Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz MƏSX OLMUŞ İNSAN

MƏSX OLMUŞ İNSAN


Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mənəvi və ruhi cəhətdən  heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir.
Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qism insanlar barəsində belə buyurub:
«...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!» (Əraf-179).
Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bəzən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bəziləri, bunların məcazi məna daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir.
Bir nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim cavabımda dedi: «Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!»
Ravi deyir ki, imamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə «indi bax» deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Məna və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma, indi bizim bəzilərimizin, dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllər də olublar.
Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, gələcək bəhslərimizdə, barəsində danışacağımız insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib.
Mübarək Nəbə surəsində belə oxuyuruq:
«Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz.
O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır].
Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir.» (Nəbə 18-20).
Peyğəmbər və imamlar dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah-taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət etmək olan şəxs məhşərə özünün həqiqi surəti, yəni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, «insanlar qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun, həqiqi xislət və sifətləri ilə gətiriləcəklər.»
Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa siz həmin şeysiniz. Qiyamətdə də burada olduğunuz kimi məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allah pərəstişindən başqa bütün pərəstişləri qadağan ediblər. Çünki nəyə pərəstiş etsək həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir hissəsi olacaq. Bu pul, qiyamətdəki həmin əridilmiş filizdir. Quran, bu filizin pərəstişindən başqa bir işləri olmayan mövcudlara belə deyir:
«...Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!
O gün [qiyamət günü] yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq [və onlara]: «Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın [əzabını, acısını] dadın!» deyiləcəkdir!» (Tövbə 34-35).
Həmin pullar onun axirət dünyasında yandırılacaqdır və onlar həmin şəxsin cəhənnəm alovudurlar. Bu, insanı məsx edən şeylərdən biridir.
Mən bu fəsldə xülasə də olsa sağlam və naqis insanı – əlbəttə əvvəldə dediyimiz kimi ruhi cəhətlər baxımından tanıtdırmağa çalışdım. Söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, kin-küdurət, paxıllıq və həsəd hissi keçirən insanlar naqis insanlardırlar. Həmçinin bu dünyada olan maddələrdən birinə ondan istifadə etmədən pərəstiş edən insan da naqis və məsx olunmuş insandır.

Yazının mətni tərcümə olunmuş kitabların elektron versiyasından əxz olunub 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə