Ramazan ayının əməlləri haqqına

Ramazan ayında yerinə yetirilən əməllər

İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub: «Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala». Bu səbəbdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır. Biz bunların bəzisini nəzərinizə çatdırırıq.
 
Ramazan ayının gecələrində yerinə yetirilən əməllər:
1. İftar etmək. Yaxşı olar ki, (müstəhəbdir) iftar şam namazından sonra edilsin. Ancaq oruc tutan şəxs çox zəifləsə və ya onu yemək üçün gözləsələr, əvvəl iftar edilməli, sonra isə namaz qılınmalıdır.
2. Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək. Yaxşı olar ki, iftar xurma və ya su ilə açılsın.
3. İftar vaxtı dua oxumaq. Hər kim bu duanı oxusa, Allah ona bu gündə oruc tutanların savabını verər: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu» (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim.) Və hər kim birinci tikəni ağzına qoyarkən bu sözləri desə, Allah onun günahlarını bağışlayar: «Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli» (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla.)
4. İftar vaxtı «Qədr» surəsini oxumaq: «Bismillahir rəhmanir-rəhim. İnna ənzəlnahu fi leylətil qədr. Vəma ədrakə ma leylətulqədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr» (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən, biz Quranı qədr gecəsi nazil etdik. (Ya Peyğəmbər) Qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələklər və Ruh (Cəbrail) Rəbblərinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır.)
5. Əgər mümkün olsa, iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək. Peyğəmbərdən (s) rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir.) .
6. Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar. «Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Qur’an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam» (Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Qur’anı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.)
7. Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rəkət namaz qılına və hər rəkətdə bir dəfə «Həmd» və üç dəfə «İxlas» surəsi oxunar. Namazın salamını verdikdən sonra bu dua oxunur: «Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yə’cəl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu» (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, əzab verməkdə tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır.) Bu duadan sonra 7 dəfə təsbihati-ərbəə deyilir (Yəni, «Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər».) Sonra deyilir (1 dəfə): «Subhanəkə, subhanəkə, subhanəkə ya əzim iğfirliyəz-zənbələzim» (Paksan Sən, paksan Sən, paksan Sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla.) Və bu duadan sonra da 10 dəfə salavat deyilir: Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allah bu iki rəkət namazı qılanın 70 min günahını bağışlayar.
8. Ramazan ayı ərzində min rəkət namaz qılınır. Qılınma qaydası müxtəlifdir. Daha yaxşısı bu qayda ilədir: Ramazan ayının 20-ci gecəsinə qədər hər gecə iyirmi rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, on iki rəkəti isə xiftən namazından sonra qılınır). Ramazan ayının 21-ci gecəsindən sonra isə hər gecə otuz rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, iyirmi iki rəkəti isə xiftən namazından sonra qılınır). Bu cəmi yeddi yüz rəkət edir. Qalan üç yüz rəkət isə Qədr gecələrində (Ramazan ayının 3 gecəsində) qılınır. Beləliklə? bu üç gecə 300 rəkət namaz qılınmış olur. Bütün bu min rəkət namaz «iki rəkət-iki rəkət» qılınır, hər iki rəkətdən sonra təşəhhüd və salamlar deyilir və bundan sonra qalxıb təkbir (Allahu Əkbər) deyilib namaza davam edilir. Hər rəkətdə «Fatihə» və «İxlas» surələri oxunur.
Ramazan ayının gündüzləri yerinə yetirilən əməllər:
1. Səhur (o başdanlığı) yemək. Bir xurma və ya bir içim su ilə olsa da belə, səhuru yemək lazımdır (müstəhəbdir).
2. Səhur yeyən vaxt «Qədr» surəsini oxumaq. İftar edən vaxt və səhuru yeyəndə «Qədr» surəsini oxuyana, bu iki vaxt arasında (iftar və səhur), Allah yolunda öz qanına bulaşanın savabı yazılar.
3. 6-cı gecə əməlində qeyd olunan duanı gündüz də oxumaq müstəhəbdir.
4. Hər gün 100 dəfə salavat demək.
5. «La ilahə illəllah», «əstəğfirullah» (Allahdan bağışlanma istəyirəm) zikrini bu ay çox demək müstəhəbdir (Ən azı hər gün yüz dəfə «La ilahə illəllah», yetmiş dəfə «Əstəğfirullah» deyilməlidir). Həmçinin, bu ayda Quran çox oxunmalıdır. Çünki bu ay Quran nazil olan aydır.
 
 
 
gunahkar-bende.ucoz.org