apardı. Əli (ə) Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilənə qədər onunla idi, ona itaət edir və onu təsdiq edirdi. (1)
2. O vaxtlar Həzrət Peyğəmbər (s) ibadət üçün Məscidul-Harama gedərdi, Əli (ə) ilə Xədicə də onun arxasınca gedər onunla birlikdə xalqın gözü qarşısında namaz qılardılar. O günlərdə bu üç nəfərdən savayı yer üzündə namaz qılan yox idi. (2)
İbad ibn Abdullah nəql edir: Eşitmişəm ki, Əli (ə) belə deyərdi: “Mən Allahın qulu, Allah Rəsulunun qardaşı və Siddiqi-əkbərəm. Bu iddianı məndən sonra yalançı və iftiraçı adamdan başqa bir kəs deməz. Mən yeddi il camaatdan öncə Allahın Rəsulu (s) ilə birgə namaz qılmışam.” (3)
İbn Səbbağ Maliki, İbn Təlhə Şafii və digərləri nəql edirlər: “Allahın Rəsulu (s) öz dininə insanları dəvət etməzdən qabaq gizli namaz qılmaq istəyəndə Məkkə dağlarına çəkilər və Əlini də özü ilə aparardı. Onlar birgə istədikləri qədər namaz qılar və geri qayıdardılar.” (4)


3. İmam Əli (ə) o günləri “Nəhcül-bəlağə”də belə xatırlayır: “Siz bilirsiniz ki, Allahın Rəsulunun yanında nə qədər hörmətim var idi və onunla qohumluğum nə dərəcədədir. Mən uşaq olanda məni yanında əyləşdirər, qucağında yer verər, öz yatağında yatızdırar, bədənim bədəninə dəyər, xoş ətrini mənə saçardı. Bəzən yeməyi çeynəyər və mənə yedizdirərdi. Məndən əsla yalan eşitmədi və xəta görmədi.
Süddən ayrılanda Allah öz ən böyük mələyini gecə-gündüz ona yoldaş etdi ki, kamillik yollarını qət etsin, dünyanın ən gözəl xasiyyət və davranışını əldə etsin.
Dəvə balası anasının dalınca necə düşürsə, mən də – səfərdə və evdə – onun arxasınca düşərdim. Hər gün öz əxlaqından birini mənə öyrədər və mənə onu davam etdirərdi. Hər il Həra dağında xəlvətə çəkilərdi, mən onu görərdim və məndən başqası onu görməzdi. O vaxtlar İslam dini Allahın Rəsulu (ə) ilə Xədicənin evindən başqa heç bir evə ayaq açmamışdı. Mən onların üçüncüsü idim. Vəhyin və peyğəmbərliyin nurunu görər və nübüvvət ətrini hiss edərdim.
Vəhy ona nazil olarkən mən şeytanın səsini eşitdim və “Ey Allahın rəsulu bu nə səsdir?” – deyə, soruşdum.
O buyurdu: Bu şeytandır, ona pərəstiş etməyəcəklər deyə, ümidsiz və narahatdır. Sən mənim eşitdiyimi eşidirsən, mənim gördüyümü görürsən. Sən yalnız peyğəmbər deyilsən, vəzirimsən və xeyirli yoldasan." (5)
4. Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət edərkən Əlini (ə) seçdi ki, öz yatağında yatsın, əmanətləri sahiblərinə qaytarsın və digər Bəni-Haşim qadınları ilə Mədinəyə hərəkət etsin. (6)
5. Gənclik yaşlarında Peyğəmbər (s) onu kürəkənliyə seçdi, aləmin ən yaxşı qadını Fatimeyi-Zəhranı (ə) ona verdi. Həzrət Rəsul (s) bundan qabaq Əbubəkr və Ömərin elçilik təklifini rədd etmişdi. (7)
Peyğəmbər (s) toydan sonra xanim Fatiməyə (ə) buyurdu: “Mən səni elə bir adama ərə vermişəm ki, İslamı qəbul etməkdə hamıdan öncül, elmi hamıdan çox, helm və təmkinli olmaqda hamıdan üstündür.” (8)
6. Döyüşlərin əksəriyyətində müsəlmanların, ya da mühacirlərin bayrağı Əli ibn Əbutalibin əlində idi. (9)
7. Vida həccində Peyğəmbərin (s) qurbanlığında şərik idi. (10)
8. Peyğəmbər (s) ömrü boyu ona heç kəsə vermədiyi bir icazəni, yəni gecə yarısı onun yanına gəlmək və müzakirə etmək icazəsini ona vermişdi. (11)
İmam Əli (ə) buyurardı: Mən Peyğəmbərlə (s) gündə iki dəfə görüşərdim, bir dəfə gecə və bir dəfə gündüz. (12)
9. “Əhlini (ailəni) namaza əmr elə!” ayəsi nazil olanda Peyğəmbər (s) hər gün sübh namazında Əlinin (ə) evinin yanına gələr və buyurardı: الصلاة رحمکم الله – “Əs-səlah, rəhiməkumullah!” (13)


(إنَّما یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیراً)

10. Xeybər müharibəsində Əbubəkr və Ömər heç bir iş görə bilmədikdə Peyğəmbər (s) buyurdu: Bayrağı elə bir kəsə verəcəyəm ki, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Allah-taala onu xar etməz və Allah onun əli ilə zəfər verməsə, geri qayıtmaz. Bu vaxt Əlini (ə) çağırdı, bayrağı ona tapşırdı və onun üçün dua etdi. Əlinin (ə) əli ilə qələbə çalındı. (14)
11. Peyğəmbər (ə) Əbubəkri “Bəraət” surəsi ilə hacıların əmiri – başçısı təyin etdi. Sonra Allah-taalanın əmri ilə Əlini (ə) onun arxasınca göndərdi ki, surəni onun əlindən alıb özü onu camaata (məkkəlilərə) çatdırsın.
Peyğəmbər (ə) Əbubəkrin etirazına cavab olaraq buyurdu: Mənə əmr olunub ki, bu surəni ya özüm, ya da məndən olan bir kəs oxumalıdır. (15)
12. Bəzi səhabələr məscidə evlərindən qapı açmışdılar. Peyğəmbər (s) əmr etdi ki, bütün qapılar bağlansın, Əlinin (ə) qapısından başqa. (16)
13. Ayişə nəql edir: “Allahın Rəsulu (s) vəfat edərkən buyurdu: “Həbibimi çağırın gəlsin”. Əbubəkri çağırdılar. Allahın Rəsulunun (s) gözü ona düşəndə başını aşağı dikdi. Yenidən səsləndi: “Həbibimə deyin gəlsin”. Öməri çağırdılar. Peyğəmbəri (s) gözü ona düşən kimi başını aşağı dikdi. Üçüncü dəfə dedi: “Həbibimi çağırın gəlsin”. Əlini (ə) çağırdılar. Əli (ə) gələn kimi onu öz yanında oturtdu. Onu üstündəki parça ilə tutdu. Bu halda Allahın Rəsulu (s) əli Əlinin (ə) əllərində ikən dünyadan köçdü.” (17)
Ümmü Sələmə nəql edir: “Allahın Rəsulu (s) vəfat edərkən Əli (ə) ilə pıçıldaşır və ona müəyyən sirlərdən xəbər verirdi. O, bu halda dünyadan getdi. Ona görə də Əli (ə) əhd-peyman baxımından Peyğəmbərə (s) ən yaxın adamdır. (18)
14. Tirmizi Abdullah ibn Ömərdən nəql edir ki, Həzrət Peyğəmbər (s) öz səhabələri arasında qardaşlıq əqdi bağladı. Əli (ə) ağladığı halda Allahın peyğəmbərinin (s) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, səhabələr arasında qardaşlıq əqdi bağladınız, amma mənimlə bir kəs arasında qardaşlıq əqdi oxumadınız?”
Allahın Rəsulu (s) buyurdu: “Sən mənim dünyada və axirətdə qardaşımsan”.
Peyğəmbərin (s) Əliyə (ə) xüsusi diqqəti Əlini (ə) xilafətə hazırlamaqdan başqa məqsəd daşımırdı. O, bu işlərlə yalnız Əlinin (ə) bu məqama layiq olduğunu nümayiş etdirirdi.

B) İmamət və vilayəti aşkar şəkildə bəyan etmək
Həzrət Peyğəmbərin (s) digər tədbirlərindən biri də, 23 illik peyğəmbərlik dövründə hər yerdə münasib fürsət düşən kimi İmam Əlinin (ə) vilayəti və canişinliyindən söz açar və insanlara bu əhəmiyyətli məsələni xatırladardı. Biz onların bəzisinə qısa olaraq işarə edirik:
Ayələr:
1. “Vilayət” ayəsi: “Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir.” (19)
2. “İnzar” ayəsi: “Əslində sən yalnız bir qorxudansan və hər bir dəstə üçün bir doğru yol göstərən vardır.” (20)
3. “Təbliğ” ayəsi: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, Onun tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq.” (21)
4. “İkmal” ayəsi: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”.  (22)
5. “Təthir” ayəsi: “...Həqiqətən, Allah siz əhli – beytindən hər cür pisliyi təmizləmək və sizi pak etmək istəyir.” (23)
6. “Ulul-əmr” ayəsi: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və öz əmr sahiblərinizə tabe olun.” (24)

Hədislər:
1. “Qədir” hədisi: “Hər kəsin mövlası mənəmsə, Əli onun mövlasıdır!” (25)
2. “On iki xəlifə” hədisi: “Məndən sonra on iki əmir olacaq, hamısı da Qüreyşdən.” (26)
3. “Vilayət” hədisi: “O, məndən sonra hər möminin vəlisidir.” (27)
4. “Vəsi” hədisi: “Hər peyğəmbərin vəsisi və varisi olub. Əli də mənim vəsim və varisimdir.” (28)
5. “Mənzilət” hədisi: “Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən mənim üçün Harun Musa üçün olan kimisən. Amma məndən sonra peyğəmbər yoxdur”. (29)
6. “Xilafət” hədisi: Peyğəmbər (s) Əliyə (ə) xitab edərək dedi: “O, mənim qardaşım, canişinim və xəlifəmdir. Ona qulaq asın və itaət edin!” (30)
7. “Səqəleyn” hədisi: “Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm, Allahın kitabı və itrətimi (əhli-beytimi), kim onlara itaət etsə, məndən sonra heç vaxt yolunu azmaz.” (31)
8. “Elmin şəhəri” hədisi: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Hər kim elm istəsə, qapısından girməlidir”. (32)
9. “Səfinə (gəmi)” hədisi: “Əhli-beytim Nuhun gəmisinə bənzəyir; minənlər xilas olar, minməyənlər əzaba salınarlar.” (33)
10. “Aman” hədisi: “Ulduzlar səma sakinlərinə, Əhli-beytim isə ümmətimə ixtilafdan aman verər (saxlayar).” (34).
11. “Haqq” hədisi: “Əli haqq ilə, haqq da Əli ilədir, haqq onun ətrafına dolanar, harada olsa!” (35)
12. “Quran” hədisi: “Əli Quranladır, Quran da Əli ilə.” (36)

C) Əməli tədbirlər
Həzrət Peyğəmbər (s) ömrünün sonlarında da İmam Əlinin (ə) xilafətini təsbit etmək üçün müəyyən işlər gördü ki, bəlkə bununla bir çoxlarının xilafətlə bağlı planlarının qarşısını alsın. Amma təəssüf ki, bu tədbirlərin nəticəsi olmadı. Müxalif qruplar o qədər güclü idi ki, Peyğəmbərin (s) bu tədbirlərini həyata keçirməsinə mane oldular. Burada bu məsələlərdən bir neçəsinə toxunuruq:
1. İmam Əlinin (ə) əlini Qədir-Xum günü qaldırması
Həzrət Peyğəmbər (s) son həccini yerinə yetirmək üçün səhabələrdən təşkil olmuş böyük bir karvanla Məkkəyə sarı hərəkət etdi. Bu həcc mərasimi sonradan “vida həcci” ilə məşhur oldu. Peyğəmbər (s) Ərəfat çölündə insanlar üçün xütbə oxudu. Xütbədə özündən sonrakı rəhbəri müəyyən etmək istəyirdi ki, ondan sonra ümmət azğınlığa, fitnə və çaxnaşmaya düşməsin. Amma Bəni-Haşimə müxalif olan qrup Əhli-beytə qarşı düşmənçilik bəsləyir və çalışırdılar ki, Peyğəmbər kütlə arasında onların planını puç edəcək bir söz deməsin.
Cabir ibn Səmurə Səvayi nəql edir: Peyğəmbərə (s) sözlərini eşitmək üçün ona yaxın bir yerdə idim. Həzrət (ə) xütbəsində özündən sonrakı xəlifə və əmirlərə toxunaraq buyurdu: “Məndən sonrakı xəlifə və imamlar on iki nəfərdir”.
Cabir davam edir: Peyğəmbər (s) sözünün burasına çatanda bəziləri səs-küy etdi və mən Peyğəmbərin (s) nə dediyini başa düşmədim. Atam məndən daha yaxında əyləşmişdi. Ondan sözün ardını soruşdum. Atam dedi: Peyğəmbər (s) davamında buyurdu ki, hamısı Qüreyşdəndir.”
Təəccüblü burasındadır ki, “Müsnədi-Əhməd”də Cabir ibn Səmurənin nəql etdiyi rəvayət və hədisləri diqqətlə araşdırdıqda görürük ki, Cabirdən misli görünməyən yeni sözlər yazılıb.
Cabir ibn Səmurədən nəql olunan bəzi hədislərdə yazılır: “Peyğəmbər (s) “Məndən sonrakı canişinlər on iki nəfərdir.”, – cümləsinə çatdıqda, bir qrup insan ucadan qışqırdı.
Bəzi rəvayətlərdə deyilir ki, “təkbir” dedilər.
Bir sıra rəvayətdə “səs-küy saldılar”, bəzisində isə “qalxıb oturdular” deyə, nəql olunur.”
Eyni ravidən nəql olunan bu rəvayətlərdən belə bir ortaq məxrəcə gəlmək olar ki, həmin məclisdə müxalif qruplar məclisi pozmaq üçün adamlar qoymuşdu ki, Peyğəmbərin xilafət və canişinlik məsələsində məqsədinə çatmasına qoymasınlar. Bu adamların da hər biri bir formada məclisi qarışdırırdı və beləliklə, onlar məqsədlərində çata bildilər.
Həzrət Peyğəmbər (s) söz ilə xilafət məsələsini bu böyük mərkəzdə bəyan və təsbit etməkdən ümidini kəsdi və xilafət məsələsini İmam Əli (ə) üçün əməli şəkildə icra etməklə təsbit etmək üçün başqa bir yer axtarmaq fikrinə düşdü. Bu üzdən həcc əməllərini sona çatdırandan sonra hacılar dağılmamış camaatı Qədir-Xum torpağında bir yerə yığdı və imamın vilayətini bəyan etməzdən əvvəl müqəddimə olaraq bəzi məsələlərdən söz açdı, xalqdan iqrar aldı.
Peyğəmbər (s) bilirdi ki, bu dəfə də münafiqlər həzrət Əlinin (ə) xilafət məsələsinə maneçilik törətmək üçün pusquda dayanıblar. Amma həzrət Peyğəmbər (s) onların planlarını darmadağın edəcək bir tədbir tökdü. Əmr etdi ki, sarbanlar dəvə yəhərlərini bir-birinin üstünə qoysunlar. Əli (ə) onların üstünə çıxdı. Hamı o iki nəfəri görürdü. Peyğəmbər xütbə oxudu və bir neçə məsələyə toxunaraq insanlardan etiraf və iqrar aldı, sonra Əlinin (ə) əlini qaldırdı və Allah-taala tərəfindən onun vilayət və imamətini insanlara çatdırdı.
Peyğəmbərin (s) bu planı münafiqlərin fikrinə gəlməmişdi. Hər şey baş verəndən sonra məsələni başa düşən münafiqlər artıq heç bir reaksiya göstərə bilmədilər.
2. Usamənin ordusunun hərəkəti
Peyğəmbər (s) xəstəlik yatağında ikən ümməti üçün çox nigaran idi. Onların ixtilafa və azğınlığa düşəcəklərindən narahatçılıq keçirirdi. Bundan narahat idi ki, bütün səyləri puça çıxa bilər. Narahat idi ki, peyğəmbərlik və şəriət yolu dəyişdirilsin. Peyğəmbər (s) iztirabda idi və Bizans (Rum) kimi güclü bir düşmən sərhəddə pusquda dayanmışdı ki, əlverişli vəziyyət yaranan kimi qəfil zərbə ilə müsəlmanları darmadağın etsin.
Peyğəmbərin (s) müxtəlif vəzifələri var idi. Bir tərəfdən xaricdəki düşmənlə baş-başa dayanmalı idi. Ona görə onlara sarı ordu göndərməyə təkid edirdi. Digər tərəfdən də haqq xəlifə müəyyən olmalı və mövqeyi möhkəmlənməli idi. Amma nə etmək olardı? Xaricdəki düşmənlə əlbəyaxa olması az imiş kimi daxildə də Peyğəmbərin (s) vəliəhdliyi ilə bağlı tədbirlərinə maneçilik törətmək istəyən düşmənlərlə üzbəüz dayanmışdı.
Peyğəmbər (ə) öz planlarını həyata keçirmək məqsədi ilə Usamənin ordusunda cihada hazır olanların hamısına Mədinədən çıxmaq və onun ordusuna qatılmaq əmri verdi. Amma bəzi adamların yersiz bəhanələrlə üzr istəyib Usamənin ordusundan çıxdıqlarını görürdü. Bəzən onlar Peyğəmbərə (s) etiraz edirlər ki, nə üçün cavan və təcrübəsiz olan Usaməni ordu başçısı təyin edib, halbuki orduda kifayət qədər təcrübəli şəxsiyyətlər var.
Peyğəmbər (s) onlara “Usamənin sərkərdəliyinə eyib tutursunuz? Qabaq onun atasının da əmirliyinə nöqsan tuturdunuz” – deməklə çalışırdı ki, kütləni Mədinədən çıxarsın və Usamənin ordusuna qatsın. Hətta iş o yerə çatmışdı ki, Peyğəmbər (s) Ömər, Əbubəkr, Əbu Ubeydə, Səd ibn Əbi Vəqqas və başqalarının Usamənin ordusuna qatılmaq əmrinə tabe olmadıqlarını görəndə onları lənətlədi və buyurdu: “Allah Usamənin ordusuna qatılmayanlara lənət etsin”. (37)
Buna baxmayaraq onlar Peyğəmbərin (s) əmrinə əhəmiyyət vermirdilər. Bəzən “biz Peyğəmbərin (s) vəfatı zamanı onun ayrılığına dözə bilmərik” – kimi bəhanələr gətirərək Peyğəmbərin (ə) əmrindən boyun qaçırırdılar.
Amma həqiqət başqa bir şey idi. Onlar başa düşürdülər ki, Peyğəmbər (s) Bəni-Haşim və həzrət Əlinin (ə) xilafətinin lehinə olan bəzi səhabələrini öz yanında saxlamaqla vəfat edərkən onlara vəsiyyət edəcək, vəfatından sonra bu insanlar Əliyə (ə) beyət edəcəklər və bu yolla da xilafət onların əlindən çıxacaq. Amma onların istəyi bu idi ki, necə və hansı yolla olursa olsun, bu işin qarşısını alsınlar və həyata keçməyə qoymasınlar.
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, görəsən, nə üçün Peyğəmbər (s) gənc və təcrübəsiz bir şəxs olan Usaməni ordu başçısı seçdi və onu vəzifəsindən azad etmək kimi təkliflərə əsla əhəmiyyət vermədi, əksinə, onun əmirliyinə təkid etdi? Nə baş verirdi?
Peyğəmbər (s) bilirdi ki, vəfatından sonra Əli ibn Əbutalibin (ə) xilafət və imamət məsələsinə müxtəlif bəhanələrlə, o cümlədən Əlinin (ə) çox gənc olduğunu deməklə nöqsan tutacaqlar. Peyğəmbər (s) bu hərəkətlə xalqa başa salmaq istəyirdi ki, xilafət və əmirlik ləyaqətlədi, yaşla deyil və məndən sonra Əlinin (ə) imamətinə “Əlinin (ə) yaşı azdır” – deyərək etiraz edib haqqını qəsb etməsinlər. Əgər kimsə onun əmirlik və xilafətinə layiqdirsə, hamı – cavan, qoca, kişi və qadın – ona itaət etməlidir. Amma təəssüf olsun ki, Peyğəmbərin (s) bu tədbiri gerçəkləşmədi. Lakin onlar ordunu qarışdıraraq müxtəlif bəhanələrlə oranı tərk etməklə Peyğəmbərin (s) planlarını alt-üst etdilər. (38)
Görəsən, Allah Qurani-kərimdə Həzrət Peyğəmbərin (s) göstərişlərinə itaət etməklə bağlı təkidlə əmr etmirmi?
Qurani-kərimdə buyurur:


وَ ما آتاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاکُمْ عَنْهُ فَانْتَهُوا

“Bizim Rəsulumuz sizə nə göstəriş verirsə, götürün (qəbul edin) və sizə nəyi qadağan edirsə, ondan əl çəkin.” (39)
Həmçinin buyurur:


فَلا وَ رَبِّکَ لا یُؤمِنُونَ حَتّی یُحَکِّمُوکَ فِیما شَجَرَ بَیْنَهُمْ ثُمَّ لا یَجِدُوا فِی أنْفُسِهِمْْ حَرَجاً مِمّا قَضَیْتَ وَ یُسَلِّمُوا تَسْلِیماً

“Amma belə deyildir. Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.” (40)
3. Vəsiyyət yazmaq istəmək
Peyğəmbər (s) müsəlmanları ordu ilə Mədinədən çıxartmaq planının baş tutmadığını görəndə 23 il boyu Əlinin (ə) imaməti ilə bağlı insanlara şifahi xatırlatdığı söhbətləri bu dəfə vəsiyyətnamə formasına qələmə aldırmaq qərarına gəldi.
Cümə axşamı idi. Peyğəmbərin (s) vəfatına hələ bir neçə gün qalırdı. Otağı adamla dolu idi. Müxtəlif adamlar ora toplaşmışdı.
Peyğəmbər (s) onlara üz tutaraq buyurdu: “Kağız gətirin, ona elə bir şey yazım ki, əməl etməklə məndən sonra əsla azmayasınız!”
Bəni-Haşim və Peyğəmbərin (s) həyat yoldaşları pərdə arxasından israr edirdilər ki, Peyğəmbərin (s) vəsiyyətini yazmaq üçün kağız və qələm gətirsinlər. Amma Ərəfat torpağında Peyğəmbərin (s) imamət barəsində çıxışına mane olanlar bu dəfə də Peyğəmbərin (s) otağına toplaşmışdılar və onun göstərişini yerinə yetirməyə mane oldular.
Ömər bir an başa düşdü ki, bu vəsiyyət yazılarsa, xilafəti qəsb etməklə bağlı bütün planları alt-üst olacaq. Digər tərəfdən də Peyğəmbərin (s) buyruğuna qarşı çıxmağı məsləhət görmürdü. Ona görə də vəziyyətdən çıxmağa yol axtarırdı. O, bu nəticəyə gəldi ki, Peyğəmbər (s) haqqında bir söz deyərək məktubun yazılmasını əhəmiyyətdən salsın. Bu əsasla üzünü camaata tutub dedi: “Kağız gətirmək lazım deyil, Peyğəmbər sayıqlayır, Allahın kitabı bizə bəsdir!”.
Ömərin tərəfdarları, Bəni-Üməyyə və Qüreyş bu sözü eşidib təkrar etdilər. Amma Bəni-Haşim bu sözdən narahatçılıq keçirərək etiraz etdi.
Peyğəmbər (s) onun şəxsiyyətini sual altına alan bu sözün qarşısında nə etməli idi? Onları evdən çıxarmaqdan başqa çarə görməyib dedi: “Mənim yanımdan çıxın, Peyğəmbərin (s) yanında mübahisə etmək yaxşı iş deyil!” (41)
Təəccüblü burasıdır ki, “xüləfa məktəbi” Ömərin Həzrət Peyğəmbər (s) haqqında belə bir nalayiq sözü deməsini ört-basdır etmək üçün sözün əslini, yəni “həcr” – “sayaqlayır” kəlməsini nəql edərkən onu bir cəmə – çoxluğa aid edir və deyirlər: “Dedilər: Allahın Rəsulu sayaqlayır”. Amma Ömər ibn Xəttabdan nəql edərkən deyirlər: “Ömər dedi: “Ağrı peyğəmbərə qalib gəlir!”.
Əbubəkr Cövhərinin “Səqifə” kitabındakı sözləri bu məsələyə aydınlıq gətirir: “Sayıqlamaq sözünü işlətməyə başlayan Ömər oldu, tərəfdarları da ona tabe olaraq bu sözü Peyğəmbər (s) haqqında işlətməyə başladılar”.
Cövhəri Ömərin bu sözü işlətdiyini belə nəql edir: Ömər elə bir söz dedi ki, mənası budur:
قال عمر کلمة معناها انّ النبیّ قد غلب علیه الوجع
“Xəstəlik və ağrı Peyğəmbərə üstün gəlir”.
Deməli, aydın olur ki, Ömər başqa bir söz işlətmişdi və bu sözün qəbahətinə görə onun “özünü” yox, “mənasını” nəql edirlər.
Təəssüf olsun ki, Buxari, Müslim və başqaları sözün özünü nəql etməmişlər, onun məna və məzmununu yazmışlar. Buna baxmayaraq, İbn Əsirin “ən-Nihayə” kitabında və İbn Əbil Hədidin öz əsərində apardığı qeydlərdən aydın olur ki, “sayaqlamaq” sözünü birbaşa Ömərin özü işlətmişdi.
Amma necə olursa-olsun, Həzrət Peyğəmbər (s) etiraz edənləri bayıra çıxarandan sonra xalis səhabələrin arasında lazım olduğu kimi sözünü dedi və Suleym ibn Qeysin yazdığına görə bəzi səhabələrin iştirakı ilə Əhli-beytin (ə) hamısına bir-bir vəsiyyət etdi, onları özündən sonra xəlifə kimi təqdim etdi. (42).
Əhli-sünnə də öz hədis kitablarında bu vəsiyyətə işarə etmiş, amma vəsiyyətdə nə deyildiyinə aydınlıq gətirməmişlər.
İbn Abbas hədisin sonunda belə deyir: “Axırda Peyğəmbər (s) üç məsələ haqqında vəsiyyət etdi: Birincisi, müşrikləri Ərəbistan yarımadasından çıxarın. İkincisi, karvanlara daxil olmaq üçün mən necə icazə vermişəmsə, siz də icazə verin.” Amma üçüncü vəsiyyət haqqında sükut etdi. Bəzi hədislərdə nəql olunur ki, “onu unutmuşam!” dedi.” (43)
İbn Abbasın hədisdə “bu hissəni unutmuşam!” deməsi, yaxud da onu nəql etməməsi gözlənilməzdir. Bu, İbn Abbasın Ömər ibn Xəttabdan ehtiyat etməsindən başqa bir şey deyil. Çünki, üçüncü vəsiyyətin İmam Əlinin (ə) və Peyğəmbərin (s) Əhli-beytinin imamət və xilafətinə aid olmasında heç bir şəkk yoxdur.
İbn Abbas Ömərdən qorxduğuna görə onu yaymaq istəmədi. Necə ki, Ömər ibn Xəttabın zamanında Ömərin “ovl və təsib” məsələsi ilə bağlı rəyinə etiraz edə bilmədi və Ömər dünyadan gedəndən sonra haqqı bəyan etdi. Ondan nə üçün hökmü gec açıqlaması ilə əlaqədar soruşduqda, dedi: “Ömərin rəyinə əks çıxmaqdan qorxurdum”.

Nə üçün Ömər yazılacaq vəsiyyətin qarşısını aldı?
“Nə üçün Ömər ibn Xəttab və tərəfdarları qoymadılar ki, Peyğəmbərin (s) istəyi həyata keçsin? Görəsən, Peyğəmbər (s) ümməti Qiyamət gününədək zəlalətdən qoruyub saxlamaqla bağlı vəd verməmişdi? Bundan artıq nə müjdə ola bilər? Görəsən nə üçün bu işə etiraz etdilər? Nə üçün ümməti bu səadətdən məhrum etdilər? və bu kimi suallar hamını maraqlandırır.
  Deyə bilərik ki, vəzifə və məqam sevgisi, kin və paxıllıq bəzən insanın ağlına qalib gəlir və ağıldan nəticəyə gəlmək gücünü alır. Bilirik ki, Ömərin nə niyyəti var idi. O, bilirdi ki, Peyğəmbər (s) nə üçün orda olanlardan kağız və mürəkkəb istədi. O, yaxşı bilirdi ki, Peyğəmbər (s) Əli ibn Əbutalibin və Əhli-beytin (ə) xilafəti haqqında dediyi şifahi sözlərini yazdırmaq niyyətindədir. Bu üzdən də bu vəsiyyətin yazılmasına mane oldu. Bu sadəcə bir iddia deyil, onun üçün konkret dəlillər gətirmək mümkündür, belə ki, biz onların bəzisinə işarə edəcəyik:
a) Peyğəmbərin (s) ömrünün sonlarında Ömər ibn Xəttabın qulağına dəfələrlə “Səqəleyn” hədisi çatmışdı. Bu hədisdə Peyğəmbər (s) buyurur: “Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm, onlara sarınsanız əsla yolunuzu azmazsınız. Bu “azmazsınız” sözünü Ömər ibn Xəttab dəfələrlə Kitab (Quran) və İtrət (Əhli-beyt) haqqında eşitmişdi. Otaqda kağız və mürəkkəb istəyərkən, həmin sözü yenə də Peyğəmbərin (s) dilindən eşitdi.
Peyğəmbər (s) buyururdu: “Məktub yazacağam ki, məndən sonra azmayasınız”. Ömərin diqqəti dərhal bu məsələyə cəlb oldu ki, Peyğəmbər (s) “kitab” və “itrət” haqqındakı vəsiyyətini sətirlərə köçürmək istəyir. Buna görə də ciddi şəkildə ona müxalif çıxdı.
b) İbn Abbas belə xatırlayır: Ömərin xilafətinin əvvəllərində onun yanına getdim.... Üzünü mənə tutub dedi:
–Soruşduğum məsələnin cavabını gizlətsən, dəvələrin qanı sənin üzərinə olsun. Əli xilafət məsələsində hələ də özünü haqq bilir? O, güman edir ki, Allahın Rəsulu (s) onun haqqında nəss (aydın dəlil) buyurub.
Mən:
–Bəli, bunu atamdan soruşdum, o da təsdiq etdi, – deyə, cavab verdim.
Ömər dedi:
Sənə deməliyəm ki, Peyğəmbər (s) ömrünün sonunda Əlinin adını xəlifə və imam olaraq açıqlamaq istəyirdi ki, mən mane oldum...” (44)

“Şiə şünaslıq və şübhələrə cavab”, Əliəsğər Rizvani, c. 2, səh. 616-630.

Qaynaqlar:


1. “Müstədrək”, Hakim, c. 3, səh. 182.
2. “Müsnədi-Əhməd”, c. 1, səh. 209. “Təbəri tarixi”, c. 2, səh. 311.
3. “Təbəri tarixi”, c. 2, səh. 56.
4. “əl-Fusul əl-muhimmə”, səh 14. “Mətalib əs-suul”, səh. 11. “Təbəri tarixi”, c. 2, səh. 58.
5. “Nəhcül-bəlağə”, xütbə 192.
6. “Müsnədi-Əhməd”, c. 1, səh. 348. “Təbəri tarixi”, c. 2, səh. 99. “Müstədrək”, Hakim, c. 3, səh. 4. “Nəhcül-bəlağə”, İbn Əbil Hədidin şərhi, c. 13, səh. 262.
7. “əl-Xəsais”, səh. 102.
8. “Müsnədi-Əhməd”, c. 5, səh. 26.
9. “əl-İsabə”, c. 2, səh. 30.
10. “Kamil”, İbn Əsir, c. 2, səh. 302.
11. “əl-Xəsais”, səh. 112.
12. “Əs-sunən əl-Kubra”, c. 5, səh. 1414, hədis 8520.
13. “Qurtubi” təfsiri, c. 11, səh. 174. “Fəxr Razi” təfsiri, c. 22, səh. 137. “Ruhul-məani” təfsiri, c. 16, səh. 284.
14. “əs-Sirə”, İbn Hişam, c. 3, səh. 216. “Təbəri tarixi”, c. 3, səh. 12. “Kamil”, İbn Əsir, c. 2, səh. 219.
15. “Müsnədi-Əhməd”, c. 1, səh 3. “Sunəni-Tirmizi”, c. 5, səh. 3719. “Sunəni-Tirmizi”, c. 5, hədis 8461.
16. “Müsnədi-Əhməd”, c. 1, səh 331. “Sunəni-Tirmizi”, c. 5, səh. 3732 “əl-Bidayə vən-nihayə”, c. 7, səh. 374.
17. “ər-Riyaz ən-nəzirə”, səh. 26. “Zəxair əl-uqba”, səh. 72.
18. “Müstədrək”, Hakim, c. 3, səh. 138. “Müsnədi-Əhməd”, c. 6, səh. 300.
19. “Maidə” surəsi, ayə 55.
20. “Rəd” surəsi, ayə 7.
21. “Maidə” surəsi, ayə 67.
22. “Maidə” surəsi, ayə 3.
23. “Əhzab” surəsi, ayə 33.
24. “Nisa” surəsi, ayə 59.
25. “Müsnədi-Əhməd”, c. 4, səh 401, hədis 18506.
26. “Səhihi-Buxari”, bab əl-İstixlaf.
27. “əl-Möcəm əl-Kəbir”, c. 12, səh. 78.
28. “Dəməşq tarixi”, c. 42, səh. 392.
29. “Səhihi-Tirmizi”, c. 5, səh. 641, hədis 3730.
30. “Kamil”, İbn Əsir, Besətin üçüncü ili.
31. “Səhihi-Tirmizi”, c. 5, səh. 621.
32. “Müstədrək”, Hakim, c. 3, səh. 136.
33. “ən-Nihayə”, İbn Əsir, “zəxx” sözü.
34. “Müstədrək”, Hakim, c. 3, səh. 149.
35. Yenə orada, c. 3, səh. 135. “Səhihi-Tirmizi”, c. 5, səh. 592.
36. Yenə orada, c. 3, səh. 34.
37. “əl-Miləl vən-nihəl”, Şəhristani, c. 1, səh. 23.
38. “Təbəqat”, İbn Səd, c. 4, səh. 66. “İbn Əsakir tarixi”, c. 2, səh. 391. “Kənzul-ummal”, c. 5, səh. 313. “Yəqubi tarixi”, c. 2, səh. 93. “Nəhcül-bəlağə”, İbn Əbil Hədidin şərhi, c. 2, səh. 21. “Məğazi”, Vaqidi, c. 3, səh. 111. İbn Xəldun tarixi, c. 2, səh. 484. “əs-Sirə”, Hələbiyyə, c. 3. səh. 207.
39. “Həşr” surəsi, ayə 7.
40. “Nisa” surəsi, ayə 65.
41. “Səhihi-Buxari”, kitab əl-Mərza, c. 7, səh. 9. “Səhihi-Muslim”, kitab əl-Vəsiyyə, c. 5, səh. 75. “Müsnədi-Əhməd”, c. 4, səh 356, hədis 2992.
42. Kitabi Suleym ibn Qeys, c. 2, səh. 658.
43. “Səhihi-Buxari”, kitab əl-Məğazi, bab 78. “Səhihi-Muslim”, kitab əl-Vəsiyyə, bab 5.
44. “Nəhcül-bəlağə”, İbn Əbil Hədidin şərhi, c. 12, səh. 21.

http://www.sibtayn.com/az