Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 3-cü bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 3-cü bölüm

Sünni Abbasi, Ələviyə dedi: – Siz şiələrin bidətlərindən biri də Qurana inanmamağınızdır.
Ələvi: Xeyr, Qurana inanmayan sizsiniz və bu, sünnilərin bidətlərindən biridir. Dəlilim isə sizin öz sözünüzdür: “Quranı Osman bir yerə yığıb kitab halına salmışdır”.
İndi isə sizdən soruşuram: Peyğəmbər (s) Quranın pərakəndə şəkildə qalması təhlükəsindən xəbərsiz idimi onu toplayıb kitab halına salmadı və sonra Osman gəlib bu işi gördü?! (3) Bundan əlavə necə olur ki, deyirsiniz Quran Peyğəmbərin (s) zamanında yığılmamışdı, halbuki Peyğəmbər (s) öz səhabələrinə Quranı oxuyub xətm etmək əmrini vermiş və buyurmuşdur: “Kim Quranı xətm edərsə, onun üçün filan qədər savab və mükafat vardır!”.
(Peyğəmbərin (s)) pərakəndə və bir yerə yığılmamış Quranın xətminə əmr verməsi mümkündürmü?! Yəni müsəlmanlar – bütöv Quran əllərində olmadığı üçün – azğınlıq içində sərgərdan idilər və nəhayət, Osman gəlib onlara nicat verdi?!
Söhbətin bu yerində Məlik Şah yenidən üzünü vəzirə tutub dedi: – Ələvinin bu dedikləri doğrudurmu? Doğrudanmı, əhli-sünnə Osmanın Quranı toplayıb bir yerə yığdığını düşünür?
Vəzir: Təfsirçi və tarixçilər belə yazırlar. (4)
Ələvi: Ey padşah! Bilin ki, şiələr Quranın Peyğəmbərin (s) dövründə yığıldığına inanır və əlimizdəki Quranın Peyğəmbərin (s) dövründə yığılıb kitab halına salınan Quranla eyni olduğuna etiqad bəsləyir. Belə ki, ondan nə bir hərf azaldılmış və nə də ona bir hərf artırılmışdır. Amma əhli-sünnə deyir ki, Quranda artırılma-azalma olmuş və onun ayələrinin yeri dəyişmişdir. Peyğəmbər (s) onu bir yerə yığmamışdır, Osman əmir olub ümmətin işlərini öhdəsinə götürdükdən sonra Quranı bir yerə toplamışdır.
Abbasi fürsəti fövtə verməyib dedi: – Ey Padşah, eşitdinizmi bu kişi Osmanı xəlifə bilmir və onu əmir adlandırır?
Ələvi dərhal cavab verdi: – Bəli, Osman xəlifə deyildi.
Məlik Şah: Nə üçün?
Ələvi: Çünki, şiələr Əbubəkr, Ömər və Osmanın xəlifəliyini qəbul etmir və onu batil sayır.
Məlik Şah təəccüblə soruşdu: – Niyə görə?
Ələvi: Ona görə ki, Osman, Ömərin təyin etdiyi altı nəfərdən ibarət şura tərəfindən xəlifəliyə seçildi. Əlbəttə, o altı nəfərin hamısı Osmanı seçmədi, əksinə iki yaxud üç nəfər Osmanın xəlifəliyinə səs verdi. Deməli, Osmanın xəlifəliyi Ömər tərəfindən rəsmiləşdirilmişdir. (5)
Ömərin özü isə Əbubəkrin vəsiyyəti ilə xilafətə çatmışdı. Deməli, Ömərin xəlifəliyi də (Allah tərəfindən yox) Əbubəkr tərəfindən olmuşdu. Əbubəkrin xəlifə seçilməsi də kiçik bir dəstə tərəfindən qılınc və zor gücünə həyata keçmişdi. Deməli, Əbubəkrin xilafətinin təsdiq olunması (rəsmiyyəti) də silah və zor gücünə idi. Məhz buna görə də Ömər onun haqqında belə demişdi: – “Allah müsəlmanları onun şərindən qorudu. Kim bu yola yenidən qayıdarsa, onu qətlə yetirin!”.
Əbubəkrin özü həmişə belə deyərdi:


أقيلونى فلست بخيركم وعلىّ فيكم


“Məni boşlayın! Nə qədər ki, Əli sizin aranızdadır, sizin ən xeyirliniz mən deyiləm!”. (6 və 7)
Buna görə də şiələr o üç nəfərin xilafətini kökündən batil bilir.
Məlik Şah üzünü vəzirə tutub dedi: – Ələvinin Əbubəkr və Ömər haqqında dedikləri doğrudurmu?
Vəzir: Bəli, tarix yazarlar bu cür qeyd etmişlər.
Məlik Şah: Bəs nə üçün biz o üç nəfəri möhtərəm sayırıq?
Vəzir: Çünki, atalarımızın getdiyi yolu gedirik.
Ələvi Şaha dedi: – Vəzirinizdən soruşun ki, haqqın ardınca getmək doğrudur, yoxsa atalarımızın? Sizcə, Allah-taalanın buyurduğu bu ayə ata-babalardan itaət edib haqqın əleyhinə çıxanlara şamil  edənlərin haqqında deyilmi?


وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِن قَبْلِكَ فِي قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءنَا عَلَى أُمَّةٍ وَإِنَّا عَلَى آثَارِهِم مُّقْتَدُونَ(8)


“Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: “Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik””.
Məlik Şah Ələviyə dedi: – Əgər o üç nəfər Peyğəmbərin (s) canişini deyilsə, bəs Peyğəmbərin (s) canişini kimdir?
Ələvi: Peyğəmbərin (s) canişini İmam Əli ibn Əbutalibdir (ə).
Məlik Şah: Hansı dəlilə əsasən o, Peyğəmbərin (s) canişinidir?
Ələvi: Ona görə ki, Peyğəmbər (s) özü onu öz canişini seçmiş və çoxlu yerlərdə onu canişini olaraq təqdim etmişdir. (9) O cümlədən, Məkkə və Mədinə arasında Qədir Xum adlanan yerdə camaatı bir yerə toplayaraq Əlinin (ə) əlini qaldırıb müsəlmanlara xitabən buyurmuşdu:


من كنت مولاه فهذا علىّ مولاه، اللّهمّ وال من والاه وعاد من عاداه وانصر من نصره واخذل من خذله


“Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi! Onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol. Ona kömək edənlərə kömək et, onu xar edənləri xar et!”.
Sonra söhbət etdiyi yerdən aşağı düşərək, yüz iyirmi min müsəlmana belə buyurdu:


سلّموا على علىّ بإمرة المؤمنين


“Əliyə “əmirəl-möminin” ünvanı ilə salam verin!”.
Müsəlmanlar da biri digərinin ardınca həzrət Əlinin (ə) yanına gəlib deyirdi: – Salam olsun sənə, ey möminlərin əmiri!
Əbubəkr və Ömər də gəlib həzrət Əliyə (ə) eyni şəkildə salam verdilər.
Ömər dedi:


السلام عليك يا امير المؤمنين! بخ بخ لك يا ابن ابى طالب! أصبحت مولاى ومولى كلّ مؤمن ومؤمنة


“Salam olsun sənə, ey möminlərin əmiri! Mübarək olsun, mübarək olsun (və ya afərin, afərin!) sənə, ey Əbutalibin oğlu! Sən indi mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”.(10)
Məhz buna görə də Peyğəmbərin (s) həqiqi və Allah tərəfindən seçilən canişini Əli ibn Əbutalibdir (ə).
Söz bu yerə çatanda Məlik Şah vəzirə dedi: – Ələvinin Peyğəmbərin (s) canişini haqqında söylədikləri doğrudurmu?
Vəzir: Bəli, tarix yazarlar və Quranı təfsir edənlər belə qeyd ediblər.
Məlik Şah əmr etdi ki, bu haqda olan mövzunu sona yetirib başqa mövzuya keçsinlər. (ARDI 4-CÜ BBÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

3.    Əvvəllər Quran pərakəndə vərəq və lövhələr şəklində, müxtəlif şəxslərin əlində (ixtiyarında) idi. Peyğəmbərin (s) ömrünün sonlarında onun göstərişi ilə Quranın  bütün ayələri onu vəhy yazarların (onlar çoxlu sayda idilər və onların hər hansı birinin ayənin nazilolma zamanında olmaması da mümkün idi) əlindən alınaraq toplandı. Sonra Peyğəmbər (s) ayə və surələrin yerini müəyyənləşdirməklə onu səliqəli və kamil şəkildə hamının ixtiyarında qoydu. Amma müzdlu (pula satılmış) ravilər rəvayətlər uydurmaqla Quranın Osmanın zamanına qədər beləcə pərakəndə qaldığını və onun göstərişi ilə bir yerə toplandığını göstərməyə çalışmışlar.
4.    Tarixçilər yazır ki, Osman Quranları toplamış və sonra da onları yandırmışdır. “Səhih Buxari”, “Quranın fəzilətləri” fəsli; “Sünəni-Beyhəqi”, c. 1, səh. 41; “Kənzul-ummal”, c. 10, səh. 281; “Muşkilul-asar”, Təhavi, c. 3, səh. 4.
5.    Ömər ölümü zamanı xəlifənin təşkili üçün altı nəfərlik şura təyin etmişdi. Onun üzvləri aşağıdakılardan ibarət idi:
1) Osman ibn Əfvan. 2) Səd ibn Əbi Vəqqas. 3) Əbdürrəhman ibn Ovf. 4) Təlhə. 5) Zübeyr. 6) Əli ibn Əbutalib (ə).
Həzrət Əlinin (ə) üzv seçilməsi onun rəyindən, nəzərindən istifadə etmək üçün deyil, izi itirmək və ümumi düşüncəni aldatmaq üçün idi. Şuranın üzvlərinin tərkibini və həzrət Əlinin (ə) digərləri ilə razılaşmayacağı ehtimalını nəzərə alaraq, Ömər göstəriş vermişdi: Əgər dörd və ya beş nəfər bir şəxsi seçsə və digərləri onlarla müxalifətçilik etsə, müxaliflər öldürülsün. Əgər üç nəfər bir nəfərin seçilməsi ilə razı və digər üç nəfər onlarla müxalif olsa, tərkibində Əbdürrəhman ibn Ovf olmayan qrup qətlə yetirilsin. Ömərin proqnozu düz idi və bilirdi ki, Əbdürrəhman kimi münafiq bir şəxs əsla həzrət Əli (ə) ilə həmfikir olmayacaq. Həmçinin, Osman və Səd ibn Əbi Vəqqas kimilər. Digər tərəfdən, Təlhə və Zübeyrin həzrət Əliyə (ə) meyil göstərəcəyini də ehtimal verirdi. Həmin səbəbdən, öz fikrinin həyata keçməsi və həzrət Əlinin (ə) seçilməsinin qarşısını almaq üçün Əbdürrəhmanın qarşı tərəfində dayanmış olacan üç nəfərin öldürülməsi hökmünü verdi ki, xilafətin həzrət Əliyə (ə) yetişməyəcəyindən əmin olsun.
6.    “əs-Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 8; “əl-Miləlu vən-nihəl”, Şəhristani.
7.    “əs-Siyərul-kəbir”, Məhəmməd ibn Həsən Şeybani, c. 1, səh. 36.
8.    “Zuxruf” surəsi, ayə 23.
9.    Allah Rəsulunun (s) həzrət Əlini (ə) özünün xəlifə və canişini kimi tanıtdırdığını göstərən mənbələr həddən artıq çoxdur. O cümlədən, “İbn Cərir tarixi”, c. 2, səh. 62; “Kənzul-ummal”, c. 6, səh. 392; “Səhih Tirmizi”; “Səhih İbn Macə”; “Müsnəd”, Əhməd ibn Hənbəl; “Mustədrəkus-Səhiheyn”; “Fəxri Razi təfsiri”; “əs-Səvaiqul-muhriqə” və yüzlərlə digər kitablar.
10.    “Müsnəd”, Əhməd ibn Hənbəl, c. 4, səh. 281; “Fəxri Razi” təfsiri, – ((ياأيّها الرسول – “Təbliğ” ayəsinin təfsirində; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 8, səh. 290; “əs-Səvaiqul-muhriqə”, İbn Həcər, səh. 107.

ARDI VAR

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə