Çr05082024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə) Məqalələr Pərakəndə ordu, hiylə, xəyanət

Pərakəndə ordu, hiylə, xəyanət

Əhali arasındakı bu dəstələr təbii ki İmam Həsən əleyhissəlamın ordusunda da yayılmış ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də, xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.
Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsən əleyhissəlamın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsən əleyhissəlamın ordusuna qoşuldu. İmam Həsən əleyhissəlamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:
1) Əli əleyhissəlamın şiələrindən ibarət tərəfdarları;
2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissəlamın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)
3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissəlamın ordusuna qoşulmuşdular.
4) İkiürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən (əleyhissəlam) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.
5) Nəhayət din xatirinə yox əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.
Beləliklə də, İmam Həsən əleyhissəlamın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.
Canlı sənəd
O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsən əleyhissəlamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (əleyhissəlam) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa deyin onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox əgər sağ qalmaq istəyirsinizsə deyin onda bu təklifi qəbul edib sizin razılığınızı təmin edək.»
İmam əleyhissəlamın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik biz sağ qalmaq istəyirik- deyə qışqırdı.
Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (əleyhissəlam) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki İmam Həsən (əleyhissəlam) deyil Müaviyə belə bir qoşuna başçılıq edir o İmam əleyhissəlamın gördüyü bu işdən (sülhdən) başqa bir iş görə bilərdimi?
Bəli bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.

İmam Həsən əleyhissəlamın ordunu səfərbər etməsi

Keçmiş və müasir tarixçilər bəzi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bəziləri belə iddia edirlər ki güya İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları təmin etmək üçün edirdi.
Əldə olan tarixi sənədlər göstərir ki bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki İmam Həsən (əleyhissəlam) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam əleyhissəlamın ordusundakı dəstəbazlıq və pərakəndəliklər digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmam əleyhissəlamın nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmam əleyhissəlamın ətrafından dağıldı. İmam Həsən (əleyhissəlam) da çarəsizlikdən döyüşməyib sülhü qəbul etdi.
Buna əsasən, İmam Həsən əleyhissəlamın hərəkəti qiyam müharibə elan etmək və ordu toplamaqla başladı sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi.
İndi isə oxucuların nəzərini bu barədə daha geniş məlumata cəlb edirik.Əhdini danan camaat
Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə onlar vəfasız etimad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi ora meyl edən) mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmam əleyhissəlamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissəlama xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissəlamı tutub ona verəcək ya da ona sui-qəsd edəcəklər.
Müaviyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissəlama göndərib bildirdi ki bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən
Xain sərkərdə
İmam Həsən (əleyhissəlam) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysi25 isə Übeydullaha müşavir və canişin təyin etdi. Belə ki bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.
İmam Həsən (əleyhissəlam) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.26
Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı.  Az bir zamanda İmama xəbər çatdı ki Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.
Təbii ki bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissəlamın nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərmişdi. Çox şücaətli imanlı və Əli əleyhissəlamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.27
Xaincəsinə görülmüş hiylələr
Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o İmam əleyhissəlamın ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam əleyhissəlamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissəlamın başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki İmam Həsən (əleyhissəlam) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissəlamın hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissəlamla görüşdülər. İmam əleyhissəlamın çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki Allah Peyğəmbər (əleyhissəlam) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (əleyhissəlam) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.
Onlar özlərinə qarşı camaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam əleyhissəlamın əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam əleyhissəlamı öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.
Xəvaricin xəyanəti
İmam Həsən (əleyhissəlam) (ordu ilə birgə) Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam əleyhissəlamı güdən xəvaricdən biri o Həzrətə güclü bir zərbə endirdi. İmam Həsən (əleyhissəlam) bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam əleyhissəlamın bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam əleyhissəlamın halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Müaviyə vəziyyəti tam ələ aldı. Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən (əleyhissəlam) məcbur olub sülh təklifini qəbul etdi.28 Deməli əgər İmam Həsən (əleyhissəlam) sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki Təbəri və digər tarixçilər yazırlar: «Həsən ibn Əli (əleyhissəlam) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu.»

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə