Münacat (N.Gəncəvi) 1

 
 
 
 
 
 
 
Ey tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığınır hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.

Yuxarı, aşağı – hər gözə çarpan
Nə varsa, onları sənsən yaradan.
Sənsən hər biliyi bizə öyrədən,
Torpağın köksündə qələm işlədən.

Sənin varlığına tapınca bürhan,
Ağıl ilk inandı sənə, yaradan.
Sən ağlın gözünü işıqlandırdın,
Sən doğru yollarda çıraq yandırdın.

Göyləri sən qurdun, ucaltdın, Allah,
Ona yer üzünü etdin güzərgah.
Sənsən bu aləmdə bir damcı sudan
Günəşdən işıqlı gövhər yaradan.
Gövhəri lütfünlə etdin aşikar,
Sərrafın əlinə sən verdin açar.
Daşların bağrına düzdün gövhəri,
Rənglərlə boyadın hər bir cövhəri.
Buludlar yağdırmaz, sən deməsən: "Yağ!"
Sən "bitir!" deməsən, bitirməz torpaq.
Özün də kimsədən kömək almadan
Yaratdın nə gözəl, səfalı cahan.
Istidən, soyuqdan, qurudan, yaşdan
Yoğurub yaratdın gözəl bir cahan.
Nə gözəl naxışlar vurdun xilqətə,
Ağıllar heyrandır bu məharətə.
Bu sirri mühəndis axtarır hər an,
Bilməyir ən əvvəl başladın hardan.
Uca sənətini seyr edirik biz,
Yeməkdir, yatmaqdır yalnız işimiz.
Hər nəyi bəzədin, var etdin yoxdan
Onlara ehtiyac duymadın bir an.
Sən elə qurdun ki, yerin işini,
Göyün, ulduzların bu gərdişini,
Göyə ucalsa da düşüncə, fikir,
Bu kəmənddən başı çıxa bilməyir.
Sən vardın varlıqlar olmayan zaman,
Onlar yox olacaq, sən qalacaqsan.
Sən düzdün göylərə şux ulduzları,
Insanla bəzədin hər bir diyarı.
Fələyi uca bir hasara aldın,
O yerdə idrakı kəməndə saldın.
Elə bir tağ vurdun daşsız, dirəksiz,
Düşüncə o yerə yol tapmaz, şəksiz.
Zatına düşüncə, ağıl əl atmaz,
Böyük qüdrətinə qüdrəti çatmaz.
Sənin varlığındır o laməkandan
Idrak elçisini hər an daşlayan.
Dağınıq deyilsən ki, birləşəsən,
Artıq da deyilsən, əskiləsən sən.
Xəyal da, nəzər də yolunda məhrum,
Nə qədər axtarsa deyilsən məlum.
Ey tanrı, sən hansı başı ucaltsan,
Əyə bilməyəcək onu bir insan.
Qəhrinlə hər kimin əysən boynunu,
Kimsənin köməyi dikəltməz onu.
Biz sənə bəndəyik, sənindir fərman,
Hər kömək səndədir, sənsən əl tutan.
Fildə, qarışqada zəiflik, qüvvət
Sənin əmrindədir, ey ulu qüdrət.
Sənin qüdrətindən qüvvət alınca
İlahi məhv edər zəif qarınca.
Yollardan tüstünü qaldırsan əgər,
Bir çibin Nəmrudun beynini yeyər.
Istəsən əzilsin düşmənin beli,
Quşlarla qırarsan əshabi-fili.
Gah kiçik nütfəyə qoydun qızıl tac,
Gah xırda çərdəkdən yaratdın ağac.
Gah Xəlil alırsan bütxanələrdən,
Gah dost yaradırsan biganələrdən.
Qiymətli cəvahir doğan bir evdən
Əbutalibi də çıxaran sənsən.
Kimdə var cəsarət, qorxundan sənin
Təslimdən başqa bir kəlam söyləsin?
Yanına yol tapmaz məxluqun əli,
Gizlin bir xəzinə sevməz məşəli.
Əsrarın hər zaman qalmaqçın gizlin
Bağlarsan dilini əsrar bilənin.
Sən məni yaratdın qara torpaqdan,
Sən verdin işıqlı ürək, təmiz can.
Aludə olsam da məndə yox təqsir,
Torpağın peşəsi aludəlikdir.
Günahdan qaçsaydı bu üzüqara,
Bəs kim yol tapardı bağışlanmağa?
Olmasaydı mənim günahım hərgah,
Sənə kim deyərdi: "Ey qəfur allah!"
Gecələr, gündüzlər, hər axşam, səhər
Qəlbimdə, dilimdə bir sənsən əzbər.
Yuxuya getməzdən əvvəl, hər gecə
Mübarək adını çəkərəm öncə.
Gecələr yuxudan qalxınca başım,
Anaram səni, hey axar göz yaşım.
Sənə üz çevirrəm hər səhər erkən,
Gecə də, gündüz də pənahım sənsən.
Hər zaman köməyə çağırram səni,
Qapından ümidsiz qaytarma məni.
Ey tanrı, dərdimə sən eylə əlac,
Bu möhtac kəslərə olmayım möhtac.
Hər zaman bəndəlik yoluyla gedən,
Zatına könüldən pərəstiş edən
Olsun bu dünyada xəzinənlə şad,
Qiyamət günündə əzabdan azad.
Insanı dünyaya sənsən gətirən,
Öldürən də sənsən, dirildən də sən.
Əldə nə hesabım, nə kitabım var,
Yalnız sən bilirsən nə hesabım var.
Yaxşının, yamanın açarı sənsən,
Yaxşılıq səndəndir, yamanlıq məndən.
Bağışla bir suçum varsa, ey allah,
Məndəndir yamanlıq, məndəndir günah.
Nə ki ilk naxışın sərgüzəşti var
Səndəndir, son söz də sənə qayıdar.
Kəsərli ayəni öyrətmək səndən,
Şeytanın gözünü tikməksə məndən.
Adın mehribanlıq etsə bir qədər,
Mənimlə oynaya bilərmi divlər?
Yararmı söz açmaq səninlə məndən.
"Sən" demək, sonra da söyləmək ki, "mən".
Ya qayğı içində, ya sakit, aram,
Nə cür yaratdınsa, o cür yaşaram.
Ey tanrı, ümidim bunadır ancaq,
Bu köhnə dəzgahdan düşərsəm uzaq,
Elə ki, pozular tərkibim mənim,
Dəyişər qurduğun tərtibim mənim.
Əsdikcə tozumu dağıdar yellər,
Pak olan canımı görməz bir nəfər,
Halımı arayıb, edəndə heyrət,
Varıma yox deyə, edərkən töhmət,
Sən yoxdan əlinə ver elə açar,
Bilsin ki, bu yatan ölməmiş, yaşar.
Sənin varlığına bu gücsüz əlil
Göstərmiş nə qədər tutarlı dəlil.
Ölürsəm, bunu sən hamıya bildir:
"Bədəni yatmışsa, canı diridir".
Elə bir mətanət qızışdır məndə,
Şad ürəklə gəlim sənə gələndə.
Mənimlə qapıya qədərdir dostlar,
Məzara girdimmi, düşməndir onlar.
Tərk edər məni bu gözüm, qulağım,
Bədəndən ayrılar əlim, ayağım.
Ey tanrı, mənimlə yalnız sən varsan,
Əliboş qaytarma məni qapından.
Qapında üzümü sürtərəm yerə,
Bir tacla əvəz ver bu səcdələrə.
Bu başı qapından əsirgəmədim,
Sən ona qılınc yox, tac ver, ey rəbbim.
Əzəldən verdiyin hökmlər sönməz,
Yazdığın silinməz, qələmin dönməz.
Hökmündə hazıram canla-başla mən,
Təsəlli tapıram yalvarışla mən.
Sən dedin: dar gündə köməkçi mənəm,
Hər dilək istəsən, qəbul edənəm,
Sənsən acizlərə hər zaman pənah,
Mən də bir acizəm, kömək ol, Allah.
Tək sənin işindir bəndəpərvərlik,
Mənim vəzifəmdir etmək bəndəlik.
Qırdı varlığımı, əzdi bu fələk,
Bütün şənliyimi sovurdu külək.
Tək sənsən qurtaran bu sınıqlıqdan,
Qırsan da yenə sən verirsən dərman.
Zülmətin qəlbindən üzümə yol aç,
Fəzilət ayından yoluma nur saç.
Məni yol kəsəndən sən özün qurtar,
Elə et, üstümə gülməsin əğyar.
Əvvəl şükrə çatdır, sonra dövlətə,
Əvvəl səbrə çatdır, sonra zillətə.
Səbrimi tükədən bəlaları sən
Uzaq et, ey tanrı, sən ki adilsən.
Məni hər bəlaya etsən mübtəla,
Əvvəlcə səbr ver, sonradan bəla.
Qırsan da, səlamət qoysan da, ancaq
Tələbin bir ovuc tozdur, ya torpaq.
Çürüyüb toz kimi dağılsa bədən,
Yenə əl çəkmərəm bəndəliyimdən.
Düşsəm hər bucağa səni anaram,
Səni mən hər yerdə tanrı sanaram.
Bütün varlıqların heçlikdir sonu,
Tək sənə biçilmiş varlığın donu.
Kim səni, arasa əlində açar,
Əli boşa çıxar, dolanar naçar.
Kim sənə gözünlə baxarsa əgər
Ömrü vərəq kimi yellərə verər.
Səni tapmaq olur səninlə ancaq,
Boşdur hər qapıda yüyən parlatmaq.
Mənzili göz tanır buraya qədər,
Buradan keçdikdə taparsan xətər.
Varımı, yoxumu tapşırdım sənə,
Hesabım aydındır o xəlq edənə.
 
www. nizami.az