Bz04282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət ƏXLAQIN GİGİYENASI – ZƏRƏRLİ VƏ ŞÜBHƏLİ ƏLAQƏLƏRİ KƏSMƏK (1)

Öyüd-Nəsihət-Rəvayət

ƏXLAQIN GİGİYENASI – ZƏRƏRLİ VƏ ŞÜBHƏLİ ƏLAQƏLƏRİ KƏSMƏK (1)

 

Müasir tibb iki qismə bölünür: “Tibbi müalicə və dərman” və “tibbi gigiyena”.

Tibbi müalicə və dərmanın nə olduğu aydındır. Lakin tibbi gigiyena dedikdə, xəstəliklərin yaranmasının qarşısını almaq və zərərli amillərin aradan qaldırılması nəzərdə tutulur. Xəstəliyin qarşısını almaq onun müalicəsindən daha asan olduğu üçün gigiyena insanların həyat və taleyində böyük əhəmiyyət daşıyır və bu işə böyük büdcələr ayrılır.

Bunu biz eynilə əxlaqi məsələlər və ruhi-psixoloji xəstəliklərə də aid edə bilərik. Buna əsasən, əxlaqi pozuntuların qarşısının alınmasında ciddi addımlar atılmalı, lazımı tədbirlər görülməli, özümüzün və başqalarının əxlaqi gigiyenasına diqqət yetirməliyik. Bu məqsədin nisbətən gerçəkləşməsi naminə atılan ilk addım zərərli və şübhəli əlaqələri, gediş-gəlişləri kəsməkdir.

Şübhəsiz, pis adətlərin çoxu keçici xəstəliklər kimi, müəyyən əlaqə və rabitələr vasitəsilə yaranır. Xüsusilə, azyaşlılıq, məlumatsızlıq, yaxud imanın zəifliyi və bu kimi halların nəticəsində başqalarının bir sıra əxlaq və xüsusiyyətlərinin keçməsinə zəmin yaranır ki, belə hallarda mütləq onlarla əlaqəni qırmaq lazımdır. Bəzən insanın taleyi belə əlaqə və gediş-gəlişlər nəticəsində alt-üst olur və həyatı tamamilə dəyişilir.

İnsan şəxsiyyətinin formalaşmasında ünsiyyət və əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri belə demişlər: “İnsanı tanımaq üçün onun dostuna və kimlərlə oturub-durduğu şəxslərə baxmaq lazımdır.” İmam Əli (ə) buyurmuşdur:

مَنِ اشْتَبَهَ عَلَيْكُمْ اَمْرُهُ وَ لَمْ تَعْرِفُوا دِينَهُ فَانْظُرُوا اِلى خُلَطائِهِ

“Vəziyyətinin naməlum və dini-imanını tanımadığınız kəsin dostlarına baxın (və bununla da onu tanıyın).” (“Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.375.)

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ وَقَرِينِهِ

“İnsanın dost və yoldaşı ilə dini tanınır (və yaxud insan dostu və yoldaşının dinindədir).” (“Biharul-ənvar”, 2-ci cild, səh.128.)

Pis adamlarla yoldaşlıq ruhi zülmət yaradır, müsbət hiss və duyğuları öldürür, pis əxlaq və çirkin əməlləri qəbahətsiz göstərir. Rəvayətlərdə bu hal “ölü qəlb” adlandırılır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَرْبَعٌ يُمِتْنَ الْقُلُوبَ... وَ مُجالَسَةُ الْمَوْتى؛ فَقِيلَ لَهُ: يا رَسُولَ اللهِ! وَ مَا الْمَوْتى؟ قالَ: كُلُّ غَنِيٍّ مُتْرَفٍ

“Dörd şey qəlbi öldürür: “...(Onlardan biri də) ölülərlə oturub-durmaqdır.” Soruşdular ki, ey Allahın Rəsulu! Ölülər kimlərdir? Həzrət buyurdu: “İsrafçı sərvətlilər.” (“Biharul-ənvar”, 2-ci cild, səh.128.)

Pis adamlarla rabitə insanda bədbinlik hissini oyadaraq, onu ətrafdakılara qarşı bədbin edir. İmam Əli (ə) buyurur:

مُجالَسَةُ الْاَشْرارِ تُورِثُ سُوءَ الظَّنِّ بِالْاَخْيارِ

“Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədbinlik yaradır.” (“Biharul-ənvar”, 74-cü cild, səh.191.)

Bir sözlə, yoldaşlıq məsələsi o qədər əhəmiyyətlidir ki, hətta Allah-Taala Qurani-Kərimdə peyğəmbərləri belə, pis və şər adamlarla oturub-durmaq və yoldaşlıqdan çəkindirmişdir. Amma buna əks olaraq yaxşı adamlarla yoldaşlıq isə tərbiyənin, nəfsin saflaşmasının, əxlaqi fəzilətlərin çoxalmasının, qəlbin dirilməsi və şəxsiyyətin təkamülünün mühüm amillərindən sayılır. İslam dini bu məsələyə böyük əhəmiyyət verir və Qurani-Kərimdə buyurulur:

{وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا}

“Səhər-axşam Rəbbinin razılığını diləyərək Onu çağıranlarla birlikdə ol! Heç vaxt gözlərini onlardan (möminlərdən) çevirmə ki, dünyanın zinətlərinə meyil edərsən. Qəlbini Bizi yad etməkdən qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işlərində ifrata varan kəslərə itaət etmə!” (“Kəhf” surəsi, ayə 28.)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَسْعَدُ النّاسِ مَنْ خالَطَ كِرامَ النّاسِ

“İnsanların ən səadətlisi onların yaxşı və xeyirxahları ilə oturub-duranıdır.” (“Biharul-ənvar”, 74-cü cild, səh.185.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə