Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Evlənmək və onun dini dəyəri

Evlənmək və onun dini dəyəri

Evlənmək, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında göstərilən qayda-qanunlar əsasında həyata keçirilməlidirlər.
Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa edilmişdir.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət nişanələrindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır!».
«İnsanları sudan (nütfədən) yaradan, onları bir-birinə əsil-qohum (qan qohumu) və sonradan (izdivac vasitəsi ilə) qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!».
Pak İslam mədəniyyətində özünə həyat yoldaşı seçmək öz-özlüyündə müstəhəb və çox bəyənilən bir işdir. Lakin ailə qurmamaq, subay qalmaq insanı günaha sürükləyərsə, bu zaman ailə qurmaq vacib və zəruri hesab olunur.
Bu halda Allahın göstərişlərinə boyun əymək, maddiyyatdan qorxmadan canla-başla ailə qurmaq lazımdır. Çünki gələcəkdən qorxmaq şeytan işidir, Tanrıya etimadsızlıqdır.
İndi isə Allahın izdivacla bağlı buyruğunu, Onun gələcək ailə xərclərinə zəmanət olmasını bəyan edən «Nur» surəsinin bir ayəsini diqqətinizə çatdırırıq:
«Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir».
Ayədə istifadə olunan «وانكحوا» (evləndirin) kəlməsi ərəb dili qrammatikası baxımından felin əmr formasıdır. Bu əmr cəmiyyətin hər bir fərdinə ‒ bütün qadın və kişilərə aiddir.
Bu ayədən ailə həyatı qurmağa ehtiyacı olanların izdivaclarının zəruriliyi anlaşılır. Belə ki, onların paklıq və sağlamlığı yalnız bu yolla təmin oluna bilər. Digər bir cəhətdən isə ayədə ailələrin, xüsusilə də maddi imkanı olan ata-ananın öz övladlarını ‒ oğul və qızlarını evləndirmələri zəruri hesab olunur.
RƏVAYƏTLƏR BAXIMINDAN EVLƏNMƏYİN ƏHƏMİYYƏT VƏ DƏYƏRİ
Peyğəmbər (s) buyurur: «Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur: yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»; «Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur»; «Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın»; «İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil»; «İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin».
İmam Sadiq (ə) buyurmuşdur: «Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-deyə cavab verdi. Atam dedi: «İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».
Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: «Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s) buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».
Rəsuli-əkrəm (s) buyurur: «Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»; «İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil»; «İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir»; «Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini mənim əlimdən qurtardı»-deyə fəryad edir. Ona görə də, Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin».
Görün, ailə qurmaqda necə də ülvi dəyərlər var. Ailə quran qadın və kişiyə nə qədər mənfəət nəsib olur və İslam ailə qurmağa necə böyük əhəmiyyət verir.
Kaş, ailələr bu ilahi və insani işin asanlaşması yolunu açaydılar. Çətinləşdirmələri, imkan xaricində olan işlərin həyata keçirilməsi cəhdlərini aradan qaldıraydılar. Bu mərasimi özlərinə münasib şəkildə həyata keçirəydilər. Qənaətlə, mümkün olan yolu keçəydilər. Nəticədə, qızlar və oğlanlar öz təbii meyllərinə çatar, arzularını həyata keçirər, haqqın neməti olan şəhvət və qərizələri nemətin küfrünə çevrilməz və onların pak qəlbləri günah və harama aludə olmazdı.
Arzu və amalların ürəkdə qalması, şəhvət və qərizələrin öz yolunu azması, günah və aludəçiliyin artması, öz cinsi tələbini müxtəlif yollarla doyurma, zina, gözlərin başqalarına dikilməsi və günaha meyllilik, digərlərinin namusuna təcavüz, ibadətdə tənbəllik və təhsildə süstlük, əsəb və psixoloji xəstəliklərin meydana gəlməsi və digər bu kimi ictimai və fərdi bəlaların kökü haradandır?
Bütün bu sualların cavabını ilk növbədə izdivac məsələsini çətinləşdirən, yanlış adət-ənənələrin əsirinə çevrilən, digərləri ilə bəhsə girən valideynlərdən, ikinci növbədə təqvadan kənar olan oğlan və qızlardan, üçüncü növbədə isə cavanların izdivac yolunu açmaq imkanı olub, lakin Allah yolunda pul xərcləməyə ürəyi gəlməyənlərdən soruşmaq lazımdır. Əgər bu dünyada hər hansısa bir qəbul olunan məntiqi və əqli cavab varsa, yəqin bilsinlər ki, o dünyada, qiyamətdə ‒ ilahi ədalət məhkəməsində də həmin cavabı verməli olacaqlar!

Yazının hazırlanmasında tərcümə olunmuş kitabların elektron verrsiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə