Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam İmam Sadiq (ə)

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

İmam Sadiq (ə)

İMAM SADİQ (Ə) VƏ SİYASİ HADİSƏLƏR

İmam Sadiqin (ə) həyatı dövründə bir sıra mühüm siyasi hadisələr reallaşdı. Məsələn, şiələrin qiyamı (Zeyd ibn Əlinin qiyamı, Məhəmməd ibn Abdullah ibn Həsənin və qardaşı İbrahimin 145 və 146-cı h.q. illərindəki qiyamları) və Abbasilərin hərəkatı kimi siyasi hadisələr baş verdi. Nəticədə, Bəni-Üməyyə hakimiyyəti çökdü və yerinə Abbasilər gəldi. O həzrətin zamanında baş verən digər hadisələrdən biri də, Abbasilərlə Ələvilərin ayrılığı idi. Bu ayrılığın zəminəsi Abbasilər hakimiyyətə gəlməzdən əvvəl hazırlanmışdı.

Abdullah ibn Abbas, Peyğəmbərin (s) hüzurunda olmuş məşhur elmi şəxsiyyətlərdən və öz əsrinin ən böyük və etibarlı ravilərindən biri sayılırdı. O, sağ olduğu müddətdə (68-ci h.q.) Ələvilərlə (Haşimilər) Abbasilər arasında ixtilaf çıxmadı. Amma ondan sonra, tədricən, ixtilaflar yaranmağa başladı. Kərbəla hadisəsində təkcə Abdullah ibn Abbas yox, həm də Abbasilərdən heç kim iştirak etmədi. İkinci əsrin əvvəllərində Abbasilər Ələvilərdən ayrılıb müstəqillik fikrinə düşdülər və gizlicə xalqı özlərinə tərəf dəvət etsələr də, müvəffəq olacaqlarına çox da ümid etmirdilər. Bunun səbəbi onların xalqın nəzərində imam Əlinin (ə) övladlarının Peyğəmbərin (s) nəslindən qalan yeganə kəslər olduqlarını bilmələri idi. Bu xanədanın – xüsusilə, canyandırıcı Kərbəla faciəsindən sonrakı – məzlumiyyəti onların xalq arasındakı ictimai şərəfini ucaltmışdı.

a) Zeydin qiyamı:

Zeyd ibn Əli ibn Hüseynin hərəkatı Ələvilərin İraq əhalisi arasındakı əhəmiyyətini vurğulayan bir hadisə idi. Zeyd ibn Əli imam Baqirin (ə) qardaşı idi və imam Baqir (ə) elmi baxımdan cəmiyyətdə böyük nüfuza malik olduğundan, Zeyd və onun inqilabi hərəkatı elə də böyük dəyişiklik yaratmadı. Baxmayaraq ki, Zeyd ravilərdən sayılırdı və Ələvi olduğu üçün İraq əhalisi arasında hörmət sahibi idi.

İmam Baqir (ə) hicrətin 114 və yaxud 117-ci ilində şəhid edildi və ondan sonra imam Sadiq (ə) diqqətləri özünə çəkdi. İkinci əsrin ikinci onilliyinin sonlarında Zeyd və Hişam ibn Əbdülməlik arasında keçən ixtilaflı danışıq və müzakirələrdən sonra, o, hakimiyyətə etiraz etməyə qərar verdi. Hicrətin 122-ci ilinin Səfər ayında Kufə şəhərində qiyam edib iki gün döyüşdükdən sonra şəhid edildi.

Bəzi şiə rəvayətlərində Zeydin imam Baqir (ə) və imam Sadiq (ə) də daxil olmaqla şiə imamlarının imamətinə inandığı bildirilir. Onun özündən belə nəql olunur: “Cəfər (ə) halal və haram məsələlərdə bizim imamımızdır.” (“Kifayətul-əsər”, s.327.)

İmam Sadiqdən (ə) Zeyd barədə belə bir hədis nəql edilmişdir: “Allah ona rəhmət etsin! O, mömin, arif, alim və doğrudanışan idi. Əgər qələbə çalsaydı, vəfalı olardı. Əgər hökuməti ələ keçirtsəydi, onu kimə təslim edəcəyini yaxşı bilirdi.” (“İxtiyaru mərifətir-rical”, s.385.)

İmam Sadiqdən (ə) nəql edilən bir neçə rəvayətə əsasən, o həzrət qabaqcadan Zeydin Kufə şəhərinin Kenasə məhəlləsində şəhid olacağını xəbər vermişdi. (“Üyunu əxbarir Riza (ə)”, c.1, bölüm 25.)

Hər halda, imam Sadiq (ə) Zeydin qiyamını “zalım hakimiyyət əleyhinə olan bir qiyam” kimi görürdü və Zeydin əxlaqi şəxsiyyətini təsdiqləyirdi.

b) İmam Sadiq (ə) və Əbu Sələmənin dəvəti:

Burada imam Sadiqin (ə) Abbasilərin qiyamı ilə olan əlaqəsindən söz açmaq istəyirik: İnsanları Abbasilərə tərəf dəvət iki nəfərin vasitəsilə – Ali-Mühəmmədin vəziri adı ilə tanınan Əbu Sələmə Xəllal və Əbu Müslim Xorasani – həyata keçirdi. İlk olaraq bu hərəkətin əsl şüarı “Ali-Mühəmmədin razılığı” idi. Camaat bu şüarı eşidəndə elə düşünürdü ki, Rəsulullahın (s) xanədanından bir nəfər xilafətə gələcək və həmin şəxs Ələvilərdən başqa, heç kim ola bilməzdi. Lakin Abbasilərin davamlı fəaliyyəti pərdə arxasındakı hadisələri Abbasilərin lehinə dəyişdirdi. Eyni zamanda, son günlərə qədər İraqda məsələnin həlli Əbu Sələmə Xəllalın əlində idi. O, Kufədə namizəd olaraq Səffah və Mənsuru hazırlamışdı və Bəni-Üməyyə çökər-çökməz Səffah üçün xalqdan beyət aldı. Amma bir müddət sonra, camaatı Ələvilərə tərəf dəvət etmək və onları Abbasilərin yerinə oturtmaq istəməsi ittihamı ilə öldürüldü. Belə ki, Əbu Sələmə imam Sadiqə (ə) və Ələvilərdən olan başqa iki nəfərə məktub yazdı. Məktubda İmam (ə) onun üçün razı olduğu təqdirdə beyət ala biləcəyini yazmışdı. İmam (ə) bilirdi ki, bu dəvət əsassızdır. Hətta, əgər əsaslı olsa belə, İmam (ə) vəziyyəti bir şiə imamının rəhbərliyi üçün münasib bilmirdi.

İmam Sadiq (ə) Əbu Sələmənin dəvətinə ciddi yanaşmadı. Bu səbəbdən onun yazdığı məktubun cavabında elçisinə belə buyurdu: “Əbu Sələmə başqasının şiəsidir.” (“Əl-vuzərau vəl-kuttab”, s.84.) Bəzilərinin nəql etdiyi rəvayətə əsasən, Əbu Müslim də bu barədə imam Sadiqə (ə) məktub yazmışdı və imam Sadiq (ə) onun cavabında belə yazdı: “Nə sən mənim şiələrimdənsən, nə də zaman mənim zamanımdır.”

Bir sözlə, İmamın (ə) bu hərəkət qarşısındakı reaksiyası ehtiyat və dəvətin məzmunu ilə müvafiq olmaması idi. Necə ki, İmam (ə) bu üslubu Abdullah ibn Həsənə öz oğlu Məhəmmədin – Nəfsi-Zəkiyyə – barəsində də tövsiyə etmişdi. Əbu Sələmənin Abbasilərə vəfalı olması və imamətin onların xanədanında möhkəmlənməsi onun dəvətinin ciddi olmadığını göstərir. Hətta onun öz dəvətində qəti qərarlı olduğunu fərz etsək belə, o, Əbu Müslim və Abbasilər var ikən öz dəvətinə necə əməl edə biləcəkdi?! Buna görə də, onun dəvətini qəbul etmək ölümə atılmaq demək idi. Bəlkə də, Əbu Sələmə və Əbu Müslimin Abbasilərin əli ilə qətlə yetirilməsi bu məsələnin ən böyük sübutudur.

c) İmam Sadiqin (ə) Mənsur Dəvaniqi ilə rəftarı:

İmam Sadiqin (ə) həyatının son hissəsi Mənsurun hökmdarlıq etdiyi dövrə təsadüf etmişdi. İmam Sadiq (ə) Haşimilər arasında özünəməxsus mənəvi şəxsiyyətə sahib olan bir nəfər kimi tanınırdı. O, Mənsurun dövründə yüksəksəviyyəli elmi şöhrətə sahib və bir çox əhli-sünnə fəqihləri və ravilərinin diqqət mərkəzində idi. Mənsurun Ələvilərə qarşı bəslədiyi dərin kin-küdurətindən o həzrəti şiddətlə göz altına alması və azad yaşamasına mane olması təbii idi. İmam Sadiq (ə) eynilə ata-babaları kimi, imamətin onun haqqı olduğunu və başqaları tərəfindən qəsb edildiyi barədə olan əqidəsini gizlətmirdi. O həzrətin bəzi səhabələrinin imam Sadiqə (ə) itaətin vacibliyi ilə bağlı tutduqları mövqelər şiənin bu məsələyə hansı dərəcədə möhkəm etiqad bəslədiyini göstərir.

İmam Sadiq (ə) bir hədisdə belə buyurur: “İslam beş təməl üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.” Zürarə: “Bunların hansı daha əhəmiyyətlidir?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Vilayət. Çünki vilayət digər təməllərin açarıdır və xalqı digər təməllərə doğru hidayət edən amildir.” (“Vəsailuş-şiə”, Hürr Amuli, c.1, s.7-8.)

Bu hədisdə digər təməllərin icrasının “vilayət”ə bağlı olduğu aydın olur. Bu metod Mənsur üçün çox təhlükəli idi və buna görə də, İmamı öldürmək üçün bir fürsət axtarırdı. İbn Ənbə belə yazır: “Mənsur dəfələrlə İmamı öldürmək üçün qərar qəbul etdi, amma Allah İmamı qorudu.”

Ümumiyyətlə, imam Sadiq (ə) Mənsurun sarayına gedib-gəlməkdən ehtiyat edirdi və bu səbəbdən də, Mənsur tərəfindən ona etiraz olunurdu. Mənsur bir gün İmama (ə) dedi: “Nə üçün başqaları kimi bizim görüşmüzə gəlmirsən?” İmam (ə) cavab verdi: “Səndən qorxacaq heç bir iş görməmişik və sənin yanında axirətlə bağlı heç bir şey yoxdur ki, ona ümid edək, həmçinin sahib olduğun bu mövqe əslində təbrikə layiq bir nemət deyil və sən də onu təsəlli verməyimiz üçün bir müsibət olaraq qəbul etmirsən, o halda, sənin yanında nə işimiz var?”

Beləcə, İmam (ə) xalqa öz siyasi tövsiyələrində “Padşahlarla oturub-durmaqdan çəkinin!” – deyirdi. Həzrət öz səhabələrini də padşahlarla oturub-durmaqdan çəkindirir və buyururdu: “Zalım padşahla əməkdaşlıq etməyin kəffarəsi öz dini qardaşına yaxşılıq etməkdir.” O həzrət, hətta padşahların sarayına get-gəl edən alimlərə xəbərdarlıq edib buyururdu: “Fəqihlər peyğəmbərlərin əmanətdarlarıdır, əgər padşahların yanına get-gəl edən bir fəqih görsəniz, onu bu işinə görə ittiham edin.” (“Kəşful-ğummə”, Əli ibn İsa İrbili, c.2, s.184.)

Bir sözlə, Mənsur imam Sadiqi (ə) özünə tərəf çəkməyə və yaxud təhdidlə o həzrəti sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət, imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinənin “Bəqi” qəbristanlığında dəfn edildi.

Bu gün İmam Cəfər Sadiqin (ə)

 İmam Sadiq (ə), peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi, peyğəmbərin ciyərparəsi, Əli təfsirçisi...
Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (əleyhissəlam), anası isə Ümmü-Fərvə olmuşdur.

İmam Sadiq (əleyhissəlam) hicrətin 83-cü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin 148-ci ili 65 yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

İmam Sadiq (ə), peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi, peyğəmbərin ciyərparəsi, Əli təfsirçisi, peyğəmbər varisi, aşiq bir arif idi.
Sadiq məzhəbində olanlar on iki imam məzhəbindədir. Yəni bir nəfər on iki nəfəri təmsil edir. Əgər təkcə ondan danışsaq qeyd etməliyik ki, bütün elmlərdə, eləcə də ibadətdə misilsiz idi. Böyük etimad sahibi olan imam Sadiq mütləq iqtida ləyaqətinə malik idi.
O həm allahpərəstlərin şeyxi, həm məhəmmədilərin imamı, həm zövq əhlinin rəhbəri, həm eşq əhlinin öncülü, həm abidlərin iqtida etdiyi şəxs, həm zahidlərin məhbubu, həm misilsiz təfsirçiydi. İmam Sadiq (ə) imam Baqirdən (ə) bir çox rəvayətlər nəql etmişdir. Düşünmürəm ki, kimsə həqiqətdən xəbərsizdir. Məhəmmədə iman gətirib, onun övladlarını inkar edən, Məhəmmədə iman gətirməmişdir. Şafei Əhli-beyti (ə) o qədər sevmişdir ki, hətta rafizilikdə (şiələrə verilən mənfi ad) qınanmışdır. Hətta buna görə onu həbs etmişlər. Həmin vaxt yazdığı şerdən iki misra:

Əhli-beyti (ə) sevmək rafiziliksə,
Rafizi desinlər bu aşiq kəsə.

Nəql edirlər ki, bir gün Davud Tai imam Sadiqin (ə) yanına gəlib dedi: “Ey Allah rəsulunun oğlu! Qəlbim qaralıb, mənə bir öyüd ver. Siz bütün məxluqdan fəzilətlisiniz və hamıya öyüd verməyiniz vacibdir.” İmam (ə) buyurdu: “Ya Əba Süleyman! Qorxuram ki, Qiyamət günü Rəbbim Ona itaət haqqını pozduğum üçün məni qınaya. Dediklərin həzrət Haqqın şənindədir.” Davud ağladı və dedi: “Pərvərdigara! Onun vücudu peyğəmbərdəndir, tərkibi bir dəlildir, babası peyğəmbər, anası Bətuldur. Bununla o bir bu qədər çəkinir! Vay Davudun halına!”
İmam Sadiqin (ə) qiymətli bir xəzə büründüyünü görüb dedilər: “Ey peyğəmbər övladı! Bu libas sənin Əhli-beytinə (ə) yaraşırmı?” İmam həmin şəxsin əlini tutub yaxasına çəkdi. Onun əynində əli didən palaz vardı. İmam (ə) buyudru: “Bu Allahın haqqına görədir, bu birisi bəndələrin haqqına görə.” (“Təzkirətul-övliya”, 20)

İmam Sadiqin (ə) Əhvaz valisinə cavab məktubu

 
Hər kəs mömin qardaşını sevindirsə, Peyğəmbəri (s) sevindirib və hər kəs Peyğəmbəri (s) sevindirsə, Allahı sevindirib

 Bismillahir-rəhmanir-rəhim

Allahın sənə lütf və inayət olsun və səni Öz himayəsində qorusun. Çünki bu işdə güc sahibi yalnız Odur.
Səfirin sənin məktubunu mənə çatdırdı. Onu oxudum və istəklərin barədə nəzərindən agah oldum. Belə düşünürəm ki, Əhvazın hökumət və valiliyinə düçar olmusan. Sənin bu valilik və vəzifən məni həm sevindirir, həm də qəmləndirir. Allahın köməyi ilə hər ikisinin səbəbini sənə yazıram:
Sevinməyimin səbəbi:
Sevinməyimin səbəbi budur ki, ümid edirəm, Allah-taala Muhəmmədin (s) Əhli-beytinin (ə) dostlarının müşküllərini və əziyyətlərini sənin vasitənlə aradan qaldırsın, onları sənə görə izzətli və başı uca etsin, onlardan bir çılpağı geyindirsin, gücsüzünü güclü və bacarıqlı etsin, təfriqə odunu söndürsün, pərakəndəlikdən nicat versin. Bu işlər məni sevindirir.
Amma narahatlığımın səbəbi:
Məni qəmləndirən və sənə görə narahat edən səbəb budur ki, hökumət başında olub, qüdrətinin ən yüksək həddində –Allah eləməmiş– Əhli-beyt (ə) dostlarından kiməsə çətin tutasan və buna görə də behiştin iyi belə sənə çatmaya.
İstədiyini xülasə şəkildə sənə yazıram. Əgər ona əməl etsən və onun hədlərindən qırağa çıxmasan həyat və görüşündə sağlam qalacaqsan. İnşallah.
Bil, Ey Abdullah! Allahın bəndəsi! Atam öz hörmətli atalarından, o da Əmir əl-möminindən (ə), o da Allahın Peyğəmbərindən (s) belə rəvayət edir: "Hər kəs öz mömin qardaşından məşvərət və fikir mübadiləsi istəsə və onunla məşvərət etsə, amma o, ona məsləhətli olanını deməsə, Allah onun düşüncəsini əlindən alar".
Ona görə də həqiqət axtaran insan olaraq mənim fikrimi bilmək istədiyin üçün öz nəzərimi sənə deyirəm. Əgər əməl etsən, səni qorxudan məsələlərdən qurtulacaqsan.
1. Ey Abdullah! Bil ki, sənin qurtuluşun Allah dostlarının qanını qorumaqda, onları incitməməkdə, camaatla və tabeliyində olanlarla müdara etməkdə, ən güclü olduğun vaxtda onlarla layiqli və yumşaq davranmaqda, öz rəhbərlərinlə və onların nümayəndələri ilə müdara etməkdədir.
Həmişə Əhvaz xuzilərindən özünü qoru, onlarla ehtiyatla davran. Çünki atam öz hörmətli atalarından, onlar da Əmir əl-möminindən (ə) rəvayət etmişdir ki: "İman, yəhudi və xuzinin qəlbində möhkəmlənməz".
2. Sənin mənus olacağın, güvənəcəyin, işlərini tapşıracağın adam əmanətdar, təqvalı, sənin məzhəbin və adət-ənənələrinə uyğun bir şiə olmalıdır. Ona görə də dostlarını və köməkçilərini tanı və hər iki qrupu imtahan et. Onlarda inkişaf və hidayət görsən, daha qalanını özün həll et.
3. Yaltaq, şişirtmə və mübaliğə ilə danışan, pərdə saxlamayan şairlərə, təlxəklər kimi əməl edən dəyərsiz ünsürlərə hədiyyə və mükafat verməkdən çəkin və onun əvəzini Allah yolunda sərf et.
Zabit, komandir, məmur, səfir, yaxın adam, məktublarını aparıb-gətirən, sirr saxlayanlar, qoruyucular və əsgərlərinə verdiyin hədiyyələr, yalnız Allaha xatir və Onu razı salmaq üçün olsun.
4. Bəxşiş, sədəqə, Həcc səfəri, namaz libası, Allah yolunda verdiyin hədiyyə və paylarının hamısı ən pak qazanclardan olmalıdır. Çalış ki, qızıl-gümüş toplamayasan. Çünki onlardan olsan bu ayə sənə xəbərdarlıq edir: "Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!" ("Tövbə" surəsi, ayə 34.)
Heç vaxt ac qarınları doyuzduracağın şirniyyat və xörəkdən artıq qalanını nəzərindən qaçırma. Çünki bunların vasitəsilə (onları yoxsullara verməklə) Allahın qəzəbini söndürürsən.
Bil ki, atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) rəvayət edirlər ki, Peyğəmbəri-əkrəm (s) səhabələrinə buyurdu: "Qonşusu ac olan halda özü tox yatan kəs Allah və Qiyamət gününə iman gətirməmişdir". Səhabələr dedilər: Ey Allahın Peyğəmbəri! Əgər belə olsa, biz həlakətə düçar olduq. Peyğəmbər (s) buyurdu: "İstifadə etdiyinizin artığından, xurmanın və ruzinizin artığından, öz artıq geyimlərinizi ehtiyaclılara hədiyyə edin. Bu kömək və fadakarlıqla Allahın qəzəbini söndürəcəksiniz".
Ey Abdullah! Dünyanın etibarsızlığı, onun süstlüyü, keçmişdəkilərin ölüb getməsi barədə sənə xəbərdarlıq edirəm.
Atam buyurdu: "İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdikdə İbn Abbas dedi: Səni qohumluq haqqına and verirəm. Məbada Peyğəmbərin (s) xəbər verdiyi Kərbəlada qana qəltan olacaq həmin şəhid sən olasan. Həzrət ona buyurdu: "İbn Abbas! Mən şəhid olacağım yeri səndən daha yaxşı bilirəm və təkcə əməvilərin yaratdığı bu çirkin dünyadan ayrılmaq ardıncayam. İbn Abbas! Əmir əl-mömininin (ə) dünya barədə nə buyurmasınə sənə xəbər verimmi?" İbn Abbas dedi: Bəli, ey Peyğəmbərin oğlu! Həzrət buyurdu: "Əmir əl-möminin (ə) buyurdu: Mən Fədəkdə işləyirdim. Birdən məftunedici və çox cazibəli bir qadın mənə tərəf gəldi. Mən əlimdə bel işə məşğul olduğum halda o, ən üstün gözəllik və işvə ilə özünü mənə göstərirdi. O, Qüreyşin qadınlarından daha gözəl idi... Mənə dedi: Ey Əbu Talibin oğlu! Məni özünə əqd etməyə hazırsan? Səni işin zəhmətindən ehtiyacsız edim, yerin və zamanın xəzinələrinin yerini göstərim, dünyanın padşahlığını həmişəlik sənin və səndən sonra övladlarının adına yazım? Mən ondan soruşdum: Sən kimsən ki, mən ailəndən sənə elçilik edim? Dedi: Mən dünya və onun zər-zivəri, qüdrət və şövkətiyəm. Onu tanıyan kimi dedim: Get və məndən başqa ər axtar. Sonra yenə tarlada öz işimlə məşğul olmağa başladım və bu şeri oxudum:
Həqiqətən, hər kəsi dünya aldadıbsa, o ziyana uğramışdır
Dünya əsrləri və qabaqkı nəsilləri adladandan başqa bir şey deyil
Dünya Qüreyşin ən gözəl qızı Səniyyənin simasında mənim yanıma gəldi
Zinət və bəzəyi ən gözəllərin bəzəyi kimi idi
Ona dedim: get başqasını aldat
Çünki sənin hiylələrinə agaham və səndən qafil deyiləm
Həqiqətən, mən hara, dünya hara?
Böyük Peyğəmbər Muhəmməd (ə) dünya ardınca olmayıb
O artıq dünyadan köçüb gedib
Təəccüb edirəm dünyanın kələyindən
O, öz zər-zivər xəzinələrini mənə gətirmişdi
Halbuki, Qarunun sərvətini, xalqın mülk və bağlarını əllərindən almışdır
Onların bütün sərvətləri məhv olur
Dünyanın maddi dəyərlərini toplayanlar, onu inhisar edənlər hesaba çəkilir
Bəs, ey dünya, get məndən başqasını aldat
Mən nə sənə ürək bağlamaram
Nə sənin dəyərlərinə, bağlarına, mülklərinə, suyuna, hökumətinə
Mən özümü Allahın verdiyi ruziyə qane etmişəm
Sən günahraklara və şər istəyənlərə layiqsən
Mən Allahdan və Onunla görüşəcəyim gündən qorxuram
Həmişəlik əzabdan qorxuram
Ona görə də sənə ürək bağlamıram".
Əmir əl-möminindən (s) sonra da bütün İmamlar (ə) ona iqtida etdilər. Ona görə də heç nəyə aludə olmadılar, sapınmadılar və Allah onların məqamını uca etmişdir.
Mən bununla doğruçu, təsdiq olunmuş, saleh əməlli Peyğəmbərin (s) tərəfindən səni dünya və axirət gözəlliklərindən agah etdim.
İndi, əgər sən məktubumda yazdıqlarıma əməl etsən, dağların və dənizlərin dalğalarının ağırlığında günahın və sapınmaların olsa da ümid vardır ki, Allahın səni bağışlayacağı yolu tutasan və lütf üzündən sənin günahlarından keçsin.
Ey Abdullah! Öz hökumətində və ərazində heç bir imanlı insanı qorxutma. Atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər: "Hər kəs imanlı bir şəxsə qorxulu baxışla baxaraq onu qorxutsa, Allahın lütfünün sayəsindən başqa bir sayə olmayacağı bir gündə Allah onu qorxudacaq, onun bədəni və bütün bədən üzvləri zərrə-zərrə olacaq, çölün həşəratları ilə onu məhşur edərək ki, öz yerinə (cəhənnəmə) daxil olsun".
Yenə atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər: “Hər kəs mömin bir şəxsin ehtiyacını və müşkülünü aradan qaldırsa, Allahın lütfünün sayəsindən başqa bir sayə olmayacağı bir gündə Allah onun çətinliklərini aradan qaldırar və Qiyamət günü ona minnət bəxş edər”.
Yenə buyurublar: “Hər kəs mömin qardaşının bir ehtiyac və hacətini aradan qaldırsa, Allah onun çoxlu istəklərini verər. Onlardan biri də behiştdir və behişti onun üçün hazır edər. Hər kəs çılpaq qalmış din qardaşını geyindirsə, Allah ona behişt libasları geyindirər və onun hədiyyə etdiyi libasın bir sapı da din qardaşının bədənində qaldığı vaxta qədər Allah ondan razı olar.
Hər kəs ac mömin qardaşını yeməklə doyuzdursa, Allah onu ən dadlı behişt xörəkləri ilə doyuzdurar. Hər kəs susamış mömin qardaşını su ilə doyuzdursa, Allah onun susuzluğunu behiştin xüsusi və əl dəyməmiş şərbətləri ilə aradan qaldırar.
Hər kəs mömin qardaşına xidmət etsə, Allah behiştdə ona xidmət etmək üçün təravətli və gözəl əxlaqlı cavanlar ayırar, onu pak dostlarla həmrah edər”.
Hər kəs mömin qardaşını çiyninə götürsə, Allah onu behişt miniklərinə mindirər və Qiyamət günü müqərrəb mələklərin qarşısında belə bir bəndəsi ilə fəxr edər.
Hər kəs mömin qardaşı üçün həyat yoldaşı seçsə və onun izdivacı üçün şərait yaratsa ki, onun munisi olan, onu şad edən, həyatına dəstək olan bir həyat yoldaşı olsun; Allah behişt hurilərini onun izdivacına gətirər, onun arzu etdiyi salehlər və doğruçularla mənus edər.
Hər kəs ehtiyacı olan mömin qardaşını görmək üçün onun evinə getsə, Allahla görüşənlərdən hesab olunar və Allaha vacibdir ki, öz ziyarətçisini əziz tutusun”.
Ey Abdullah! Atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər ki, Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “Ey camaat! Başqalarının eyiblərinin ardınca olmayın. Hər kəs imanlı insanların eyiblərinin ardınca olsa, Allah Qiyamət günü onun eyiblərini açar və onu evinin içində rüsvay edər”.
Yenə buyurublar: “Allah mömin insandan əhd almışdır ki, hərəkət və danışığı doğru olsun, öz düşməni ilə insafla rəftar etsin, yalnız özünü ittihamlardan müdafiə etməkdən başqa hər işdə qəzəbini boğsun. Çünki hər bir mömin behiştdə əbədi səadətə çatmaq üçün qısa dünya həyatında dilini bağlayır və qoruyur”.
Yenə buyurublar: “Allah tərəfindən vəhy mələki nazil olaraq dedi: Ey Muhəmməd! Allah sənə salam göndərir və buyurur: İmanlı insan üçün Öz adlarımdan biri olan “Mömin” adını seçdim. Ona görə də mömin Məndəndir və Mən mömindən. Hər kəs bir mömini təhqir etsə, mənimlə müharibəyə qalxmışdır”.
Yenə buyurublar: “Əlican! Bir kəsin batinini tanımayınca onunla münazirə etmə. Çünki əgər bir kəsin daxili yaxşı və pak olsa, o, Allahın dostudur və Allah Öz dostunu xar etmir”.
Yenə buyurublar: “Küfrün əz aşağı mərtəbəsi budur ki, bir kəs öz qardaşından bir söz eşidərək, bir gün bununla onu rüsvay etmək məqsədilə bu sözü yadında saxlasın. Belə kəslər nicat tapmayacaqlar”.
Yenə buyurublar: “Əgər bir kəs mömin şəxsdən gözü ilə nəyisə görübsə, yaxud qulağı ilə nəyisə eşidibsə və bu görüb, ya eşitdiyi şeylə onu məzəmmət etsə, yaxud onda eyb axtarsa və ya onu təhqir etsə, bu şəxs o kəslərdəndir ki, Allah onların barəsində buyurub: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir”. (“Nur” surəsi, ayə 19.)”
Ey Abdullah! Atam öz atalarından, onlar da Əmirəlmöminindən (ə) nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: “Hər kəs mömin qardaşından bir söz desə və o sözlə onu camaatın nəzərindən salmaq istəsə, Allah onu günahına görə cəzalandıracaq ki, onun dəlilini gətirsin və nicat tapması üçün çarə axtarsın, lakin dəlil və çarə tapa bilməyəcək.
Hər kəs mömin qardaşını sevindirsə, Peyğəmbəri (s) sevindirib və hər kəs Peyğəmbəri (s) sevindirsə, Allahı sevindirib. Hər kəs Allahı sevindirsə, Allaha vacibdir ki, onu behiştə daxil etsin”.
Ey Abdullah! Yenə sənə sifariş edirəm Allahdan qorxmağı, Ona itaət etməyi və Onun ipindən yapışmağı. Hər kəs Onun hidayət ipindən yapışsa, düz yola hidayət olmuşdur. Ona görə də Allahdan qorx, təqvalı ol və heç kimin razılığını Allahın razılığından üstün tutma və onun razılığının yerinə seçmə. Bu, Allahın insanlara tövsiyəsidir və ondan başqa heç nəyi qəbul etməyəcək.
Bil ki, heç kəs üçün təqva üstün bir təklif və vəzifə yoxdur və bu, biz Peyğəmbər (s) ailəsinin sifarişidir. Əgər dünya və onun maddi dəyərlərindən sabah sual olunacağın bir şey qazanmaq istəmirsənsə, belə et.

MİNNƏT SAVABI PUÇA ÇIXARIR

Tövbə günahı yuyub apardığı kimi, pis iş də savabı puça çıxara bilər

İmam Sadiq (ə) buyurub:
 
  Bütün əməllərin düzgünolma və qəbul şərtləri vardır. Oruc tutarkən bu şərtlərə əməl etməsək onun qəzasını tutmağa məcburuq. Amma əməlin qəbul olması üçün başqa şərtlər də vardır. Əgər bu şərtlərə əməl olunmasa hətta düzgün yerinə yetirilmiş əməl üçün axirət savabı gözləməyə dəyməz. Yaxşı, bəs bir mömin həm düzlük, həm də qəbul şərtlərinə əməl etmişsə yenə də axirət üçün qorxu qalırmı? Diqqət etməliyik ki, çirkin bir iş əvvəlki savabı puça çıxara bilər. Tövbə günahı yuyub apardığı kimi, pis iş də savabı puça çıxara bilər. Məsələn, riya bütün savabları məhv edə bilər. «Hucurat» surəsinin 2-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, səsinizi peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən əməlləriniz puç olar». Bir mömin saf niyyətlə yardım əlini uzadıb savab qazanır. Amma bir neçə il ötəndən sonra etdiyi yaxşılığı onun üzunə vuraraq əvvəlki savabı puça çıxarır. «Bəqərə» surəsinin 264-cü ayəsində oxuyuruq: «Sədəqələrinizi malını riyakarlıqla xərcləyən kafir kimi, minnət qoymaqla puça çıxarmayın». Minnət yaxşılığı puça çıxarır!
İmam Sadiq (ə) buyurur: Birinə əl tutmusansa minnət qoymaqla puça çıxarma, əksinə, daha yaxşı bir iş gör ki, əxlaqın gözəlləşsin, axirət savabın artsın.

İmam Sadiqdən (ə) qızıl nəsihətlər

  Dini qardaşınız sizin yanınızda olmadıqda onun sizi necə yaxşı xatırlamasını istəyirsinizsə, siz də onu ən yaxşı şəkildə xatırlayın

İmam Sadiq (ə) səhabələrinə buyurdu:
Məndən bir söz eşidin ki, o, sizin üçün qiymətli atlardan daha yaxşı və dəyərlidir:

1. Sizlərdən heç kim özünə gərəkməyən sözü danışmasın. İşinə yarayacaq bir çox sözləri də tərk etsin, ta onun yerini tapsın. Çünki nə çox danışanlar vardır ki, yersiz söz deyirlər və o sözü ilə özləri üçün cinayətin yaranmasına səbəb olurlar.

2. Sizlərdən heç kim cahil və ya dözümlü insanlarla mübahisə və münaqişə etməsin. Çünki hər kəs dözümlü insanla mübahisə etsə, onu özündən uzaqlaşdırmışdır. Hər kəs cahil insanla mübahisə etsə, onu həlakətə salmışdır.

3. Dini qardaşınız sizin yanınızda olmadıqda onun sizi necə yaxşı xatırlamasını istəyirsinizsə, siz də onu ən yaxşı şəkildə xatırlayın.

4. Sizin əməl və rəftarınız, yaxşılıq qarşısında mükafat veriləcəyini, cinayət qarşısında həbs olunacağını bilənlər kimi olsun.