Fatimə (ə.s) razı deyilsə ...

Әbu Bəkr ibni Әbu Qəhafə və Ömər ibni Xəttabın Peyğəmbərin (s) yeganə yadigarı həzrət Fatiməyə qarşı etdikləri cinayəti unutmaq olmur. Həzrət Fatimənin kim olduğu barədə kifayət qədər mə᾿lumat vermək təkcə bu yazının deyil, onlarla xüsusi kitabın həcminə sığmaz. Təkcə onu deyə bilərik ki, bu əziz xanımın dünya və axirət xanımı olması, onun razılığının Allah-taalanın razılığı, qəzəbinin ilahi qəzəb olmasını bütün şiə və əhli-sünnət kitabları təkrar-təkrar yazmıblar.

Hafiz Әbu Bəkr Beyhəqi «Tarix» kitabında, İbni Әbul-birr «İstiab» kitabında, Mir seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında yazırlar:
Peyğəmbər (s) təkrar-təkrar buyurardı:
«Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır.»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Şirazi «Nüzulul-Qur᾿an fi-Әli» kitabında, İbni Әbdul-birr «İstiab» kitabında və Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddəh» kitabında öz sənədləri ilə nəql edirlər:
Peyğəmbər (s) buyurdu:
«Dünya xanımlarının ən yaxşıları dörd qadındır: Məryəm (İsanın anası), Asiya (Fir᾿onun arvadı), Xədicə (Peyğəmbərin həyat yoldaşı) və Fatimə.»
Hafiz Әbu Musa «Mö᾿cəm» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, Sibt ibni Cuzi «Təzkirə» kitabında və İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:
Peyğəmbər (s) öz qızına üz tutub buyurdu:
«Ey Fatimə! Allah-taala sənin qəzəbinə qəzəblənər və razılığına razı olar.»
Buxari «Səhih» kitabında yazır:
Peyğəmbər (s) buyurdu:
«Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.»
Həzrət Fatimənin dəfələrlə Әbu Bəkr və Ömər tərəfindən inciməsini əksər tarixçilər öz kitablarında qeyd etmişlər.
Xüsusilə, Peyğəmbərin (s) öz qızına hədiyyə etdiyi Fədək bağının onun əlindən alınması xəlifələrin ən böyük səhvlərindən biri idi.
Fədək bağı döyüşlərin birində əldə olunmuş qənimətlərin bir hissəsi idi. İmam Әhməd Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (Qeyd olunan kitablar Qur᾿anın təfsirləridir) və İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında yazır:
«Öz yaxınlarının haqqını ver...» [20]
Bu ayə nazil olan kimi Peyğəmbər (s) Fədək bağını həzrət Fatiməyə hədiyyə etdi.»
Göründüyü kimi Fədək bağı Peyğəmbərin (s) öz həyatı dövründə öz qızına bağışladığı xüsusi bir mülk idi. Lakin Әbu Bəkrin xilafəti dövründə bu bağ həzrət Fatimədən alınıb beytul-mala daxil edildi. Әbu Bəkr Fədək bağının irs yolu ilə həzrət Fatiməyə çatdığını deyir, peyğəmbərlərdən isə heç kəsə irs qalmadığını iddia edirdi. O, bu iddiasına dəlil gətirərək deyirdi:
Peyğəmbərdən (s) özüm eşitdim ki, buyurdu:
«Peyğəmbərlərdən heç kimə miras qalmaz.»
Әbu Bəkrin nəql etdiyi bu hədisin səhv olduğunu sübut etmək üçün çoxlu sayda dəlillər gətirmək olar. Lakin həzrət Fatimənin özünün bəyan etdiyi dəlilləri və xanımın öz hüquqlarını necə müdafiə etdiyini oxuculara təqdim etməyi məqsədəuyğun sayırıq.
-Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, İbni Әsir «Nihayə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, Әli (ə)-la birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz...? Bəs nə üçün Qur᾿ani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir?
«Süleyman (peyğəmbər) Davudun (peyğəmbər – Süleymanın atası) irsinə sahib oldu.»[21]
«(Zəkəriyyə peyğəmbər dua edərək: İlahi,) Öz mərhəmətindən mənə bir övlad ver ki, mənim və Yə᾿qubun övladlarının irsinə sahib olsun...» [22]
Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox?
Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan (Әli) Qur᾿ana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq...»
İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində əlavə edir:
«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»
Doğrudan bu cümlələri oxuduqda onu söyləyənin kim olmasına baxmayaraq, təəccüb edirsən. Әslində təkcə biz yox, məzhəbindən asılı olmayaraq, bütün insaflı və imanlı şəxslər bu cümlələrə təəccüb etmişlər.
İbni Әbil Hədid Mö᾿təzili yazır:
«Xəlifənin bu sözlərini eşidəndə təəccübümü gizlədə bilmədim. Öz müəllimim Әbu Yəhya Nəqib Cə᾿fər əl-Bəsridən soruşdum: Xəlifə bu cümlədə kimi nəzərdə tutur? Ustad buyurdu: Burada qaranlıq bir şey yoxdur. Dedim: Әgər qaranlıq bir şey olmasaydı soruşmazdım. Ustad gülümsəyərək buyurdu: Әli ibni Әbu Talibi nəzərdə tutmuşdur. Bir daha soruşdum: Bu sözlər hamısı Әli (ə)-a aiddir?! Ustad cavab verdi: Oğlum, hakimiyyət və səltənət belədir!!»
Ötən bəhslərimizdə Әli (ə)-dan bey᾿ət almaq üçün onun evinə hücum olunduğu, bu zaman Peyğəmbərin (s) əziz qızının incidilməsi barədə geniş söhbət açmışdıq.
Әbu Məhəmməd Abdullah Bahili Deynuri «Tarixul-xüləfa ər-raşidin» kitabında bu hadisəni geniş şəkildə yazmışdır. Hadisə zamanı həzrət Fatimənin dediyi bir cümlə xanımın Әbu Bəkr və Ömərdən narazı olduğunu açıq şəkildə bəyan edir:
«Atacan! Ey Allahın rəsulu! Səndən sonra Әbu Qəhafənin oğlu (Әbu Bəkr) ilə Xəttabın oğlundan (Ömər) biz nələr çəkdik...»
Həmin iman və insaf əhli olan əhli-sünnət alimi (Deynuri) öz kitabında, həmçinin İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Fatimənin ömrünün son günlərində Ömər, Әbu Bəkrə dedi (və ya əksinə): Gəl birlikdə gedib Fatimədən halallıq alaq, biz onu qəzəbləndirmişik. Onlar Fatimənin evinə gəldikdə xanım onlara görüş icazəsi vermədi. Onlar Әli (ə)-dan xahiş edərək evə daxil oldular. Xanım üzünü divara çevirib sakit dayandı. Әbu Bəkr dedi: Ey Peyğəmbərin (s) əzizi, and olsun Allaha ki, səni qızım Aişədən çox istəyirəm. Kaş Peyğəmbərdən (s) sonra ölmüş olaydım. Mən sənin kim olduğunu hamıdan yaxşı bilirəm.
Həzrət Fatimə Әli (ə)-a dedi: Onlardan soruş: Eşitməmişdiniz ki, Peyğəmbər (s) buyurdu: «Fatimənin razılığı mənim razılığım, qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmişdir...»
Әbu Bəkr və Ömər cavab verdilər: Bəli, Peyğəmbərdən (s) bu sözləri eşitmişik. Həzrət Fatimə buyurdu: Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz məni incitdiniz, mən sizdən razı deyiləm. Atam Peyğəmbəri (s) görən kimi sizdən şikayət edəcəyəm. Onlar bu sözləri eşidəndə şiddətlə ağlamağa başladılar.
Həzrət Fatimə için-için ağlayaraq buyurdu: And olsun Allaha ki, hər dəfə namaz qılanda sizə nifrin edirəm...
Әbu Bəkr dözə bilməyib nalə çəkərək çölə çıxdı.»
Peyğəmbərin (s) əziz qızı cəmi 18 il miskin və qərib bir həyat sürərək atasından 75 və ya 95 gün sonra (bə᾿zi ehtimallara görə 6 ay sonra) vəfat etdi. Xanım öz vəsiyyətində buyurdu: Ya Әli, bunlardan heç biri mənim dəfnimdə iştirak etməsinlər...
Məni gecənin qaranlığında, gözlər yumulub yatandan sonra dəfn edərsən.
Səhih Buxari kitabında yazıldığı kimi Әli (ə), xanımın vəsiyyətinə uyğun olaraq onu gecə yarı keçdikdən sonra torpağa tapşırdı.
Ulu Peyğəmbərimizin (s) haqq də᾿vətinə ləbbeyk deyib ona iman gətirən bütün müsəlmanlar bu sualın cavabı haqqında düşünməlidirlər:
«Görəsən Peyğəmbərimizin (s) cigər parası, əziz qızı Fatimənin müqəddəs məzarı haradadır, bu məzar nə üçün bu günədək gizli qalmışdır?»

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.