Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Arxiv

Sual-cavab (2)

11-dən  28-dək
SUAL 11: Həzrət Ayətullah-üzma Safinin hüzuruna salam!
Məntəqəmizdə xüsusi ilə qadınlar arasında intihar (özünü öldürmə) halı çoxalıb. Bu hal və onun aqibəti haqqında mübarək nəzərinizi buyurun.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Özünə qəsd etmək böyük günahlardandır. Bu günaha görə istər kişi, istərsə də qadın Allahın şiddətli əzabına düçar olar. Əgər insan dəli və əsəbi deyilsə, günahın səbəbi axirət inancının zəifliyi, dözümsüzlük və Allahdan ümidsizlikdir.
Bu günaha batanların çoxu bir sıra vahimə və xəyalların təsiri altında olur. Məsələn, qızışdırıcı oyunlar və ya saysız evlənmələrdəki müvəffəqiyyətsizliklər, məişət sıxıntıları qarşısında məğlubiyyət intihara səbəb olur.
Bu qəbil insanlara dünya və dəyişikliklərin daim hərəkətdə olduğunu anlatmaq lazımdır. Həyatda adətən, səbirsiz, müqavimət ruhiyyəsi olmayanlar məğlubiyyətə uğrayırlar. Onlarda gələcəyə ümidsizlik yaranır, problemləri həllolunmaz hesab edirlər. Hansı ki, dözümlü şəxslər Allaha təvəkkül etməklə çətinliklərə səbr edir və gələcəyə ümid içində, problemlərlə çarpışırlar.
Bəşər tarixi çətinlik ardınca rahatlıq, yoxsulluq ardınca rifah səhifələri ilə zəngindir. Müvəffəq insanların ruhiyyəsini heç bir hadisə sındıra bilmir. Allahın lütfünə güvənənlər «həqiqətən, hər bir çətinlik ardınca rahatlıq var» (İnşirah-5) ayəsini unutmurlar. Zaman keçir və zülmətlər nura boyanır.
Belələrini səbrə dəvət etmək lazımdır. Baş bədən üçün necəsə, səbr də iman üçün elədir. (Nəhcül-bəlağə). Ümid var ki, bu nəsihətlər faydalı olsun.
SUAL 12: Bütün müsəlman gənclər, eləcə də mənim üçün bir nəsihət buyurmağınızı xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Sizə və qəlbi islam nuru ilə münəvvər digər əziz cavanlara təqva, ədəb və dini göstərişlərə bağlılığı tövsiyə edirəm. Tövsiyə edirəm ki, həyatınızın bütün dönəmlərində dininizi hər hansı bir istəyə fəda etməyəsiniz. Əksinə, hər şeyi dininizə fəda edin.
SUAL 13: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!
Xahiş edirəm ki, dünya və axirətim üçün faydalı bir nəsihətlə mənə yol göstərəsiniz.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Nəsihət istəkli məktubunuz çatdı. Möminin mömin boynunda nəsihət haqqı olduğunu nəzərə alaraq, aşağıdakı qeydləri təqdim edirəm.
«Öyüd və nəsihət möminlər üçün faydalıdır» (Zariyat-55) ayəsinə əsasən nəsihətlərimizin faydalı olacağına ümidliyik.
İstər özüm üçün, istərsə də siz və bütün mömin bacı və qardaşlar üçün ən yaxşı nəsihət təqva və pəhrizkarlıqdır. İmam Baqir (ə) buyurur: «Həqiqətən bir müsəlmanın digər bir müsəlmana verdiyi ən yaxşı öyüd pəhrizkarlıqdır.»
Qiymətli cavanlıq nemətinin qədrini bilin. Allahın bəxş etdiyi bacarıq və fürsəti qənimət sayın. Bu dövrün təravətindən gözəl şəkildə istifadə edin. Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində «nə qədər ki, qocalıq gəlməyib, cavanlığı qənimət bil» deyə buyurur.
Çalışın ki, cavanlıq dövründə qəzəb, şəhvət və nəfs istəklərini ram etməklə özünüzə ağa olun. Bu dövr çalışmaq, özünü düzəltmək, istedadların aşkarlanması, kamillik dərəcələrinin fəthi üçün münasib fürsətdir. Heyvani meyllərin güclənməsi də bu dövrə təsadüf edir. Bu dövr ya səadət, behişt, ya da bədbəxtlik və əbədi əzab dövrüdür. Zəhmətlərə qatlaşmaqla bu dövrü Allah, Onun peyğəmbərləri, övliyaları və salehlərin yolunun seyrinə çevirmək lazımdır. (Nisa-69).
Müvəffəqiyyət nəsimi yellərinə qucaq açın və nəfslə cihada qalxıb, hidayət və müvəffəqiyyət qazanın. özünüzü büdrəmə və tənəzzül amillərindən hifz edin. Bəzi amillər Əbu-həmzə Somalinin şərafətli duasından bəyan olunmuşdur: «Mənim ağam! Yoxsa məni öz dərgahından qovub, xidmətində bəndəlikdən məhrum etmisən? Bəlkə, səhlənkarlığımı görüb, özündən uzaqlaşdırdın, üz döndərdiyimi görüb, özbaşına buraxdın? Yoxsa, bəxşişlərin qarşısında minnətdarlıq etmədiyimi görüb, binəsib etdin? Bəlkə, alimlərdən uzaq görüb, xar etdin, qafillərlə görüb, rəhmətindən məyus qoydun? Yoxsa, məni batil əməl sahibləri arasında görüb, onların öhdəsinə buraxdın? (Səhifeyi-səccadiyyə, 2-ci cild).
Yuxarıda sadalanan səbəblər müvəffəqiyyətsizliyin, Allahdan uzaqlığın, qəlb qaranlığı və digər fəsadların səbəbləridir. Bütün bunlar həqiqi fəzilətlərin və mənəvi dərəcələrin kəsbi üçün maneədir.
İnsan üçün səadətbəxş xüsusiyyətlərdən biri də layiq nəsihətlər təmənnasıdır. Allah sizin bu mənəvi dərkinizi, bəsirətinizi artırsın. Bu halı əldə etmək üçün Allaha şürk edin. Heç vaxt əxlaqınızı, nəfsinizi boş buraxmayın. Quran tilavətində davamlı olun. Ən azı əxlaq, məad, ilahiyyət, maarifə aid hissələri əzbərləyin. Allahı zikr etməklə şeytani xəyalları qovun. «Şeytani xəyallar hücum çəkəndə pəhrizkarlar Allahı zikr edirlər» (Əraf-201).
Hal - hazırda elmə yiyələnmək üçün ilahi tövfiqiniz var. Elmi məqamları məqsəd seçin. Cəmiyyətin faydalı bir üzvü olmaq, böyük xidmətlər göstərmək, müsəlmanları yadlara möhtaclıqdan qurtarmaq üçün bacardıqca çalışın.
Hər zaman həzrət Mehdinin (ə.c) zühurunun intizarında olun, onun nurlu könlünü sevindirən əməllər hazırlayın.
Uca Allahdan sizin üçün tövfiq, dünya və axirət səadəti istəyirəm.
SUAL 14: Xahiş edirəm ki, cavanlar üçün bir nəsihət buyurun.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Əziz cavanlarımız dövrümüzün saysız-hesabsız azdırıcı dəvət və vasitələrinə diqqətli olmalı, qeyri-islami təsirlər altına düşməməlidirlər.
Bilin ki, «ləbbeyk» deyiləsi yeganə dəvət bəşəriyyətin ən ziyalısı, həyat tarixi tam şəkildə məlum olan imamlardır.
İnşəallah müvəffəq olasınız.
Qeyd: Ayətullah-üzma Safinin oğlu doktor Mürtəza Safi təhsilini təkmilləşdirmək üçün İngiltərəyə ezam olundu. O, iki ildən sonra kardioloq ixtisası ilə ölkəyə qayıtdı. Hazırda Tehranın «Şəhid Behişti» institutunun elmi şurasının üzvüdür, «Şəhid Müdərris» xəstəxanasında fəaliyyət göstərir. Aşağıda ixtiyarınıza veriləcək iki məktub Ayətullah-üzma Safi tərəfindən doktor Safiyə və onun həyat yoldaşına ünvanlanmışdır.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
«De ki, işinizi görün, tezliklə Allah, Onun Peyğəmbəri və möminlər sizin işinizə baxacaqlar» (Tövbə-105).
Əziz övladım, gözümün nuru Mürtəza! İndi ki, Allahın köməyi ilə təhsilinin davamı üçün xaricə gedirsən, ümidvaram, müvəffəqiyyət qazanıb, seçdiyin məqsəddə zahirən və mənaca ali və mütəali uğurlar əldə edəsən.
Uca elmi məqamlara nail olmağı hədəf bil və səfərini Allah üçün yerinə yetir ki, oxuduqların, zəhmətlərin, tədqiqatların əməl naməni bəzəsin.
İslam ümmətinin və müsəlmanların özünə kifayətlənməsi üçün məlumat toplamaq yolunda, müsəlmanlara xidmət naminə səfər müqəddəsdir. Müsəlmanların bu günkü tənəzzülünün sirri onların dəqiq və humanitar elmlərdəki geriliyidir. Əksinə, kafirlərin üstünlüyü onların həmin elmlərdəki nailiyyətləridir.
Əgər xaricə gedən gənclərin hər biri texniki tərəqqi ilə ayaqlaşmaq, islam aləmi üçün başıucalıq gətirmək fikrində olsa, asılılıq aradan qaldırılar, istiqlal əldə edilər.
Axı nə üçün sən və sənin kimilər elm sahələrində dünya miqyaslı bir mütəxəssis olmayasınız?! Halbuki, istedad baxımından kimsədən geri deyilsiniz. Məqsədim hansı ali rütbə üçün səfər etdiyini sənə xatırlatmaqdır. Allah səni görür, Ondan kömək istə və Ona təvəkkül et.
Allah eləməmiş, olmasın ki, oranın bərbəzəkli görünüşü səni aldatsın və boş əllə geri dönəsən! Əgər orada təhsil imkanları vardırsa, unutma ki, insanı səadət yolundan azdıran vasitələr də çoxdur. Aldanmayan, xoşbəxtliyini satmayan kişi gərəkdir!
Dini vəzifələrində və Əhli-beyt vilayətində sabitqədəm ol. Bu yolda sınanmış, püxtələşmiş insanlarla ünsiyyətdə ol. Dini yığıncaqlarda xalisliklə, riyasız, feyz qazanmaq üçün iştirak et və həmin məclislərin qədrini bil.
Xülasə, fərz et ki, hamı, bütün müsəlman cəmiyyəti sən və sənin kimilərinin intizarındadır. Dost və tanışların, qohum-əqrəban, ata-ananın gözü yoldadır. Eləcə də, bütün xəstələr! Bütün bunları unutma və müvəffəqiyyətlər yolunda zəhmətləri qəbul et. Qarşıya çətinlik çıxanda etina etmə. Sıxıntı və çətinlikləri Allahın ixtiyarında qoy və ümidsizlikdən çəkin!
Bacardıqca dilində Allahı zikr et, qəlbdə xatırlamağı da unutma. Məhəmməd və ali Məhəmmədə, xüsusi ilə həzrət Mehdiyə (ə.c) salavat hədiyyə etməyi yaddan çıxartma. O həzrət və onun işlərinə yaxşı xidmət üçün təhsilinə diqqətli ol. Artıq macal olmadığı üçün uyğun mövzularda daha geniş mütaliə edəcəyinə ümid bəsləyirəm. Səni Allaha tapşırıram və Ondan sənin üçün dünya və axirət səadəti, tövfiq diləyirəm.
CAVAB 16: Bismillahir-rəhmanir-rəhim.
Bu bir neçə kəlməni də gözümün nuru Nərgiz və onun möhtərəm anası üçün yazıram. Sizin və Mürtəzanın sağ-salamatlığına, vətənə müvəffəqiyyətlə qayıdacağınıza ümid edirəm.
Əzizlərim, getdiyiniz şəhər fəsad, əxlaqsızlıq, günahla doludur. Onların insaniyyətdən dəm vurmalarına baxmayaraq, orada insan şərəfi heyvani şəhvət və həvəslərin tapdağıdır. Əksəriyyətinin həyatı heyvanxanalarda cərgələnmiş heyvanların həyatına bənzəyir. Öz əxlaqınızı, dini istiqlalınızı qorumağa çalışın. Uyğun mühitdə çox müsəlmanlar öz rənglərini dəyişirlər. Müsəlman olduqlarını unudaraq, qadınlar çadranı kənara qoyurlar. Əksinə, hindistanlılar, pakistanlılar və afrikalılar öz şəxsiyyətini qoruyur, milli geyimlərdə görünməkdən çəkinmirlər.
Hər halda yaşayış cihaddır. Dərs də, islami örtük də, bayağı məclislərdən uzaq olmaq da cihaddır. Cihad, cihad, cihad!
Ümid edirəm ki, bütün cihadlarda qalib olacaqsınız və balaca Nərgiz də öz kiçik çadrası ilə islami simvollara bağlılıq nümunəsi olacaq. Xülasə, şəri cəhətdən yaxşıları götürün, pislərdən uzaq olun!
SUAL 17: Həzrət Ayətullah-üzma Safinin hüzuruna.
Təhsil ocaqlarından birinin müdiri mütəmadi şəkildə dörd yüz nəfərlik bir cəmiyyətin qarşısında «səsinizi kəsin» sözünü işlədir. Tağuta məxsus, əxlaqa zidd belə bir sözün işlədilməsinə şəriətin münasibəti necədir? Şagirdlərin və məsulların vəzifəsi nədir?
CAVAB 17: Bismillahir-rəhmanir-rəhim.
İslamda elm təhsili və tədrisi təkid olunmuş mövzulardan olub, cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. İnsana elm öyrədib, onu doğru yola hidayət edənlərin haqqı böyükdür və bu haqq atanın haqqına uyğundur. Şagirdlər müəllimə ehtiram göstərməli, hətta onun nöqsanlı davranışına da dözməlidirlər.
Eləcə də, müəllim və ustadın vəzifəsi şagirdlərdə mehriban davranmaq, onların qüsurlarını nəzakətli qaydada islah etməkdir. Şagird və müəllim əlaqəsi heç zaman unudulmayan mənəvi bir əlaqədir. Hədisdə buyurulur ki, «elm öyrədən və elm öyrənən şəxslərin qarşısında təvazökarlıq edin» (Mişkatul-ənvar). Bu hədis şagirdə sadə olub, müəllimə ehtiram göstərməyi və müəllimə məhəbbət və təvazökarlıqla ilə şagirdi həvəsləndirməyi tövsiyə edir. Nəticədə, şagirdin elm və mərifətə rəğbəti artmalı, çətinlik zamanı həvəslə müəllimə üz tutmalıdır.
Şagirdlərin vəzifəsi budur ki, müəllimi qəzəbləndirəcək davranışa yol verməsinlər, danlaq zamanı müəllimə qarşı çıxmasınlar. «Müəllimin cəfası atanın nəvazişindən üstündür» buyuruğuna riayət olunsun.
Məsulların vəzifəsi müəllim və ustadların əxlaq və rəftarını şərafətləndirmək, onların nöqsanlarını, şagirdlərin ruhiyyəsinə mənfi təsir göstərən pis davranışlarını başa salıb, onların müəllim adını uca tutmasına çağırmaqdır.
SUAL 18: Ali məqamlı fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm, ilk dərs ilimdə məni öz göstərişlərinizlə peyğəmbər peşəsi olan müəllimliyə həvəsləndirəsiniz.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
İşinizə başlayarkən onun müqəddəsliyinə yetirdiyiniz diqqət və gözəl niyyətinizi dəyərləndirməklə, müvəffəqiyyət qapılarının üzünüzə açılmasını Allahdan diləyirəm. İmam Mehdinin (ə.c) sayəsi altında uğur qazanıb, onun dostlarından və köməkçilərindən olasınız.
Şərəfli müəllim peşəsi ağlın və şəriətin ehtiramını qazanmış peşələrdən olub, bütün müəllimlər arasında təqdir olunmuşdur. Qurani-kərimdə buyurulduğuna görə bütün insanların, həzrət Adəmin, eləcə də həzrət Məhəmmədin (s) müəllimi Allah-taala özüdür.
Əzəmətli peyğəmbərlərin ən böyük vəzifələrindən biri də təlim və tərbiyədir. Həzrət Rəsulullah (s) özü haqqında buyurur: «Yalnız müəllimlik üçün seçildim.»
həzrət Əli (ə) və digər imamlar ilahi cəmiyyətdə təlim və tərbiyə sifətinin məzhəridirlər. Mədrəsə, elmin bəyanı, maarif, o əzəmətli şəxslərin hökmləri ilkin islam dövründən bu günədək genişlənmişdir. İslam mədrəsəsi yeganə təhsil ocağıdır ki, onda minlərlə müəllimlər təhsil alıb, dünyanın müxtəlif nöqtələrində, şəhər və kəndlərində, məscid və hüseyniyyələrdə elmə qatılmışlar.
İki ay, məhərrəm və səfər ayları boyunca islam aləmi həzrət Seyyidüş-şühəda imam Hüseyn (ə) əzadarlıq mərasimi keçirir. Bütün təlim-tərbiyə ocaqları bu mərasimlərin kəramətindən çiçəklənir. Bir zaman Mədinə məscidində imam Hüseynə (ə) məxsus dərslər qurular, səhabə və ardıcıllar belə bir müəllimdən dərs alardılar.
Aydındır ki, söhbətin faydalı elmlərdən getdiyini qeyd etməyə ehtiyac qalmır. Quran, əhkam, əxlaq, üsul, ədəbiyyat, tarix, biologiya, fizika, kimya, riyaziyyat və s. müəllimlərinin hər biri fəzilətlidir. Bütün bu təlimlər cəmiyyətə xidmət, islamın izzəti, biganələrdən ehtiyacsızlığı, ilahi razılıq əldə edilməsi üçün yerinə yetirilə bilər.
Müəllim müqəddəs hədəf, yüksək şüur və düşüncə ilə tədris edərsə, bu iş heç bir dünya malı ilə müqayisə edilə bilməz. Bu yolda niyyət xalis olduqca işin mənəvi dəyəri də artır.
Həzrət imam Cəfər Sadiq (ə) məktəbində minlərlə alim, hədisçi, təfsirçi və mütəxəssislər yetişmişdir. «Kimya elminin atası» ləqəbini almış Cabir ibni Həyyan da bu şəxslər arasındadır.
İslami cəmiyyətdə tədris, müəllim, müəllimin məqamı və şənindən danışılanda adı çəkilən bütün elmlər nəzərdə tutulur. İslam, Quran, şəriət elmlərinin xüsusi məqamı olsa da, dini kamilliyi, dünya həyatının nizamlanması, cəhalətin aradan qaldırılmasında bütün digər elmlərin rolu vardır. Eləcə də, müəllim ixtisasından asılı olmayaraq, şagirdləri islam, mərifət, Əhli-beytlə tanış edə bilir. Müəllimlik sənəti şagirdlərin doğru yola yönəldilməsi üçün gözəl bir imkan yaradır. Əksinə, müəllim sağlam əqidəyə malik olmazsa, şagirdlərin əqidə və əxlaqına mənfi təsir göstərə bilər.
Eləcə də, fəsad törədən, pozucu sahələr vardır ki, onların tədrisi günahdır. Peyğəmbər və imamlarla həmfikirlik, onlardan ilhamlanmaq müəllimin axirətinə təminat verir.
Ümid var ki, təlim-tərbiyə ocaqlarımız ilahi hökmlər və Quran təlimləri sayəsində cəmiyyəti tərəqqi və inkişafa çatdırsınlar. Eləcə də, əziz müəllimlər öhdəyə götürdükləri böyük vəzifəni layiqincə yerinə yetirib, ilahi dəyərlərin keşiyində duranlardan olsunlar.
Möhtərəm və əziz müəllimlərə, xüsusi ilə də bu fəaliyyətə yenicə başlayanlara nəsihətim budur ki, öz işləri ilə Allah razılığını qazanmaq istiqamətində iradəli olsunlar. Şagirdlərlə təvazökar və mehriban rəftar, tapşırılmış əmanətin yaxşıca qorunması müəllim ömrünü bütün cəmiyyət üçün faydalı edər.
Onu da qeyd edək ki, müəllimin ədəb və əxlaqı, rəftarı və danışıq üslubu, hətta geyimi və çöhrəsi də şagirdə təsir edir. Ailədən sonra insan üçün ən təsirli mühit məktəb mühitidir. «Yaxşı yerin torpağı yaxşı, pis yerin torpağı pis bitkilər bitirər» (Əraf-58).
Bütün bu məsuliyyətlər nəzərə alınarsa, dərs otağını ibadət otağı, müəllimlik fəaliyyəti ibadət hesab oluna bilər.
Kaş, sizinlə olub, böyük iftixara çataydıq!
SUAL 19: Ayətullah-üzma Safinin nəzərinə. Etiram və salamla!
1. Özümü düzəltmək üçün nə etməliyəm?
2. Şeytanı qovmaq üçün ən yaxşı yol hansıdır?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Birinci sualın cavabında deyə bilərəm ki, özünü düzəltmək üçün şəriət göstərişlərinə əməl etmək, ən azı haramlardan çəkinib, vacibatı yerinə yetirmək lazımdır. Özünütərbiyənin ən ali dərəcəsi bəyənilmiş işlərin icrası, pislənmiş əməllərin tərkidir. Çünki özünütərbiyənin mənası insanın səadətinə təminat verən yaşayış tərzinə əməl olunmasıdır. Belə bir həyat tərzini isə yalnız insanı vücuda gətirmiş Allahdan öyrənmək olar.
İkinci suala cavab: Şeytanın rədd edilməsi üçün ən münasib yol həyatın istisna, mühüm döngəsində səbr edib, düşünməkdir. Bu dayanacaq bir yerdədir və insan bütün işlərini bu dönmədə icra edir. İnsanın qarşısına çıxan, eləcə də, imamların xəbər verdiyi məqama diqqət edilməlidir. Əlbəttə ki, Allahın zikri, mənasına diqqət yetirməklə dualar oxumaq da təsirlidir.
SUAL 20: Həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam! Xahiş edirəm ki, kamilliyə çatmağın mərhələləri haqqında nəzərinizi buyurasınız.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Kamillik mərhələlərinin yolu müxtəlif şəxslər üçün fərqlidir. Çünki insanların istedadı, məhdudiyyətlərə dözüm səviyyəsi zatən və fitrətən fərqlidir. Hər kəs öz fitri qabiliyyətləri çərçivəsində kamillik əldə edə bilər. Hər halda, kamillik istəyində olan hər bir şəxs müəyyən mərhələlər keçməlidir.
İlkin mərhələdə Allahı tanımaq istiqamətində kitablarda qeyd olunmuş dəlilləri düşünməklə ilahi sifətlər və Allahın öz qulundan agah olduğu dərk edilməlidir.
«(Allah) gözlərin xəyanətini və qəlblərin gizlətdiyini bilir» (Ğafir-19).
Bu tanışlıq ilahi razılığın tanınıb, əldə edilməsinə gətirir. Bu iş yalnız Allahın özü ilə bəndələri arasında vasitə etdiyi şəxsləri tanımaqla mümkündür. Həmin şəxslər Allahın razılıq və qəzəb mövqeyini, hansı əməllərin itaət, hansı əməllərin müxalifət olduğunu lazımınca bilirlər. Onlar ilahi elmlər xəzinəsi, Allahın əmanətçiləridir. Onların əxlaq və əməlini, buyuruqlarını düşündükcə ilahi əsaslarla tanışlıq bir o qədər artır. Əgər bu tanışlıq sadəcə bilik çərçivəsində qalamayıb, ilahi hökmlərə itaətlə yanaşı olarsa, faydalıdır. Lakin sadalanan biliklərə etiqaddan uzaq elmi tanışlıq Allahdan uzaqlaşmağa, bədbəxtliyə, daşürəkliliyə və pis aqibətə səbəb olur.
Allah-taala bizi və sizi, Məhəmməd və onun ailəsi xatirinə, Allah və Onun övliyalarını tanımaq yolunda müvəffəqiyyətə çatdırsın.
SUAL 21: Ayətullah-üzma Safinin hüzuruna. Salam!
Ailə həyatı qurmazdan qabaq musiqiyə həvəsli və örtüksüz idim. İndi isə musiqidən uzaqlaşmışam, örtüyüm qaydasındadır. Ən əsası isə Quran oxuyuram (Allahın və həyat yoldaşımın köməyi ilə). Amma hələ də Şeytan yaxamı buraxmır, süst və iradəsiz olduğumdan ardıcıl şəkildə namaz qıla bilmirəm. Vicdan əzabı çəkir, narahat oluram. Möhkəm iman və iradə əldə etmək üçün, Şeytandan uzaqlaşmaq üçün nə etməliyəm?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Musiqini həmişəlik qoyun kənara. Mütləq namazı qılın və bu vaxtadək qılmadıqlarınızın qəzasını yerinə yetirin. Rəvayətdə buyurulur ki, «namazı bilərəkdən tərk edən şəxs kafir kimidir.»
Allahın əzəmətini, ölümü, qəbr sorğusunu yaxşıca fikirləşsəniz, Allaha itaətin savablarını diqqət mərkəzində saxlasanız, inşaəllah şeytan yaxanızı buraxar. Bunu da bilməlisiniz ki, insan yalnız kamil iman və mərifət hesabına şeytan hiyləsindən və nəfs istəklərindən qurtula bilər. Belə bir kamillik isə Allahın əzəmətini düşünmək, bu əzəmət qarşısında mütilik, əzab və savabın mütləq olmasına yəqinlik, əmrlərə itaət və qadağalardan çəkinməklə əldə edilir.
SUAL 22: Bismillahir-rəhmanir-rəhim. Həzrət Ayətullah-üzma hacı şeyx Lütfüllah Safi Gülpayiqaninin hüzuruna. Salam!
Dost-tanışla davranmaq barəsində şəriətin hökmü nədir?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Şəxsiyyətin formalaşmasında ən təsirli amillərdən olan dost seçiminə diqqətli olmaq lazımdır. Elə şəxslərlə ünsiyyətdə olmaq lazımdır ki, bu ünsiyyətdən ruhani və mənəvi faydalar əldə edilsin.
Alimlər, zahid insanlar, sınanmış möminlərlə oturub-durmaq iman və əqlin inkişafına səbəb olur. Əksinə, günahkar, əxlaqsız, dini göstərişlərdən qaçan, həyasız, azğın adamlarla ünsiyyət olduqca zərərlidir. Belə şəxslərin iştirak etdiyi zərərli məclislərə qatılmaq olmaz. Eləcə də, məzhəbi yığıncaqları, Quran və dua məclislərini qənimət bilmək lazımdır. «Hər kəs öz yoldaşı ilə tanınar» – buyuruğunu unutmayaq.
SUAL 23: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
Bir gənc, Allah və məsum imamlarla necə əlaqə qura bilər? Əgər onun qəlbini ümidsizlik çulğasa, nə etməlidir?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Gündəlik həyatın bütün sahələrində Allah və məsumların buyuruqlarına lazım olduğu səviyyədə əməl etmək onlarla əlaqə qurmaqdır.
SUAL 24: Bismillahir-rəhmanir-rəhim.
Möhtərəm fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin hüzuruna. Salam!
Gənclərin zahiri dünya həyatı ilə çiyin-çiyinə sirli bir daxili aləmləri də vardır. Bu daxili aləm diqqətdən kənarda qalıb, unudulasa da, insan həqiqi əqidə və düşüncələrə, gözəl əxlaqa və əməllərə bağlanaraq ruhani aləmini hərəkətə gətirib, öz səadətini təmin edə bilər. Təəssüf ki, əgər cavanlar əxlaqsız və ləyaqətsiz əməllərə həvəs göstərməklə bədbəxtçiliyə düçar olmuşlar. Belələrinin doğru yola yönəldilməsi, onların zatı həqiqətlərinin dirçəlməsi, ruhaniyyət aləminə qayıtmasını gərəkli bilirəm. Əgər onlar bütün mənəvi kamillikləri heyvani qüvvələrin razılığına qurban versələr, nəfsani istəklərinə əsir olub, qızmış bir yırtıcıya dönsələr, şəksiz ki, bədbəxtlik çölündə sərgərdan qalacaqlar. Əgər çox az sayda insanlar özlərini kamilləşdirmək üçün çalışarsa və ibtidai məktəblərdə qızlar və oğlanlar həlakət vadisində vurnuxarlarsa, həqiqət yolundan sapanların aqibəti sözsüz ki, cəhənnəm olacaqdır.
Biz, gənclər arasındakı belə fitnə-fəsadların çoxundan xəbərsiz qalırıq və bu azğınlıqlar sadəcə ədliyyə sənədlərində arxivləşdirilir.
Cinsi azğınlığı qızışdıran amil açıq-aşkar mənəviyyatsızlıqdır. Biz yalnız özümüzə diqqət yetiririk və dini baxışlarımız öz dairəmizdən çıxmır. Hər hansı bir ölkədə mənəviyyat tənəzzülə uğradıqca cəmiyyətdə ictimai pozğunluq, ən başlıcası isə cinsi azğınlıq çoxalır. Belə bir mühitdə haqq və iman yolunu sevən, azğınlıqlardan narahat olan gənclər pis təsir altına düşür, özlərini itirirlər. Belə gənclər düzgün yolu seçməkdə məsləhət üçün heç bir kəsə, hətta ata-analarına belə etimad göstərmirlər.
Mən illər uzunu məktəblərdə azğınlıqları, 16-17 yaşdan aşağı oğlan və qızların telefon əlaqələrini, get-gəllərini müşahidə etdikdən sonra bu qənaətə gəldim ki, gənclər nə qədər ağıllı və düşüncəli olsalar da, iman və əxlaq yoxsulluğu onları tez-gec yırtıcı pozğunluqların pəncəsinə verəcək. Zənnimcə əsas səbəbkar ata-analarıdır. Pozğunçluqlarla mübarizənin zəruriliyini düşünürəm və sizdən kömək istəyirəm. Bu mövzuda kitab göndərməklə də olsa, mənə əl tutun.
Allahın və sizin köməyinizlə, gənclər arasında vərəqələr yaymaq yolu ilə müvəffəqiyyət qazanmaq olarmı? Onların düşüncələrinin islahı üçün hansı məlumatları vermək lazımdır? Onu da qeyd edim ki, mənim bu sahədə heç bir vəzifə və məsuliyyətim yoxdur. Məni kiçik bir şəxs kimi qəbul edib, məktubuma cavab verin. Bu məktubu əhəmiyyətsiz saymaq imam Zamanın (ə.c) cəmiyyətini və Quranı əhəmiyyətsiz saymaqdır.
Sizin məhəbbət dolu cavabınızın intizarındayam. Bir xahişim də budur ki, feyzlə dolu ramazan ayına yaxınlaşdığımız üçün cavabı tez göndərəsiniz.
Hədisdə buyurulur: «Allah evini yeddi dövrə təvaf edən şəxsə Allah-taala altı min yaxşılıq yazar, onun altı min günahını silər, onun üçün altı min dərəcə ucaldar və onun altı min istəyini yerinə yetirər. Lakin möminin istəyini yerinə yetirmək on dəfə təvafdan üstündür» (Hilyətül-müttəqin).
İnşaəllah, hər zaman həzrət Mehdinin (ə.c) lütf və inayətindən faydalanasınız.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Sizin geniş və dəyərli, cəmiyyət və islam övladları üçün ürəyiyanan məktubunuz çatdı.
Cavabın gecikməsi işin çoxluğu, yazılı və şifahi məsələlərdə kitablara müraciət etmək zərurətindən oldu. Öz dediyiniz kimi məktub yazanın bir təşkilat və ya adi bir şəxs olması əhəmiyyət daşımır. Cavablarda ən çox vəzifənin icrası, islam maarifinin yayılması, cəmiyyətin və xüsusi ilə də gənc nəslin agahlığının yüksəlməsinə diqqət yetirilmişdir.
Gənclərin problemləri həmişə tərbiyəçilərin, müəllimlərin, xüsusilə də peyğəmbərlərin və islam məktəbinin diqqət mərkəzində olmuşdur. İslahatçılar, qurucular, iqtisadi proqnozlar, iman və əqidə təbliğatları gənclərin üzərində mərkəzləşmişdir. İstər millətlərin süqutuna, istərsə də səadətinə çalışanlar bu təbəqəyə kapital qoyurlar.
Gəncliyin ruhiyyəsi müsbət və ya mənfi istiqamətdə fəaliyyət və fədakarlığa hazırdır. Gənclərə həsr olunmuş, onların istəklərinin ilahi əsaslarla təmini mövzusunda kitab və risalələrə ehtiyac çoxdur.
Əsrimizdə informasiya və nəşriyyat, canlı və cansız təbliğat vasitələrinin qloballaşması səbəbindən bir gəncin sağlam mənəviyyatda qalması üçün xeyli zəhmətlər tələb olunur. Siyasət, iqtisad, mədəniyyət adı altında qeyri-insani təbliğatlar baş alıb gedir. Jurnal və qəzetlər, radio və televiziya yayımları bəşəriyyəti ardınca sürükləyən mühüm amillərdəndir. Bu vasitələr şəhərliyə-kəndiliyə, qocaya-cavana baxmadan hamını və hər yeri əhatə edir. Mavi ekrandakı jest və mimikalar, geyimlər dünyanın ən ucqar nöqtəsindəki oğlan və qızları öz təsiri altında saxlayır. Sözsüz ki, saf müsəlman bir gəncin formalaşmasında ailə, məktəb, cəmiyyətin əhəmiyyətli təsirləri vardır. Necə ki, Quranda buyurulur: «Təmiz bir yurdun bitkiləri Allahın izni ilə bitər. Pis bir yurdun bitkiləri isə yalnız çətinliklə göyərər» (Əraf-58).
Nə vaxtsa hər hansı gəncin mühiti bir şəhər və ya bir kənd mühitində məhdudlaşırdı. Bu günki tərbiyə mühiti isə bütün dünyadır. Dünyadakı qarışıqlıqlar və əxlaqsızlıq təbliğatı uyğun mühiti dözülməz edirsə də, çarə yoxdur deyə, oturmaq olmaz. Bu problemlər qarşısında tərbiyə üsulları da çoxdur. Həmçinin müasir dünyamızda gəncliyin şüurunun inkişafı müsbət təbliğatın gerçəkləşməsi üçün şərait yaradır. Gənclər üzərində əhatəli və kamil formada təbliğat lazımdır. Onların problemləri araşdırılmalı cəmiyyətin, məktəbin məsulları və valideynlər əl-ələ verib, bu problemləri həll etməlidirlər.
Yada saldığınız cinsi problemlərin həlli üçün müqəddəs islam dini evlənmənin əhəmiyyətini təkidlə vurğulayır. Hədisdə buyurulur: «Ailə həyatı quran şəxs öz dininin yarısını hifz etmişdir» (Kafi, 5-ci cild). Bir nəfərin ailə qurması üçün atılan addım gecələri namaz, gündüzləri orucla keçmiş bir ilin ibadətinin savabı ilə dəyərləndirilir. Bununla islam imkan həddində gənclərin mənəviyyatını hifz edir.
İslam fəsad törədən müsabiqələri, oyunları, filmləri, kitabları, qəzet və jurnalları, haram musiqi və qumarı, əxlaqsız insanlarla ünsiyyəti qadağan etməklə faydalı düşüncə və təhsil üçün şərait hazırlayır.
Bizim əqidəmizcə, islam bütün problemlərin həlli yolunu bəyan etmişdir və mövcud azğınlıqlar islama arxa çevrilməsindən doğur. İslami cəmiyyət gənclərin səadəti üçün imkan daxilində şərait yaradan bir cəmiyyətdir.
Cəmiyyətə və xüsusi ilə də təbliğat vasitələrinə rəhbərlik edənlər səhlənkarlığa yol verməməli və bu səhlənkarlığı islama, vətənə, millətə xəyanət bilməlidirlər.
İnformasiya vasitələrinin öhdəlikləri çox ağırdır. Haqqın və ədalətin, mənəviyyat və düzgünlüyün təbliği başlıca vəzifə olmalıdır. Gəncləri söhbətlər, əxlaqi yığıncaqlar, təfsir və dua məclisləri vasitəsi ilə doğru yolda saxlamaq lazımdır.
Allaha şükr olsun ki, şiə maarifində, islam mədəniyyətində gənclərə və yeniyetmələrə ünvanlanmış nəsihətlər təsəvvür olunduğundan da çoxdur – ayələr, hədislər, dualar, kitablar, məqalə və şerlər bu qəbildəndir. Gəncləri bu varlı mədəniyyətə yönəltmək, onları əməllərinin hesabatına məşğul olmağa çağırmaq lazımdır.
Nəhayət, əziz on doqquz yaşlı gənc! Şükürlər olsun ki, bütün bu biliklərə maliksən. Mən sizi təbrik edir və sizin kimilərin çoxluğunu Allahdan diləyirəm!
Siz gənclər islamın gələcəyisiniz. İslamın əzəmət və şövkəti sizdən asılıdır. Hamının sizdən intizarı var – İslamın, Quranın, həzrət Bəqiyyətullahın (ə.c)! o həzrətin əksər köməkçiləri siz müsəlman və əhd bağlamış gənclər olacaqsınız.
Əzizlərim! Əgər sizə münasibətdə biz öz vəzifələrimizi lazımınca yerinə yetirə bilmiriksə, özünüz hərəkət edin. Allah sizə yar olsun! «De ki, işinizdə olun, onsuz da elədiklərinizi Allah, Onun rəsulu və möminlər görəcəklər» (Tövbə-105).
SUAL 25: Əzəmətli fəqih həzrət Ayətullah-üzma Safi Gülpayiqaninin müqəddəs hüzuruna. Salam!
Bizim ailə üzvlərindən biri qərb vurğunu olub, xaç və it mücəssəməsinə həvəs göstərir. Ata-anamın nəsihətləri ona təsir etmir.
1. Sizin nəzərinizcə, bu işin İslam ruhu ilə uyğunluğu varmı?
2. Naməhrəm kişi ilə dostluq və ona meyl islam nöqteyi-nəzərincə düzgündürmü?
3. Ailə qurmaq istədiyim bir adamla görüşə bilərəmmi?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ümid olunur ki, siz və əsrimizdə sınaq meydanında qərar tutmuş digər xanımlar, Allahın tövfiqi ilə, bu imtahandan üzü ağ çıxıb, islami şəxsiyyətinizi qoruyasınız. Dövrümüzdə qadınların məsuliyyəti çox mühümdür. Onların Quran təlimlərini, peyğəmbər və imamların yolunu rəhbər tutması olduqca təsirlidir.
Birinci sualınızda açıqlanmış məsələ böyük təəssüf doğurur. Necə də ürəksıxıcıdır ki, müsəlman və müvəhhid bir mühitdə boya-başa çatmış, «Əllahu əkbər» və azan səsi eşitmiş bir qız özünü bu dərəcədə biganələrə təslim etməklə, məsihiyyət simvolu olan xaça, murdarlıq nişanəsi olan itə rəğbət bəsləyir və öyüd-nəsihət eşitmir. Müsəlman cəmiyyətində qərbpərəstliyin bu həddə çatması təəssüf doğurur.
Həmin qızın həvəsləri biganələr qarşısında zəifliyin nişanəsidir. O, bu simvollarla öz zəifliyini aradan qaldırmaq istəsə də, əslində qeyri-kamilliyini, çaşqınlığını izhar edir. Bu sayaq təzahürlərin yaranmasında pozucu təbliğatların təsirini qeyd etməklə kifayətlənirəm. Siz və sizin kimi digər xanımlar səthi mütaliə ilə bu sayaq eybəcər əlamətlərin cəmiyyətimizə necə yol tapdığını anlaya bilərsiniz.
İkinci sualınıza işarə ilə bildirirəm ki, kənar kişi ilə rabitə şəriətin müəyyən etdiyi çərçivədən kənara çıxmamalıdır. Naməhrəm kişi ilə ünsiyyətin sonu peşimanlıq ola bilər. Bu sayaq rabitələrin hesabına bir çox subay qızlar iffət və paklığın sərhəddini aşmış, mədəniyyət adı altında gizlənən təkliflərə aldanaraq bədbəxtliyə düçar olmuşlar.
Qeyd etdiyiniz münasibətlər ölçü-biçisizdir. Bu sayaq münasibətlərə gənclik dövründə təsadüf olunsa da, valideynlərin, oğlan və qızı sehirləmiş aldadıcı hisslərdən azad təcrübəli şəxslərin məsləhətləri zəruridir.
Səadət istəyirsinizsə, ailə qurmaq arzularınızı ata-ananıza bildirin. Onlar razılaşmasalar, narahat olmayın. Axı hansı ata-ana öz övladı üçün səadət istəməz?! Sadəcə, bu işdə onların təcrübəsi və agahlığı çoxdur.
Sizə və digər gənclərə yaşınızın bu dövründə diqqətli olmağı, gələcək səadətinizə inanmağı tövsiyə edirəm.
Üçüncü suala gəldikdə isə, bildirməliyəm ki, izdivac niyyəti ilə kimsəyə baxmaq və onunla görüşmək şəri həddi aşmamalıdır. Evlənmə adı ilə naməhrəm kişiyə yaxınlaşmaq olmaz. Sənəti və qazancı haram olan şəxslə ailə qurmaq qadağan olmasa da, bu iş müsəlman qadın üçün xoş gələcək vəd etmir. Hər bir müsəlman haram mal, haram geyim, haram yeməkdən çəkinməlidir. Əgər evlənməzdən qabaq haram işdən əl çəkərsə, onunla ailə qurmaq olar.
Uca Allah sizi və bütün müsəlman xanımları islam, iffət və hicab yolunda sabitqədəm etsin.
SUAL 26: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam!
İki ildir sizə məktub yazmaq niyyətim var. Müəyyən səbəblərdən yubandım və nəhayət, bu gün özümü sual zindanından qurtarmaq qərarına gəldim.
Mənim rəssamlığa böyük həvəsim var. Bu yaxınlarda ailə qurmuşam. Həyat yoldaşım bizimlə yaşayır. sualım budur ki, mənim bütün işlərimə nəzarət etməyə onun haqqı vardırmı? İnstitutda mənim rəssamlığı davam etdirməyim üçün şərait var. Ərim mənə rəssamlıqla məşğul olmağı qadağan edib. Mən yenə də bu işlə məşğul ola bilərəmmi? Onun dəlili budur ki, rəssamlıq mənim işimə mane ola bilər. Nə qədər çalışmışamsa da razı olmayıb. Hələ ki, atamın evindəyəm. Mənim məsuliyyətim atamın, yoxsa ərimin öhdəsindədir? Ərim məni təhsildən məhrum edə bilərmi? Mənim keçmişimin ona aidiyyatı varmı? Anadan olandan ailə quranadək həyatımın bütün xırdalıqlarını ona danışmışam. Bəlkə də, özümü ona olduğum kimi tanıtdıra bilməmişəm. Axı özümü tam tanımadığım, daxili çəkişmələr içində olduğum zaman necə tanıtdıra bilərdim? Hər ikimiz şəri, islami qanunlara əməl etmək istəyirik. Nümunəvi qadın olmaq üçün nə etməliyəm? Bilirəm ki, mütaliə etməli, həzrət Zəhranı (s) özümə nümunə götürməliyəm. Bununla belə sizin köməyinizə ehtiyacım var. Mən ərimdən gizli rəssamlığa davam edə bilərəmmi? Gün uzunu baş verən hadisələri ona danışmağım zəruridirmi?
Eyni zamanda, ərim pak və sağlam bir gəncdir. Mən onu özüm üçün Allah hədiyyəsi bilirəm.
Cavabınızın intizarındayam.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Allahın böyük nişanələrindən, yaranış aləmindəki incəliklərdən, gözaçan agahlıqlardan biri evlənmək, qadın və kişinin bir-birlərinə munis olmalarıdır. Bu cütlüyü layiqincə ifadə edən bir söz tapa bilmirəm. Quranda buyurulur: «Onlar sizin libasınızdır, siz də onların» (Bəqərə-187). Başqa bir ayədə buyurulur: «Sizin özünüzdən sizin üçün taylar yaratmışıq ki, onlarla rahatlıq tapasınız» (Rum-21). Özünüzdən özünüz üçün yaratdı. Həmdəm, munis, həmdərd yaratdı. İslam bu izdivac, kamilləşməyə böyük əhəmiyyət verir və fitrətlərdə mövcud ehtiyacı bir daha nəzərə çatdırır. Ailə özülünü möhkəmliyinə, qadın və kişinin vəfadarlığına xüsusi diqqət yetirilir.
Mən öz həyat təcrübəmdə nümunə olası ailələr görmüşəm. Sanki onlar bir-birlərinin ürəyini oxuyur, bir-birinin istəyinə danışıqsız əməl edirdilər. Bizim dövrümüzdə nə pozulmuş hüquqlar uğrunda mübarizə, nə icbari kişi ağalığı vardır.
Demək istəyirəm ki, Allahdan hədiyyə saydığınız yoldaşınızla heç bir probleminiz olmayacaq. Qarşılıqlı istəyiniz bütün işləri yoluna qoyacaq. Siz onun, o, da sizin xatirinizi istəyəcək.
Hər halda ər-arvad münasibətlərinin nizamlanması üçün qanunlar və hüquqlar müəyyənləşdirilmişdir. Bu hüquqlara əsasən nə kişi, nə də arvad evlənərkən öz keçmişlərini danışmağa borclu deyillər.
Ata evində kimin öhdəsində olmağınızla bağlı suala gəldikdə güzəşt və məsləhətlə keçinməyiniz məqsədə uyğundur.
«Mömin kişi ailə və uşağının istəyinə uyğun yemək yeyirsə, münafiq kişi bu işdə yalnız öz rəyini əsas götürür» (Kafi, 2-ci cild). Qadın da ərinin razılığı üçün çalışmalıdır.
Ümid edirəm ki, hərarətli münasibətləriniz bu söhbətdən sonra daha da hərarətlənəcək. Allah aranızda ülfət yaradıb, nəslinizi paklasın.
SUAL 27: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
Həyat yoldaşı seçməkdə çətinlik çəkirəm. Allahın razı olduğu, şəriətin qəbul etdiyi, məni islami hədəflərə və səadətə çatdıracaq bir qadınla evlənmək barədə düşünürəm. Meyarlarım həmfikirlik, əqidə birliyi, ruhən yaxınlıqdır. Sərvət, gözəllik, təhsil mənim üçün əhəmiyyətsizdir. Əlbəttə ki, həyat yoldaşının gözəl, təhsilli olması hamının istəyidir. Amma məncə fikir və əqidə birliyi olarsa, digər məsələlər öz-özünə həll olar. Mənim ailə qurmaq haqqında işıqlı fikirlərim var. Ömrümün sonunadək təhsilimi davam etdirmək istəyirəm. Günah və üsyankarlıqdan uzaq, ağılla istəklərə qələbə çalan bir insan olmaq arzusundayam. Həyat yoldaşımın, onun ailəsinin və qohum-əqrəbasının özü Allah bəyənən təfəkkürə malik olsun.
Bəs necə bilim ki, həmin qadın bu şərtlərə malikdir? İnstitutda oxusam da, qızlarla yaxın münasibətdən çəkinirəm. İnanın ki, xəyalən belə bir insanı tapdığımı düşənəndə rahatlıq bütün vücudumu bürüyür.
Bu məsələnin həllində sizin rəyinizi bilmək istəyirəm. Öz göstərişlərinizlə mənə kömək göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Sizin ətraflı məktubunuz çatdı. Bildiyiniz kimi ailə qurmaq mühüm dini ayindir. Həzrət Peyğəmbər (s) buyurur: «Ailə qurmaq mənim dinimdəndir (qaydalarımdandır). Başqa bir hədisdə «evlənən şəxs dininin yarısını hifz edir» deyə buyurulur.
Yəqin ki, bu dini ayini yerinə yetirmək fikrindəsiniz. Lakin həyat yoldaşını seçməkdə həddi aşan götür-qoy vəsvəsədir. Əgər qadın iffətli, əxlaqlı tanınmışsa və valideynləriniz onu münasib bilirlərsə, Allaha təvəkkül etməklə işə başlayın və sizdən aslı olmayan işləri Allaha tapşırın. «Allaha güvənən kəslərə Onun yardımı yetərlidir» (Təlaq-3).
SUAL 28: Həzrət Ayətullah-üzma Safinin hüzuruna. Salam!
25 yaşım var. Üç aydır evlənmişəm. Bu müddət ərzində anlamışam ki, həyat yoldaşımın mənə qarşı münasibəti pisdir. Əsassız bəhanələrlə ayrılmaq istəyir. Ailə qurmazdan əvvəl bir oğlanla münasibətdə olduğunu etiraf edib. Faktlar da var – aşiqanə məktublar, telefon nömrələri... Çox nəsihət vermişəm. Ümid etmişəm ki, bəlkə islah oldu. Hətta ata-anasına bu barədə deyəcəyimlə onu hədələmişəm də. Öz imzası ilə etirafını da aldım, amma təsirsiz oldu.
Artıq iki həftədir ki, dava-dalaşına görə atası evinə aparmışam. Boşanmaq fikrindədir. Boşanmaq üçün istixarə etdim, yaxşı gəldi. İndi nə edim? Ağsaqqallara qulaq asım, yoxsa istixarəyə?
Onun öz etirafına görə mənim mənəvi və maddi cəhətdən heç bir nöqsanım yoxdur. Onun əxlaqındakı alçaqlığı valideynlərinə bildirməsəm pozğunluqla məşğul ola bilər.
Üzr istəyirəm. Bütün məsələləri sizə açıq şəkildə çatdırmağı zəruri bildim. Xahiş edirəm, nəzərinizi bildirəsiniz.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ətraflı məlumatım olmadığım üçün sizin daxili işiniz haqqında rəy verə bilmərəm.
Əvvəla, bir nəfər üçün eyb olan sirri ifşa etməməyin savabı var. Bu iş zəruri olmasa, haram və günahdır. Ona görə də yoldaşınızın sirrini açmaqdan çəkinin. İkicisi, talaq kişinin əlindədir. Əgər qadın talaq vasitəsi ilə pis yola düşə bilərsə, mümkün olan halda onu boşamamaq yaxşıdır. Ümumiyyətlə, halal işlərin ən pisi talaqdır.
Üçüncüsü, ağsaqqalların məsləhətini dinləyib-dinləməməniz üçün şəraiti özünüz daha yaxşı bilirsiniz. Hər halda mən də sizin çətinliyinizin həlli, xeyiriniz üçün dua edirəm.

Yazının tərtibindən tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Sual-cavab (1)

Sual- cavab:  1-dən 10-dək
SUAL 1-1: Hörmətli Ayətullah-üzma Safi həzrətləri, salam! Bir qrup şəxs «Şəms» surəsində Allahın nəfsin paklığına on bir dəfə and içməsini əsas götürərək nəfsin paklanmasını vacib bilmişlər. Bu düzgündürmü?
CAVAB: Nəfsi saflaşdırmaq, paklamaq vacibdir. «Onu paklayan nicat tapar» (Şəms-9) ayəsinə müvafiq olaraq nəfsini paklayanlar nicat tapasıdırlar.
İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın zinətləndirilməsinə xüsusi yer verilmişdir. Batinə səfa verilməsində, qəlb çirkinliklərinin təmizlənməsində bu proqramlar olduqca təsirlidir. Ali islam təlimlərinin bir hissəsi paklıq və saflıq, digər bir hissəsi isə kamillik və zinətlənmədir. Bu iki yönümün faydası bütün dini təlimlərdə təsdiqlənir.
Əxlaqın paklaşdırılmasında insan özü aparıcı rol oynayır. Vəzifələrin, ibadətlərin icrası, günahın tərk edilməsi ardıcıllıqla yerinə yetirilərsə, batinin nuru artar və Allaha üz tutmaqla qəlb aydınlaşar. Əksinə, günah və haramlar, dini göstərişlərə etinasızlıq qəlbi qaraldır, ruhu korlayır.
Beləcə, din Allaha üz tutmaq, paklamaq, zinətlənmək, kamilləşməkdir. «Hər bir mömin kişi və qadın yaxşı işlər görərsə, onu pak həyatda yaşadar, əməllərinin əvəzini daha artıq verərik.» (Nəhl-97). Bu əməllər bəyənilmiş həyata səbəb olur və insan elm və əməl qanadı ilə bu ali məqamlara yetişir.
Quran və Əhli-beyt hədislərini qoyub, onun-bunun sözünə əməl etmək və rəhbər, şeyx seçmək lazım deyil. Bəziləri gərəksiz olaraq Allaha yaxınlaşmaq adı altında təriqət və qruplar yaradır, hətta alimləri də müəyyən dəstələrə bölürlər. Əsassız proqramlar islam adı ilə qələmə verilir.
Bütün kitabların (məsələn, Şeyx Tusinin «Misbahul-mutəhəccid» kitabı) göstərdiyi yaxınlaşma yolu vacibatlardan, nafilələrdən, insanları yaxşıya dəvət edib, pisdən çəkindirməkdən, «İslam» kəlməsini ucaltmaqdan, möminlərin ehtiyacını ödəməkdən, həzrət Mehdinin (ə) zühurunun həqiqi intizarında olmaqdan ibarətdir.
Allah-taala hamını Öz dininə, doğru yol olan islama hidayət etsin.
SUAL 1-2: Deyirlər ki, mənəvi kamilliyə çatmaq istəyən şəxs dua və zikrləri dərman misalında bilib, onları ruhani təbibin nəzarəti altında istifadə etməlidir. Çünki dualar ruhi təbəqələrə malikdir. Bu doğrudurmu?
CAVAB: Deyilən məqsədə çatmaq üçün Əllamə Məclisinin kitablarından, Tusinin «Misbahından», «Məfatihul-cinan»dan dua və zikrlər oxunsa kifayətdir. Xüsusi bir icazə və göstərişə ehtiyac yoxdur. İcazəyə ehtiyaclı bilindirilən bəzi sufi proqramları əsassızdır. Bəzən isə bu proqramların müəyyən qismləri bidət və haramdır. Ən əsası odur ki, ibadət və təkliflər proqramı şəriət və məsumlara əsaslansın. İnsan kimlərinsə ixtiralarına tabe olmamalıdır.
SUAL 2: Şiələrin uca məqamlı müctəhidi həzrət Ayətullah-üzma Safinin mübarək hüzuruna salam!
Yaşayış mühitim çətinləşib. Səbəb ailə üzvlərinin islami vəzifə və göstərişlərə məsuliyyətsizliyidir. Evi tərk edib, başqa bir yerdə şəri vəzifələrimi rahatlıqla yerinə yetirmək istəyirəm. Yaddaşımın zəifliyi də narahatçılıq yaradır. Bu iki çətinlikdə dəyərli nəsihətlərinizlə yol göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Yazdığınız əlimizə çatdı. Allahdan çətinliklərinizin gözəl şəkildə həllini və sizin üçün xeyir aqibət istəyirəm.
Sizin əhkam və şəri vəzifələrə diqqətiniz bəyəniləsidir. Həzrət Bəqiyyətullahın (ə.c) lütfü sizə şamil olsun, inşaəllah.
Ailəniz dini vəzifələri hələlik lazım olan şəkildə yerinə yetirməsə də, siz müqavimət göstərin. Zənnimcə, təhsilinizi bitirməmiş yaşayış şəraitinizi dəyişsəniz, yeni çətinliklərlə qarşılaşacaqsınız.
İlkin islam dövrünü və o dövrün müsəlmanlarını xatırlayın. O zaman gənclər kafir ailələr içində müsəlman olur və xeyli əzab-əziyyətlə qarşılaşırdılar. Məyus olmayın. İnşaəllah müvəffəq olarsınız.
Hafizənizin zəifliyi də qorxulu deyil. Bir çox istedadlı şəxsiyyətlərin hafizəsi zəif olub. Allah sizə kömək olsun.
SUAL 3: Ayətullah-üzma hacı şeyx Lütfüllah Safini həzrətlərinə. Salam! Böyük şəxsiyyətlərlə ünsiyyətdə olduğunuzu nəzərə alaraq, sizdən dünya və axirət səadətinə yol açan bir nəsihət istəyirəm. «Nəsihət möminlər üçün faydalıdır.» (Zariyat-55).
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər olan dəyişikliklərin hər biri öyüd və nəsihətdir.
Əgər insan aləmə ibrət gözü ilə baxarsa dünyanın zahirinə diqqət yetirməklə onun batini haqda düşünərsə, şübhəsiz öz vücudunda oyanış hiss edər. İnsan üçün imkan aləminin hər bir zərrəsində, hər bir yarpaqda mərifət qapıları və səadət yolları açılar. Bir şərtlə ki, insan aşağıdakı ayələrin şamil edildiyi qrupdan olsun: «Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan» (Ali-İmran-191). Əksinə, bu ayədə göstərilən sifətdən uzaq ola: «Ürəkləri var, onunla dərk etməz, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər» (Əraf-179).
Yaranış kitabı olan dünya başdan-başa nəsihət və moizələrlə zəngindir. Lakin oxumaq üçün savad, mənaların dərki üçün ağıl gərəkdir. Böyük vəhy və şəriət kitabı olan Qurani-kərim də, yaranış aləmi kimi nəsihətlərdən ibarətdir. Onu çox oxuduqca, mənalarını çox düşündükcə daha çox ibrət götürülür. İstənilən bir sahədə nəsihəti Qurandan tapa bilərsiniz.
Əbdür-rəhmanın sifətlərini mübarək «Fürqan» surəsindən, ictimai-əxlaqi təlimləri «İsra» surəsinin 22-39-cu ayələrindən oxuya bilərsiniz. Onun müjdə verən, qorxudan ayələrinin hər biri nəsihətamizdir. Sol və sağ tərəfdən olanların sifətlərinin bəyanı olduqca nəsihətlidir.
Peyğəmbərlərin və ilahi şəxslərin, eləcə də kafirlərin və fironların aqibəti doğru yola yönəlmək üçün öyüd və nəsihətdir. Oxuyun, təkrarlayın və mənalarını düşünün. Çalışın ki, bu mənaların həqiqətini əldə edəsiniz. «Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
«Onlara bu dünya həyatını misal gətir – o, göydən yağan və cürbəcür bitkilər cücərdən yağış kimidir. Allah hər bir işə qadirdir» (Kəhf-45).
«Hər kəs zərrəcə yaxşılıq etsə, yaxşılıq, hər kəs zərrəcə pislik etsə, pislik görər» (Zilzal 7-8).
«Göylərdə və yerdə baxılmayıb, ötürülən bir çox nişanələr var» (Yusif-105).
«Özlərindən sonra necə bağlar və bulaqlar qaldı – əkinlər, gözəl evlər və içində qərq olduqları bir nemət» (Duxan 25, - 27).
«İllər boyu onları faydalandırdığımıza baxmayaraq, vəd olunmuş əzabın başlarına yağdığını gördün. Həmin faydalar onlara təsir etmədimi?» (Şuəra 205, 206, 207).
Xülasə, aydınlıq istəyənlər üçün Quran bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Quranla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, «Nəhcül-bəlağədən» həzrət Əlinin (ə) xütbələrini, Quranın həqiqi şərhçilərinin nəsihətlərini mütaliə edin.
İmkan həddində mömin bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.
Gecə namazını qənimət bilin. Hər zaman Allahı zikr edin. Cümə axşamları «Kumeyl», cümə günləri isə «Nudbə» duası oxuyun.
Öz şəxsi əməl və hesabınızın mühasibəsində alverdə şəriklərin hesabında olduğundan da ciddi olun. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir. (Kuleyni «Kafi» 2-ci cild).
Niyyətinizi xalisləşdirin, özünüzü Allah və Onun savabından qeyri bir şeyə satmayın.
İmkan aləminin nümunə və hidayətçisi həzrət Bəqiyyətullah (ə.c.) ilə rabitənizi qoruyun. Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmayın. İşlərimizi bacardıqca onların öhdəsinə qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (imam Zaman (əc.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək. Yalnız Əhli-beytə itaətlə əldə edilən uca məqama yüksələcəyinizi ümid edirəm. Allah sizləri, bizləri, və bütün möminləri ins və cindən olan şeytanların, bidətçilərin tələlərindən qorusun.
SUAL 4: Hörmətli müctəhid Ayətullah-üzma Safi Gülpayiqani ağanın hüzuruna! Haqqa çatmaq üçün bir göstəriş buyurun. Bu hədəfə nail olmaq üçün özümə rəhbər, şeyx seçimmi? Hansı kitabı məsləhət görürsünüz?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Məktubunuz çatdı və onun məzmunundan məlumat hasil oldu. Əxlaqı paklamaq və sizin sözünüzlə desək, Allaha tərəf getmək üçün göstəriş istəmisiniz. Yadınıza salıram ki, İslam təlimlərinə, vacib və müstəhəbbə əməl etmək, haram və məkruhdan çəkinmək haqqa tərəf getmək deməkdir.
Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəkətdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır. İbadi təlimlər, namaz, həcc, oruc, dua, Quran oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək, rəvayətdə (Muəlla ibni Xuneysin rəvayətində) deyildiyi həddə din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qurani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.
Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Quranın təfsirləri və hədis kitablarında göstərilmişdir. Şeyx və rəhbərə ehtiyac yoxdur. Ustad Quran və Əhli-beytdən olan hədislərdir.
Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şəri vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun səfərdə ola bilər. Lakin «...qafillərdən olma...» (Əraf-205) ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.
İslam təlimlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.
Yaxşıya dəvəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir. İşarə etdiyiniz həmin firqədən qorunun. Həmin yol küfr və şirkə aparır. Onların rəhbərlikdə məqsədi xalqı azdırmaqdır.
Qardaşcasına nəsihət edirəm: əvvəl vaxtda namaz qılmaqla, dilinizi qorumaqla, deyilən proqramlara baxmaqla, elə öz ayağınızla Allaha tərəf getsəniz, Ona yaxın olarsınız.
«Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir» (Ənkəbut-69).
Mən sizin müvəffəqiyyət qazanmağınız və imanınızın şeytanların vəsvəsəsindən qorunması üçün dua edirəm. Siz də məni unutmayın.
SUAL 5: Şiələrin uca məqamlı müctəhidi Ayətullah-üzma Safinin hüzuruna, ədəb və ixlas ilə! Ruhi sarsıntı və uğursuzluqdan qurtulmaq üçün nə etmək lazımdır?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Ruhi halətlər və müvəffəqiyyətlərin kəsilməsindən danışan məktubunuz gəlib çatdı.
Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir.
Şərafətli bir hədisə görə, uzun illər ibadətlə məşğul olmuş bir şəxs var idi. Bu şəxs o zamanın adət-ənənəsi ilə qurban kəsdi və bu qurban qəbul olmadı. O, öz nəfsinə üz tutub dedi: «Başıma nə gəldisə, səndən gəldi. Günahkar deyildim, sən etdin.» Xitab oldu ki, bu şəxsin öz nəfsini danlması illərlə etdiyi ibadətdən daha yaxşıdır.
Siz hazırkı imanınız ilə həmin ləyaqətli halətə sahib olmalı, savabın əldə verilməsindən narahatlıq keçirməlisiniz. Buna görə də ötən zərərlərin aradan qaldırılması məqamına gəlin və Allaha şükr edin ki, sizə belə bir işıqlı vicdan vermişdir. Şükr edə-edə, şadlıq və eşqlə öz proqramlarınızın icrasına başlayın. Allahdan mərhəmət və yardım diləyin. İnşəallah, halınız yaxşılaşacaq, qəlbinizin nuraniliyi, batininizin saflığı artacaq.
Hər bir bəndə öz nəfsani halətlərini nəzarət altında saxlamalıdır. Hədisdə var: «Qəlb də dəmir kimi paslanır və Quran oxumaqla, ölümü yada salmaqla təmizlənir.» («Əlmühəccətül-beyza» 2-ci cild).
Əgər bacarsanız, öz nəfsinizi cərimə edin. Allahın itaət və razılığı yolunda onu təzyiq altında saxlayın. Bu işlərdən əlavə, malınızdan infaq edin, çox namaz qılın, Quran oxuyun. Bəzi böyük şəxsiyyətlərin haqqında deyilib ki, namazı əvvəl vaxtdan gecikdirəndə özünü ədəbləndirmək üçün bir qul azad edərdi.
Əbu-həmzə Somalinin dualarından bu seçilmiş cümlələri oxuyun və işinizdə eyb varsa, onu düzəldin.
«Ey mənim Allahım! Hər zaman ki, öz batinimi islah edib, tövbəkarlara yaxın olmaq istədimsə, qarşıya bir çətinlik çıxdı və məndən sabit qədəmliyi aldı. Sənin xidmətində olmaqdan kənar düşdüm. Mənim ağam! Bəlkə məni öz dərgahından qovub, o dərgahda xidmət etməkdən məhrum etmisən? Bəlkə, Sənin haqqında səhlənkarlıq etdiyimi görüb, məni uzaqlaşdırdın? Bəlkə, Səndən üz döndərdiyimi gördün və mənə qəzəbləndin? Bəlkə, məni yalançılar sırasında gördün və başlı-başına buraxdın? Bəlkə, Sənin bəxşişlərinə minnətdar olmadığımı gördün və məni nəsibsiz qoydun? Bəlkə, məni alimlərlə həmsöhbət, yaxın görməyib xar etdin? Bəlkə, məni qəflətdə olanlarla görüb, rəhmətindən naümid etdin? Bəlkə, məni batil əməl sahibləri ilə görüb, onlara tapşırdın? («Məfatihul-cinan»).
Yuxarıda müvəffəqiyyətsizlik amilləri sadalandı və mənə elə gəlir ki, onlar kifayət qədər oyadıcıdır. Ümid edirəm ki, siz bu amillərdən heç birinin təsiri altına düşməyəcəksiniz. Allaha ümid bağlamaqla, proqramları əvvəlki kimi icra edin. İrəliləyin, addımlayın! Böyük xoşbəxtliklər və ali dərəcələr sizin intizarınızdadır!
Ağamız Mehdi (ə.c) həzrətlərinin ətəyindən yapışın və onun zühuru üçün dua edin.
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin!Amin.
SUAL 6: Əziz müchətihidimz həzrət Ayətullah-üzma hacı şeyx Lütfüllah Safinin hüzuruna. Salam!Sizi Həzrət Fatimeyi-Zəhranın (ə) viladət günü münasibəti ilə təbrik edirəm. İslam yolunda sabitqədəm olmağım üçün bu mübarək günlərdə bir nəsihət buyurmanızı xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Əlhəmdulillahi rəbbil aləmin Vəssəlatu vəssəlamu əla səyyidina və nəbiyyina Əbil-qasimi Muhəmmədin və alihit-tahirin, siyyəma bəqiyyətillahi fil-ərzin.
Allah-taala buyurur: «Bilin ki, mənim doğru və düzgün yolum budur. Onu seçin və digər yolla getməyin ki, sizi Onun yolundan uzaqlaşdırar. Sizə belə tapşırılmışdır. Olsun ki, amanda qalasınız» (Ənam-153).
Sizə verəcəyim nəsihətlər Əllamə Hillinin öz oğlu Fəxrül-Mühəqqiqinə etdiyi nəsihətlərdən götürülmüşdür. O, ən böyük islam alimlərindən, əqli və nəqli elmlərdə misilsiz ustadlardandır. O, çox qiymətli «Təvaid» kitabının sonunda elm aləminin iftixarı olan oğluna bir sıra tapşırıqlar vermişdir.
O, böyük fəqih öz şərəfli oğluna xeyir-dua verdikdən sonra ona təqvalı və pəhrizkar olmağı vəsiyyət edir. Onu Allahın əmrlərinə itaətə, ilahi razılığa səbəb olacaq işlərə, nəhy edilən işlərdən uzaqlaşmağa çağırır.
O, öz oğlundan istəyir ki, ömrünü fəzilət qazanmağa, nadanlıq və naqislik uçurumundan elm və kamal, saleh əməllərin ən ali dərəcəsinə yüksəlməyə sərf etsin, vaxtını səmərəsiz keçirməsin.
Bu vəsiyyətlərdən biri də mömin qardaşlara kömək, zəiflərin ehtiyacını ödəmək, pislik qarşısında yaxşılıq, yaxşılıq qarşısında təşəkkürdür. Onu əxlaqsız və qanmaz adamlarla dostluqdan, hömsöhbət olmaqdan çəkindirir.
Digər tərəfdən öz övladına alimlərlə yaxınlığın gözəl əxlaqa səbəb olduğunu anladır. Səbr və təvəkkül, nəfslə hesab aparmaq, bağışlanmaq istəmək, zülmdən çəkinmək vəsiyyət olunur. Yaddan çıxarma ki,Allah zəif və əldən düşmüş şəxsləri incidənin, yoxsula əziyyət verənin günahından keçmir.
Sonra buyurur: Gecə namazını unutma və çalış həmişə onu yerinə yetirəsən. Böyük məqamlı Peyğəmbər (s) möminləri ona rəğbətləndirib: «Behişt ömrünün sonunu gecələr durmaqla keçirənindir» (Əvaliyul-ləali 2-ci cild).
Qohum-əqrəba və yaxın adamlara baş çək – bu, ömrün uzanmasına səbəb olar. Bacardıqca gözəl əxlaqa yiyələn. Həzrət Peyğəmbər (s) buyurur: «Doğrusu, heç vaxt malınızla xalqı razı sala bilməzsiniz. Belə isə, onları əxlaqınızla razı salın.» (Həmin mənbə 4-cü cild).
Pak nəsil olan məsum övladlarına, kəramətli seyidlərə bağlı olmağa, onlara xidmət və hörmət göstərməyə çalış. Allah-taala onları təkidlə tapşırmış, onlarla dostluğu risalətin savabı bildirmişdir. «Ey Peyğəmbər, de ki, sizdən Əhli-beytlə dostluqdan başqa bir şey istəmirəm» (Şura-23).
Son peyğəmbər həzrət Məhəmməd (s) buyurmuşdur: «Qiyamət günü dörd qrup, dünya əhlinin günahı qədər günah gətirərsə də onlara şəfaət edərəm: mənim nəslimə kömək edənlər, yoxsulluq və çətinlikdə mənim övladlarıma malından bağışlayanlar, dili və qəlbiylə övladlarımı sevənlər, övladlarım qovulub, kənarda qaldıqları vaxt onların ehtiyacını aradan qaldırmaq üçün çalışanlar» (Əvaliul-ləali, 4-cü cild).
Alimləri əzizlə, fəqihlərə təzim et. Həzrət Peyğəmbər (s) buyurub: «Fəqihə ehtiram göstərən şəxs qiyamət günü Allah ilə Onun bəyəndiyi bir halda görüşər. Fəqihi yüngül sayan isə Allah ilə Allahın ona qəzəbləndiyi halda görüşər» (Həmin mənbə, 1-ci cild).
Alimə və hətta onun evinin qapısına baxmaq, onunla yoldaşlıq edib həmsöhbət olmaq ibadətdir. Sənə dini anlamağı, elm əldə etməyi arzulayıram. Məbada, öz elmini ehtiyacı olanlardan gizlədəsən. Quranda buyurulur: «Öz elmini gizlədən şəxsə Allah və bütün lənət edənlər lənət yağdırar» (Bəqərə-159).
Xüsusilə, bidətlər zamanı alimlərin öz elmlərini zahir edib, bidətləri dəf etməsi və camaatı bu yoldan çəkindirməsi vacibdir. Peyğəmbər (s) buyurur: «Ümmətim arasında bidətlər aşkar olduqda din aliminə öz biliyini bəyan etmək vacibdir. Belə olmasa, Allahın lənəti olsun ona» (Əvaliul-ləali, 4-cü cild).
Əllamə Hillinin (r.ə) buyuruqlarından əlavə, mənimdə tövsiyəm budur ki, Allahı unutma və Ona elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görmürsənsədə, O səni görür. Onu ürəyinlə, dilinlə daim xatırla. Yəqin ki, O da səni yada salar. (Bəqərə-152).
Onun nemətlərinə şükrü unutma. Neməti danmaqdan, Onun nemətləri ilə Ona günah etməkdən çəkin. «Şükr etsəniz, nemətləri artıraram və əgər küfr etsəniz, [bilin ki] mənim əzabım ağırdır» (İbrahim-7).
Alış-verişdə insafı gözlə. Kimsənin kiçik olsa belə, haqqını inkar etmə. Bacardığın qədər din qardaşlarına kömək göstər. Üç əməl çox faydalıdır: dostlara maddi kömək, camaatla insaflı rəftar, Allahı hər zaman xatırlamaq. (İrşad, 2-ci cild).
Mömin qardaş və bacıların hüququna riayət et. Bunun üçün ən asan yol özün üçün istədiyini onlar üçün də istəmək, özün üçün xoşlamadığını onlar üçün də xoşlamamaqdır. Səninlə əlaqəni kəsənlərə yaxınlaş, sənə zülm edənləri bağışla.
Lovğalıq, qürur, xudbinlik, başqalarına yuxarıdan baxmaqdan çəkin. «Lovğalıq edənlərin yeri cəhənnəm deyildirmi?» (Zumər-60).
Allah bəndələrinə mömin bacı və qardaşlarına saymazyana baxma. Sənin alçaq gördüyün şəxs Allah övliyalarından ola bilər. Zahiri əlamətlər həqiqi ölçü deyil. «Bu dünyada var-dövlət yığanların əli o dünyada boşdur» (Kənzul-ummal).
Başqaları ilə müqayisədə özünü nə qədər kiçik saysan və təvazökarlıq göstərsən, uca məqamlara çatarsan.
Yaxşıya dəvət və pisdən çəkindirməni, İslam kəlməsinin ucaldılmasını, Əhli-beyt məktəbinin təbliğini istiqamət seç. Allah yolunda dostluq və düşmənçiliyi gözlə.
Dünya və axirət izzətinin, cəmiyyətin etibarının mühüm səbəblərindən olan əhdə vəfadarlıq, düzlük və sədaqəti uca tut. Hədisdə buyurlur: «İnsanın oruc və namazının çoxluğuna deyil, əmanətdarlığına, danışıqda düzgünlüyünə baxın» (Kafi, 2-ci cild).
Həzrət Peyğəmbər (s) bir hədisdə buyurur: «Mənim ümmətim nə qədər ki, əmanəti qənimət və sədəqəni ziyan bilmir, həmişə xeyirdədir.»
Allahın düşmənləri ilə dostluqdan çəkin və bu üç ayəni unutma:
«Elə bir qövm tapmazsan ki, Allah və Onun peyğəmbərinə iman gətirsin, amma onların müxalifləri ilə dostluq etsin – bu müxaliflər onların ataları, övladları, qardaşları və ya qəbilələri olmuş olsa da! (Mücadilə-22).
«De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, arvadlarınız, qohumlarınız, qazandığınız mallar, kasadlığından qorxduğunuz ticarət və bəyəndiyiniz evlər sizin üçün Allahdan, Onun rəsulundan, Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmrini gözləyin, Allah fisq əhlini sevməz» (Tövbə-24).
«Bu axirət evini dünyada üstünlük arzusunda və azğın olmayanlar üçün qurmuşuq və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
Quran oxumağı tərk etmə. Rəvayətlərə görə Quran Allahın əhdidir. Hər bir şəxs bu əhdə baxmalı və hər gün ən azı beş ayə oxumalıdır.
Yerin və göyün yaranışını, ilahi nişanələri düşünmək, Allahı tanımağa, ruhun və əqlin inkişafına səbəbdir və bu düşüncələrin fəzilətini əldən buraxma! Allah-taala Quranda ağıl sahiblərini vəsf edərək buyurur: «Yer üzündə yəqin əhli üçün ibrətlər vardır. Öz vücudunuzda görmürsünüzmü?» (Zariyat 20, 21).
Aləmin zahirinə baş qatıb, onun batinini görməyənlərdən olma. Belələri haqqında buyurulur: «Göylərdə və yerlərdə çox nişanələr vardır ki, onlardan ötüşüb baxmazlar» (Yusif-105).
Məsumlara təvəssüldən, onların müsibət və fəzilətləri zikr olunan məclislərdən, rövzə məclisləri, həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərindən uzaq olub, səhlənkarlıq etməyəsən. Ruhun kamilləşməsindən, nəfsin paklaşmasından, çoxlu savab qazanmaqdan, mərifət və bəsirətin artmasından ibarət olan bu məclisləri qənimət say!
Xüsusi ilə, həqiqi nemətlərin vəlisi, zahiri və batini feyzlər müqəddəs vücudundan bərəkət tapan həzrət Mehdini (ə.c) unutma. Öz rəftar və danışığınla o həzrəti bacardıqca razı sal. Onun zühurunun təcili, nicat dövrünün yaxınlaşması üçün dua et. Onun həqiqi intizarını çəkənlərdən olmağa çalış!
Məhəmməd və ali Məhəmmədə salavat göndərməklə mətin ol! Və bu təqsirli fəqirə də dua etməyi unutma!
SUAL 7: Həzrət Ayətullah hacı şeyx Lütfüllah Safinin mübarək hüzuruna. Salam. Xahiş edirəm ki, suallarıma cavab verəsiniz:
1. Əgər bir gün Allahd-taala sizin bir arzunuzu yerinə yetirərsə, Ondan nə istəyərsiniz?
2. İnşəallah, qiyamət aləmində Allah şəfaət məqamı verərsə, mənə şəfaət edərsinizmi?
CAVAB 7-1: Bismillahir-rəhmanir-rəhim.
Sizin iki sual və nəsihət istəməyinizdən ibarət məktubunuz çatdı.
Suallar, istəklər, gözəl niyyət, dini baxış və vicdanlı həyatın təzahürüdür. Mən bu qəlbinizə, imanınıza görə sizə təbrik deyir, Allahdan sizin üçün müvəffəqiyyət və kamil iman istəyirəm.
Vaxt darlığı səbəbindən müxtəsər cavab verməyə çalışsam da, mövzuların mənəviliyi və onların insan ruhuna bəxş etdiyi şirinlik söhbəti uzadır. Əgər qələmin cilovu çəkilməsə, nəfs bu ürəyəyatan mövzulardan doymaz, qələm yazmaqdan yorulmaz. «Həmd olsun o Allaha ki, bizi hidayət etdi və Allah yol göstərməsəydi, heç vaxt haq yolu tapa bilməzdik» (Əraf-43).
Dünyanın vəziyyəti və dünya xalqlarının fərqli xarakteri, eləcə də, dünyada gedən dəyişikliklərin hər biri moizə və nəsihətdir. Zatın hər bir zərrəsi, hər bir yarpmaq, yağış damlası, hüceyrə, canlı, cansız, bitki, insan, dağ, dəniz, ulduz, qalaktika həqiqətlərdən bir aləm, mənalardan bir kitab, Allaha tərəf gedən bir yoldur. İlahi qayda olan geyimlər, həyat və ölüm, zahiri görünüşlərin və nemətlərin təzələnməsi, ömürlərin sona çatması, dövlətlərin süqutu düşüncəli insanlar üçün həmişə ən yaxşı moizə olub və olmaqdadır. «Səbəb Allahın haqq və Ondan qeyri çağırılanların batil olmasıdır. Allahın mərtəbəsi yüksək və böyükdür» (Loğman-30; Həcc-62).
Yaranış kitabının hansı nöqtə, hərf və kəlməsində, hansı hadisə, kiçik və ya böyük varlıqda ilahi nişanələr müşahidə edilmir ki, qafil insanlar qəflət yuxusundan oyanıb, işlərin aqibəti haqqında düşüncəyə vadar olmasın, yeganə Yaradanın əzəməti qarşısında səcdəyə getməsin, dilindən tövhid kəlmələri qopmasın?!
«İlahi, həqiqətən səmadakı və yerdəki hərəkətlər, gözlərdəki baxış, dənizlərin hər bir qətrəsi, ağacların hər bir yarpağı Sənə dəlil və şahiddir, Sənin mülkündə heyrandır».
Bəli, bütün müşahidə olunanlar ilahi varlığın, Onun elm və qüdrətinin nişanələridir.
Ayıqlar nəzərində yaşıl-yaşıl yarpaqlar
İlahi bir düzümdən söz danışan varaqlar.
Varlığın atomdan tutmuş kəhkəşanlara qədər bütün hissələri Allahın qüdrəti sayəsində hərəkətdədir. Bu təbii hərəkət insan vücudunun zərrələrində də cərəyan etməkdədir. Bütün zərrələr batini bir dillə xəbərdarlıq edir ki, ixtiyar və iradə meydanında hərəkət karvanından geri qalmaq olmaz. Təəssüf doğurar ki, insan bütün bu moizə və xəbərdarlıqları qulaq ardına vurub, ömrünü qəflətdə və oyun-oyuncaqla keçirsin.
Hədisdə belə buyurulur: «İki günü bərabər olan şəxs ziyankar və bu günü dünənindən pis olan şəxs məlundur» (Məanul-əxbar).
Bütün gördükləriniz bizi ayıq olub, vaxtın qədrini bilməyə çağırır. Cavanlığın arxasında qocalıq, sağlamlağın arxasında xəstəlik və həyatın arxasında ölüm dayanmışdır. Vaxt varkən ayağa qalxın, qarşıdakı uzun yolunuz üçün azuqə hazırlayın. Əli (ə)-ın buyuruğunu unutmayın: «Bu qədər öyüd-nəsihət aqil insanların moizəsi və nadanların ibrət götürməsi üçün kifayətdir.» (Nəhcül-bəlağə).
Birinci sualınız olduqca əhəmiyyətlidir. Elmin dərinliklərinə getmiş, kamillik və bəsirət mədəni olan, Allahdan ilhamlanan İmamlardan (ə) savay kimsə bu suala qənaətbəxş cavab verə bilməz. Arzularımdan birinin yerinə yetiriləcəyi təqdirdə Allahdan nə istəyəcəyimi bilmirəm. Onun dərgahından sabit iman, razılıq, yoxsa cənnətmi istəyim? Yoxsa həzrət Mehdinin (ə.c) zühurunu istəyim? Bəlkə, deyim ki, ilahi məni öz bəyəndiyin kimi et? Ya da bütün bəndələr üçün dünya və axirət səadəti diləyim?
Ancaq mən Allahı bağışlayan və bəxşiş verən kimi tanıyıram. Onun rəhmət və kəramət xəzinələrindən nə qədər bağışlanarsa, zərrəcə azalmaz. Bütün dualar icabət olunar. O, mütləq feyz bağışlayandır. «Onun birini dinləməsi digərini dinləməsinə mane olmur və istəyənə də, istəməyənə də əta edir» (Kafi, 2-ci cild). Onun xəzinələri tükənməz və çox bağışlamağı ona yalnız kərəm və səxavət artırar» (Məfatihul-cinan).
O, öz kitabında və həzrət Rəsula (s) vəhyində dua üçün hamıya mütləq izn verib. «Sizin Allahınız deyər: çağırın Məni, cavab verim sizə. Şübhəsiz, Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar tezliklə xar və zarıyan halda cəhənnəmə daxil olacaqlar» (Ğafir-60). Beləliklə də, hamıya dua əmri verilmiş, qurtuluş qapıları taybatay açılmışdır.
Bu səbəbdən də mən bütün ehtiyaclarımı Ondan istəyirəm və Onun ətasını məhdud saymıram. Fəxr edirəm ki, vücudum başdan-ayağa Ona möhtacdır və izzətim Onun ətasına bağlıdır.
Onu da qeyd edim ki, həzrət Peyğəmbər (s) və Əhli-beytdən rəvayət olunan dualar arasında bütün məqsəd və mətləbləri özündə cəmləşdirən dualar çoxdur. Lakin bu dualar artıq seçilmiş olduğu üçün onların arasından bir neçəsini seçmək olmaz.
Əgər imamların səhabələrinin, alim və hədisçilərin tərtib etdikləri mötəbər kitablardan hər birimiz faydalansaq, saysız-hesabsız rəhmət xəzinələrinə yol açılar.
Bu dualar bəşərin həqiqi ehtiyaclarının bəyanından əlavə, oxuyanın diqqətini ehtiyacsız Allaha yönəldir, onda füsünkar mənəvi halətlər yaradır, Allahla ünsiyyətdən zövq alınır. Eləcə də, elm, mərifət, əxlaq, fəzilət qapıları dua oxuyanın üzünə açılır.
Yəqin ki, o həzrətlərin dua göstərişləri olmasaydı, bəşəriyyət dua işığında vücuda gələn kamilliyi dada bilməzdi. Bu dualar Allahı hansı adlarla çağırmağı, nə istəməyi öyrədir.
Bu dualar və xüsusi ilə də Qurandakı dualar nur, iman, Allaha tərəf seyr, heyvani və nəfs ani istəklərindən qurtuluş, mələkuti dərəcələrə yüksəliş, rəhmət dəryasında üzmək və həqiqi bərəkətdir. İmam Zeynəlabidin (ə) münacatlarından birində belə buyurur: «Ey o kəs ki, səltənəti bütün yeri tutmuş, cəlal və əzəməti hər şeyə qalibdir. Məhəmməd və onun ailəsinə salam göndər. Qəlbimi Sənə tərəf yönəlməyin şadlığı ilə doldur və məni Sənə itaət edənlər cərgəsinə qoş.»
Duanı oxuyarkən anlayırıq ki, Allahdan bir şey istədiyimiz zaman bu sözləri tapa bilməzdik. Öz hacətlərimizi bu duadakı məqamlarla dərk etməz, dünyəvi və maddi istəklərlə kifayətlənərdik. Uyğun duada yenə də buyurulur: «Ey o kəs ki, yolunu azmışlar ona üz tutar, Onu rəhbər görərlər. Qorxmuşlar Onu səslər, Onu sığınacaq bilərlər. İbadət edənlər Ona pənah aparar, Ona arxalanarlar. Axı nə vaxt Səndən qeyrisini çağıran sevindi, Səndən qeyrisi üçün əziyyət çəkən rahatlıq tapdı? Mənim Allahım, sübhlərin işığı, gecənin qaranlığını apardı. Mənsə hələ də arzuma çatmamışam və münacat bulağından doymamışam. Məhəmməd və onun ailəsinə salam göndər. İstəklərimin qəbulu və ya binəsib qalmağım, hansı məsləhətdirsə onu yerinə yetir. Ey mehribanların mehribanı.» (Səhifeyi-səccadiyyə).
Məsumlardan bizə yetişmiş bütün digər dualar da kamil mərifət, bəsirət, tərbiyə aşılayan məzmuna malikdir. Onların vasitəsilə qəlb saflanır, insanın mənəvi aləmin seyrinə şövqü artır.
Kamil dualardan bəzisi Allahdan müvəffəqiyyət, sağlamlıq, yəqin məqamı, təvəkkül və riza diləyir. «Məkarimul-əxlaq» duası kimi dualarda həqiqi ehtiyac və pak fitrət istənilir. Dua edən öz məqam və fəzilətindən asılı olmayaraq, özünü yoxsul, tam ehtiyac içində görür və zatən varlı, kamil olan Allah qarşısında özünü bacardıqca kiçik fərz edir. İnsan bu dualarla ən qorxulu hadisələrlə üzləşmək üçün silahlanır.
Dua əhlini bəla tufanları acizləşdirmir, çətinliklər əldən salmır. Məyusluq və ümidsizlik onlara qələbə çalmır. Ümid Allaha və Onun qüvvəsinədir. «Ey Allah, Səndən ürəyimə, canıma qarışmış iman, yəqin istəyirəm ki, mənə yazdığından başqa bir şey çatmayacağını bilim. Məni qismət etdiyin şeylərdən razı sal.» (Səhifeyi-səccadiyyə, 2-ci cild).
Bu kimi dualarla insanlar çətinliklərə qalib gəlib, öz iman və mövqelərində möhkəmlənirlər. «Allah bizə kifayətdir», «Öz işimi Allaha tapşırıram», «Biz Allah tərəfindənik və Allaha tərəf qayıdacağıq», «Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur» kimi ayələr bütün zəif nöqtələri qüdrətə çevirir. Həzrət Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi duadakı kimi: «Ey diri və əbədi! Öz rəhmətinlə köməyimə çat, məni bir an da özbaşına buraxma və bütün işlərimi islah et.» (Kənzül-ümman). Dua edən şəxs özünü Allahın amanında və himayəsində görür, heç bir kasıbçılıq və zərər onu qorxutmur.
Həqiqətən dua və çağırışın özü istənilən hacətlərdən daha mühüm və feyzlidir. Ona görə də istər kiçik, istərsə də böyük hər nə varsa, Allahdan istəmək lazımdır.
Xoş o dostların halına ki, Allahla dua vasitəsilə daim rabitədədirlər və vay olsun duanın ləzzətindən və bərəkətindən məhrum olanların halına. Allaha ibadət və pərəstişin həqiqəti duadır. (bax: Bəqərə-156). Hədisdə «dua ibadətin məğzidir» buyurulur. (Vəsailüş-şiə, 4-cü cild).
Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: İki şəxs namaza birlikdə başlayıb, birlikdə də bitirdilər. Namaz zamanı onlardan birinin duası, digərinin qiraəti mükəmməl idi. Hansının fəziləti daha çoxdur?
İmam (ə) birinci dəfə «hər ikisi fəzilətlidir» deyə cavab versə də, sual verən şəxs yenə də cavab istədi. Həzrət (ə) buyurdu: «Duası çox olan daha fəzilətlidir.»
Uca Allahdan istəyirəm ki, qəlbimizi duaya şövq nuru ilə işıqlandırsın, hər zaman duanın bərəkətindən feyz alaq. Xüsusi ilə həzrət Bəqiyyətullah İmam Zaman (ə.c) üçün duaya müvəffəq olub, onun hakimiyyət nemətinin qədrini bilək.
Cavab 7-2: Qiyamət günü məndən şəfaət istəyirsiniz. Əvvəla, ümid edirəm ki, siz özünüz şəriət təkliflərinə əməl etməklə, pak iman və Əhli-beytə bağlılıq ruhiyyənizlə şəfaət edənlərdən (bağışlatdıranlardan) olacaqsınız. Rəvayətə görə, möminlər də şəfaət edənlərdəndir.
İkincisi, hamınızın gözü həzrət Rəsuli-əkrəm (s) və Əhli-beytin (ə) şəfaətindədir. Qiyamət günündə şəfatə edənlər çoxdur – o cümlədən dinin həqiqi keşikçisi olan alimlər. Lakin şiələri və möminləri qurtuluş mənzilinə, ali dərəcələrə çatdıran xüsusi şəfaət Məhəmməd və ali Məhəmməd (s) şəfaətidir.
Tubanın təşnəsin yatırdı Kovsər,
Bahar yağışından olarmı əsər?
Öz Allahı ilə əhd bağlamış sizin kimi insanların mənim kimi qüsurlu bir bəndənin şəfaətinə nə ehtiyacı var? Əgər şəfaətdən bir pay nəsib olsa, o da Məhəmməd və ali Məhəmməd (s) şəfaətinin sayəsindədir.
Şərafətli hədislərə görə şəxslərdən şəfaətə şamil olmaq maneələri yoxdursa, ali dərəcə sahibi olanlar aşağı mərtəbəlilərə şəfaət edirlər. Bu şəfaət yalnız günahkarlara deyil, saleh adamlara da aiddir və onların dərəcəsini yüksəldir. Buna əsasən də həzrət Peyğəmbər (s) günahkarlara, salehlərə, şəhidlərə, hətta peyğəmbər və imamlara da şəfaət edə bilər. Əgər şəfaət günahkarları bağışlatdırarsa, digərlərinin mərtəbələrini daha da ucaldar. Bu mənada məsumların şəfaəti bütün şəxsiyyətlərə və məqam sahiblərinə şamil olunur. Günahkarlara şəfaətin əhatəsi o qədər genişdir ki, onların adlarının Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və s. olmasının da əhəmiyyəti vardır. Bütün bunlara baxmayaraq insan bədbəxtçilik biyabanında, cəhənnəm əzabında süquta uğrayır. Əgər az mərifətli birisi «təəccüb edirəm nicat tapana, axı necə nicat tapıb» demişsə, kamil söz imana məxsusdur: «təəccüb edirəm həlak olana, axı necə həlak olub?». Doğrudan da insan səadətə çatmalı, xoşbəxt olmalıdır və bu bir gerçəklikdir.
İnsan bu ilahi feyzləri əldə etmək yolunu tutmalı, haqqın rəhmət günəşinin nurundan məhrum olmamalı, günahın insanı yuvarlatdığı çıxılmaz zülmətdən qorxmalı, qəfil əzabdan həzər etməli, bu ayəni unutmamalıdır: «Sonradan pis iş görənlərin aqibəti daha da pis oldu. Çünki onlar Allahın ayələrini yalan bilib, məsxərəyə qoydular.» (Rum-10).
İnsan özünü fəlakətə atmamalı, ilahi rəhmətdən nə məğrur, nə də məyus olmamalıdır. Ümid və qorxu arasında ayıq halda irəliləyib, şeytanın və alçaq nəfsin şərindən Allaha sığınmalıdır. «Uca və əzəmətli Allahın qüvvəsindən qeyri bir qüvvə yoxdur. İddiamızın sonu budur ki, həmd və səna aləmlərin Rəbbinə məxsusdur.»
SUAL 8: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam! İbadətlərinizin haqq dərgahında qəbul olması arzusu ilə! Öz hikmətli öyüdlərinizlə yetkinlik yaşına çatmış cavanlara yol göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Quranın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.
Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə etibar əta etmiş, (Quranda 88 dəfə) «Ey iman gətirənlər» deyə sizə üz tutmuşdur. Həmin bu etibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.
Sizin fəaliyyətiniz və sözünüz bu vaxtadək şəriət nöqteyi-nəzərindən etibarsız idi. Sizin haqqınızda başqaları qərar çıxarırdılar. İndi isə öz ixtiyarınızdasınız. Allah, Peyğəmbər, məsumlardan başqa kimsəyə tabe deyilsiniz.
Tövhid, nübüvvət, imamət, məad, keçmiş peyğəmbərlər, kitablar və mələklərə olan etiqadınızı qısaca da olsa, dəlillərlə möhkəmləndirin. Çalışın ki, Allahın yardımı ilə Ona bəndə, Peyğəmbərə itaətçi, imamlar və xüsusilə də həzrət Mehdi (ə.c) üçün həqiqi əsgər, xalis şiə, İslam və Quran üçün əmin keşikçi, möminlər üçün qayğıkeş bir qardaş olun. Hamının, xüsusilə də ata-ana, müəllim və alimlərin haqqına riayət edin. Sözün qısası, özünüzü gözəl islam əxlaqı ilə zinətləndirin, xalqa yaxşılıqda, elm və mərifət təhsilində daim yorulmadan çalışın. İnkişafınız üçün bütün imkanlardan səmərəli istifadə edin.
Bu gündən başlayaraq həyatınızın dəqiqələrinin də qədrini bilin. Axı siz islam ümməti üçün iftixar olmalı, izzət sahibinə çevrilməlisiniz. Vaxtınızı tənbəllik və süstlüklə keçirməyin, Allah eləməmiş, pislənmiş və haram işlərə, oyunlara sərf etməyin. Bir zaman elə olsun ki, ötən günlərinizə nəzər salanda şad və xoşbəxt olasınız.
Əzizlərim! Təklif nədir? Təklif yaşına çatmaq nədir? Yəni, bu söz, bu da meydan! Bu siz, bu da səadətli fürsətlər! Yəni, məsuliyyət, özünütərbiyə, quruculuq dövrünə qədəm qoyma, ilahi imtahanlarla üz-üzə! özünüzü belə bir həyat üçün hazırlayın və heç bir qiymətə Allahdan başqasına satmayın. Əslində, sizin qiymətiniz behiştdir. «Özünüzü behiştdən qeyri bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Çalışın ki, seçdiyiniz fəaliyyət sahəsində cəmiyyət üçün faydalı və etibarlı bir üzv olasınız. Fərz edin ki, hamı sizin çalışqanlığınıza möhtacdır və siz öz payınıza düşən bu ehtiyacları aradan qaldırmalısınız.
Allahı heç zaman unatmayın. Onu xatırlamaqdan, dua və ibadətdən, imamlara təvəssüldən, şərəfli hərəmlərin ziyarətindən güc alın. Allahın lütfünə və yardımına ümidvar olun. Quranda buyurulur: «Haqqımızda çalışanları xüsusi yollarımıza hidayət edərik və şəksiz ki, Allah yaxşı iş görənlərlədir.» (Ənkəbut-69).
SUAL 9: Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!
Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bəzən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»
Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Məlum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.
Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan vədə etdiyi yardımı istəyin. (Ənkəbut-69). Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.
Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.
İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mömin şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Meracüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, imam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.
Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.
SUAL 10: Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).
Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.
Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin» (Bəharul-ənvar, 61-ci cild).
İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir. Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.
Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.» (Nəhcül-bəlağə).
Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mərifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.
Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.
Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir. Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.
Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Quran hədəflərinin gerçəkləşməsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Məsumlar, xüsusilə də əsrin imamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.
Hamının gözü elmi mərkəzlərə, dərs və təlim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.
Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq» (Muminun-115), «Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil» (Ənkəbut-64). Bu ayələrin dəyərli mənasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bəzilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.
Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.
Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mərifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mömin meracı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.
Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir. Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.
Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məsullarının müvəffəqiyyəti üçün dua edirəm.

"Şiə" sözünün mənası və tarixi

Şiə sözünün mə᾿nası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir.
Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mə᾿nası nəzərdə tutulur.
Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mə᾿nası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab:
1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.
Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına tə᾿yin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:
«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».
Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur.
Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.
2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qur᾿ani-Kərimdə də işlədilmiş, insanların bə᾿ziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:
«Onun (Nuh) şiələrindən biri İbrahim idi».
Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.
Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir:
«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:
“İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.
Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu:
Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»
Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:
1. Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi;
2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani;
3. Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci;
4. Təzkirətu xəvassil-ümmə fi mə᾿rifətil ümmə ‒ Sibt ibni Cuzi.
5. Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti;
6. Səvaiq ‒ İbni Həcər;
7. Nihayə ‒ İbni Әsir;
8. Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi;
9. Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki.
Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:
“Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.
Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır.

Administrator

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.

Salavatın fəziləti haqqında -2

İzzətli olmaq
İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndər və ona davam et.
İmam (əleyhis-səlam) cavab verdi: “Bəşərin qəlbi “haqla” möhkəmlənmişdir və “haqq” ilə qarışmışdır və “haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun “qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o “haqq” üzərinə çəkilmiş örtük elə də qalacaq. O halda insan bildiyini (sözü-məsələni) unudur."


Qadınlar haqqında

Məsumlar (ə) qadınlar haqqında nə buyurub?
İslami təlimlərə nəzər saldıqda qadınlar barəsində çoxlu təkidlərin mövcud olmasına rast gələrik və bu təkidlər qanundan daha üstün qəbul edilir.
Əvvəl qızlardan başlayın
Allah Rəsulu (s) buyurub:
“Hər kim bazara gedib əhli-əyalına töhfə alsa və onu evə gətirsə, həmin hədiyyələri verərkən qızlarından başlasın”. ( Vəsailuş-Şiə, cild 21, səh 514)
Allah Rəsulu (s) buyurub:
“Övladlarınıza bərabər davranış göstərin. Əgər hansısa birinə daha çox hədiyyə vermək istəsəniz, qızlara üstünlük verin”.
Qızlara qarşı daha mehriban olaq
İmam Rza (ə) Allah Rəsulundan (s) rəvayət edərək belə buyurub:
“Allah-Taala qızlara oğlanlardan daha mehribandır”. (Vəsailuş-Şiə, cild 21, səh 367)
Atadan daha çox anaya haqq verilməsi
Allah Rəsulu (s) buyurur:
“Müstəhəb namaz qılarkən atan səni çağırarsa, namazını kəsmə, lakin anan səni çağırarsa, namazını kəs!” (Müstədrək əl Vəsail, cild 15, səh 181)
İmam Baqir (ə) Həzrət Musa ibn İmrandan belə nəql edir:
“Ey mənim Pərvərdigarım! Mənə nəsihət verin. Allah-Taala buyurub: “Sənə anana ehtiram göstərməyi nəsihət edirəm”. O deyib: “Mənə yenə nəsihət ver!” Allah-Taala buyurub: “Sənə anana ehtiram göstərməyi nəsihət edirəm.” O, təkrarən söyləyib: “Mənə yenə nəsihət ver!” Allah-Taala buyurub: “Sənə atana ehtiram göstərməyi nəsihət edirəm”. O Həzrət (ə) buyurdu: “Elə buna görə də hörmət və ehtiramın üçdə ikisi anaya, üçdə biri isə ataya məxsusdur”. (Həmin mənbə, cild 21, səhifə 492)
Cəbrayılın (ə) qadınlar barədə tapşırıqları
Həzrət Muhəmməd (s) buyurub:
“Cəbrayıl qadınlar haqqında mənə o qədər tapşırıqlar verdi ki, boşanmanın yalnız açıq pozğunluq halında mümkün olmasını güman etdim”. (Biharul-Ənvar, cild 103, səh 253)
Qadınları sevmək
Allah Rəsulu (ə) buyurub:
“Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar”. (“Nəvadirul-Ravəndi”, səh 12)
Qadınların ən yaxşı üç xisləti
İmam Əli (ə) buyurub:
“Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: Qürur, qorxaqlıq, xəsislik. Qadın qürurlu olsa, özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar. Qorxaq olsa, başına gələ biləcək (bədnamlığa səbəb ola biləcək) hər şeydən çəkinər”.

www.kovser.az