O, gələcək!

  1.  «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazılıb:
Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir.
Qısa izah:
  Mötəbər islami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (ondan çox rəvayət) onu göstərir ki, həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.
Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz həzrət Məhdinin (ə) ləyaqətli əli ilə qaldırılacaqdır.
2. ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR
Termezinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur:
«Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir.»
Qısa izah:
Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir təkidli ifadədir. Ancaq onun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, həzrət Məhdinin (ə) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə dəvət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır.
İkincisi isə budur ki, onun adı Peyğəmbərin adıdır (Məhəmməd (s)). O həzrətlərin adının eyni olması zərif bir məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.
3. FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏK
Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir:
Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınları – mütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar və peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək və ədalət şərbəti ilə yoğrulacaq.)
Qısa izah:
İnsanlar peyğəmbərlərin təlim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara məruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin.
Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir.
4. HƏR YER ALLAH NURUNA BOYANACAQ
Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-möminin Əli (ə)-dan belə yazır:
«Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən, abadlıqlardan yüksək səslə: «La ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır.»
Qısa izah:
Həmin gün bütün yer üzü tövhid bayrağı altına girəcək və hər yerdə islam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar. (La ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət islama məxsus olacaqdır və bütün qulaqlara səhər-axşam tövhiddən, peyğəmbərlərin sonuncusunun peyğəmbərliyi şüarı çatacaqdır.
Bəli, dünyada fəsadın əsil təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik, qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır.
5. HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI
Məhəmməd Mövləvi «Fiqhul-əkbər»in 2-ci cildinin 71-ci səhifəsində həzrət Əli (ə)-dan belə nəql edir:
Yəni: «Qiyamətə yaxın zamanlarda bədənlər öldüyü kimi möminlərin qəlblərinin də sıxıntı və çətinliklər nəticəsində öldüyü, dəhşətli hadislər baş verdiyi, həqiqət yolçularının sünnətini məhv etdikləri və bidətləri üzə çıxardıqları, əmr be məruf tərk edildiyi, nəhy əz münkər unudulduğu bir zamanda mənim nəslimdən olan bir şəxs qiyam edəcəkdir. Belə bir zamanda Allah-taala həzrət Məhdi (ə) vasitəsilə sünnəti dirildəcəkdir. O, möminlərin qəlbini öz ədalət və bərəkətilə şadlandırar və əcəm ilə ərəb arasında məhəbbət, sülh və səmimiyyət yaradar.»
Bu hədis o qədər aydındır ki, izaha ehtiyac yoxdur.
6. ZALIMLARI MƏHV ETMƏSİ
Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:
«Ədalətsiz və zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah islamın izzət və şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir və islam dini bütün yer üzünə yayılacaqdır. Bu iş mütləq baş verəcəkdir.»
Qısa izah:
Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar.
7. DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ
İmam Sadiq (ə) buyurmuşdur:
«O, inqilab və qiyam edən zamanda ədalətlə hökumət edəcək, zülm və sitəm aradan götürüləcəkdir. Onun sayəsində yollarda əmin-amanlıqlar olacaqdır. Yer öz bərəkətlərini üzə çıxaracaq və haqq sahiblərinin haqqı özünə qaytarılacaqdır. O, insanlar arasında Davud peyğəmbər və həzrət Məhəmməd (s) kimi Allah dinini həyata keçirəcəkdir. Yer öz xəzinələrini üzə çıxardacaq və bərəkətlər artacaqdır. Xalqın yaşayış səviyyəsi o qədər yüksələcəkdir ki, kömək etmək üçün kasıb tapa bilməyəcəklər.»
Qısa izah:
İqtisadi çətinlik bəşəriyyətin ən böyük bəlası və bütün dövrlərdə fitnə-fəsadların əsas səbəbi hesab edilir. Bu problemin əsas səbəbi isə mədəni gerilikdir. İnsanların əqidə və mədəniyyəti güclənməsə maddi cəhətdən varlı olmaq mümkün deyildir. O, insanları elə yetişdirəcəkdir ki, dünyanın heç bir yerində məhrumiyyət tapılmayacaqdır.
6.4.2011
Administrator

Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından istifadə olunub.