Çr.ax10262021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Səqifə damı altında “Səqifə” cərəyanı

Səqifə damı altında “Səqifə” cərəyanı


 

    Doğrusu, Allah Rəsulundan (s) sonra cəmiyyətin rəhbərliyi və Əbubəkrin xilafətə seçilməsi ilə əlaqədar baş verənlərin düzgün qavranılması, o zamankı Mədinədə mövcud qruplaşmaları nəzərə almadan mümkün deyil. Mühüm qruplardan biri “Ənsar” idi, hansı ki Məkkə fəthindən bu yana, Allah Rəsulu (s) vəfat edəndən sonra yaranacaq problemlər haqda düşünür və öz gələcəklərindən nigaran idilər. Habelə, Qüreyşin hökmranlığından qorxduqlarına görə, Qədir-Xumda İmam Əliyə (ə) beyətlərini nəzərə almadan – və bəlkə də, müvəffəq olacağına ehtimal vermədiklərindən – Səqifədə bir araya gəldilər. Ənsarın böyüklərindən biri Hubab ibn Munzir Səqifədəki çıxışında, ənsarı Qüreyşdən üstün bilərək dedi:
İslamın zəfəri qılıncınız sayəsindədir. Sonra o, ənsara xitabən dedi: Bunlar (mühacirlər) sizin malınızla (dirçəlib) və kölgəniz altındadılar, sizə qarşı çıxmaq cürətinə sahib deyillər (1).
  Hubabın sözlərindən başa düşülür ki, ənsarı hesablanmamış addım atmağa vadar edən, Qüreyşlə rəqabət aparmaqla yanaşı qorxu hissi idi. Digər tərəfdən, mühacirlərdən bir neçəsi – hansı ki, Allah Rəsulunun (s) həyatda olduğu son iki həftədə şübhəli işlər görmüşdülər – Səqifə toplantısından xəbər tutan kimi sürətlə ora tələsdilər və ənsarla müzakirəyə başladılar. Bu müzakirələrin xəbərini sonralar ikinci xəlifə Mədinədə bir xütbə əsnasında dilə gətirdi. O, xilafət etdiyi illərin birində Məkkədə bir nəfərin belə dediyini eşitdi: “Əbubəkrlə beyət gözlənilməz oldu, əgər filankəs – yəni Ömər – ölsə, Əlini xilafətə gətirəcəyik”.
   Ömər bu sözdən qəzəbləndi və elə həmin Məkkədə camaatla bu xüsusda danışmaq qərarına gəldi. Amma Əbdürrəhman ibn Ovf Ömərə mane olub dedi:
İndi olduğun şəhərdə ərəb qəbilələri var. Əgər bir söz desən, həmin söz bütün şəhərlərə yayılacaq.
Ömər Mədinəyə döndükdən sonra, minbərə çıxıb belə dedi:
Mənə xəbər çatıb ki, bəziləri Əbubəkrin xilafətinin gözlənilməz (yəni “fəltətən”-فَلْتَهً) olduğunu deyir. Canıma and olsun ki, elə bu cür olub. Amma Allah onun xeyrini sizə çatdırdı, şərindən isə qorudu. Allah Rəsulunun (s) vəfatından sonra bizə xəbər çatdı ki, ənsar Səd ibn Ubadə ilə birgə Bəni-Saidənin yanına toplaşıb. Mən, Əbubəkr və Əbu Ubeydə ora getdik. Yolda ənsardan olan iki nəfərlə qarşılaşdıq. Onlar bizə dedilər: Onlar elə bir iş görməyəcəklər ki, sizin nəzərinizlə müxalif olsun. Buna baxmayaraq, getmək qərarına gəldik.
Orada ənsarın xətibi deyirdi: Biz ənsar İslamın nizam-intizamlı ordusuyuq. Siz ey Qüreyş, bizim sıralardasınız, lakin bizlə müqayisədə azlıq təşkil edirsiniz.
Mən dillənmək istədim, amma Əbubəkr mane olub özü dedi:
Siz ənsarın özü barədə dedikləri doğrudur, amma ərəb bu “işi” (əmir olmağı) Qüreyş qəbiləsindən başqasına aid bilmir. Onlar əsil-nəcabət baxımından ərəbin ən üstünləridir. Mən təklif edirəm ki, (məclisin yeganə mühacirləri olan) Ömərə, yaxud Əbu Ubeydəyə beyət edin.
Ənsarın xətibi növbəti dəfə etiraz etdi və sonda dedi: Əmirin biri bizdən, biri də sizdən olsun! (2).
Ömər deyir: Mən cavabında dedim ki, iki qılınc bir qına sığmaz. Sonra Əbubəkrin əlini tutub ona beyət etdim.
Ömər ardınca dedi: Sonra da mühacir və ənsar ona beyət etdilər (əlbəttə, həmin toplumda üç nəfərdən artıq mühacir yox idi). Biz qorxurduq ki, oradan ayrılandan sonra onlar başqasına beyət edərlər və biz də məcbur qalıb həmin şəxsə beyət etməli olar, yaxud qarşı çıxaraq fəsada yol açarıq. Əlbəttə ki, Əbubəkrin beyəti gözlənilməz oldu, amma Allah onun şərini uzaqlaşdırdı və sizin aranızda Əbubəkrə tay yoxdur.

 

“فمن دعا الي مثلها فهو الذي لا بيعه له و لا لمن بايعه”


Bu üzdən hər kəs “müsəlmanların məşvərəti” olmadan kiməsə beyət edərsə, nə beyət edən, nə də beyət olunan itaətə layiq deyil. Belə bir iş, hər ikisini ölümə sürükləyər (3).
İkinci xəlifə bu çıxışında Səqifə hadisəsindən yalnız bir epizodu dilə gətirməsinə rəğmən, bəzi reallığı üzə çıxarır. Səqifənin geniş şərhini Əbubəkr Cövhəri müxtəlif xəbər yolları ilə “əs-Səqifə” (4) kitabında qeyd etmişdir.

Digər tarixçilər də müxtəlif yanaşmalarla onlara toxunublar.
İbn Əsəm yazır: Mühacirlər Səqifəyə gəlməzdən öncə, ənsar arasında uzun müzakirə oldu. Ənsardan biri dedi: Elə şəxsi seçin ki, Qüreyş onun heybətini, zəhmini mülahizə etsin, ənsar isə ondan amanda qalsın. Bəziləri Səd ibn Ubadəni təklif etdilər. Ovsun böyüklərindən olan Useyd ibn Huzeyr buna qarşı çıxıb dedi: Xilafət Qüreyşdə qalmalıdı. Başqaları onun əleyhinə danışdılar. Səd ibn Ubadənin rəqibi olan xəzrəcli Bəşir ibn Səd də Qüreyşi müdafiə etdi.
Uveym ibn Saidə isə belə dedi: Xilafət nübüvvət ailəsindən başqası üçün olmayacaq, onu Allahın qərarlaşdırdığı yerdə saxlayın! (5).
  İbn Əsəmin nəqli ənsarın daxilindəki ziddiyyət və rəqabətdən xəbər verir. Hadisə həm də Səqifədə İmam Əlini (ə) düşünən kəslərin olmasına işarə edir.
Ovs qəbiləsindən Useyd ibn Huzeyr və Bəşir ibn Sədə – Səd ibn Ubadənin əmisi oğlu – Səqifədə Əbubəkrə ilk beyət edən ənsarlılar idi. Bildiyiniz kimi sonralar ənsar Qüreyşin hökmranlığından narazı oldu.
Zübeyr ibn Bəkkarın nəqlinə əsasən, Ovsdan olanlar deyirdilər: İlk olaraq xəzrəcli Bəşir ibn Səd beyət etdi. Xəzrəclilər isə deyirdilər: Birinci Useyd ibn Huzeyr beyət edib! (6).
Bu rəqabət Əbubəkrə bəlli idi, ona görə də Səqifədə dedi: Əgər xəzrəclilər bu “işə” – əmirliyə yiyələnsələr, ovslular ondan keçməyəcəklər. Əks halda da, xəzrəclilər buna yol verməyəcək; bu halda onların arasında həmişə qarşıdurma olacaq (7).
Yəqubinin nəqlinə əsasən, Əbdürrəhman ibn Ovf da Səqifədə idi. Lakin bu doğru deyil. Yəqubinin nəql etdiyi xəbər o günün səhərisi Əbdürrəhmanın məsciddə dilə gətirdiyi mətləbdir: O, ənsara xitabən dedi:
Sizlər dəyərli şəxslər olsanız da, aranızda Əbubəkr, Ömər və Əlinin (ə) misli yoxdur. Bu əsnada Munzir ibn Ərqəm ayağa qalxdı və dedi: “Biz adını çəkdiklərinin üstünlüyünü inkar etmirik. Onlar arasında eləsi vardır ki, əgər bu “işi” – xəlifəliyi istəsə, ona qarşı çıxılmaz”. Məqsədi isə Əli ibn Əbu Talib (ə) idi.
Beləcə, Bəşir ibn Səd və Useyd ibn Huzeyr qalxıb Əbubəkrlə beyət etdilər. Bundan sonra digərləri beyət etdilər, belə ki, Səd ibn Ubadə az qala ayaqlar altda qalıb əziləcəkdi (8).
Bu arada Bəra ibn Azib Bəni-Haşimin yanına gəlib dedi: Əbubəkrə beyət edildi.
Onlar (Bəni-Haşim) dedi: Müsəlmanlar bizim yoxluğumuzda belə etməzlər, bizlər həzrət Məhəmmədə (s) daha yaxın kəslərik!
Abbas ibn Əbdülmüttəlib dedi: Kəbənin Allahına and olsun ki, belə də etdilər.
Yəqubi əlavə edir: Mühacir və ənsarın Əli (ə) barəsində heç bir şübhəsi yox idi (9).
Təbəri və İbn Əsir də nəql edirlər ki, ənsar, yaxud onların bir hissəsi Səqifədə dedilər: Biz yalnız Əliyə (ə) beyət edəcəyik (10).
İbn Quteybənin nəqlinə əsasən, Hubab ibn Munzir ənsarın beyət etdiyini gördükdə qılınca əl atdı, amma qılıncını əlindən aldılar. O, ənsara üz tutub dedi: Övladlarınızın bir tikə çörək, bir qurtum sudan ötrü Qüreyş qapısında dilənçilik edəcəyi günü gözləyin! (11).
Bütün ravilərin xatırlatdıqları məqamlardan məlum olur ki, Əbubəkr və Ömərin ən mühüm dəlili Allah Rəsulu (s) ilə qohumluq əlaqəsi və Əbubəkrin yaş məsələsi idi. Baxmayaraq ki, bəzi nəqllərdə onun fəzilətinə də işarə edilib. Onlar ənsara üz tutub dedilər: Ərəb Qüreyş qəbiləsindən başqasına qol qoymayacaq (12). Həm də təkid etdilər ki, ərəb nübüvvətin bir, xilafətin də digər xanədanda olmasını qəbul etməz (13).

Əbubəkr Səqifədə dedi:


 “نَحْنُ قريش و الائمّه منّا”


“Biz Qüreyşdənik, rəhbər də bizdən olmalıdır (14).
Sonralar İmam Əli (ə) Əbubəkr və Ömərə etiraz edirdi ki, biz Peyğəmbərə (s) daha yaxın olduğumuz halda, siz necə “yaxınlıq” (qohumluq) məsələsinə istinad edirsiniz?
Ömər dedi: Ərəb nübüvvət və xilafətin bir xanədanda olmasını istəmir! (15) Nübüvvət sizin idi, icazə verin xilafət də başqasına qalsın!
Heç şübhəsiz, Səqifədə İmam Əli (ə) ilə beyət etməyi kənara qoyduqdan sonra qəbilə rəqabəti başlandı. Qüreyşin o vaxtkı Mədinədə nüfuz məhdudluğuna rəğmən, “qəbilə üstünlüyü”nə istinadı və eləcə də ənsarın daxili çəkişmələrindən istifadəsi nəticəsində xilafət Qüreyşə qaldı. Əbubəkrin yaşının meyar götürülməsi müvafiqlərin fikri idi, halbuki İmam Əli (ə) gənc idi.
Beyət xəbəri Salmana çatdıqda belə dedi: Ən yaşlını seçdiniz, amma Peyğəmbərinizin (s) Əhli-beyti (ə) haqında yanlışlıq etdiniz, halbuki onlara beyət etsəydiniz, iki nəfər belə sizə qarşı çıxmazdı. (16)
Bilməliyik ki, Səqifədə xəlifə seçmə üsulu və lazımi şərtləri haqqında layiqincə fikir irəli sürülməmişdi. Əlbəttə, sonralar Əbubəkrin haqlı olmasının isbatı üçün yazılan saxta hədislərdən başqa. (17)

– Hansı ki, orada Peyğəmbərin (s) təkcə Əbubəkri deyil, hətta növbəti xəlifəni də müəyyən etdiyi yazılır. (18)
Mühüm olan Səqifə müzakirələrinin mətni və bu ətrafda dönən hadisələrdir: Ənsar, hakimiyyəti öz haqqı bilirdi. Mühacirlər – Əbubəkr, Ömər və Əbu Ubəydə Səqifəyə gedib, hökumətin Qüreyşin haqqı olduğunu bildirdilər. Onlar “الائمّهُ من قريش “ – “əl-Əimmətu minəl Qurəyş” kimi heç bir hədisə istinad etmədi, əksinə bildirdilər ki, ərəb bu qəbilədən (xanədan) başqasına tabe olmaz. Bu sırada, Zübeyr və Təlhə (19) kimi böyük səhabələr həmin vaxt Əbubəkri haqq bilmirdilər.


Deməli, Əbubəkrin Səqifədə seçilməsi ilə bağlı qəbilə – Qüreyşin üstünlüyü və Allah Rəsulu (s) ilə ailə bağlılığı – meyarına istinaddan başqa heç bir tanınmış seçgi üsulu və şərtləri təqdim olunmamışdır. Xüsusilə, Qüreyşli olmaq xilafətin şəri şərtlərindən sayılmayıb. Hətta, illər sonra Ömər, Hüzeyfə ibn Yəmanın qulamı olan – Qüreyşlə heç bir bağlılığı olmayan – Salimin sağlığını arzu edirdi ki, onu öz canişini seçsin (20).
   Bəzilərinin inancına görə “Qüreyşdən olmaq” şərti III əsrdən etibarən sünni siyasi fiqhində ortaya atılmışdır. (21)

  Bir xəlifənin meyarları kimi irəli sürülən iddia “qüreyşli olmaq” və Əbubəkrin yaşına işarədir. Əslində, bu, Dr. Xeyrəddin Səvanın iddia etdiyi İslam və cahiliyyət meyarlarının tərkibi deyil, təkcə cahiliyyət meyarları idi, hansı ki siyasi müzakirələrlə onu xilafətə çatdırdı (22).
   Digər şahidlər də göstərir ki, Əbubəkrin təfəkküründə qüreyşli olmaq və Qüreyşin üstünlüyü xüsusi əhəmiyyət kəsb edirdi.
İbn Əsakir yazır: Əbu Süfyanın iman gətirməsindən az sonra Bilal, Suheyb Rumi və Salman ona tənə vurur, məzəmmət edirdilər. Əbubəkr əsəbləşib deyirdi: “Qüreyşin şeyxi və ağası” ilə belə davranırsınız? Onlar xəbəri Peyğəmbərə (s) çatdırdılar və həzrət də Əbubəkrə əmr etdi ki, qəzəbləndiyi şəxslərdən üzr diləsin (23).
Səqifədə beyət bitdikdən sonra məclis iştirakçıları oranı tərk etdi. Bəra ibn Azibin hədisinə əsasən, onlar küçə ilə gedir, qarşılarına çıxan hər kəsin əlindən tutub onun nəzərini öyrənmədən Əbubəkrin əlinə sürtürdülər. Bəra əlavə edir: Elə həmin vaxt idi ki, Bəni-Haşimin qapısına gedib yeni xəbəri onlara bildirdim (24).
Bu dəstənin Əbubəkr üçün beyət alması məsələsinə diqqəti o həddə idi ki, hətta – İbn Əbi Şeybənin nəqlinə əsasən, – Allah Rəsulunun (s) dəfnində iştirak etmədilər və yalnız dəfndən sonra şəhərə döndülər (25).
Beyət bitəndən sonra Ömər ayağa qalxdı və bir gün öncə Allah Rəsulunun (s) son səhabəsi ölənədək diri qalması barədə dediklərinə görə – əslində o, bu sözü ilə Peyğəmbər (s) barəsində məhdəviyyət iddiası etmişdi – üzrxahlıq etdi.
Sonra əlavə etdi: Elə güman edirdim ki, Peyğəmbər (s) sağ qalacaq və işləri qaydasına salacaq. İndisə o, aralarında Quranın qaldığına və Həzrətin ən yaxşı səhabəsinə beyət edildiyinə şahiddir (26).
Bu əhvalat onu göstərir ki, Ömər nəzərində tutduğu xəlifənin seçilməsini gözləyirmiş və o da baş verdiyindən ayrı dərdi qalmamışdı.
Bu arada bəziləri etiraz etdilər. Bəni-Haşimin iki dahi şəxsiyyəti, yəni İmam Əli (ə) və Abbasdan əlavə Zübeyr ibn Əvam, Xalid ibn Səid, Miqdad ibn Əmr, Salman, Əbuzər, Əmmar, Bəra ibn Azib və Ubəyy ibn Kəb (27) kimi digər şəxslər də öz etirazlarını dilə gətirdilər.

   Əbubəkrin tərəfdarları Ubəyy ibn Kəbin evinə getsələr də, o qapını açmadı (28). Bu macərada əsas rol Ömər, Əbu Ubeydə Cərrah, Muğeyrə ibn Şubə və Xalid ibn Vəlidin öhdəsinə idi. Ömər beyət almaq üçün tam şiddət və ciddiyyətlə Əlinin (ə) qapısına gəldi.
İmam Əli (ə) ona buyurdu: Əbubəkrin əmirliyinə – xəlifəliyinə bugünkü hərisliyin yalnız buna görədir ki, sabah əlinin altında olsun (29).
İmam Əlinin (ə) evində toplaşanlar Ömər və havadarlarının sərt rəftarı ilə üzləşdilər. Ömər, Zübeyrin qılıncı alıb sındırdı. Sonra ev sakinlərini evi yandırmaqla hədələdilər. Fatimənin (ə) evinə sığınanların, eləcə zorla evə soxulanların adlarını öyrənmək üçün aşağıdakı mənbələrə müraciət edin (30). İbn Əbdu Rəbbihin yazdığına əsasən, əlində məşəl tutan Ömər evi yandıracağı ilə hədələdi. Fatimə Zəhra (ə) soruşanda ki, doğrudanmı belə bir niyyətin var, o dedi: Bəli, nə qədər ki, bu cəmiyyət, ümmətin qəbul etdiyi işi (beyəti) qəbul etməyiblər! (31).
Ömərin evi yandırmaq təhdidi etirazçılara görə olduğu üçün, həzrət Fatimə (ə) onlardan dağılmalarını istədi. Çünki, Ömər belə bir işə əl atacaqdı (32).

   Əslində, atəş vurmaq təhdidi ilə beyət almaq məsələsi ola bilər elə buradan qaynaqlanmış olsun. Hansı ki sonralar bəzi xəlifələrin praktiki işinə çevrildi (Abdullah ibn Zübeyrin Bəni-Haşimdən beyət almağı kimi) (33).

   Əlbəttə, Qüreyş zordan əlavə, müzakirədən də istifadə edirdi. Onlar Muğeyrənin məsləhəti ilə Abbasın yanına getdilər ki, onu və ailəsini bu işdə şərik etsinlər. Allah Rəsulunun (s) əmisi ünvanında onun razılığını cəlb etməklə, Bəni-Haşimlə aralarındakı sıxıntını bir az azaltsınlar. Amma Abbas onların dəvətini qəbul etmədi (34).
Əmirəl-möminin Əli (ə) və Fatimeyi-Zəhra (ə) xilafətin Əbubəkrdən alınması, İmam Əliyə (ə) beyət edilməsi üçün çox səy göstərsələr də, bunun nəticəsi olmadı. Bu təlaşları Əbubəkr Cövhəri və digərləri öz kitablarında qeyd ediblər (35).
   Heç bir şübhə yoxdur ki, Fatimə Zəhranın (ə) Əbubəkr və Ömərə qəzəblənməsi Peyğəmbərin (s) mirası hadisəsi, Fədək məsələsi (36) və imamət mövzusunda hüquqların tapdalanmasına görə idi və onlardan narazı halda dünyasını dəyişdi (37).
Zuhri yazır: İmam Əli (ə) həzrət Fatiməni (ə) gecə ilə dəfn etdi və Əbubəkri xəbərdar etmədi. O əlavə edir: Fatimənin (ə) vəfatından öncə təkcə Əli deyil, Bəni-Haşimdən heç kimsə Əbubəkrə beyət etmədi (38). İmam Əli də beyətinin dəlili kimi kafir və mürtədlər qarşısında İslam ümməti birliyinin qorunmasını göstərdi (39). Belə ki, İmam Əli (ə) Əbu Süfyanın “xilafətin Bəni-Təymdə qalmasına icazə verməsin” istəyi müqabilində buyurdu: “Sən həmişə İslam və müsəlmanların düşməni olmusan.” (40) Hər halda, İmam Əlinin (ə) həzrət Fatimə (ə) dünyasını dəyişənədək Əbubəkrə beyət etməməsi məsələsi şübhəsizdir (41).
Mədaininin nəqlinə əsasən, mürtədlərlə döyüş başladığı zaman Osman İmam Əlinin (ə) yanına gəlib dedi: Sən beyət etmədiyin müddətcə, kimsə döyüşə getməyəcək. O, çoxlu isrardan sonra İmamı (ə) Əbubəkrin yanına gətirib beyət etdirdi, müsəlmanlar da buna sevindilər (42).
Məsudi yazır: Fatimə (ə) Allah Rəsulunun (s) vəfatından sonra həzrətin qəbri kənarına gəlib, bu şeiri oxudu:


 “قد كان بعدك أنباء و هَينْمه لو كنْتَ شاهدَتها لم تكثُرِ الخُطَب” (43).


  Sözsüz ki, həzrət Fatimə Zəhranın (ə) etirazı xəlifənin ümumi heysiyyəti üçün xətərli idi. Əbubəkrin barışıq əldə etmək üçün göstərdiyi çoxlu səylərinə rəğmən, həzrət Fatimə (ə) ondan razı qalmadı. Bu da, Əbubəkrin ömrünün sonunadək həzrət Fatiməni narazı saldığı və evinə hücum etdiyi üçün peşmançılıq hissi keçirməsinə səbəb oldu. O, ömrünün son günlərində dediyi: Ey kaş Zəhranın evində axtarış aparmayaydım” xəbəri əhli-sünnənin bir çox tarixçiləri tərəfindən nəql edilib (44).
Əbubəkrə etiraz edənlərdən biri də Səd ibn Ubadə idi (45).

  O, Əbubəkrə beyət etməyib Şama yollandı. Belə nəql olunur ki, sonralar ikinci xəlifənin dövründə Şamda qətlə yetirildi. Tarixi qaynaqlarda məşhur olan onu cinlərin öldürməsi xəbəridir. Bu haqda iki beyt şeir də oxuyublar. Amma həqiqət Bəlazuri və İbn Əbdu Rəbbihin nəql etdiyi xəbərdir: Ömər bir şəxsi Şama göndərdi ki, ondan beyət alsın, əks təqdirdə öldürsün. O da deyilən kimi etdi (46).


  Əbubəkrlə Ömərin siyasəti arasında fərq budur ki, Ömər zor gücünə beyəti nəzəri və pratiki olaraq məqbul sayırdısa, Əbubəkr bu prinsipi nəzəri qəbul edir, praktiki icrasını isə məsləhət bilmirdi. Beyət xüsusunda ikili siyasəti Əbubəkr və Ömərin mövqeyi ilə əlaqələndirirlər. Həqiqətdə isə Ömərin inancına görə hamı zor gücünə beyət etdirilməlidir. Bir yerdə belə nəql edilir ki, Əbubəkr bir çıxışında dedi: “Mən Əlinin öhdəsinə heç bir beyət və tələb qoymamışam. O, öz işində azaddır!”.


 “لابيعه لي في عُنُقه و هو بالخيار من أمره” (47).

Bəni-Saidənin Səqifə şurası


Peyğəmbər (s) vəfat etdiyi zaman Mədinədə əsas iki qruplaşma; mühacir və ənsar var idi. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra, ənsar – hansı ki, Məkkə fəthindən bu yana, Allah Rəsulunun (s) vəfatından sonrakı problemlərin fikrinə düşmüşdü, eləcə də Qüreyş və mühacirin hökmranlığından qorxduqları üçün nigaran idilər. – Qədir-Xumda Əli (ə) ilə beyəti nəzərə almadan, Bəni-Saidənin Səqifə adlı məkanında bir araya gəldi.
Ənsar başbilənlərindən Hubab ibn Munzir Səqifədəki çıxışında ənsarı Qüreyşdən üstün bilərək dedi: Bu sizin qılıncınız idi ki, İslamı qalib etdi. Mühacirlər sizin himayənizdədir və sizə qarşı çıxmaq cürətinə sahib deyillər. Digər tərəfdən Peyğəmbərin (s) həyatının son günlərində mühacirlərdən bir neçəsi şübhəli işlərə əl atdığına görə, Səqifədə toplantı xəbərini eşitdikdə sürətlə ora gedib ənsarla müzakirəyə başladılar. Onlar üç nəfər idi: Əbubəkr, Ömər ibn Xəttab və Əbu Ubeydə Cərrah.
Adı çəkilənlərin gəlişindən öncə ənsar arasında çoxlu fikir mübadiləsi oldu. Ənsardan biri dedi: Elə şəxsi seçin ki, Qüreyş onun zəhmini, heybətini mülahizə etsin, ənsar isə ondan amanda qalsın.
Bəziləri isə Xəzrəc tayfasının rəisi Səd ibn Ubadəni təklif etdilər. Ovsun böyüklərindən olan Useyd ibn Huzeyr buna qarşı çıxdı və dedi: Xilafət Qüreyşdə qalmalıdı. Başqaları onun əleyhinə danışdılar. Bəşir Xəzrəci – Səd ibn Ubadənin rəqibi – də Qüreyşi müdafiə etdi.
Uveym ibn Saidə dedi: Xilafət nübüvvət ailəsindən başqası üçün olmayacaq, onu Allahın qərar verdiyi yerdə saxlayın.
Bu mübahisə ənsarın daxilindəki ziddiyyət və rəqabətdən xəbər verir. Nəzərə almaq lazımdır ki, ənsarın çoxu Ovs və Xəzrəc tayfasından idi – hansı ki, İslamdan öncə bir-birilərinə qarşı kəskin düşmən idilər və köhnə ədavətlər artıq baş qaldırırdı.
Mühacirdən olan Ömər, Əbubəkr və Əbu Ubeydə sürətlə ora çatdılar. Əbubəkr ənsarın sözlərini dinlədikdən sonra belə dedi: Siz ənsarın öz haqqında dedikləri doğrudur və siz İslamın intizamlı ordususunuz, amma ərəb xilafəti Qüreyş qəbiləsindən başqasına aid bilmir. Onlar əsil-nəcabət baxımından ərəbin ən üstünləridir.
Əbubəkr onların daxili ixtilaflarından agah idi və davamında dedi ki, əgər xəzrəclilər xilafəti qazansalar, ovslular buna imkan verməyəcək. Yox, əgər ovslular qüdrəti ələ alsalar, xəzrəclilər bundan keçməyəcək. Belə halda daima aralarında qarşıdurma olacaq. Mən təklif edirəm ki, bu toplumda yeganə mühacirlər olan Ömərə, yaxud Əbu Ubəydəyə beyət edilsin. Ənsar etiraz etdi və sonda biri dilləndi: Bir əmir bizdən olsun, digəri də sizdən!
Ömər cavab verdi: İki qılınc bir qına sığmaz. Sonra Əbubəkrin əlindən tutub ona beyət etdi. Ovsdan Useyd ibn Huzeyr və Bəşir ibn Səd Səqifədə Əbubəkrə beyət edən ilk ənsarlar idi. Onlardan sonra ənsarın çoxu beyətə qoşuldu, hərçənd Səd ibn Ubadə kimi bir neçəsi qəzəbli və narahat halda o məclisi tərk etdi.
Beyət bitdikdən sonra, məkanı tərk etdilər və küçələrdə gedərkən qarşılaşdıqları hər kəsə “Əbubəkr xəlifə oldu, ona beyət elə! – deyirdilər. Şəxsin istəyini nəzərə almadan əlini tutub Əbubəkrin əlinə sürtürdülər.
Qeyd:
Diqqət etmək lazımdır ki, Səqifədə İmam Əli (ə) kənara qoyulduqdan etibarən, tayfa arası rəqabət başladı. Təbii olaraq, tayfa üstünlüyü xüsusunda Qüreyş hamısından üstün idi, hərçənd Mədinədə güclü nüfuza malik deyildilər.
Əbubəkr və Ömərin Səqifədə ən əhəmiyyətli arqumenti Peyğəmbərlə (s) qohumluq əlaqəsi və Əbubəkrin yaşı idi. Bununla yanaşı Qüreyşin üstünlüyü və ərəbin onlardan başqasını qəbul etməsi də dəlil olaraq göstərildi. Onlar təkid edirdilər ki, peyğəmbərlik bir tayfada, xilafət isə digərində ola bilməz!

İstifadə edilmiş ədəbiyyat:


1.     “əl-İmamətu vəs-siyasə”, c. 1, səh. 24-25.
2.    Hubab ibn Munzir deyirdi: Nə mühacirlər ənsara tabe olur, nə də ənsar mühacirə. (Müraciət edin: “Məsailul-imamə”, səh. 13.)
3.    “əl-Musənnəf”, İbn Əbi Şeybə, c. 7, səh. 431, (Ömər dedi: “فمن دعا الي مثلها فهو الذي لا بيعه له و لا لمن بايعه”); “əl-Musənnəf”, Əbdürrəzzaq, c. 5, səh. 442-445 (ixtisarla nəql edildi); “Təbəqatul-kubra”, c. 3, səh. 344 və 616; “Təbəri tarixi”, c. 3, səh. 204 (Ömərin çıxışından); “Ənsabul-əşraf”, c. 1, səh. 581-ə müraciət edərək, Ömərin sözləri həyasızcasına təhrif edilmiş bu rəvayətə baxın.
4.    Bu kitab itsə də, İbn Əbil-Hədid onun böyük bir qismini “Nəhcül-bəlağə”nin şərhində gətirib. Bu xəbərlərin məcmusunu dəyərli ustad Məhəmməd Hadi Əmini ayrıca bir kitabda toplayıb, “əs-Səqifə və Fədək” adı ilə nəşr etmişdir.
5.    “əl-Futuh”, c. 1, səh. 3; “Kitabur-riddə”, Vaqidi, səh. 32.
6.    “əl-Muvəffəqiyyat”, səh. 578; “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 2, səh. 272. Hubab ibn Munzir Səqifədə Bəşir ibn Sədə dedi: Səd ibn Ubadə paxıllığına görə Əbubəkrlə beyət etdi. (“Kitabur-riddə”, səh. 42). Useyd ibn Huzeyr öldüyü zaman, Ömər onun bütün borclarını ödədi (“əl-Faiqu fi ğəribil-hədis”, c. 1, səh. 108).
Hubab ibn Munzir Səqifədə bu iki nəfərin məzəmməti barəsində şeir oxudu ki, bizə çatan məlumatı belədir (“Kitabur-riddə”, səh. 38), “سعي ابن حضير في الفساد لجاجه و أسرع منه في الفساد بشير”.
7.    “Nəsrud-durr”, c. 2, səh. 14; “əl-Bəyan vət-təbyin”, c. 3, səh. 298; “əl-İmamətu vəs-siyasə”, c. 1, səh. 27; “Məsailul-imamə”, səh. 13.
8.    Səd ibn Ubadəh Əbubəkrə heç vaxt beyət etmədi və Şamda olduğu vaxtda xəlifə bir nəfər göndərdi ki, onu öldürsün, o da bu işi gördü; müraciət edin: “Ənsabul-əşraf”, c. 1, səh. 250.
9.    “Yəqubi tarixi”, c. 2, səh. 123; Başqa bir rəvayətdə deyilir ki, ənsardan biri belə dedi: Əgər Əli və Bəni-Haşimin digər üzvləri evdə Allah Rəsulunun (s) dəfni ilə məşğul olmasaydı, o həzrətə görə nigaran olub evdə oturmasaydılar, kimsə xilafət tamahına düşməzdi. (“Kitabur-riddə”, səh. 45-46.) Vaqidinin xəbərindən başa düşülür ki, Əbdürrəhman ibn Ovfun ənsarla söhbəti Səqifə macərasından sonra imiş. Bir çox göstəricilər də mühacirdən yalnız üç nəfərin Səqifədə olduğunu xəbər verir. Sonralar ənsardan olan Bəşir ibn Səd İmam Əlinin (ə) dəlillərini eşidəndən sonra Həzrətə dedi: Əgər camaat bu sözləri daha öncə səndən duysaydı, heç kəs sənə qarşı çıxmaz, hamı sənə beyət edərdi. Amma sən evdə oturdun və camaat da xilafətə ehtiyac duymadığını güman etdi!
İmam (ə) cavabında buyurdu: Ey Bəşirin oğlu! Allah Rəsulunun (s) cənazəsini evdə qoyub, xilafətdən ötrü camaatla mübarizəyə qalxmalıydım? Əbubəkr də belə dedi: İndi mənə beyət edilib, əgər xilafətə rəğbətli olduğunu bilsəydim, xilafət dalınca düşməzdim. Sən beyət etməkdə və ya səbir göstərməkdə, yaxud işin barədə düşünməkdə azadsan! Mən səni məcbur etmirəm.
İmam Əli (ə) Allah Rəsulunun (s) vəfatından yetmiş beş gün sonra, Fatimə (ə) vəfat etdiyi zaman beyət etdi. (“Kitabur-riddə”, səh. 47.)
10.    “Təbəri tarixi”, c. 3, səh. 208; “əl-Kamil fit-tarix”, c. 2, səh. 325.
11.    “əl-İmamətu vəs-siyasət”, c. 1, səh. 27; “Kitabur-riddə”, səh. 42. Cövhəri yazır: Hicri tarixlə 63-cü ildə baş verən “Hərrə” hadisəsi Hubabın sözünü təsdiq etdi, hansı ki Əbubəkrə xitabən demişdi: Mən səndən çəkinmirəm, bəlkə səndən sonra gələcək adamdan çəkinirəm. (Müraciət edin: “Nəhcül-bəlağə”nin şərhi, c. 1, səh. 313), Səqifədən sonra ənsarın peşman olması barədə “əl-Muvəffəqiyyat” kitabı 583-cü səhifəyə müraciət edin. Hubab deyirdi: Biz döyüşlərdə onların atalarını öldürdüyümüz üçün, bizdən qisas alacaqlar (“Ənsabul-əşraf”, c. 1, səh. 580; “əl-Faiq fi ğəribil-hədis”, c. 3, səh. 166; “Məsailul-imamə”, səh. 135). Belə olduqda İmam Əli (ə) ilə necə rəftar etdiklərini gözdən keçirmək lazımdır; Bədr döyüşündə Qüreyşdən öldürülən yetmiş nəfərin iyirimisini Əli (ə) təkbaşına qətlə yetirmişdi. Sözsüz ki, ənsar öz işindən peşman olmuşdu, çünki sonralar Cəməl, Siffeyn döyüşlərində iştirak etməklə, hətta daha öncə Osmanın qətlinə şərik olmaqla, yaxud bu qətlə qarşı susmaqla – Osman və Müaviyədən tutmuş Təlhə, Zübeyr və Ayişəyədək – Qüreyş və siyasi dəstəsi müqabilində müqavimət göstərdilər və Əlini (ə) müdafiə etdilər. Səqifədən bir neçə gün sonra belə, peşmançılıqları üzə çıxdı. Həmin gün Həssan ibn Sabitin oxuduğu şeir buna ən gözəl şahiddir. Müraciət edin: “Yəqubi tarixi”, c. 2, səh. 127-128.
12.    “Ənsabul-əşraf”, c. 1, səh. 582.
13.    “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 2, səh. 38.
14.    “Ənsabul-əşraf”, c. 1, səh. 583 (و العرب لا ترضي أن يؤمّروكم و نبيّها من غيركم و لكن يؤمرون من كانت النبوه فيهم; “Kitabur-riddə”, səh. 39); Əbubəkrin sözünün istinad mənbəyi bu idi:
“قريش اوسط العرب داراً و اكرمهم احساباً”.
Müraciət edin: “Təbəqatul-kubra”, c. 2, səh. 269; “Nəsrud-durr” kitabında (c. 2, səh. 13) yuxarıdakı cümləyə Əbubəkrin sözünü artırıb:
 “و أحسنهم وجوهاً أكثر الناس ولاده في العرب. ابوبكر جمله «نحن قريش والائمه منا”
bunu hədis kimi nəql etmir, hərçənd bu məsələ sonralar ona nisbət verilib.
15.    “əl-İzah”, səh. 87. Ömər İbn Abbasa dedi ki, sizin tayfanız nübüvvət və xilafətin sizin ailənizdə olmasını istəmirdi, çünki bu halda təkəbbürünüz göyə ucalardı, “Nəsrud-durr”, c. 2, səh. 28.
16.    “əs-Səqifə və Fədək”, səh. 43; “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 2, səh. 49; “Ənsabul-əşraf”, c. 1, səh. 590; Əbu Ubeydə Cərrah da İmam Əlinin (ə) etirazlarına cavab olaraq, gənc olmasını ortaya atdı. Müraciət edin: “Nəhcül-bəlağə”nin şərhi, c. 2, səh. 2-5.
17.    Ayişədən nəql olunur ki, ondan soruşuldu: Allahın Rəsulu (s) kimi öz canişini təyin etdi? O dedi: Əbubəkri. Soruşdular: Ondan sonra kimi? Dedi: Öməri. Soruşdular: Ondan sonra? Dedi: Əbu Ubeydə Cərrahı (“əl-Musənnəf, İbn Əbi Şeybə”, c. 7, səh. 433), Bu saxta hədisin düzəlmə tarixini hədisin özündən əldə edin. Buna bənzər onlarla hədis düzəldilib ki, sonralar Əbu Nueym onların hamısını rafizilərə qarşı yazdığı “əl-İmamət” kitabında toplamışdı.
18.    Müraciət edin: “əl-Ğədir”, c. 5 (bəhs: Silsilətul-məvzuat fil-xilafə), səh. 333-356. Vaqidinin “Kitabur-riddə” (səh. 35-37) də gətirdiyi xəbərinə əsasən, guya Səqifədə bir neçə dəfə aşkar deyilib ki, Allahın Rəsulu (s) Əbubəkri öz canişini seçmişdir!!!
19.    “Nəhayətul-ərəb fi mərifəti ənsabil-ərəb”, c. 19, səh. 39.
20.    “Nəhcül-bəlağə”nin şərhi, c. 1, səh. 190; “əl-İqdul-fərid”, c. 2, səh. 274, c. 3, səh. 407; “Tarixul-Mədinətil-munəvvərə”, c. 2, səh. 881; “Məsailul-imamə”, səh. 63; “Muxtəsəru tarixi-Dəməşq”, c. 12, səh. 69.
21.    “Tətəvvurul-fikris-siyasi ində əhlis-sunnə”, c. 12, səh. 69
22.    “Tətəvvurul-fikris-siyasi”, səh. 38, 4-cü haşiyə.
23.    “Muxtəsəru tarixi-Dəməşq”, c. 5, səh. 261.
24.    “əs-Səqifə və Fədək”, səh. 46.
25.    “əl-Musənnəf, İbn Əbi Şeybə, c. 7, səh. 432 (Hişam ibn Urvə atasından nəql edir:
“Həqiqətən, Əbubəkr və Ömər həzrət Peyğəmbərin (s) dəfn mərasimində hazır olmadılar…”
 ان ابابكر و عمر لم يشهدا دفن النبي ـ صلّي الله عليه و آله و سلّم ـ و كانا في الانصار فدفن قبل ان يرجعا (
Vaqidi yazır: Mənim nəzərimdə doğru olan, Allah Rəsulunun (s) çərşənbə axşamı dəfn edilməsidir. “əl-Bədu vət-tarix”, c.5, səh. 47. Deməli, aydın olur ki, Əbubəkr və onun ətrafındakılar bazar ertəsindən etibarən – Allah Rəsulunun (s) vəfat etdiyi gündən – səhərisi günədək məşğul olduqlarına görə Peyğəmbərin (s) dəfn mərasiminə gələ bilməzdilər. Həzrət Rəsulun (s) dəfni ilə əlaqədar hədislərdə adları çəkilən şəxslər arasında bu iki nəfərin adı yoxdur.
26.    “əl-Bədu vət-tarix”, c. 4, səh. 65-66.
27.    “Yəqubi tarixi”, c. 2, səh. 124.
28.    “əs-Səqifə və Fədək”, səh. 47.
29.    “Ənsabul-əşraf”, c. 1, səh. 587. İbn Quteybənin rəvayətinə əsasən, Əli ona buyurdu: “Elə süd sağ ki, bir hissəsi sənə çatsın!” – “احلب حلبا لك شطره”. Müraciət edin: “əl-İmamətu vəs-siyasə”, c. 1, səh. 29.
30.     “Məalimul-mədrəsətəyn”, c. 2, səh. 163-166; “Təlxisuş-Şafi”, c. 3, səh. 76 və 156.
31.    “əl-İqdul-fərid”, c. 3, səh. 64; “Əbil Fida tarixi”, c. 1, səh. 156 “Məalimul-mədrəsətəyn” kitabına istinadən (c. 2, səh. 167); Müraciət edin: “Məalimul-mədrəsətəyn”, c. 2, səh. 167-168; Əbubəkr öz ölümü zamanı bir neçə şeyə görə nigaran idi: (onlardan biri də bu idi) Ey kaş, Fatimənin qapısını açmayaydı, hətta əgər onlar müharibə məqsədilə qapını örtsəydilər belə (“Məalimul-mədrəsətəyn”, c. 2, səh. 165.), Həmçinin baxın: “Məsaatuz-Zəhra”, c. 2 (Cəfər Mürtəza, Beyrut çapı, “Darus-sirə”, 1997), Xəlifənin Peyğəmbər (s) qızına qarşı atdığı addımlara dair ədəbi və tarixi mənbələr barəsində.
32.    “əl-Muzəkkir vət-təzkir vəz-zikr”, səh. 91; “əl-Musənnəf”, İbn Əbi Şeybə, c. 7, səh. 432; Bir neçə surətdə irəli sürülən bu nəzər şiələr arasında mövcud olmuşdur.
33.    “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 20, səh. 147.
34.    Yenə orada, c. 1, səh. 220; “Yəqubi tarixi”, c. 2, səh. 124-125.
35.    “Yəqubi tarixi”, c. 2, səh. 126, “Nəhcül-bəlağə”nin şərhi, c. 2, səh. 5-28, 67; “Siffeyn macərası”, səh. 182; “Kitabur-riddə”, səh. 46.
36.    Əməvi və Abbasi dönəmində Fədəkin başına gələnlər barədə müraciət edin: “əl-Xərac və sinaətul-kitabə”, səh. 259-260.
37.    “əl-Musənnəf”, Əbdürrəzzaq, c. 5, səh. 472. Həmin hədis Zuhridən “Səhih Buxari”, c. 6, səh. 122-də nəql edilib. Müraciət edin: “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 6, səh. 49-50; c. 16, səh. 281-282, 253; “əl-Bidayətu vən-nihayə”, c. 5, səh. 285, 287.
38.    “əl-Musənnəf”, Əbdürrəzzaq, c. 5, səh. 472.
39.    Elə bu dəlilə əsasən, İmam Əli (ə) Əbu Süfyanın onunla beyət etmək istəyinə qarşı çıxdı və onu özündən uzaqlaşdırdı. Müraciət edin: “Nəsrud-durr”, c. 1, səh. 400.
40.    “Nəhayətul-ərəb fi mərifəti ənsabil-ərəb”, c. 19, səh. 40.
41.    Tarixi silsiləyə qarşı çıxaraq: “Ömər və Əbubəkr evin qarşısına gəldiyində Əli ona beyət etdi” – deyən yalançı nəqlləri boş verək. Müraciət edin: “Nəhayətul-ərəb fi mərifəti ənsabil-ərəb”, c. 19, səh. 39-40.
42.    “Təlxisuş-Şafi”, c. 3, səh. 77.
43.    “Murucuz-zəhəb”, c. 2, səh. 304; “Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, c. 2, səh. 50, c. 6, səh. 212 və 251; “əl-Bədu vət-tarix”, c. 5, səh. 68-69, orada “وهينمه” yerinə “و هنبثه” gəlib. Həm də, bir beyt əlavə edilib. Onun davamı olan şeirə – hansı ki Əbubəkrin xütbəsindən sonra Peyğəmbərin (s) qəbrinə xitabən oxunub – nəzər salın: “Fatimətuz-Zəhra” kitabı, Əhməd ər-Rəhmani (Qum, 1993), səh. 360-361.
44.    “Həyatus-səhabə”, c. 2, səh. 24; “Kənzul-ummal”, c. 5, nömrə 14113; “əl-Əmval”, İbn Səlam, səh. 194.
45.    “Nəhayətul-ərəb fi mərifəti ənsabil-ərəb”, c. 19, səh. 38; Orada qeyd edilir ki, Xəzrəcin bir dəstəsi də Səqifədə beyət etmədi.
46.    “əl-Meyar vəl-muvazənə”, səh. 232 (haşiyədə Bəlazuri və İbn Əbdu Rəbbihin nəqlinə əsasən). Maraqlısı budur ki, İbn Əbil-Hədid, c.17, səh. 223-də yazır: Bəziləri Əbubəkri onun (yəni həzrət Fatimənin (s.ə)) qatili biliblər, amma o, bu barədə tarixdə bir izə rast gəlməyib. Halbuki, sözügedən xəbər əlbəttə, ikinci xəlifə barəsində qeyd edilən iki tarixi sənədlə gəlmişdir.
47.    “əs-Sirətul-Hələbiyyə”, c. 3, səh. 389 (müraciət edin: “əl-Ğədir”, c. 5, səh. 368). Rəsul Cəfəryan – “İslamın siyasi tarixi” (Xəlifələrin tarixi), səh. 19.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə