Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Məhəbbət məktəbi

Məhəbbət məktəbi

Kamil insan barəsində digər bir məktəb də vardır ki, onu həm məhəbbət və həm də özünü tanıma məktəbi adlandırmaq olar.

Neçə min il bundan əvvəl Şərqi Asiyada çox ali fikir və düşüncələr olub ki, indi də bu barədə çox qədim hind kitabları mövcuddur. Onlardan bəziləri fars dilinə də tərcümə edilib ki, misal olaraq çox ali kitab olan «Opanişadha»nı göstərmək olar.
Bizim böyük ustadımız Əllamə Təbatəbai neçə il bundan əvvəl «Opnişadha»nı ilk dəfə oxuyanda çox təəccüblənmişdi. Əllamə Təbatəbai deyirdi ki, bu kitablarda çox-çox ali mətləblər var, amma onlara çox az diqqət edilib.
Bu məktəbdə, insanın bütün kamalları onun özünü tanıması ətrafında cəmlənib. Bu məktəbin sözü budur ki, «özünü tanı!» Əlbəttə «özünü tanı» cümləsini bütün peyğəmbərlər və həmçinin Sokrat da deyib. İslam peyğəmbəri də buyurub: «Kim özünü tanısa, Rəbbini tanıyar.» Bu məktəb isə yalnız insanın özünü tanımasına əsaslanır.
Qandinin bir neçə məqalə və məktubundan ibarət olan bir kitab tərcümə edilib ki, fikrimcə çox yaxşı kitabdır. Bu kitabın adı «Budur mənim dinim»-dir. Qandi bu kitabda deyir: «Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir.» Qandinin qeyd etdiyi birinci əsas budur: «Dünyada yalnız bir həqiqət var və o, özünü tanımaqdır.» «özünü tanı!» Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək belə deyib: «Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm də dünyanı bədbəxt ediblər.» O, bu söhbətində çox gözəl və ali sözlər deyib.
İkinci əsas budur ki, «özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.»
Üçüncü əsas isə budur: «Yalnız bir qüvvə, azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır. Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da özümüz kimi baxmalıyıq.»
Bildiyimiz kimi, Hind fəlsəfəsində «əməllərə diqqət» və «özünə qapılmaq» kimi məsələlər vardır. Əlbəttə hal-hazırda o mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, təlimlələr və yoqa əməlləri şəklini alıb ki, mənim məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.
Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət» məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mərifət!»

Mutraza Mütəhhərinin "Kamil insan" kitabından

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə