Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr Fatimeyi- Zəhranın (ə.s) kəlamının dəyəri

Fatimeyi- Zəhranın (ə.s) kəlamının dəyəri

Zəhranın (ə) xütbəsinin əzəməti
Fatimeyi-Zəhranın (ə.s) məşhur və tarixi xütbəsinin tərcüməsindən istifadə edərək, Peyğəmbərin (s) pak sülaləsinə, ismət və şərəf ailəsinə vurğun olanlar  üçün onun dərin mənaları ilə tanış edirik:
Yaradanın tərif və sitayişi
Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi.
Həmd və sənadan sonra (tərif və şükrdən) sonra
Şahidlik edirəm ki, bir olan, şəriki olmayan Allahdan başqa ibadət olunan (Allah) yoxdur. Bu elə bir kəlmədir ki, sədaqət və səmimiyyəti onun şərhi və izahı etmiş, onun dəlil-sübutunu bəşərin xasiyyətində, qəlbində əmanət qoymuş və onun mənasını, məfhumunu bəşərin fikir və düşüncəsində aydınlaşdırmışdır.
Şükrlər edirəm o Allaha ki, gözlər Onu görə bilmir, dillər tərifində aciz qalır və fikirlər, duyğular Onun varlığının yüksəkliyinə çatmaq iqtidarında deyil. şükrlər olsun o Allaha ki, bütün varlıqları bir-birinə bənzəməyən halda yaratdı.
Allahın varlığının sübuta yetirilmiş birliyi (tovhidi)
Allah-təala Öz qüdrət əlilə hamıya varlıq xələti geydirdi – Öz iradəsi ilə onları yaratdı. Allah-təalanın bu varlıqları yaratmağa heç bir ehtiyacı yox idi, bu işdə heç bir faydanı da nəzərdə tutmurdu. Əksinə, bu yaranışdan bircə məqsədi var idi: öz hikmətini üzə çıxarmaq, sonsuz qüdrətini göstərmək və bəndələrini Ona itaət və ibadət yoluna dəvət etmək və bu dəvətini həmin əlamət və nişanların dəlil-sübutları işığında zəfərlə sona yetirmək...
Sonra isə Ona olan itaətin əvəzində bəndələrinə əcr və savab vermək və onlara günahlarına görə cəza göndərmək...
Peyğəmbərlik və onun zəruriliyi
Şahidlik edirəm ki, atam Məhəmməd (s) Onun bəndəsi və peyğəmbəridir. Onu peyğəmbər təyin etməmişdən öncə seçdi və bu namizədliyə seçməzdən əvvəl adını qabaqkı peyğəmbərlərin ruhlarına və mələklərə bildirdi. Onu öz dəvətinin təbliğinə sövq etməzdən əvvəl bu vəzifəni yerinə yetirmək üçün seçdi. Bəli, bütün bunları etdi, özü də elə bir zamanda ki, camaat hələ qeyb dövründə gizlənmiş , vahimələr zülmətinin pərdəsi ilə əhatə olunmuş və gizlinliklər aləmində qalmışdı.
Bu seçki Allahın elminin bütün işlərin son nəticəsindən xəbər verir. Onun bütün zamanları əhatə edən hadisələri bilməsini, bütün zaman və məkanlara bələd olmasını göstərir.
Allah Məhəmmədi (s) seçdi ki, onun peyğəmbərliyi ilə Öz hikmət və qüdrətini tam olduğu kimi nümayiş etdirsin, hökmünü icra etsin və qəti iradəsinin nüfuzu artsın. Allahın seçilmiş peyğəmbəri (s) elə bir vaxtda peyğəmbərliyə çatdı və öz dəvətini yaymağa başladı ki, dünya əhlinin çoxu ayrı-ayrı dinlərin davamçıları kimi atəşgahlarda, məbədgahlarda günlərini bütlərə pərəstişdə keçirir və Allahı danırdılar.
Cahilliyə dövrünə bir nəzər
Belə bir zamanda Uca və Qüdrətli Allah Öz nəfsinin bərəkəti və atam Məhəmmədin (s) varlığındakı nuru ilə bəşərin qaranlıq fikir dünyasına işıq saçdı, ürəklərin və ağılların üfüqlərindən şübhə buludlarını dağıtdı, uzaqgörənliklə xislətləri basmış ilham tozunu sildi. Və o – Məhəmməd (s) camaat arasında irəli çıxdı ki, onlara rəhbərlik etsin, azdıqları yoldan döndərsin, gözlərindəki pərdələri aradan qaldırsın, inadlarından döndərsin. Peyğəmbər (s) bunların əvəzində insanlara uzaqgörənlik və gözüaçıqlığı, həyatı dərk etməyi öyrətdi, onları möhkəm dinə dəvət etdi və doğru yola yönəltdi.
(Əzab-əziyyət və işkəncə günləri, təklik və kimsəsizlik dövrü ötdü. Bütün bu acılar şirinliyə qovuşdu və qələbə-uğur zamanı yetişdi. İslam Allahın vəd etdiyi yerə qədəm basdı və İslam cəmiyyəti yarandı. Peyğəmbərin (s) fədakar səy və təlaşları əbədiyaşar uğurlar qazandı, əzəmətli zəfərlə nəticələndi. Dünya dinləri tarixində İlahinin ən ali, ən yüksək məqamı öz hədəfinə çatdı, bəşərin əbədi və əzəli məqsədinə yol açıldı. Məhəmmədin (s) peyğəmbərliyi özünün ən yüksək mərhələsinə çatdı, arzular aşıb-daşdı, dünyanın gözləri Məhəmmədin (s) Mədinəsinə, fəth olunmuş Məkkəyə və Allahın Kəbəsinə dikildi, vəd olunmuş zaman gəlib çatdı.) Nəhayət, Allah-təala onu lütfü və mərhəməti üzündən Öz rəhmət ocağına çəkərək bu fani dünyanın müsibət və əzablarından qurtardı. Beləliklə, Məhəmməd (s) pak mələklərin mübarək dəstələrinə qoşuldu, Bağışlayan Tanrının yanına yetişdi və orada əbədi rahatlıq tapdı.
Atamın ruhuna Allahın salavat və salamı, rəhmət və bərəkəti olsun! O, Allahın dünya xalqları içərisindən bəşəriyyət üçün seçdiyi peyğəmbəri (s) idi...
Xütbənin bu yerində Fatiımənin (ə) həyəcanlı səsi titrədi, qəlbindən nalə və fəryad qopdu, Peyğəmbərin (s) - əziz atasının bu dünyadan köçməsinə görə ürəkdən acıdı, dərindən ah çəkdi. Sonra isə ürəkləri riqqətə gətirən bir tərzdə dedi:
“Əfsus! Ey Allahın bəndələri, ey İslam bayraqdarları, ey din və vəhy daşıyıcıları! Siz Allahın ən inanılmış bəndələrindən və Onun birliyini başqa xalqlara təbliğ edənlərdənsiniz. Baxın, düşünün və agah olun ki, Allahın o həqiqi rəhbəri indi də sizin aranızdadır. Ləyaqət və qabiliyyətdə heç kim onun tayı-bərabəri deyil. Bundan əvvəl də sizinlə razılaşdırılmış qərara əsasən peyğəmbərliyin böyük davamçısı olan kəs rəhbərliyə təyin olunmuşdur... Bəli, bu, Allahın kitabıdır, danışan kitabdır – Qurani-Sadiqdir, işıq saçan nurdur, yayılan şüadır. Onun bəyanı uzaqgörənliyi artıran, sirlər aşkarlayandır, zahiri əlamətləri parlaq və gözqamaşdırıcıdır...
Onun – bu müqəddəs kitabın ardıcılları dünya əhlinin həsədinə səbəb olmuşlar. Ona tabe olanları behiştə düşməyə yönəldir. Onun sözlərini eşidənlər bəlalardan xilas olur. Həmin Quran vasitəsilə Allahın nurani dəlil-sübutlarını, təsvir olunmuş fərmanları, aydın fikirləri dərk etmək mümkündür.”
Allah hökmlərinin fəlsəfəsindən bir nümunə
Allah-təala imanı dinsizlikdən qurtarmaq və mənəvi təmizlik üçün buyurdu. Namazı yersiz qürurdan, dikbaşlıqdan yaxa qurtarmaq üçün vacib saydı. Zəkatı ruhların paklığı və ruzini artırmaq üçün, orucluğu mənəvi təmizliyin sabitliyi üçün zəruri bildi. Həcci dinin əsaslarını möhkəmlətmək üçün, ədaləti səmimiliyi üçün, fərmanlara itaət etməyi İslam millətinin nizam-intizamı üçün, imamlıq və dini rəhbərliyi aramızda təfriqənin qarşısını almaq və əmin-amanlıq üçün, cihadı İslamın izzət və şərəfi və kafirlərin – düşmənlərin zilləti üçün, səbr və dözümü xeyirxah işlərə kömək üçün, İslamın qoyduğu qadağaları doğru yola dəvət üçün, ata-anaya yaxşılıq və hörməti Allahın qəzəbindən qorunmaq üçün, nəzir-niyaz verməyi əcəlin təxirə salınması və ömrün uzanması üçün, qisası qana hörmət üçün, niyyətə vəfanı insanlıq və haqqın əfvi üçün, çəkidə düzlüyü (alıcıları aldatmamağı) başqalarının haqqına xor baxmamaq üçün, mey içməyin qadağan edilməsini yaramazlıqdan uzaq olmaq üçün, töhmətdən uzaqlığı lənət qazanmamaq üçün, oğurluğu tərk etməyi namusu və mənliyi qorumaq üçün buyurmuşdur.
İlahi qarşısında paklığın, əsl tovhidin və tovhidin sağlığının qəbulu üçün çoxallahlığı (bütpərəstliyi) insanlara rəva bilmədi. (Odur ki, Allahın buyurduqlarına tam ləyaqətlə əməl edin, Onun mömin bəndəsi olun. Olmaya-olmaya, qeyri-müsəlman kimi öləsiniz). Şərif ayədə deyildiyi kimi, “Allahın buyurduqlarına, qadağan etdiklərinə itaət göstərin ki, Allahın bəndələri arasında bilici və alimlər yalnız Ondan qorxanlardır.”
Əsl mətləbə giriş
Dan ulduzunun parlaq işığına, yeni doğan günəş şüalarına bənzəyən bu təkanverici sözlərdən sonra o böyük xanım xütbəsinin əsl mətləbinə keçərək dedi:
“Ay camaat, bilin və agah olun ki, mən Fatiməyəm. Atam Məhəmməddir (s). Bir daha deyirəm, bundan qabaq da demişəm və dediyim sözlər doğrudur. Nə edirəmsə, qayda-qanundan xaric deyil. Ona görə ki, sizə öz aranızdan bir Peyğəmbər (s) gəldi. O, sizin əzabınızdan inciyirdi, sizi tərbiyə etmək üçün bərk çalışırdı. Möminlərə qarşı çox mərhəmətli və mehriban idi.
Odur ki, əgər bunu nəzərə alsanız, anlayacaqsınız ki, o mənim atamdır, sizin arvadlarınızın atası deyil. Və mənim əmim oğlunun qardaşıdır. Sizin kişilərdən deyil. Necə bir iftixara səbəbdir!
O, öz peyğəmbərliyini “xəbərdarlığı” ilə bildirdi və öz yolunu müşriklərin uçurumundan aralı saldı. Onların başlarını vurdu, boğazlarından yapışıb sıxdı və hikmət dili ilə, moizələri ilə Allah yoluna dəvət etdi. Bütləri dağıtdı, başçılarının başlarını elə əzdi ki, çoxu dağıldı və arxalarını meydana çevirərək qaçdı.
Sübh gecənin pərdəsini yarıb çıxdı və haqqın parlaq siması üzündəki niqabı yerə atdı. Mütləq həqiqət və əsl haqq-ədalət göründü. Din başçısı sözə başladı və şeytansifət azğınların boğazları quruyub susdu. Yolun ortasından nifaq tikanları dağıldı, küfr və nifaq düyünləri açıldı. Və nəhayət, hamı o açıqürəkli, qarnıac dəstəyə qoşulub sədaqətlə dil açdı. Halbuki siz yanar çalanın qırağında fürsət axtaran adamyeyənlərin bir tikəsi idiniz. Hər yetən sizə bir təpik vururdu. Küçədəki gölməçələrdən çirkli su içir, ağacların yarpaqlarını yeyirdiniz. Alçaqlıq və yaramazlıq kölgəsi üstünüzü bürümüşdü. Qorxurdunuz ki, olmaya-olmaya sizi bir göz qırpımında bu adamlar arasından tapalar.
Bütün bunlardan sonra (bu zillət və xiffətlərin, yolazma və dinsizliklərin arxasından) Allah-təala Öz iradəsilə sizləri atam Məhəmmədin (s) əlilə xilas etdi və doğru yola yönəltdi. Halbuki onun özü insansifət yırtıcılarla, canavar xislətli ərəblərlə və dikbaş Kitab əhli[31] ilə çarpışırdı. Onlar hər dəfə savaş alovunu qızışdırdıqda (o İlahi nurlarını söndürmək məqsədilə) Allah-təalanın Özü həmin atəşi söndürürdü.
Haqsızlıq və günahların baş alıb getdiyi, məlun şeytanın hər an göründüyü, dinsiz əjdahaların dil çıxararaq alov püskürdüyü o çağlarda atam – Allahın Rəsulu (ə) dərhal öz əmisi oğlu Əlini (ə) o od püskürən əjdahalarla mübarizə üçün qabağa verdi. O da (əmisi oğlunun – qardaşının, rəhbərinin və müəlliminin əmri ilə) igidcəsinə irəli çıxır və bir göz qırpımında möhkəm yumruğu ilə əjdahanı əzib suyunu çıxarırdı. Özünün iti qılıncını həmin atəşi susdurmadan yerə qoymur, rahatlıq nə olduğunu bilmirdi. Axı o, haqq yolunda əzab-əziyyətlər görmüşdü, İlahi fərmanını yerinə yetirməkdə çox sınaqlardan çıxmışdı. O, Allahın Elçisinin (s) ən yaxın (hamıdan yaxın) qohumu, İlahini sevənlərin, övliyaların başçısı idi.
Daim çalışıb-əlləşərdi. Eyni zamanda hər işə qarışar, ciddi öyüd-nəsihətlər verərdi. Siz isə o qorxulu çağlarda öz eyş-işrətinizlə məşğul idiniz. Rahatca, heç nəyə fikir vermədən gününüzü zarafat və keyfdə keçirirdiniz. Gözlərinizi zilləyib, qulaqlarınızı şəkləmişdiniz ki, nə vaxt bizim başımıza bir bədbəxtlik gələcəkdir. O məsuliyyətli günlərdə mübarizədən yayınır və haqq-ədalət, namus və şərəf uğrunda döyüşdən qaçırdınız.
Administrator
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron kitabxanasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə