Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 8-ci bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi 8-ci bölüm

                                          

Üçüncüsü isə onları xəlifə seçənlər öz seçimlərində səhvə yol verdilər, necə ki, məsihilər həzrət İsanı (ə) Allahın oğlu bilməklə səhvə yol verdilər. Onlar belə dedilər:


"المسيح ابن الله"


“Məsih (İsa) Allahın oğludur”. (“Tövbə” surəsi, ayə 30)
Həmçinin yəhudilər də Üzeyiri (ə) Allahın oğlu bildilər və dedilər:


"عزير ابن الله"


“Üzeyir Allahın oğludur”. (“Tövbə” surəsi, ayə 30)
İnsan Allah və onun peyğəmbərinə itaət etməli, haqqın dalınca getməlidir. Camaatın dalınca getməməlidir, hansı ki camaat batil və səhv yola düşə bilir. Belə ki, Allah-taala Quranda buyurur:


{قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ...} (38)


“De: Allaha itaət edin və onun peyğəmbərinə itaət edin...”.
Həqiqəti dərk edən Məlik Şah dedi: – Bu söhbəti dayandırın, yeni mövzuya keçin.
Ələvi Abbasiyə dedi: – Sünnilərin səhvlərindən biri də Əli ibn Əbutalibi (ə) buraxıb keçmişdəkilərin sözlərinə itaət etmələridir.
Abbasi: Bu iş nəyə görə səhv sayılır?
Ələvi: Çünki, Peyğəmbər (s) o üç nəfəri deyil, Əli ibn Əbutalibi (ə) öz canişini olaraq təyin etmişdi.
Ələvi üzünü Şaha tutub sözünə davam etdi: – Hörmətli Şah! Əgər siz kimisə öz yerinizə canişin təyin etsəniz, vəzir-vəkillərə, dövlət məmurlarına ona tabe olmaları lazımdır, yoxsa onu taxtdan salıb başqasını sənin canişin seçməlidirlər?
Məlik Şah: Təbii ki, mənim təyin etdiyim canişinə itaət etmələri lazım və vacibdir.
Ələvi: Şiələr də bu şəkildə əməl etmişlər. Onlar Allahın əmri ilə Peyğəmbərin (s) təyin etdiyi bir xəlifənin ardınca getdilər. O xəlifə də Əli ibn Əbutalib (ə) idi. Ondan başqalarını isə tərk etdilər.
Abbasi, sünnilərin əməllərinin müdafiəsinə qalxaraq dedi: – Əli ibn Əbutalib (ə) xəlifə olmağa layiq deyildi, çünki onun yaşı az idi. Digər tərəfdən də müharibələrdə ərəb böyüklərini və igidlərini öldürmüşdü. Buna görə də ərəblər onun xilafətini qəbul etməzdi. Amma onun əksi olaraq, Əbubəkrin yaşı çox idi və döyüşlərdə kimsəni öldürməmişdi.
Ələvi: Ey Şah! Eşitdinizmi, Abbasi deyir ki, camaat səlahiyyətli şəxsi təyin etməkdə Allah və Peyğəmbərindən (s) daha elmlidir. Çünki, o, Allah və Rəsulunun (s) Əli ibn Əbutalibi (ə) xəlifəliyə təyin etməklə bağlı sözlərini qəbul etmir. Əksinə, bir qrup camaatın Əbubəkrin daha səlahiyyətli olması ilə bağlı dedikləri sözləri qəbul edir. Sanki, alim və hikmət sahibi olan Allah daha səlahiyyətli və daha üstün şəxsi tanımır və bir qrup cahil camaat da gəlib daha səlahiyyətlini seçir! Məgər, onlar Allahın belə buyurduğunu eşitməyiblər?


{وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْراً أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالاً مُّبِيناً} (39)


“Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz (və şərən içazəli və əqlən rəva deyildir ki,) Allah və Onun Rəsulu bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə, şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”.
Məgər, Allah belə buyurmur?


{يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ ...} (40)


“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin (s) dəvətini qəbul edin...”
Abbasi: Əsla! Mən demədim ki, camaat Allah və Peyğəmbərindən (s) daha biliklidir.
Ələvi: Belə olan təqdirdə daha sənin sözünün yeri yoxdur. Çünki, əgər Allah və Peyğəmbəri (s) bir şəxsi xilafət və imamət məqamına seçirsə, ona itaət etmək vacibdir, istər camaat onu bəyənsin, istər bəyənməsin.
Abbasi: Əli ibn Əbutalibin xəlifəliyə ləyaqəti az idi.
Ələvi: Əvvəla, sənin sözünün mənası budur ki, Allah Əli ibn Əbutalibi (ə) yaxşı tanımırdı və onun üstünlüyünün azlığından xəbərsiz idi və bilmədən onu xilafətə layiq bildi. Bu ki, açıq-aşkar küfrdür.
İkincisi, xilafətin şərt və xüsusiyyətləri kamil şəkildə Əli ibn Əbutalibdə (ə) toplanmışdı, halbuki, başqalarında bu üstünlüklər, bu xüsusiyyətlər yox idi.
Abbasi: O xüsusiyyətlər nə idi?
Ələvi: İmam Əlinin (ə) gözəl xüsusiyyətləri və üstünlüyü olduqca çoxdur. Ən birinci üstünlüyü elə bunda idi ki, Allah və Peyğəmbəri (s) tərəfindən xəlifə seçilmişdi.
Digər üstünlüyü budur ki, bütün sahələrdə o biri səhabələrdən daha alim və daha üstün idi. Hansı ki Peyğəmbər (s) onun haqqında buyurur:

اقضاکم علي


“Qəzavət işlərində sizin ən bilikliniz Əlidir (ə)”. (41)
Ömər ibn Xəttab da deyir:

اقضانا علي


“Qəzavət işlərində içimizdə ən elmlisi Əlidir (ə)”. (42)
Həmçinin həzrət Peyğəmbər (s) buyurur:


أنا مدينة العلم وعلىّ بابها فمن أراد المدينة والحكمة فليأت الباب


“Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm və hikmətə yiyələnmək və şəhərə daxil olmaq istəyən, onun qapısından girməlidir”. (43)
Həzrət Əli (ə) özü belə buyurur:


علّمنى رسول الله ألف باب من العلم يفتح لى من كل باب ألف باب

“Allahın Peyğəmbəri (s) mənə elmdən min qapı öyrətdi ki, hər qapıdan da min qapı açılır”.
Təbiidir ki, alim cahildən daha öndədir. Allah-taala Quranda bu barədə buyurur:

{...قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ...} (44)


“...De: “Məgər bilənlərlə bilməyənlər birdirlər?”...”
Üçüncü xüsusiyyəti, onun başqalarına ehtiyacı olmaması idi. (İmam Əli (ə)) Hökm verdikdə başqalarına müraciət etmirdi, əksinə başqaları buna ehtiyaclı idi. Məsələlər, hadisələr önə çıxanda ona müraciət edirdilər. Əbubəkr özü deyib:


أقيلونى فلست بخيركم وعلىّ فيكم


“Məni boşlayın! Nə qədər ki, Əli sizin aranızdadır, sizin ən xeyirliniz mən deyiləm!”. (45).
Məgər, Ömər yetmiş dəfə belə deməyib:
 

لولا علي لهلک عمر


“Əli olmasaydı, Ömər həlak olardı”. (46).


لاابقاني الله لمعضلة لست فيها يا ابا الحسن


“Ey Əbulhəsən, Allah məni sən olmadığın müşküllər içərisində buraxmasın”.


لا يفتينّ أحد فى المسجد وعلىّ حاضر


“Əli məsciddə olduğu təqdirdə, kimsənin hökm (fitva) vermək yoxdur”. (47).
Dördüncü üstünlük və xüsusiyyət: Əli ibn Əbutalib (ə) heç vaxt Allaha qarşı günah etmədi, Allahdan başqasına ibadət etmədi, ömründə bir dəfə də olsun belə bütlərə səcdə etmədi. Amma o üç nəfər Allaha qarşı günah da etdi, ondan başqasına ibadət də etdi və bütlərə də səcdə etdi. Allah isə Quranda buyurur:


{...قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ} (48)


“...Dedi: – Mənim əhdim zalımlara nəsib olmaz!”.
Aydındır ki, günahkar zalımdır, zalımın da Allahın əhd-peymanı olan peyğəmbərlik və imamət məqamına çatmağa ləyaqəti yoxdur.
Həzrət Əli ibn Əbutalibin (ə) beşinci üstünlük və xüsusiyyəti budur ki, onun sağlam təfəkkürü, dərin ağlı, doğru və düzgün nəzərləri vardı. Bunların hamısı İslamdan qaynaqlanırdı, halbuki başqaları yanlış təfəkkürlərini şeytandan alırdı. Elə buna görə də Əbubəkr deyirdi:


إنّ لى شيطاناً يعترينى


“Mənimlə olan bir şeytanım vardır ki, həmişə sorağıma gəlir”. (49)
Ömər də çox yerdə Peyğəmbərə (s) itaətsizlik etmişdir. Osman da zəif iradəli, nəzər sahibi olmayan bir insan idi, belə ki, ətrafında olan fasid və imansız insanlar ona təsir və nüfuz etmişdilər. Onlardan biri də “qurbağa oğlu qurbağa” (Mərvan ibn Həkəm) idi. Peyğəmbər (s) onu və nəslini (möminləri istisna olmaqla) lənətləmişdir. Kəbul-Əhbar kimi şəxslər Osmanın ətrafında toplaşmışdı. (ARDI 9-CU BÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

38.    “Nur” surəsi, ayə 54.
39.    “Əhzab” surəsi, ayə 36.
40.    “Ənfal” surəsi, ayə 24.
41.    “Səhih Buxari”, ما ننسخ من آية – (“Bəqərə” surəsi, 106-cı ayənin təfsirində); “Təbəqati-İbn Səd”, c. 6, səh. 102; “əl-İstiab”, c. 1, səh. 8 və c. 2, səh. 461; “Hilyətul-Ovliya”, c. 1, səh. 65; “Mucəmu-əvsət”, Təbərani, c. 7, səh. 357; “Kəşful-xəfa”, İsmail ibn Məhəmməd əl-Əcluni, c. 1, səh. 1630; “İləlu Darqutni”, səh. 86; “Siyəru-əlamin-nubəla”, Zəhəbi, c. 1, səh. 391; “Cəvahirul-mətalib fi mənaqibil-İmam Əli (ə)”, İbn əd-Dəməşqi, c. 1, səh. 203 və 296.
42.    “Mustədrəki-Hakim”, c. 3, səh. 136; “Mucəmu-kəbir”, Təbərani, c. 11, səh. 55; “əl-Faiq”, Zəməxşəri, c. 2, səh. 16; “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 7, səh. 219 və c. 9, səh. 165; “Camiu-səğir”, Süyuti, c. 1, səh. 415; “Kənzul-ummal”, Müttəqi Hindi, c. 13, səh. 148 və c. 6, səh. 152; “Feyzul-qədir”, Mənavi, c. 3, səh. 60; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 4, səh. 348; “Usdul-ğabə”, c. 4, səh. 22; “Təhzibut-Təhzib” , İbn Həcər, c. 6, səh. 330....
43.    Yenə orada (yuxarıda qeyd olunan qaynaqlara müraciət edin).
44.    “Zumər” surəsi, ayə 9.
45.    “Sirrul-aləmin”, Qəzali; ”İbtalul-batil”, İbn Ruzbəhan; “Şərhi-Təcrid”, Quşçi, 5-ci məqsəd (“İmamət” bəhsi) (azacıq fərqlərlə).
46.    “əl-Mustədrək”, Hakim, (Kitabus-səlat) c. 1, səh. 358; “əl-İstiab”, c. 3, səh. 39; “əl-Mənaqib”, Xarəzmi, səh. 48; “Təzkirətus-Sibt”, səh. 87; “Təfsiri-Neyşaburi”, “Əhqaf” surəsinin təfsirində.
47.    “Təzkirətus-Sibt”, səh. 87; “əl-Mənaqib”, Xarəzmi, səh. 60; “Feyzul-qədir”, Mənavi, c. 4, səh. 357. Yuxarıdakı mətn və qırxdan çox məsələ ilə bağlı oxşar mətnlərin sənədləri ilə tanış olmaq üçün “İmam Əmirəl-möminin (ə) xəlifələrin baxışında” kitabına müracit edin. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 1, səh. 18.
48.    “Bəqərə” surəsi, ayə 124.
49.    “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 6, səh. 20 və c. 17, səh. 157 və 160; “Təbəqati-İbn Səd”, c. 3, səh. 212; “Dəməşqin tarixi”, İbn Əsakir, c. 30, səh. 303; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, c. 1, səh. 34 (Başqa çapda səh. 22).

ADRDI VAR

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə