Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əsas səhİfə Müxtəlif Arxiv Sual-cavab (1)

Sual-cavab (1)

Sual- cavab:  1-dən 10-dək
SUAL 1-1: Hörmətli Ayətullah-üzma Safi həzrətləri, salam! Bir qrup şəxs «Şəms» surəsində Allahın nəfsin paklığına on bir dəfə and içməsini əsas götürərək nəfsin paklanmasını vacib bilmişlər. Bu düzgündürmü?
CAVAB: Nəfsi saflaşdırmaq, paklamaq vacibdir. «Onu paklayan nicat tapar» (Şəms-9) ayəsinə müvafiq olaraq nəfsini paklayanlar nicat tapasıdırlar.
İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın zinətləndirilməsinə xüsusi yer verilmişdir. Batinə səfa verilməsində, qəlb çirkinliklərinin təmizlənməsində bu proqramlar olduqca təsirlidir. Ali islam təlimlərinin bir hissəsi paklıq və saflıq, digər bir hissəsi isə kamillik və zinətlənmədir. Bu iki yönümün faydası bütün dini təlimlərdə təsdiqlənir.
Əxlaqın paklaşdırılmasında insan özü aparıcı rol oynayır. Vəzifələrin, ibadətlərin icrası, günahın tərk edilməsi ardıcıllıqla yerinə yetirilərsə, batinin nuru artar və Allaha üz tutmaqla qəlb aydınlaşar. Əksinə, günah və haramlar, dini göstərişlərə etinasızlıq qəlbi qaraldır, ruhu korlayır.
Beləcə, din Allaha üz tutmaq, paklamaq, zinətlənmək, kamilləşməkdir. «Hər bir mömin kişi və qadın yaxşı işlər görərsə, onu pak həyatda yaşadar, əməllərinin əvəzini daha artıq verərik.» (Nəhl-97). Bu əməllər bəyənilmiş həyata səbəb olur və insan elm və əməl qanadı ilə bu ali məqamlara yetişir.
Quran və Əhli-beyt hədislərini qoyub, onun-bunun sözünə əməl etmək və rəhbər, şeyx seçmək lazım deyil. Bəziləri gərəksiz olaraq Allaha yaxınlaşmaq adı altında təriqət və qruplar yaradır, hətta alimləri də müəyyən dəstələrə bölürlər. Əsassız proqramlar islam adı ilə qələmə verilir.
Bütün kitabların (məsələn, Şeyx Tusinin «Misbahul-mutəhəccid» kitabı) göstərdiyi yaxınlaşma yolu vacibatlardan, nafilələrdən, insanları yaxşıya dəvət edib, pisdən çəkindirməkdən, «İslam» kəlməsini ucaltmaqdan, möminlərin ehtiyacını ödəməkdən, həzrət Mehdinin (ə) zühurunun həqiqi intizarında olmaqdan ibarətdir.
Allah-taala hamını Öz dininə, doğru yol olan islama hidayət etsin.
SUAL 1-2: Deyirlər ki, mənəvi kamilliyə çatmaq istəyən şəxs dua və zikrləri dərman misalında bilib, onları ruhani təbibin nəzarəti altında istifadə etməlidir. Çünki dualar ruhi təbəqələrə malikdir. Bu doğrudurmu?
CAVAB: Deyilən məqsədə çatmaq üçün Əllamə Məclisinin kitablarından, Tusinin «Misbahından», «Məfatihul-cinan»dan dua və zikrlər oxunsa kifayətdir. Xüsusi bir icazə və göstərişə ehtiyac yoxdur. İcazəyə ehtiyaclı bilindirilən bəzi sufi proqramları əsassızdır. Bəzən isə bu proqramların müəyyən qismləri bidət və haramdır. Ən əsası odur ki, ibadət və təkliflər proqramı şəriət və məsumlara əsaslansın. İnsan kimlərinsə ixtiralarına tabe olmamalıdır.
SUAL 2: Şiələrin uca məqamlı müctəhidi həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!
Yaşayış mühitim çətinləşib. Səbəb ailə üzvlərinin islami vəzifə və göstərişlərə məsuliyyətsizliyidir. Evi tərk edib, başqa bir yerdə şəri vəzifələrimi rahatlıqla yerinə yetirmək istəyirəm. Yaddaşımın zəifliyi də narahatçılıq yaradır. Bu iki çətinlikdə dəyərli nəsihətlərinizlə yol göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Yazdığınız əlimizə çatdı. Allahdan çətinliklərinizin gözəl şəkildə həllini və sizin üçün xeyir aqibət istəyirəm.
Sizin əhkam və şəri vəzifələrə diqqətiniz bəyəniləsidir. Həzrət Bəqiyyətullahın (ə.c) lütfü sizə şamil olsun, inşaəllah.
Ailəniz dini vəzifələri hələlik lazım olan şəkildə yerinə yetirməsə də, siz müqavimət göstərin. Zənnimcə, təhsilinizi bitirməmiş yaşayış şəraitinizi dəyişsəniz, yeni çətinliklərlə qarşılaşacaqsınız.
İlkin islam dövrünü və o dövrün müsəlmanlarını xatırlayın. O zaman gənclər kafir ailələr içində müsəlman olur və xeyli əzab-əziyyətlə qarşılaşırdılar. Məyus olmayın. İnşaəllah müvəffəq olarsınız.
Hafizənizin zəifliyi də qorxulu deyil. Bir çox istedadlı şəxsiyyətlərin hafizəsi zəif olub. Allah sizə kömək olsun.
SUAL 3: Ayətullah-üzma hacı şeyx Lütfüllah Safini həzrətlərinə. Salam! Böyük şəxsiyyətlərlə ünsiyyətdə olduğunuzu nəzərə alaraq, sizdən dünya və axirət səadətinə yol açan bir nəsihət istəyirəm. «Nəsihət möminlər üçün faydalıdır.» (Zariyat-55).
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər olan dəyişikliklərin hər biri öyüd və nəsihətdir.
Əgər insan aləmə ibrət gözü ilə baxarsa dünyanın zahirinə diqqət yetirməklə onun batini haqda düşünərsə, şübhəsiz öz vücudunda oyanış hiss edər. İnsan üçün imkan aləminin hər bir zərrəsində, hər bir yarpaqda mərifət qapıları və səadət yolları açılar. Bir şərtlə ki, insan aşağıdakı ayələrin şamil edildiyi qrupdan olsun: «Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan» (Ali-İmran-191). Əksinə, bu ayədə göstərilən sifətdən uzaq ola: «Ürəkləri var, onunla dərk etməz, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər» (Əraf-179).
Yaranış kitabı olan dünya başdan-başa nəsihət və moizələrlə zəngindir. Lakin oxumaq üçün savad, mənaların dərki üçün ağıl gərəkdir. Böyük vəhy və şəriət kitabı olan Qurani-kərim də, yaranış aləmi kimi nəsihətlərdən ibarətdir. Onu çox oxuduqca, mənalarını çox düşündükcə daha çox ibrət götürülür. İstənilən bir sahədə nəsihəti Qurandan tapa bilərsiniz.
Əbdür-rəhmanın sifətlərini mübarək «Fürqan» surəsindən, ictimai-əxlaqi təlimləri «İsra» surəsinin 22-39-cu ayələrindən oxuya bilərsiniz. Onun müjdə verən, qorxudan ayələrinin hər biri nəsihətamizdir. Sol və sağ tərəfdən olanların sifətlərinin bəyanı olduqca nəsihətlidir.
Peyğəmbərlərin və ilahi şəxslərin, eləcə də kafirlərin və fironların aqibəti doğru yola yönəlmək üçün öyüd və nəsihətdir. Oxuyun, təkrarlayın və mənalarını düşünün. Çalışın ki, bu mənaların həqiqətini əldə edəsiniz. «Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
«Onlara bu dünya həyatını misal gətir – o, göydən yağan və cürbəcür bitkilər cücərdən yağış kimidir. Allah hər bir işə qadirdir» (Kəhf-45).
«Hər kəs zərrəcə yaxşılıq etsə, yaxşılıq, hər kəs zərrəcə pislik etsə, pislik görər» (Zilzal 7-8).
«Göylərdə və yerdə baxılmayıb, ötürülən bir çox nişanələr var» (Yusif-105).
«Özlərindən sonra necə bağlar və bulaqlar qaldı – əkinlər, gözəl evlər və içində qərq olduqları bir nemət» (Duxan 25, - 27).
«İllər boyu onları faydalandırdığımıza baxmayaraq, vəd olunmuş əzabın başlarına yağdığını gördün. Həmin faydalar onlara təsir etmədimi?» (Şuəra 205, 206, 207).
Xülasə, aydınlıq istəyənlər üçün Quran bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Quranla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, «Nəhcül-bəlağədən» həzrət Əlinin (ə) xütbələrini, Quranın həqiqi şərhçilərinin nəsihətlərini mütaliə edin.
İmkan həddində mömin bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.
Gecə namazını qənimət bilin. Hər zaman Allahı zikr edin. Cümə axşamları «Kumeyl», cümə günləri isə «Nudbə» duası oxuyun.
Öz şəxsi əməl və hesabınızın mühasibəsində alverdə şəriklərin hesabında olduğundan da ciddi olun. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir. (Kuleyni «Kafi» 2-ci cild).
Niyyətinizi xalisləşdirin, özünüzü Allah və Onun savabından qeyri bir şeyə satmayın.
İmkan aləminin nümunə və hidayətçisi həzrət Bəqiyyətullah (ə.c.) ilə rabitənizi qoruyun. Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmayın. İşlərimizi bacardıqca onların öhdəsinə qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (imam Zaman (əc.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək. Yalnız Əhli-beytə itaətlə əldə edilən uca məqama yüksələcəyinizi ümid edirəm. Allah sizləri, bizləri, və bütün möminləri ins və cindən olan şeytanların, bidətçilərin tələlərindən qorusun.
SUAL 4: Hörmətli müctəhid Ayətullah-üzma Safi Gülpayiqani ağanın hüzuruna! Haqqa çatmaq üçün bir göstəriş buyurun. Bu hədəfə nail olmaq üçün özümə rəhbər, şeyx seçimmi? Hansı kitabı məsləhət görürsünüz?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Məktubunuz çatdı və onun məzmunundan məlumat hasil oldu. Əxlaqı paklamaq və sizin sözünüzlə desək, Allaha tərəf getmək üçün göstəriş istəmisiniz. Yadınıza salıram ki, İslam təlimlərinə, vacib və müstəhəbbə əməl etmək, haram və məkruhdan çəkinmək haqqa tərəf getmək deməkdir.
Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəkətdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır. İbadi təlimlər, namaz, həcc, oruc, dua, Quran oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək, rəvayətdə (Muəlla ibni Xuneysin rəvayətində) deyildiyi həddə din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qurani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.
Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Quranın təfsirləri və hədis kitablarında göstərilmişdir. Şeyx və rəhbərə ehtiyac yoxdur. Ustad Quran və Əhli-beytdən olan hədislərdir.
Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şəri vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun səfərdə ola bilər. Lakin «...qafillərdən olma...» (Əraf-205) ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.
İslam təlimlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.
Yaxşıya dəvəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir. İşarə etdiyiniz həmin firqədən qorunun. Həmin yol küfr və şirkə aparır. Onların rəhbərlikdə məqsədi xalqı azdırmaqdır.
Qardaşcasına nəsihət edirəm: əvvəl vaxtda namaz qılmaqla, dilinizi qorumaqla, deyilən proqramlara baxmaqla, elə öz ayağınızla Allaha tərəf getsəniz, Ona yaxın olarsınız.
«Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir» (Ənkəbut-69).
Mən sizin müvəffəqiyyət qazanmağınız və imanınızın şeytanların vəsvəsəsindən qorunması üçün dua edirəm. Siz də məni unutmayın.
SUAL 5: Şiələrin uca məqamlı müctəhidi Ayətullah-üzma Safinin hüzuruna, ədəb və ixlas ilə! Ruhi sarsıntı və uğursuzluqdan qurtulmaq üçün nə etmək lazımdır?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ruhi halətlər və müvəffəqiyyətlərin kəsilməsindən danışan məktubunuz gəlib çatdı.
Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir.
Şərafətli bir hədisə görə, uzun illər ibadətlə məşğul olmuş bir şəxs var idi. Bu şəxs o zamanın adət-ənənəsi ilə qurban kəsdi və bu qurban qəbul olmadı. O, öz nəfsinə üz tutub dedi: «Başıma nə gəldisə, səndən gəldi. Günahkar deyildim, sən etdin.» Xitab oldu ki, bu şəxsin öz nəfsini danlması illərlə etdiyi ibadətdən daha yaxşıdır.
Siz hazırkı imanınız ilə həmin ləyaqətli halətə sahib olmalı, savabın əldə verilməsindən narahatlıq keçirməlisiniz. Buna görə də ötən zərərlərin aradan qaldırılması məqamına gəlin və Allaha şükr edin ki, sizə belə bir işıqlı vicdan vermişdir. Şükr edə-edə, şadlıq və eşqlə öz proqramlarınızın icrasına başlayın. Allahdan mərhəmət və yardım diləyin. İnşəallah, halınız yaxşılaşacaq, qəlbinizin nuraniliyi, batininizin saflığı artacaq.
Hər bir bəndə öz nəfsani halətlərini nəzarət altında saxlamalıdır. Hədisdə var: «Qəlb də dəmir kimi paslanır və Quran oxumaqla, ölümü yada salmaqla təmizlənir.» («Əlmühəccətül-beyza» 2-ci cild).
Əgər bacarsanız, öz nəfsinizi cərimə edin. Allahın itaət və razılığı yolunda onu təzyiq altında saxlayın. Bu işlərdən əlavə, malınızdan infaq edin, çox namaz qılın, Quran oxuyun. Bəzi böyük şəxsiyyətlərin haqqında deyilib ki, namazı əvvəl vaxtdan gecikdirəndə özünü ədəbləndirmək üçün bir qul azad edərdi.
Əbu-həmzə Somalinin dualarından bu seçilmiş cümlələri oxuyun və işinizdə eyb varsa, onu düzəldin.
«Ey mənim Allahım! Hər zaman ki, öz batinimi islah edib, tövbəkarlara yaxın olmaq istədimsə, qarşıya bir çətinlik çıxdı və məndən sabit qədəmliyi aldı. Sənin xidmətində olmaqdan kənar düşdüm. Mənim ağam! Bəlkə məni öz dərgahından qovub, o dərgahda xidmət etməkdən məhrum etmisən? Bəlkə, Sənin haqqında səhlənkarlıq etdiyimi görüb, məni uzaqlaşdırdın? Bəlkə, Səndən üz döndərdiyimi gördün və mənə qəzəbləndin? Bəlkə, məni yalançılar sırasında gördün və başlı-başına buraxdın? Bəlkə, Sənin bəxşişlərinə minnətdar olmadığımı gördün və məni nəsibsiz qoydun? Bəlkə, məni alimlərlə həmsöhbət, yaxın görməyib xar etdin? Bəlkə, məni qəflətdə olanlarla görüb, rəhmətindən naümid etdin? Bəlkə, məni batil əməl sahibləri ilə görüb, onlara tapşırdın? («Məfatihul-cinan»).
Yuxarıda müvəffəqiyyətsizlik amilləri sadalandı və mənə elə gəlir ki, onlar kifayət qədər oyadıcıdır. Ümid edirəm ki, siz bu amillərdən heç birinin təsiri altına düşməyəcəksiniz. Allaha ümid bağlamaqla, proqramları əvvəlki kimi icra edin. İrəliləyin, addımlayın! Böyük xoşbəxtliklər və ali dərəcələr sizin intizarınızdadır!
Ağamız Mehdi (ə.c) həzrətlərinin ətəyindən yapışın və onun zühuru üçün dua edin.
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin!Amin.
SUAL 6: Əziz müchətihidimz həzrət Ayətullah-üzma hacı şeyx Lütfüllah Safinin hüzuruna. Salam!Sizi Həzrət Fatimeyi-Zəhranın (ə) viladət günü münasibəti ilə təbrik edirəm. İslam yolunda sabitqədəm olmağım üçün bu mübarək günlərdə bir nəsihət buyurmanızı xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Əlhəmdulillahi rəbbil aləmin Vəssəlatu vəssəlamu əla səyyidina və nəbiyyina Əbil-qasimi Muhəmmədin və alihit-tahirin, siyyəma bəqiyyətillahi fil-ərzin.
Allah-taala buyurur: «Bilin ki, mənim doğru və düzgün yolum budur. Onu seçin və digər yolla getməyin ki, sizi Onun yolundan uzaqlaşdırar. Sizə belə tapşırılmışdır. Olsun ki, amanda qalasınız» (Ənam-153).
Sizə verəcəyim nəsihətlər Əllamə Hillinin öz oğlu Fəxrül-Mühəqqiqinə etdiyi nəsihətlərdən götürülmüşdür. O, ən böyük islam alimlərindən, əqli və nəqli elmlərdə misilsiz ustadlardandır. O, çox qiymətli «Təvaid» kitabının sonunda elm aləminin iftixarı olan oğluna bir sıra tapşırıqlar vermişdir.
O, böyük fəqih öz şərəfli oğluna xeyir-dua verdikdən sonra ona təqvalı və pəhrizkar olmağı vəsiyyət edir. Onu Allahın əmrlərinə itaətə, ilahi razılığa səbəb olacaq işlərə, nəhy edilən işlərdən uzaqlaşmağa çağırır.
O, öz oğlundan istəyir ki, ömrünü fəzilət qazanmağa, nadanlıq və naqislik uçurumundan elm və kamal, saleh əməllərin ən ali dərəcəsinə yüksəlməyə sərf etsin, vaxtını səmərəsiz keçirməsin.
Bu vəsiyyətlərdən biri də mömin qardaşlara kömək, zəiflərin ehtiyacını ödəmək, pislik qarşısında yaxşılıq, yaxşılıq qarşısında təşəkkürdür. Onu əxlaqsız və qanmaz adamlarla dostluqdan, hömsöhbət olmaqdan çəkindirir.
Digər tərəfdən öz övladına alimlərlə yaxınlığın gözəl əxlaqa səbəb olduğunu anladır. Səbr və təvəkkül, nəfslə hesab aparmaq, bağışlanmaq istəmək, zülmdən çəkinmək vəsiyyət olunur. Yaddan çıxarma ki,Allah zəif və əldən düşmüş şəxsləri incidənin, yoxsula əziyyət verənin günahından keçmir.
Sonra buyurur: Gecə namazını unutma və çalış həmişə onu yerinə yetirəsən. Böyük məqamlı Peyğəmbər (s) möminləri ona rəğbətləndirib: «Behişt ömrünün sonunu gecələr durmaqla keçirənindir» (Əvaliyul-ləali 2-ci cild).
Qohum-əqrəba və yaxın adamlara baş çək – bu, ömrün uzanmasına səbəb olar. Bacardıqca gözəl əxlaqa yiyələn. Həzrət Peyğəmbər (s) buyurur: «Doğrusu, heç vaxt malınızla xalqı razı sala bilməzsiniz. Belə isə, onları əxlaqınızla razı salın.» (Həmin mənbə 4-cü cild).
Pak nəsil olan məsum övladlarına, kəramətli seyidlərə bağlı olmağa, onlara xidmət və hörmət göstərməyə çalış. Allah-taala onları təkidlə tapşırmış, onlarla dostluğu risalətin savabı bildirmişdir. «Ey Peyğəmbər, de ki, sizdən Əhli-beytlə dostluqdan başqa bir şey istəmirəm» (Şura-23).
Son peyğəmbər həzrət Məhəmməd (s) buyurmuşdur: «Qiyamət günü dörd qrup, dünya əhlinin günahı qədər günah gətirərsə də onlara şəfaət edərəm: mənim nəslimə kömək edənlər, yoxsulluq və çətinlikdə mənim övladlarıma malından bağışlayanlar, dili və qəlbiylə övladlarımı sevənlər, övladlarım qovulub, kənarda qaldıqları vaxt onların ehtiyacını aradan qaldırmaq üçün çalışanlar» (Əvaliul-ləali, 4-cü cild).
Alimləri əzizlə, fəqihlərə təzim et. Həzrət Peyğəmbər (s) buyurub: «Fəqihə ehtiram göstərən şəxs qiyamət günü Allah ilə Onun bəyəndiyi bir halda görüşər. Fəqihi yüngül sayan isə Allah ilə Allahın ona qəzəbləndiyi halda görüşər» (Həmin mənbə, 1-ci cild).
Alimə və hətta onun evinin qapısına baxmaq, onunla yoldaşlıq edib həmsöhbət olmaq ibadətdir. Sənə dini anlamağı, elm əldə etməyi arzulayıram. Məbada, öz elmini ehtiyacı olanlardan gizlədəsən. Quranda buyurulur: «Öz elmini gizlədən şəxsə Allah və bütün lənət edənlər lənət yağdırar» (Bəqərə-159).
Xüsusilə, bidətlər zamanı alimlərin öz elmlərini zahir edib, bidətləri dəf etməsi və camaatı bu yoldan çəkindirməsi vacibdir. Peyğəmbər (s) buyurur: «Ümmətim arasında bidətlər aşkar olduqda din aliminə öz biliyini bəyan etmək vacibdir. Belə olmasa, Allahın lənəti olsun ona» (Əvaliul-ləali, 4-cü cild).
Əllamə Hillinin (r.ə) buyuruqlarından əlavə, mənimdə tövsiyəm budur ki, Allahı unutma və Ona elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görmürsənsədə, O səni görür. Onu ürəyinlə, dilinlə daim xatırla. Yəqin ki, O da səni yada salar. (Bəqərə-152).
Onun nemətlərinə şükrü unutma. Neməti danmaqdan, Onun nemətləri ilə Ona günah etməkdən çəkin. «Şükr etsəniz, nemətləri artıraram və əgər küfr etsəniz, [bilin ki] mənim əzabım ağırdır» (İbrahim-7).
Alış-verişdə insafı gözlə. Kimsənin kiçik olsa belə, haqqını inkar etmə. Bacardığın qədər din qardaşlarına kömək göstər. Üç əməl çox faydalıdır: dostlara maddi kömək, camaatla insaflı rəftar, Allahı hər zaman xatırlamaq. (İrşad, 2-ci cild).
Mömin qardaş və bacıların hüququna riayət et. Bunun üçün ən asan yol özün üçün istədiyini onlar üçün də istəmək, özün üçün xoşlamadığını onlar üçün də xoşlamamaqdır. Səninlə əlaqəni kəsənlərə yaxınlaş, sənə zülm edənləri bağışla.
Lovğalıq, qürur, xudbinlik, başqalarına yuxarıdan baxmaqdan çəkin. «Lovğalıq edənlərin yeri cəhənnəm deyildirmi?» (Zumər-60).
Allah bəndələrinə mömin bacı və qardaşlarına saymazyana baxma. Sənin alçaq gördüyün şəxs Allah övliyalarından ola bilər. Zahiri əlamətlər həqiqi ölçü deyil. «Bu dünyada var-dövlət yığanların əli o dünyada boşdur» (Kənzul-ummal).
Başqaları ilə müqayisədə özünü nə qədər kiçik saysan və təvazökarlıq göstərsən, uca məqamlara çatarsan.
Yaxşıya dəvət və pisdən çəkindirməni, İslam kəlməsinin ucaldılmasını, Əhli-beyt məktəbinin təbliğini istiqamət seç. Allah yolunda dostluq və düşmənçiliyi gözlə.
Dünya və axirət izzətinin, cəmiyyətin etibarının mühüm səbəblərindən olan əhdə vəfadarlıq, düzlük və sədaqəti uca tut. Hədisdə buyurlur: «İnsanın oruc və namazının çoxluğuna deyil, əmanətdarlığına, danışıqda düzgünlüyünə baxın» (Kafi, 2-ci cild).
Həzrət Peyğəmbər (s) bir hədisdə buyurur: «Mənim ümmətim nə qədər ki, əmanəti qənimət və sədəqəni ziyan bilmir, həmişə xeyirdədir.»
Allahın düşmənləri ilə dostluqdan çəkin və bu üç ayəni unutma:
«Elə bir qövm tapmazsan ki, Allah və Onun peyğəmbərinə iman gətirsin, amma onların müxalifləri ilə dostluq etsin – bu müxaliflər onların ataları, övladları, qardaşları və ya qəbilələri olmuş olsa da! (Mücadilə-22).
«De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, arvadlarınız, qohumlarınız, qazandığınız mallar, kasadlığından qorxduğunuz ticarət və bəyəndiyiniz evlər sizin üçün Allahdan, Onun rəsulundan, Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmrini gözləyin, Allah fisq əhlini sevməz» (Tövbə-24).
«Bu axirət evini dünyada üstünlük arzusunda və azğın olmayanlar üçün qurmuşuq və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
Quran oxumağı tərk etmə. Rəvayətlərə görə Quran Allahın əhdidir. Hər bir şəxs bu əhdə baxmalı və hər gün ən azı beş ayə oxumalıdır.
Yerin və göyün yaranışını, ilahi nişanələri düşünmək, Allahı tanımağa, ruhun və əqlin inkişafına səbəbdir və bu düşüncələrin fəzilətini əldən buraxma! Allah-taala Quranda ağıl sahiblərini vəsf edərək buyurur: «Yer üzündə yəqin əhli üçün ibrətlər vardır. Öz vücudunuzda görmürsünüzmü?» (Zariyat 20, 21).
Aləmin zahirinə baş qatıb, onun batinini görməyənlərdən olma. Belələri haqqında buyurulur: «Göylərdə və yerlərdə çox nişanələr vardır ki, onlardan ötüşüb baxmazlar» (Yusif-105).
Məsumlara təvəssüldən, onların müsibət və fəzilətləri zikr olunan məclislərdən, rövzə məclisləri, həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərindən uzaq olub, səhlənkarlıq etməyəsən. Ruhun kamilləşməsindən, nəfsin paklaşmasından, çoxlu savab qazanmaqdan, mərifət və bəsirətin artmasından ibarət olan bu məclisləri qənimət say!
Xüsusi ilə, həqiqi nemətlərin vəlisi, zahiri və batini feyzlər müqəddəs vücudundan bərəkət tapan həzrət Mehdini (ə.c) unutma. Öz rəftar və danışığınla o həzrəti bacardıqca razı sal. Onun zühurunun təcili, nicat dövrünün yaxınlaşması üçün dua et. Onun həqiqi intizarını çəkənlərdən olmağa çalış!
Məhəmməd və ali Məhəmmədə salavat göndərməklə mətin ol! Və bu təqsirli fəqirə də dua etməyi unutma!
SUAL 7: Həzrət Ayətullah hacı şeyx Lütfüllah Safinin mübarək hüzuruna. Salam. Xahiş edirəm ki, suallarıma cavab verəsiniz:
1. Əgər bir gün Allahd-taala sizin bir arzunuzu yerinə yetirərsə, Ondan nə istəyərsiniz?
2. İnşəallah, qiyamət aləmində Allah şəfaət məqamı verərsə, mənə şəfaət edərsinizmi?
CAVAB 7-1: Bismillahir-rəhmanir-rəhim.
Sizin iki sual və nəsihət istəməyinizdən ibarət məktubunuz çatdı.
Suallar, istəklər, gözəl niyyət, dini baxış və vicdanlı həyatın təzahürüdür. Mən bu qəlbinizə, imanınıza görə sizə təbrik deyir, Allahdan sizin üçün müvəffəqiyyət və kamil iman istəyirəm.
Vaxt darlığı səbəbindən müxtəsər cavab verməyə çalışsam da, mövzuların mənəviliyi və onların insan ruhuna bəxş etdiyi şirinlik söhbəti uzadır. Əgər qələmin cilovu çəkilməsə, nəfs bu ürəyəyatan mövzulardan doymaz, qələm yazmaqdan yorulmaz. «Həmd olsun o Allaha ki, bizi hidayət etdi və Allah yol göstərməsəydi, heç vaxt haq yolu tapa bilməzdik» (Əraf-43).
Dünyanın vəziyyəti və dünya xalqlarının fərqli xarakteri, eləcə də, dünyada gedən dəyişikliklərin hər biri moizə və nəsihətdir. Zatın hər bir zərrəsi, hər bir yarpmaq, yağış damlası, hüceyrə, canlı, cansız, bitki, insan, dağ, dəniz, ulduz, qalaktika həqiqətlərdən bir aləm, mənalardan bir kitab, Allaha tərəf gedən bir yoldur. İlahi qayda olan geyimlər, həyat və ölüm, zahiri görünüşlərin və nemətlərin təzələnməsi, ömürlərin sona çatması, dövlətlərin süqutu düşüncəli insanlar üçün həmişə ən yaxşı moizə olub və olmaqdadır. «Səbəb Allahın haqq və Ondan qeyri çağırılanların batil olmasıdır. Allahın mərtəbəsi yüksək və böyükdür» (Loğman-30; Həcc-62).
Yaranış kitabının hansı nöqtə, hərf və kəlməsində, hansı hadisə, kiçik və ya böyük varlıqda ilahi nişanələr müşahidə edilmir ki, qafil insanlar qəflət yuxusundan oyanıb, işlərin aqibəti haqqında düşüncəyə vadar olmasın, yeganə Yaradanın əzəməti qarşısında səcdəyə getməsin, dilindən tövhid kəlmələri qopmasın?!
«İlahi, həqiqətən səmadakı və yerdəki hərəkətlər, gözlərdəki baxış, dənizlərin hər bir qətrəsi, ağacların hər bir yarpağı Sənə dəlil və şahiddir, Sənin mülkündə heyrandır».
Bəli, bütün müşahidə olunanlar ilahi varlığın, Onun elm və qüdrətinin nişanələridir.
Ayıqlar nəzərində yaşıl-yaşıl yarpaqlar
İlahi bir düzümdən söz danışan varaqlar.
Varlığın atomdan tutmuş kəhkəşanlara qədər bütün hissələri Allahın qüdrəti sayəsində hərəkətdədir. Bu təbii hərəkət insan vücudunun zərrələrində də cərəyan etməkdədir. Bütün zərrələr batini bir dillə xəbərdarlıq edir ki, ixtiyar və iradə meydanında hərəkət karvanından geri qalmaq olmaz. Təəssüf doğurar ki, insan bütün bu moizə və xəbərdarlıqları qulaq ardına vurub, ömrünü qəflətdə və oyun-oyuncaqla keçirsin.
Hədisdə belə buyurulur: «İki günü bərabər olan şəxs ziyankar və bu günü dünənindən pis olan şəxs məlundur» (Məanul-əxbar).
Bütün gördükləriniz bizi ayıq olub, vaxtın qədrini bilməyə çağırır. Cavanlığın arxasında qocalıq, sağlamlağın arxasında xəstəlik və həyatın arxasında ölüm dayanmışdır. Vaxt varkən ayağa qalxın, qarşıdakı uzun yolunuz üçün azuqə hazırlayın. Əli (ə)-ın buyuruğunu unutmayın: «Bu qədər öyüd-nəsihət aqil insanların moizəsi və nadanların ibrət götürməsi üçün kifayətdir.» (Nəhcül-bəlağə).
Birinci sualınız olduqca əhəmiyyətlidir. Elmin dərinliklərinə getmiş, kamillik və bəsirət mədəni olan, Allahdan ilhamlanan İmamlardan (ə) savay kimsə bu suala qənaətbəxş cavab verə bilməz. Arzularımdan birinin yerinə yetiriləcəyi təqdirdə Allahdan nə istəyəcəyimi bilmirəm. Onun dərgahından sabit iman, razılıq, yoxsa cənnətmi istəyim? Yoxsa həzrət Mehdinin (ə.c) zühurunu istəyim? Bəlkə, deyim ki, ilahi məni öz bəyəndiyin kimi et? Ya da bütün bəndələr üçün dünya və axirət səadəti diləyim?
Ancaq mən Allahı bağışlayan və bəxşiş verən kimi tanıyıram. Onun rəhmət və kəramət xəzinələrindən nə qədər bağışlanarsa, zərrəcə azalmaz. Bütün dualar icabət olunar. O, mütləq feyz bağışlayandır. «Onun birini dinləməsi digərini dinləməsinə mane olmur və istəyənə də, istəməyənə də əta edir» (Kafi, 2-ci cild). Onun xəzinələri tükənməz və çox bağışlamağı ona yalnız kərəm və səxavət artırar» (Məfatihul-cinan).
O, öz kitabında və həzrət Rəsula (s) vəhyində dua üçün hamıya mütləq izn verib. «Sizin Allahınız deyər: çağırın Məni, cavab verim sizə. Şübhəsiz, Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar tezliklə xar və zarıyan halda cəhənnəmə daxil olacaqlar» (Ğafir-60). Beləliklə də, hamıya dua əmri verilmiş, qurtuluş qapıları taybatay açılmışdır.
Bu səbəbdən də mən bütün ehtiyaclarımı Ondan istəyirəm və Onun ətasını məhdud saymıram. Fəxr edirəm ki, vücudum başdan-ayağa Ona möhtacdır və izzətim Onun ətasına bağlıdır.
Onu da qeyd edim ki, həzrət Peyğəmbər (s) və Əhli-beytdən rəvayət olunan dualar arasında bütün məqsəd və mətləbləri özündə cəmləşdirən dualar çoxdur. Lakin bu dualar artıq seçilmiş olduğu üçün onların arasından bir neçəsini seçmək olmaz.
Əgər imamların səhabələrinin, alim və hədisçilərin tərtib etdikləri mötəbər kitablardan hər birimiz faydalansaq, saysız-hesabsız rəhmət xəzinələrinə yol açılar.
Bu dualar bəşərin həqiqi ehtiyaclarının bəyanından əlavə, oxuyanın diqqətini ehtiyacsız Allaha yönəldir, onda füsünkar mənəvi halətlər yaradır, Allahla ünsiyyətdən zövq alınır. Eləcə də, elm, mərifət, əxlaq, fəzilət qapıları dua oxuyanın üzünə açılır.
Yəqin ki, o həzrətlərin dua göstərişləri olmasaydı, bəşəriyyət dua işığında vücuda gələn kamilliyi dada bilməzdi. Bu dualar Allahı hansı adlarla çağırmağı, nə istəməyi öyrədir.
Bu dualar və xüsusi ilə də Qurandakı dualar nur, iman, Allaha tərəf seyr, heyvani və nəfs ani istəklərindən qurtuluş, mələkuti dərəcələrə yüksəliş, rəhmət dəryasında üzmək və həqiqi bərəkətdir. İmam Zeynəlabidin (ə) münacatlarından birində belə buyurur: «Ey o kəs ki, səltənəti bütün yeri tutmuş, cəlal və əzəməti hər şeyə qalibdir. Məhəmməd və onun ailəsinə salam göndər. Qəlbimi Sənə tərəf yönəlməyin şadlığı ilə doldur və məni Sənə itaət edənlər cərgəsinə qoş.»
Duanı oxuyarkən anlayırıq ki, Allahdan bir şey istədiyimiz zaman bu sözləri tapa bilməzdik. Öz hacətlərimizi bu duadakı məqamlarla dərk etməz, dünyəvi və maddi istəklərlə kifayətlənərdik. Uyğun duada yenə də buyurulur: «Ey o kəs ki, yolunu azmışlar ona üz tutar, Onu rəhbər görərlər. Qorxmuşlar Onu səslər, Onu sığınacaq bilərlər. İbadət edənlər Ona pənah aparar, Ona arxalanarlar. Axı nə vaxt Səndən qeyrisini çağıran sevindi, Səndən qeyrisi üçün əziyyət çəkən rahatlıq tapdı? Mənim Allahım, sübhlərin işığı, gecənin qaranlığını apardı. Mənsə hələ də arzuma çatmamışam və münacat bulağından doymamışam. Məhəmməd və onun ailəsinə salam göndər. İstəklərimin qəbulu və ya binəsib qalmağım, hansı məsləhətdirsə onu yerinə yetir. Ey mehribanların mehribanı.» (Səhifeyi-səccadiyyə).
Məsumlardan bizə yetişmiş bütün digər dualar da kamil mərifət, bəsirət, tərbiyə aşılayan məzmuna malikdir. Onların vasitəsilə qəlb saflanır, insanın mənəvi aləmin seyrinə şövqü artır.
Kamil dualardan bəzisi Allahdan müvəffəqiyyət, sağlamlıq, yəqin məqamı, təvəkkül və riza diləyir. «Məkarimul-əxlaq» duası kimi dualarda həqiqi ehtiyac və pak fitrət istənilir. Dua edən öz məqam və fəzilətindən asılı olmayaraq, özünü yoxsul, tam ehtiyac içində görür və zatən varlı, kamil olan Allah qarşısında özünü bacardıqca kiçik fərz edir. İnsan bu dualarla ən qorxulu hadisələrlə üzləşmək üçün silahlanır.
Dua əhlini bəla tufanları acizləşdirmir, çətinliklər əldən salmır. Məyusluq və ümidsizlik onlara qələbə çalmır. Ümid Allaha və Onun qüvvəsinədir. «Ey Allah, Səndən ürəyimə, canıma qarışmış iman, yəqin istəyirəm ki, mənə yazdığından başqa bir şey çatmayacağını bilim. Məni qismət etdiyin şeylərdən razı sal.» (Səhifeyi-səccadiyyə, 2-ci cild).
Bu kimi dualarla insanlar çətinliklərə qalib gəlib, öz iman və mövqelərində möhkəmlənirlər. «Allah bizə kifayətdir», «Öz işimi Allaha tapşırıram», «Biz Allah tərəfindənik və Allaha tərəf qayıdacağıq», «Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur» kimi ayələr bütün zəif nöqtələri qüdrətə çevirir. Həzrət Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi duadakı kimi: «Ey diri və əbədi! Öz rəhmətinlə köməyimə çat, məni bir an da özbaşına buraxma və bütün işlərimi islah et.» (Kənzül-ümman). Dua edən şəxs özünü Allahın amanında və himayəsində görür, heç bir kasıbçılıq və zərər onu qorxutmur.
Həqiqətən dua və çağırışın özü istənilən hacətlərdən daha mühüm və feyzlidir. Ona görə də istər kiçik, istərsə də böyük hər nə varsa, Allahdan istəmək lazımdır.
Xoş o dostların halına ki, Allahla dua vasitəsilə daim rabitədədirlər və vay olsun duanın ləzzətindən və bərəkətindən məhrum olanların halına. Allaha ibadət və pərəstişin həqiqəti duadır. (bax: Bəqərə-156). Hədisdə «dua ibadətin məğzidir» buyurulur. (Vəsailüş-şiə, 4-cü cild).
Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: İki şəxs namaza birlikdə başlayıb, birlikdə də bitirdilər. Namaz zamanı onlardan birinin duası, digərinin qiraəti mükəmməl idi. Hansının fəziləti daha çoxdur?
İmam (ə) birinci dəfə «hər ikisi fəzilətlidir» deyə cavab versə də, sual verən şəxs yenə də cavab istədi. Həzrət (ə) buyurdu: «Duası çox olan daha fəzilətlidir.»
Uca Allahdan istəyirəm ki, qəlbimizi duaya şövq nuru ilə işıqlandırsın, hər zaman duanın bərəkətindən feyz alaq. Xüsusi ilə həzrət Bəqiyyətullah İmam Zaman (ə.c) üçün duaya müvəffəq olub, onun hakimiyyət nemətinin qədrini bilək.
Cavab 7-2: Qiyamət günü məndən şəfaət istəyirsiniz. Əvvəla, ümid edirəm ki, siz özünüz şəriət təkliflərinə əməl etməklə, pak iman və Əhli-beytə bağlılıq ruhiyyənizlə şəfaət edənlərdən (bağışlatdıranlardan) olacaqsınız. Rəvayətə görə, möminlər də şəfaət edənlərdəndir.
İkincisi, hamınızın gözü həzrət Rəsuli-əkrəm (s) və Əhli-beytin (ə) şəfaətindədir. Qiyamət günündə şəfatə edənlər çoxdur – o cümlədən dinin həqiqi keşikçisi olan alimlər. Lakin şiələri və möminləri qurtuluş mənzilinə, ali dərəcələrə çatdıran xüsusi şəfaət Məhəmməd və ali Məhəmməd (s) şəfaətidir.
Tubanın təşnəsin yatırdı Kovsər,
Bahar yağışından olarmı əsər?
Öz Allahı ilə əhd bağlamış sizin kimi insanların mənim kimi qüsurlu bir bəndənin şəfaətinə nə ehtiyacı var? Əgər şəfaətdən bir pay nəsib olsa, o da Məhəmməd və ali Məhəmməd (s) şəfaətinin sayəsindədir.
Şərafətli hədislərə görə şəxslərdən şəfaətə şamil olmaq maneələri yoxdursa, ali dərəcə sahibi olanlar aşağı mərtəbəlilərə şəfaət edirlər. Bu şəfaət yalnız günahkarlara deyil, saleh adamlara da aiddir və onların dərəcəsini yüksəldir. Buna əsasən də həzrət Peyğəmbər (s) günahkarlara, salehlərə, şəhidlərə, hətta peyğəmbər və imamlara da şəfaət edə bilər. Əgər şəfaət günahkarları bağışlatdırarsa, digərlərinin mərtəbələrini daha da ucaldar. Bu mənada məsumların şəfaəti bütün şəxsiyyətlərə və məqam sahiblərinə şamil olunur. Günahkarlara şəfaətin əhatəsi o qədər genişdir ki, onların adlarının Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və s. olmasının da əhəmiyyəti vardır. Bütün bunlara baxmayaraq insan bədbəxtçilik biyabanında, cəhənnəm əzabında süquta uğrayır. Əgər az mərifətli birisi «təəccüb edirəm nicat tapana, axı necə nicat tapıb» demişsə, kamil söz imana məxsusdur: «təəccüb edirəm həlak olana, axı necə həlak olub?». Doğrudan da insan səadətə çatmalı, xoşbəxt olmalıdır və bu bir gerçəklikdir.
İnsan bu ilahi feyzləri əldə etmək yolunu tutmalı, haqqın rəhmət günəşinin nurundan məhrum olmamalı, günahın insanı yuvarlatdığı çıxılmaz zülmətdən qorxmalı, qəfil əzabdan həzər etməli, bu ayəni unutmamalıdır: «Sonradan pis iş görənlərin aqibəti daha da pis oldu. Çünki onlar Allahın ayələrini yalan bilib, məsxərəyə qoydular.» (Rum-10).
İnsan özünü fəlakətə atmamalı, ilahi rəhmətdən nə məğrur, nə də məyus olmamalıdır. Ümid və qorxu arasında ayıq halda irəliləyib, şeytanın və alçaq nəfsin şərindən Allaha sığınmalıdır. «Uca və əzəmətli Allahın qüvvəsindən qeyri bir qüvvə yoxdur. İddiamızın sonu budur ki, həmd və səna aləmlərin Rəbbinə məxsusdur.»
SUAL 8: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam! İbadətlərinizin haqq dərgahında qəbul olması arzusu ilə! Öz hikmətli öyüdlərinizlə yetkinlik yaşına çatmış cavanlara yol göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Quranın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.
Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə etibar əta etmiş, (Quranda 88 dəfə) «Ey iman gətirənlər» deyə sizə üz tutmuşdur. Həmin bu etibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.
Sizin fəaliyyətiniz və sözünüz bu vaxtadək şəriət nöqteyi-nəzərindən etibarsız idi. Sizin haqqınızda başqaları qərar çıxarırdılar. İndi isə öz ixtiyarınızdasınız. Allah, Peyğəmbər, məsumlardan başqa kimsəyə tabe deyilsiniz.
Tövhid, nübüvvət, imamət, məad, keçmiş peyğəmbərlər, kitablar və mələklərə olan etiqadınızı qısaca da olsa, dəlillərlə möhkəmləndirin. Çalışın ki, Allahın yardımı ilə Ona bəndə, Peyğəmbərə itaətçi, imamlar və xüsusilə də həzrət Mehdi (ə.c) üçün həqiqi əsgər, xalis şiə, İslam və Quran üçün əmin keşikçi, möminlər üçün qayğıkeş bir qardaş olun. Hamının, xüsusilə də ata-ana, müəllim və alimlərin haqqına riayət edin. Sözün qısası, özünüzü gözəl islam əxlaqı ilə zinətləndirin, xalqa yaxşılıqda, elm və mərifət təhsilində daim yorulmadan çalışın. İnkişafınız üçün bütün imkanlardan səmərəli istifadə edin.
Bu gündən başlayaraq həyatınızın dəqiqələrinin də qədrini bilin. Axı siz islam ümməti üçün iftixar olmalı, izzət sahibinə çevrilməlisiniz. Vaxtınızı tənbəllik və süstlüklə keçirməyin, Allah eləməmiş, pislənmiş və haram işlərə, oyunlara sərf etməyin. Bir zaman elə olsun ki, ötən günlərinizə nəzər salanda şad və xoşbəxt olasınız.
Əzizlərim! Təklif nədir? Təklif yaşına çatmaq nədir? Yəni, bu söz, bu da meydan! Bu siz, bu da səadətli fürsətlər! Yəni, məsuliyyət, özünütərbiyə, quruculuq dövrünə qədəm qoyma, ilahi imtahanlarla üz-üzə! özünüzü belə bir həyat üçün hazırlayın və heç bir qiymətə Allahdan başqasına satmayın. Əslində, sizin qiymətiniz behiştdir. «Özünüzü behiştdən qeyri bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Çalışın ki, seçdiyiniz fəaliyyət sahəsində cəmiyyət üçün faydalı və etibarlı bir üzv olasınız. Fərz edin ki, hamı sizin çalışqanlığınıza möhtacdır və siz öz payınıza düşən bu ehtiyacları aradan qaldırmalısınız.
Allahı heç zaman unatmayın. Onu xatırlamaqdan, dua və ibadətdən, imamlara təvəssüldən, şərəfli hərəmlərin ziyarətindən güc alın. Allahın lütfünə və yardımına ümidvar olun. Quranda buyurulur: «Haqqımızda çalışanları xüsusi yollarımıza hidayət edərik və şəksiz ki, Allah yaxşı iş görənlərlədir.» (Ənkəbut-69).
SUAL 9: Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!
Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bəzən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»
Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Məlum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.
Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan vədə etdiyi yardımı istəyin. (Ənkəbut-69). Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.
Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.
İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mömin şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Meracüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, imam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.
Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.
SUAL 10: Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).
Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.
Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin» (Bəharul-ənvar, 61-ci cild).
İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir. Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.
Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.» (Nəhcül-bəlağə).
Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mərifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.
Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.
Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir. Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.
Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Quran hədəflərinin gerçəkləşməsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Məsumlar, xüsusilə də əsrin imamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.
Hamının gözü elmi mərkəzlərə, dərs və təlim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.
Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq» (Muminun-115), «Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil» (Ənkəbut-64). Bu ayələrin dəyərli mənasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bəzilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.
Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.
Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mərifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mömin meracı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.
Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir. Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.
Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məsullarının müvəffəqiyyəti üçün dua edirəm.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə