Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Namaz "Nəhcül-Bəlağə"də (2)

İBADƏT

Namaz "Nəhcül-Bəlağə"də (2)


  Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-Kərimdə “...Namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (1) ayəsi başqa bir mənanı da çatdırmaqdadır. Belə ki, namaz insanı pis əməllərdən çəkindirdiyi kimi pis əməllər də insanı namnazdan yayındırır. Yəni ortada qarşılıqlı təsiredicilik var. İnsan elə bir məqama nail ola bilər ki, pis əməllərə meyli olmaz və nəticədə namazının sırf Allah üçün olmasına əmin olar; “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (2)
   Peyğəmbər (s) buyurub: “Namaz mənim göz yaşlarımdır”

قرة عيني‏ الصلاة

(3) “Qurrətu əyni” göz nuru mənasını daşımır. İnsan uzun müddətdən sonar  öz əzizini görərkən sevincdən gözləri yaşarır. Bu göz yaşları kədərdən yaranan göz yaşlarından fərqlidir. Qəm-qüssəli göz yaşları isti olar. Lakin sevincdən yaşaran göz yaşları sərin olar. Hədisin mənası belədir ki, namazı gördükdə gözlərimə nur gəlir. Gözlərim aydın olur. Heç bir ləzzət namazdakı ləzzətin yerini verə bilməz.
   Namaz barədə müxtəlif təfərrüatları eyni adlı məqalənin birinci hissəsində qeyd etmişdik. Bu məqalədə (ikinci hissədə) də həzrət Əlinin (ə.s) çox dəyərli Nəhcül-Bəlağə əsərindən istiqamətverici və nurani kəlamlarını oxucuların nəzərinə çatdırırıq:
1-Namaz qəbul olarsa digər əməllər də qəbul olar:
   Namaz qəbul olarsa, digər əməllər də qəbul olar. Əks təqdirdə digər əməllərin faydası olmayacaq. Ona görə də Qurani-Kərimdə və hədislərdə, bu ibadətə yetərincə diqqətli olmağımıza tövsiyə olmuşdur. Həzrət Əli (ə.s) buyurur: “...və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır...

وَ اعْلَمْ أَنَّ كُلَّ شَيْ‏ءٍ مِنْ عَمَلِكَ تَبَعٌ‏ لِصَلَاتِك

(4) Həzrət bayramların birində (orucluq bayramında) buyurub: “Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb...” (5)

 فِي بَعْضِ الْأَعْيَادِ إِنَّمَا هُوَ عِيدٌ لِمَنْ قَبِلَ اللَّهُ صِيَامَهُ وَ شَكَرَ قِيَامَه

2- Namaz günahları yuyur:
   Namaz günahları yarpağın (ağacdan) tökülməsi kimi tökür. Allahın Peyğəmbəri (s) namazı insanın qapısının ağzında olan və insanın gün ərzində beş dəfə içində çimdiyi su çeşməsinə bənzədib. Belə olan halda, (məlumdur ki,) həmin şəxsdə heç bir çirk qalmayacaqdır.

وَ إِنَّهَا لَتَحُتُّ الذُّنُوبَ حَتَّ الْوَرَقِ وَ تُطْلِقُهَا إِطْلَاقَ الرِّبَقِ وَ شَبَّهَهَا رَسُولُ اللَّهِ ص بِالْحَمَّةِ تَكُونُ عَلَى بَابِ الرَّجُلِ فَهُوَ يَغْتَسِلُ مِنْهَا فِي الْيَوْمِ وَ اللَّيْلَةِ خَمْسَ مَرَّاتٍ فَمَا عَسَى أَنْ يَبْقَى عَلَيْهِ مِنَ الدَّرَنِ (6)

Həzrət “Qasiə” xütbəsində buyurub: “...Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur...” (7)


 وَ عَنْ ذَلِكَ مَا حَرَسَ‏ اللَّهُ‏ عِبَادَهُ الْمُؤْمِنِينَ بِالصَّلَوَاتِ وَ الزَّكَوَاتِ وَ مُجَاهَدَةِ الصِّيَامِ فِي الْأَيَّامِ الْمَفْرُوضَاتِ تَسْكِيناً لِأَطْرَافِهِمْ‏ وَ تَخْشِيعاً لِأَبْصَارِهِمْ وَ تَذْلِيلًا لِنُفُوسِهِمْ وَ تَخْفِيضاً لِقُلُوبِهِمْ وَ إِذْهَاباً لِلْخُيَلَاءِ عَنْهُم

3- Namaz insanın azadlığına səbəb olur:
   “Namaz günahları...ilmələrin (heyvanların boyunlarından) açılması kimi açıb boşaldır”

تُطْلِقُهَا إِطْلَاقَ الرِّبَقِ(8)

4- Namaz Allaha yaxın olmaq üçün ən yaxşı vasitədir:
   “Namaz hər bir pərhizkarın (Allahın mərhəmətinə) yaxınlaşma vasitəsidir” (9)  الصَّلَاةُ قُرْبَانُ‏ كُلِ‏ تَقِيٍّ Allaha namazın vasitəsilə yaxınlaşın. Çünki, mərifətdən sonra ən yaxşı vasitə namazdır. Bu üzdən Allah-taala həzrət İsaya (ə.s) diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. (10)


 صلاة النّوافل قربان كلّ مؤمن. بل هى أفضل ما يتقرّب به إليه تعالى. ما أعلم شيئا بعد المعرفة أفضل من هذه الصلاة، ألا ترى أنّ العبد الصالح عيسى بن مريم )ع( قال: و أوصانى‏ بالصلاة و الزّكوة ما دمت حيّا

5- Ailədə namaz:
“...Allahın Peyğəmbəri (s) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Səbəb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (“Taha” surəsinin 132-ci ayəsindəki) bu buyuruğudur ki: “Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbrli ol.” Buna görə də o Həzrət həm öz əhlinə namazı əmr edirdi, həm də özünü onun çətinliklərinə səbrli olmağa məcbur edirdi...” (11)


وَ كَانَ رَسُولُ اللَّهِ ص نَصِباً بِالصَّلَاةِ بَعْدَ التَّبْشِيرِ لَهُ بِالْجَنَّةِ لِقَوْلِ اللَّهِ سُبْحَانَهُ‏ وَ أْمُرْ أَهْلَكَ بِالصَّلاةِ وَ اصْطَبِرْ عَلَيْها فَكَانَ يَأْمُرُ بِهَا أَهْلَه

“Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir...” (12)


مَعَاشِرَ النَّاسِ‏ إِنَّ النِّسَاءَ نَوَاقِصُ الْإِيمَانِ نَوَاقِصُ الْعُقُولِ نَوَاقِصُ الْحُظُوظِ فَأَمَّا نُقْصَانُ إِيمَانِهِنَّ فَقُعُودُهُنَّ عَنِ الصَّلَاةِ وَ الصِّيَامِ فِي أَيَّامِ حَيْضِهِنَّ
  

Həzrət Əli (ə.s) bu xütbədə qadınlara aybaşı (həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı, adət) vaxtı namazın vacib olmadığını bildirib.
 6- Namazdan sonra tövbə qəbul olar:
   “O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdımsa (qəflətən ölmədim),  o günah məni kədərləndirmədi-

“ما أهمّني‏ ذنب‏ أمهلت بعده حتّى أصلّي ركعتين، و أسأل اللَّه العافية”

(13) Çünki insan günah etdikdən sonra pak, düz və doğru niyyətlə Allahın bağışlamasına ümidvar olsa, əməlindən peşman olub onu bir daha etməmək qərarına gəlsə və günahın kəffarəsi olan namaza durub Allahdan bağışlanmasını istəsə, həmin günaha görə cəzalandırılmaz. Buna görə də həmin günah onu kədərləndirməz.
   Qeyd etmək lazımdır ki, İmam (ə.s) bu kəlamı başqasına öyrətmək, namazın günahın kəffarəsi olmasını, insanın günahdan uzaq olmasının zəruriliyini və tövbədən qabaq baş verə bilən qəfil ölümdən qorxmasını başa salır, həzrətin özü isə hər bir günahdan pak və uzaqdır.                     
   Qeyd etmək lazımdır ki, yuxarıdakı xütbədə namazın daha başqa bir müsbət təsiri izah olunmaqdadır. Belə ki, namaz iztirablı insanların təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılığını aradan qaldırır. Bu üzdən xüsusən  iztirablı vaxtlarda namaza sığınmaq tövsiyə olunmuşdur.
7- Cəmiyyət arasında islahat etmək namaz və orucdan üstündür:
   Bir şeyi islah etmək onu yaxşılaşdırmaq məqsədilə edilən əsaslı dəyişiklikdir. Cəmiyyət arasında dini və sair sahələrdə olan nöqsanları aradan qaldırmaq ən önəmli və Allah dərgahında sevilən ibadətlərdəndir. Həzrət Əli (ə.s) bu barədə oğlu imam Həsən (ə.s) və imam Hüseynə (ə.s) buyurur: Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (s) belə buyurduğunu eşitmişəm ki: ”İki nəfərin arasını (parçalanmaya səbəb olan ixtilafları) düzəltmək bütün namaz və oruclardan yaxşıdır.”

فَإِنِّي‏ سَمِعْتُ‏ جَدَّكُمَا ص يَقُولُ صَلَاحُ ذَاتِ الْبَيْنِ أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلَاةِ وَ الصِّيَام (14)

Qurani-Kərimdə də bu məsələ yəni insanlar arasında islahat işləri aparmaq xüsusilə vurğulanan məsələlərdən sayılır: “…Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...” (15)

İstifadə olunan ədəbiyyat:
1-“Ənkəbut” surəsi, 45-ci ayə.
2- “Ənam” surəsi, 162-ci ayə.
3- “Biharul-ənvar”, 80-cı cild, səh: 16.
4- “Nəhcül-Bəlağə”, 27-ci məktub.
5- “Nəhcül-Bəlağə”, 428-ci hikmət.
6- “Nəhcül-Bəlağə”, 199-cu xütbə.
7- “Nəhcül-Bəlağə”, 192-ci xütbə.
8- “Nəhcül-Bəlağə”, 199-cu xütbə.
9- “Nəhcül-Bəlağə”, 136-cı hikmət.
10- “Məryəm” surəsi, 31-ci ayə.
11- “Nəhcül-Bəlağə”, 199-cu xütbə.
12-“Nəhcül-Bəlağə”, 80-cı xütbə.
13- “Nəhcül-Bəlağə”, 299-cu hikmət.
14- “Nəhcül-Bəlağə”, 47-ci məktub.
15- “Ənfal” surəsi, 1-ci ayə.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə