Bz06132021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Mübahisə

Mübahisə

Bir gün bir sünni Əbu-Bəkrə etinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tərif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi “sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm” ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız.
Həmsöhbətim dedi: “Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.”
Ona “Fatiməni incidən məni incidir” hədisini və “Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət edər” ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı.
Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mötəbər kitablarındakı bəzi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır.
Sual 29: Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar?
Cavab: Şiə fiqhinə görə qəbir ziyarəti həm kişi həm də qadın üçün müstəhəbdir və onlar arasında fərq qoyulmur. Amma səbirsizlik etməmək şərt sayılır. Çünki qəbir ziyarətində məqsəd ibrət götürmək, axirət barədə düşünmək və bağışlanma istəyidir. Bu məsələyə münasibətdə sünnilər arasında ixtilaf var. Hənbəli və şafeilər deyir: “Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.” Hənəfi və malikilər isə belə deyir: “Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.”
Bu ixtilafdan məlum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: “Qadınlar üçün qəbir ziyarəti haramdır.” İbn Baz bu fətvasında qeyri mötəbər bir rəvayəti dəlil göstərir: “Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lənət oxudu.”
Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil:
Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir.
“Səhihe-Buxari” və “Səhihe Müslim”də bu rəvayət nəql olunmur.
həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: “Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi.
Digər bir rəvayətdə nəql olunur: “ Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın “çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən” dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.” Bu rəvayət “Səhihe-Muslim”də də nəql olunmuşdur. Rəvayətlərdən məlum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.
“Vəsailüş-şiə” kitabında nəql olunur: “Fatimeyi-Zəhra Peyğəmbərdən sonra həftədə iki dəfə Ühüd şəhidlərini ziyarət edərdi. Sünnə əhli nəql edir: “Həzrət Fatimə (s) Allahın rəsulunun dəfnindən sonra qəbirdən bir ovuc götürüb qoxuladı və hüzünlü bir şer oxudu. Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi. Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: “Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.”
Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: “Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.”[108]
Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir. Əlbəttə ki, Ömər diri ikən naməhrəm idi və Aişənin bu hərəkətinin heç bir şəri əsası yoxdur. Aişə bu işi ilə müqəddəs olduğunu göstərmək istəyir, hətta ölüdən də həya etdiyini bəyan edir. Maraqlıdır ki, Aişədən ölüdən nə üçün həya etdiyi soruşulmayıb. Soruşan olmayıb ki, qadın dəvəyə minib Bəsrəyədək kişilərlə birlikdə Peyğəmbərin xəlifəsi ilə döyüşə gedə bilərmi?!
“Səhihe-Buxari”də nəql olunur: “İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...”[109] Rəvayətdən məlum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq məsumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, “Peyğəmbər (s) belə qadınları lənətləyib” deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lənətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun!
Sual 30: Şiələrlə sünnilər arasında ixtilaf nə vaxtdan başlamışdır?
Cavab: Zahirən bu ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı.
Sünnilərin mötəbər kitabı “Səhihe Buxari”də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: “Peyğəmbər (s) xəstə halda ikən buyurdu: “Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bəzi sözlər yazım.” Ömər ibn Xəttab dedi: “Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.” Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: “”Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.” İbn Abbas bayıra çıxıb ağladı və dedi: “Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...” Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: “Kitabətul-elm”, “Cəvizul-vəfd”, “İxracul-yəhud”, “Mərəzun-nəbi”, “Mərəzun-nəbi”, “Əl-mərəz”, “Kərahətul-ixtilaf”Nümunə olaraq bu rəvayətlərdən birini olduğu kimi nəzərinizə çatdırırıq:
İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: “Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.” Ömər dedi: “Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Quranınız var və bu bizə kifayət edər.” Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bəziləri “Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın” deyir, bəziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: “Qalxın, məndən uzaqlaşın.” Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.”
Bu rəvayət sünnilərin ən mötəbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: “Səhihe-Buxari” Qurandan sonra İslamın əsas kitabıdır.” Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir:
Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü.
Məktub yazılmadığı üçün həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi
Həmin gündən ixtilafın bünövrəsi qoyuldu;
həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi;
bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi
Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu.
Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.

Yazının hazırlanmasında tərcümə olunmuş kitablrın elektron versiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə