Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü GÜNAH VƏ İMAN

GÜNAH VƏ İMAN

İman çox dəyərli olsa da, onun sabit və əbədi olduğunu düşünməməliyik. Bu nemətin də sair nemətlər kimi zay olması mümkündür. Bu nemətin bizdən alınmaması üçün Allaha pənah aparmalıyıq. Bir çoxları imanlı olub yaxşı işlər gördükləri halda, bir müddət sonra bəzi səbəblərdən imanları zəifləmiş və dünyadan imansız getmişlər.
Allah kimsəyə verdiyi neməti geri almayacağını zəmanət verməmişdir. “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər Mənə şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!”
Beləliklə, imanımız üçün daim bəla təhlükəsi olduğunu düşünməliyik. Bir tərəfdən şeytani vəsvəsələr və şübhələr, digər tərəfdən insanın pis əməlləri iman üçün ciddi qorxu yaradır. Rəvayətlərdə göstərilir ki, günah edən şəxsin qəlbində qara bir nöqtə yaranır. Həmin qara nöqtə qəlbdə genişlənib onu zülmətə bürüyür. Günahlar çoxaldıqca bütün qəlb zülmətə bürünür. Bu halda insanın qurtuluşu mümkünsüz olur.
Allahdan imanımızı gücləndirməsini, onu cin və insan şeytanların qarətindən qorumasını istəməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, günah nəticəsində qəlbimizdə yer almış qaranlıqları təmizləməliyik. Qəlb qaranlıqlarının insana təsirli nəticələri var. Lakin biz bunu hiss etmir və sağlam olduğumuzu düşünürük. Günah nəticəsində qəlb bərkiyir, sonda insan Allahla münacat və duadan, Quran oxumaqdan və pak imamlara təvəssüldən ləzzət almır. Onda günaha, şəhvətə və boş-boş işlərə meyl yaranır. Günahkarlarla yaxınlıq, onların məclislərində iştirak etmək Allahın layiqli bəndələri ilə yaxınlığın yerini tutur. İnsan az-çox onun özü kimi olan insanlarla yoldaş olmaq istəyir. Bütün bunlar qəlbin bərkiməsi və zülmətə bürünməsinin nişanələridir.
Nurani və Allahla əlaqədə olan qəlb onu Allahdan və Onun zikrindən ayıran şeylərlə əlaqə saxladıqda əzab çəkir. Dünya və əyləncə əhli ilə birlikdə oturduqda özünü zindandakı kimi hiss edir və bu cür məclislərdən azad olmağa çalışır.
Tutu düşdü qarğa ilə qəfəsə,
Azadlıqçün bir də gəldi həvəsə.
Beləliklə, bilməliyik ki, əvvəla, iman (hər nə qədər zəif olsa da) Allahın bizə verdiyi qiymətli bir gövhərdir. İkincisi, öz imanımızın təhlükədə olduğundan qafil qalmamalıyıq. Buna görə də, daim imanımızı gücləndirməyə çalışmalı və mümkün qədər öz etiqadlarımızı möhkəmləndirməliyik. Şübhələr və şübhəyə səbəb olan şeylərdən uzaqlaşmalıyıq. Hansısa bir şübhə ilə qarşılaşdıqda ona əlac etməli, qəlb və zehnimizin şeytani vəsvəsələr meydanı olmasına icazə verməməliyik.
Eyni zamanda, günah və insanı günaha yaxınlaş-dıran işlərdən çəkinməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, tam kiçiklik və yalvarışlar şəklində Allahdan imanımızı qoruyub gücləndirməsini istəməli və pak imamlara təvəssül etməliyik.
“Əbu-Həmzə” duasının bu hissəsi xatırlanan nöqtələrə yetərli dəlildir:
“İlahi, mənə daim qəlbimdə qalan və qəlbimdən ayrılmayan iman və yəqin əta et”.

İMANIN BƏZİ NƏTİCƏLƏRİ

a) Yəqin: Qəlbdə iman sabitləşdikdən sonra onun səmərələri ortaya çıxır. İmam Səccad (ə) onun iki nəticəsinə işarə etmişdir: Allahın təqdirlərinə yəqin və ilahi qəzalarla razılıq: “İlahi, elə bir yəqin ver ki, Sənin təqdirin olmadan mənə heç nə çatmayacağına inanam”.
Yəqin imanın ən üstün və ən kamil mərhələsidir. İman mərifətə bağlıdır, kamil mərifət insanda yəqin sifətinin yaranmasına səbəb olur. Yəqin mərhələsinə çatmış şəxs üçün rifahda və ya çətinlikdə olmağın heç bir fərqi yoxdur. O, maddi həyat hadisələri qarşısında etinasızdır. Çünki onun qəlbi başqa bir yerə bağlıdır. Kamil imana və yəqin mərhələsinə çatmış mömin bütün işlərini Allahın öhdəsinə buraxır. O, mənfəətinin Allahın təqdir etdiyi şeylərdə olduğuna inanır.
Beləliklə, mömin xəyalən həmişə rahatdır. Çünki Allah onun həyatını öhdəsinə götürmüşdür və onun xeyiri Allahın təqdir etdiyi şeylərdədir. Merac hədisində Allah buyurur: “Bəndəm yəqin mərhələsinə çatdıqda həyatın ona ağır və ya asan keçdiyinə əhəmiyyət verməz.”
İmam Rizadan (ə) “yəqinin” mənası soruşuldu. İmam buyurdu: İmam Baqir onu belə təsvir etmişdir:
“Yəqin Allaha təvəkkül, Onun göstərişlərinə təslimçilik, ilahi qəzalardan razılıq və işləri ona tapşırmaqdan ibarətdir.”
Beləliklə, imanın birinci nəticəsi insanın ona çatmalı olan şeylərin bir gün çatacağına və təqdir olmayanların çatmayacağına inanmasıdır.
İmam Sadiq (ə) nəql edir ki, həzrət Əli (ə) buyurdu:
“Heç bir bəndə ona çatası şeylərin çatmamasının və ona çatmayası şeylərin çatmasının mümkün olmamasına (yəqin) elm tapmayana qədər imanın tamını dadmayacaqdır. (Ona çatmalı olan şeylər çatacaq və ya çatmışdır. Ona çatması qərarlaşdırılmayan şeylər ona çatmayacaqdır.) Yalnız böyük Allah fayda və ziyan verə bilər.”
Çalışmaq və əziyyət nəticəsində hasil olan şeylərin yalnız özümüzdən olması əqidəsi şirk dolu bir baxışdır.
Təkallahçı insan vücudunun, əqli və cismi enerjisinin, sərf etdiyi vasitələri Allahdan olduğunu bilməlidir. Bundan əlavə, bu şeylərdən istifadə etmək də Allahın tədbiri əhatəsindədir. İnsan mal, sərvət yığıb Allahın istəyi olmadan istifadə edə bilməz. Bir çoxları sərvət toplayır (istər halal, istər haram yolla), lakin ondan istifadə etməyə müvəffəq olmur. Beləliklə, sərvətdən istifadə etmək də Allahın istəyinə bağlıdır.
Əlbəttə, “yəqin”i qəbul etməyin şərti cəbrə (məcburiyyətə) inanmaq deyil. Yəni elə də deyil ki, insan iş-güc dalınca getməyib tənbəllik etsin, dini etiqadları bəhanə gətirib, “işləsəm də, işləməsəm də Allahın təqdiri olan hər şey mənə çatacaq” desin. Burada cəbr-ixtiyar məsələsini geniş şəkildə açıqlamaq üçün imkan olmadığından, ümumi şəkildə qeyd edirik ki, təqdir olunan iş “vasitələrin səbəblər yolu ilə gerçəkləşməsidir”. Allah işləri müəyyənləşdirdikdə vasitələr və səbəblər nəzərdə tutmuşdur. Bu vasitələrdən biri insanın öz iradəsidir.
Misal üçün, bir şəxs üçün 50 il ömür müəyyənləşdirilibsə, bu o deməkdir ki, Allah onun ömrü boyu hansı işlər görüb, hansıları görməyəcəyini bilir. Ömürü azaldan və ya uzadan şeylərə, məsələn, sileyi-rəhim (yaxınlarla əlaqə), qəti-rəhim (əlaqəni kəsmək), ana və atanın haqqını gözləmək, sağlamlığı gözləmək və bu kimi başqa məsələlərə nə qədər əhəmiyyət verəcəyini bilməsidir.
Beləliklə, Allah öz geniş elmi əsasında şəxsin ixtiyari rəftar və əməlləri əsasında məsələn 50 il yaşayacağını müəyyənləşdirmişdir. Lakin insanın “mənim ömrüm 50 ildir və işlərimin ömrümün uzanıb-azalmasına heç bir təsiri yoxdur” deməsi düzgün deyil. Allahın müəyyənləşdirdikləri insanın ixtiyari işlərinin əsasındadır.
İnsanın ixtiyari işlərinin Allahdan asılı olması bu işlərin onun özündən asılı olması ilə zidd deyil. Çünki bu əsaslanmalar bir xətt boyudur və bir-birlərinə maneə törətmirlər. Başqa sözlə, iş görənin insan olması bir səviyyədə və bu işin Allaha əsaslanması daha üstün bir səviyyədədir; bu səviyyədə insanın öz vücudu işin əsaslandığı maddələrin vücudu və iş vasitələrinin vücudu Allaha əsaslanır. Səbəblər toplumunun son tərkibi kimi insan iradəsinin işə təsiri səbəblər toplumunun bütünlüklə Allaha aid olması ilə zidd deyil. Dünyanın, insanın, cismə aid bütün şənlərin ixtiyarı Allahın əlindədir. Allah daim onlara varlıq verir və heç bir mövcud hansısa zamanda ondan ehtiyacsız deyil. Belə ki, insanın azad şəkildə gördüyü işlər də Allahdan, Onun iradəsindən asılıdır. Bir işi müstəqil şəkildə insanın və ya Allahın iradəsindən asılı bilmək düzgün deyil. Çünki bu iki iradə bir-birindən ayrı deyil. İnsanın iradəsi də onun vücudu kimi Allahın iradəsinə bağlıdır. İnsanın iradəsinin gerçəkləşməsi üçün Allah-təalanın iradəsi zəruridir. “Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəməzsiniz!”
Quran buyurur:
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
Sonra buyurur:
“Bu sizin əlinizdən çıxana görə kədərlənməməyiniz və sizə verilənə görə sevinib qürrələnməməyiniz üçündür."
Dünyada əzizlərimizin birini itirsək, kasıbçılıq, xəstəliyə düçar olsaq və bu kimi başqa çətinliklərə düşsək, naümid olub, özümüzü uduzmamaq üçün bütün bu şeylərin müəyyənləşdiril-miş və yazılmış olduğunu bilməliyik. Bütün bu nemətləri Allahın verdiyini, sonra isə məsləhət əsasında bizdən aldığını düşünməliyik.
Allah həzrət Musaya (ə) buyurdu: “Bəndələrimdən ən sevimlisi o kəslərdir ki, sevimlilərini onlardan aldıqda Mənimlə müxalifət etmir və Mənə təslim olurlar.”
Beləliklə, mömin insan dünya nemətlərinə bağlanmamalı, onları itirən zaman qəmgin olmamalıdır. Mömin daim bəndəlik və öz vəzifə-lərini yerinə yetirmək barədə düşünməlidir. Nəsə əldə edib, nəsə əldən vermək haqqında çox düşünməyə dəyməz.
b) İlahi qəzavü-qədərə razı olmaq: İmanın ikinci təsiri ilahi qəzavü-qədərə razılıqdır: “Ey mehribanların ən mehribanı, məni həyatımda qismət etdiyin şeylərə razı sal”
Allah-təala öz bəndələri üçün işlər müəyyənləşdirmişdir. Bəzən bu müəyyənləşdirmə insanın istəyinə müvafiq olur, bəzən isə insan bu təqdirlərdən narazı qalır. Allah istəyir ki, insanlar Onun müqəddəratından razı qalsın və Onun qəzavü-qədərinə boyun əysinlər. Bu təqdir bəzən şəri işlərdə, bəzən isə təkvini (təbiət) işlərdə gerçəkləşir.
Şəri işlər həmin göstərişlər, vaciblər və haramlardır. Bu yerdə razılıq vacibləri yerinə yetirmək və haramlardan çəkinmək mənasını bildirir.
Təkvini işlərdə razılıq Allahın bəndə üçün müəyyənləşdirdiyi şeylərlə razılaşmadır. İstər pis hadisələr, istərsə də xoşa gələn hadisələr müəyyənləşdirilsin! İnsanlar xoşgəlməz hadisələr qarşısında necə reaksiya göstərəcəkləri ilə bağlı yoxlanılırlar. Bəzi yoxlamalar imanın birinci mərhələsinə aiddir. Burada insanın ağır hadisələr qarşısında ilahi hökmlərə riayət edəcəyi, yoxsa üsyan qaldıracağı yoxlanılır. Daha üstün mərtəbə isə üstün bəndələrə aiddir. Bununla onların acı hadisələr qarşısında dözəcəyi, yoxsa Allaha şikayət edəcəyi yoxlanılır. Onların bu hadisələrə dözməsi “səbr” məqamı sayılır. Səbrdən daha üstün isə “razılıq” məqamıdır. Yəni razılıq əhli həm çətinliklərə və əziyyətlərə səbr edir, həm də razılıq bildirirlər. (Qəlblərinin dərinliklərində heç bir narahatçılıq çəkib şikayət etmirlər.) Çünki bütün olaylar Allah tərəfindəndir. Bu, imanın ən üstün mərhələsidir. Bu mərhələdə insan Allahın təqdiratından qəlbən razı qalır və ilahi müqəddəratın hikmətə əsaslandığına inanır. Buna görə də Allah merac gecəsi öz peyğəmbərinə buyurdu: “Mənim yanımda ən gözəl iş təvəkküldür.
Əlbəttə, bu o demək deyil ki, insan iş-gücdən əl çəksin. Çalışmaq özü ilahi təqdirin nəticələrindəndir. Məqsəd baş vermiş hadisələrə razı olmağımızdır. Hər bir hadisənin hikmət əsasında olduğunu bilməliyik. Allah Musaya buyurur: “Ey Musa, mənim yanımda mömin bəndədən sevimli heç bir yaranmış yoxdur. Ona bəla və ya çətinlik göndərirəmsə, bu onun xeyirinədir. Çünki mən bəndəmin məsləhətindən xəbərdaram.”
Xəstə uşağına acı dərmanlar verən ana, şübhəsiz ki, övladını sevir. Ana bu işi övladına düşmən olduğu üçün yox, onu sevdiyi üçün edir. Allahın da işləri bu cürdür.
Bir çox rəvayətlər göstərir ki, bəzən Allah öz bəndəsinin məsləhətini yoxsulluqda bilir. Bəzən din kasıblıqla islah olunur. Allah məhəbbət üzündən bəndəni yoxsul edir. Bəzilərinin isə imanı sərvət və varlılıqdan başqa heç bir şey ilə qorunmur. Allah bu cür şəxsləri varlı edir. Bəzən isə Allah kasıblıq və varlılığı bəndələri üçün imtahan vasitəsi edir.
Yenidən təkid edirik ki, insan əlini əlinin üstünə qoyub, heç bir səy göstərmədən “Allahım, hər nə xeyirdir mənə yetir” deməməlidir! Vəzifəni yerinə yetirmək bir mövzu, işləri Allahın öhdəsində qoymaq və Onun qəzavü-qədərinə razı olmaq isə başqa bir mövzudur.
Hər halda insan Allahın ona qismət etdiklərindən (istər az, istər çox) razı olmalıdır. Bu razılığın həm dünyəvi, həm də axirət nəticəsi var. Razı insan dünyada sakitlik və aramlıq hissi keçirir, axirətdə də “razılıq” məqamına nail olur.
Təəssüf ki, bir çox insanlar iman zəifliyi nəticəsində öz yaşayış vəziyyətlərindən razı deyillər və şikayət edirlər. Allahın onlara verdiklərinə qane olmurlar. Buna görə də heç zaman aramlıq və sakitlik tapmır, daim nigaranlıq hissi keçirirlər. Lakin mömin insan inanır ki, xalqın arzuladığı və əldə etmək istədiyi bir çox şeylər çox vaxt onların xeyrinə olmur, bəzən isə onların narahatlıqlarına və çətinliklər yaranmasına səbəb olur.
“İftitah” duasında oxuyuruq: “İlahi, Səndən bəzi şeylər istəyirəm, Sən isə onların qəbulunu təxirə salırsan. Bu təxirə görə narahatlıq hissi keçirirəm. Lakin bir çox hallarda duamın təxirə düşməsi mənim üçün daha yaxşı olur. Çünki Sən işlərin sonundan agahsan”.
Qurani-Kərim buyurur:
“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.”
Bir çox hallarda insan özü də əldə etməyə maraqlı olduğu şeylərin ziyanına olduğunu və xoşuna gəlməyən şeylərin gerçəkləşdikdən sonra onun xeyrinə olduğunu anlayır.
Quran zövcələr barəsində buyurur:
“Əgər qadınlarınız xoşunuza gəlməzsə, (nifrət etməyin). Ola bilsin ki, sizin xoşunuza gəlməyən (nifrət etdiyiniz) hər hansı bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.”
Beləliklə, bütün hallarda insan öz işlərini Allahın öhdəsinə qoymalı və başına gələnlərlə razılaşmalıdır. Buna görə də, kamil imanın nəticələrindən biri yəqin, digəri ilahi qəzavü-qədərə razılıqdır.

Yazı, tərcümə olunmuş kitabların elektron versisayıdan əxz olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə