Məqalələr
Zİllhiccə ayının fəzilətləri
- Ətraflı
- Baxış sayı: 7548
Rəhim və Rəhman Allah, insanın ruhi naqislikdən qurtulması, mənəvi kamilliyə çatması üçün xüsusi vasitələr qərar vermişdir. Bunların arasında xüsusi məkanlar, xüsusi zamanlar, şəraitlər də var. Məsələn, insan müəyyən zamanlarda namaz qılır, oruc tutur, nəticədə çox özünəməxsus bir ruhi tərəqqi əldə etmiş olur. Şəfaət diləmə, təvəssül etmə, ziyarət, həcc - bunların hamısının çox böyük bir hikməti var.
Mübarək izdivacın tarixi
Zilhiccə ayı məhz belə məqamlarla kifayət qədər zəngindir. Elə ayın əvvəlində - zilhiccənin 1-i mübarək bir tarixdir - hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir. Hamımızın qədrini bilməli olduğu bir gündür bu. Niyə? Çünki həmin gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir. Bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Çünki insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər-istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır. Yəni əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.
Bu gün oruc tutmaq çox tövsiyə olunan əməllərdəndir. İslami mənbəyə görə, hətta ilk 9 günü tutulan oruca görə insana bir ömür tutulan orucun savabın əta edir Mütəal Allah. Eləcə də bu 9 günün hər birinin özünəməxsus zikrləri var. Əslində bütün bunlar, insanın daima Allah dərgahında olmasının fərqinə varması üçün bir ilahi lütflərdir.
Zilhiccə ayının orucu
Zilhiccə ayının orucu ilə əlaqədar təkcə onu qeyd etmək kifayətdir ki, "Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti var. 9-cu günə - Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcəb olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər. Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar, həqir olan, qovulan günüdür.
Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər. Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra Ərəfə duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.
Hər gün axşamçağı xüsusi bir namazın qılınması məsləhət bilinir. Şam və xiftən namazları arasında qılınan bu 2 rükətli namaz, hər rükətin “Fatihə” və “İxlas” surələrindən sonra Qurani-Kərimin “Əraf” surəsinin 142-ci ayəsinin tilavəti ilə səciyyələnir. İmam Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.
Zilhiccə ayının ilk 9 günündə xeyir əməllər yerinə yetirməyin üstünlükləri barədə dinimizdə çoxlu tövsiyələr mövcuddur. Əlbəttə ki, insan bütün il boyu xeyir əməllərə can atmalıdır, lakin bu günlərdə gözəl əməllərin xüsusilə sevilməsi, insanı həmin əməllərə daha da həvəsləndirir, insan gözəl işlərə daha da sövq edilir.
Zilhiccə ayında ən əlamətdar tarix kimi, ayın 10-da müqəddəs Qurban bayramı - mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günün və zilhiccə ayının 18-nin - Qədir-Xum bayramı - Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən günün qey edilməsi çox vacibdir. Qədir-Xum bayramı dinin kamil surətdə qərar verilməsi rəmzi olaraq çox əhəmiyyətlidir.
Zilhiccə ayının gündəlik duası
Zilhiccə ayının əhəmiyyətini tam surətdə açıqlamaq üçün dinimizin gözəl dua töhfələri vardır. İmam Cəfər Sadiqdən (ə) nəql edilən zilhiccə ayına aid gündəlik duaya diqqət yetirək. Bu duanın hər bir məqamı insanın kamilləşmə arzusuna sanki bir cavabdır. Öncə bu günlərin əhəmiyyətliyi çatdırılır: "Allahım! Bu bir günlərdir ki, Sən o biri günlərdən daha fəzilətli və daha şərəfli qərar vermisən". "Sən Öz lütf və mərhəmətinlə, mənə bunu dərk etməyi nəsib etmisən" - bu bir İlahi lütfdür ki, insan bu günlərin əhəmiyyətini anlayıb, onlardan bəhrələnə bilsin. "Bəs (onda) nazil et mənə bu günlərin bərəkətini. Və bu günlərə aid nemətlərdən mənə bolluca nəsib et!"
Sonra dua edən bəndə, çağırışını mübarək salamlarla bərəkətləndirir: "Allahım, Səndən istəyim budur ki, Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salamı çatdırasan". Sonra duada düzgün seçimdə yardım dilənir: "Allahım! Səndən istəyim budur ki, bu günlərdə hidayət yoluna, iffət yoluna, insanlardan ehtiyacsızlıq yoluna düşməyi mənə nəsib edəsən. Və o əməllərə yönəldəsən məni ki, bu əməllərə qarşı Səndə sevgi var və Sən bu əməllərdən razısan". Duanın növbəti mərhələsində bəndə Rəbbinə tərəf öz gizli vücudi istəklərini yönəldir: "Allahım! Sən ey bütün şikayətlərin yönəlik ünvanı! Ey bütün daxili sirləri bilən və eşidən bir kəs! Ey bütün varlıqların şahidi! Ey bütün gizlinləri bilən! Həqiqətən Səndən diləyirəm, Səndən istəyimiz budur ki, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salam göndər və bütün bəlaları məndən bu günlərdə uzaq et! Və bu günlərdə mənim dualarımı müstəcəb et! Bu günlərdə məni qüvvətləndir! Bu günlərdə o şeyləri mənə inayət göstər və tofiq əta et ki, onları sevirsən, onlarda razılığın var! Sən itaət etmək tofiqini, Sənin Rəsuluna (s), Sənin Məsumlarına (ə), onların pak naiblərinə itaət etmək tofiqini istəyirəm Səndən, ey Allah!".
Dua edən mübarək günlərin xeir-bərəkətinin ona hədiyyə olunmasını istəyir: "Allahım! Ey rəhimlilərin Ən Rəhimlisi! Mən həqiqətən Səndən istəyirəm ki, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salam göndər! Bu günlərdə mənə rza və təslim məqamını hədiyyə et! Sən həqiqətən duaları eşidənsən! Bu günlərdə asimandan nazil etdiyin xeyirlərdən məni məhrum etmə! Allahım! Məni günahlardan pak qərar ver!"
Sonra yenə Allahın sevimli-seçilmiş bəndələrinə salam göndərməklə dua zinətləndirilir və vacib olan məsələlər istənilir: "Ey qeybləri bilən! Mənə əbədi cənnəti vacib et! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə)! Bu günlərdə məni o günahı etməyə nəsib etmə ki, onu bağışlamayacaqsan! Mənə o qəmi nəsib etmə ki, ondan nicat yoxdur! Mənə o borcu nəsib etmə ki, onu ödəyə bilməyim! Mənə o itkini nəsib etmə ki, onu geri qaytara bilməyim! Mənə o dünya və axirət ehtiyacı nəsib etmə ki, onlar yüngül və həll ediləsi olmasın! Həqiqətən, ey Allah, Sən hər bir şeyə qadirsən, hər bir şey Sənin hökmündədir".
Allahını tanıyan bəndənin müraciətidir bu: "Ey gizlinləri bilən Allah! Ey göz yaşı axıdanların rəhm edəni! Ey duaları müstəcəb edən! Ey göylərin və yerlərin Rəbbi! Ey o Kəs ki, səslər onun yanında səhv salınmaz! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə)! Səndən diləyirəm bu günlərdə məni oddan azad olmuşlardan, cəhənnəm odundan xilas olunmuşlardan qərar verəsən! Və bizlərə bu günlərdə Sənin cənnətinə yiyələnməyi nəsib edəsən! Öz rəhmətinlə bizi nicat tapmışlardan qərar verəsən! Səni and verirəm rəhmətinə, ey rəhmətlilərin ən Rəhmətlisi! Allahın salamı olsun ağamız Muhəmməd peyğəmbərə (s) və onun bütün Əhli-beytinə (ə)!"
İmamlarımız (ə) bu dualar vasitəsilə bizə özümüzü tanımağı, Rəbbimizi tanımağı və Yaradana olan müraciətin mərifətini çatdırırlar. Mübarək Zilhiccə ayının digər gözəl əməlləri də var ki, dua kitablarında müfəssəl şəkildə zikr olunmuşdur. Allah-Təala bütün insanları dua əhlindən qərar versin və Allaha tapınanlar sırasına daxil etsin!
Dua vasitəsilə zilhiccə ilə tanışlıq
Yuxarıda göstərilmiş duanın zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən, sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. Duanın mahiyyətində olan mənəvi yük o dərəcədə zəngindir ki, onun ayrı-ayrı məqamlarında xüsusi vurğular etməyə əlavə ehtiyac duyulur.
İlk öncə duadan bəlli olur ki, bu günlər - ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir Rəbbimiz tərəfindən. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün fövqəl əhəmiyyətini qavramağa yardım edir.
"Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən" - deyə dua edir şükürlü bəndə. Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir? "Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi" - deyə çağırır bəndə. Bəs nədir bu ən böyük nemət? "Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə" - deyilir burada.
Bu salam elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq. İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə "hə" demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu dua edən bəndəni gözləyən çox böyük, hətta misilsiz mənəvi bir sərvətdən xəbər verir. Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: "Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!"
Necə də gözəl müraciətlər var bu duada! Allah-Təalanın kimliyi tanıdılır möminə. "Ey bütün şikayətlərin ünvanı, ey bütün gizli sirləri eşidən! Ey bütün varlıq aləminin şahidi! Ey bütün gizlinlərə elmi olan!" - deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə. Yaradanına mərifətli, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir: "Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!»
Nədir bu günlərin xüsusi tofiqatı? Məhz rza məqamı - Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək. "Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan, bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!" - deyə diləyir müxlis bəndə. Məhz burada - kamalın ardınca getmək durumuna sahib olmaqda səadətin açarı var. "Sən həqiqətən duaları eşidənsən! Bizlərə Sənin razılığın olduğun duruma gəlmək üçün mənəvi halət ver!" - təkrarən çağırır bəndə, - "Bizi bu günlərdə nazil etdiyin xeyirlərdən məhrum etmə! Bizi günahlardan pak et! Ey qeybləri bilən Allah! Əbədi behişti bizə aid et bu günlərdə".
İmam Cəfər Sadiqdən (ə) gələn bu mübarək duanın davamında bəndə Allahdan istəyir ki, bağışlanmaz günah etməyə ona imkan verməsin, aradan aparılmayan qəmin gəlməsinə yol verməsin, ödənə bilinməyən borc ona yetişməsin. Dünya və axirətdə asudəlik və asanlıq istəyir bəndə Rəbbindən.
"Sən yaşla dolu gözlərə mərhəmət edənsən, duaları cavablandıransan, Sən yerlərin və göylərin Rəbbisən! Sən hər kəsin səsini tanıyansan". Yenə də Allahı-Təalanın kimliyini tanıtdırır insana İmam (ə) dua vasitəsilə. "Bəs elə isə Peyğəmbər (ə) və Əhli-beytinə (ə) salam göndər" - deyə münacat edir bəndə Rəbbinə. Cəhənnəm atəşindən qurtuluş və azadlıq istəyir bəndə: "Bizi bu günlərdə oddan, cəhənnəm atəşindən azad olanlardan, cənnətə çatmışlardan və rəhmətinlə nicat tapmışlardan qərar ver, ey mərhəmətlilərin Ən Mərhəmətlisi!"
Allahım! Sən Özün bu duada olan mübarəkliyi cəmi bəndələrinə şamil et! Ümməti Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunda sabitqədəm qərar ver! Öz Höccətin olan 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) müqəddəs zühurunu təcili et! Amin!
Hacı İlqar İbrahimoğlu
Ərəfə günü
- Ətraflı
- Baxış sayı: 7927
Ərəfat ərəbcə “ərəfə” felindən əmələ gəlmişdir və mənası dərk etmək, anlamaq deməkdir.
Ərəfat Həzrət Cəbrayılın (Ona salam olsun!) Həzrət İbrahimi Məkkənin ətrafındakı “Həram” bölgədə gəzdirərək, ona Həccin bütün rüknlərini öyrətdiyi və Adəmin Həvva ilə görüşdüyü yerdir. Ehramını geyinib Məkkədən çıxan insan şərqə – Ərəfata doğru yola çıxır. Yerin ən bəsit parçasından – torpaqdan yaradılan və yer üzünün xəlifəsi olan insan öz hərəkətlərinə biliklə başlayıb. İnsan daha sonra öyrəndiklərini yaxşıca dərk edib. İnsan qismən palçıqdan, qismən də Allahın bəxş etdiyi ruhdan yaradıldığı üçün onun iradəsi və əzmi palçıqdan Allahın bəxş etdiyi ruha hicrət etməyə yardımçı olacaqdır. Ərəfat buradakı üç mərhələdən ilkidir. Digər mərhələlər isə Məşərül-Həram və Minadır.
Ərəfat bir günlük ziyarət məkanıdır. İnsan burada gün batanadək dualarını Allaha ərz edir. Milliyyətindən, dilindən, mənsəbindən asılı olmayaraq, insanlar – Allahın bəndələri bir araya gəlirlər. Burada insan düzənlik, qum və ümmandan başqa heç nə görmür. Günəşin şəfəqləri altında insan acizliyini dərk edir, Allahın birliyini, yaradıcı və hər şeyin sahibi olduğunu, bir gün yenə Ona qayıdacağını düşünür:
“Biz Allahdanıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq” (əl-Bəqərə, 156).
Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) bir hədisində: “Allah Ərəfə günündə olduğu qədər heç bir gündə qullarını atəşdən azad etməyib”, – deməklə bundan dolayı Şeytanın rəzil olduğunu bildirib: “Şeytan Ərəfə günündə olduğu kimi heç bir gündə bundan daha alçalmış, daha qəzəbli görkəmdə olmaz. Buna səbəb, onun Allahın rəhmətinin endiyini və Allahın böyük günahları bağışladığını görməsidir”. Ərəfə həm də Allahın Ərəfə günü yaranan mənzərəyə görə, mələklərin qarşısında fəxr etdiyi gündür.
Ərəfə günü Uca Allah nəinki Ərəfatda olanları bağışlayır, hətta orada olmayan, dünyanın dörd bir tərəfində məhz Ərəfə günü dua edib bağışlanma diləyən müsəlman qullarını da bağışlayar. Elə isə Həccdə olmayanlar bu gündə ibadətlərini artırsınlar!
Ərəfə günü oruc tutmağı da yenə Peyğəmbərimiz (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) tövsiyə edib: “Bu günün orucu bir ilin günahlarına kəffarədir”.
Günəş batarkən, Ərəfatda durma sona çatır. Artıq qaranlıqdır və nəyi isə görmək qeyri-mümkündür. Buna görə də nə bilik, nə də hikmətdən söz gedə bilər. Ərəfatda günəşin batması ilə insanlar günbatana, qərbə - Məşərül-Hərama yönəlirlər:
“Ərəfatdan qayıdarkən Məşərül-Həramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin)” (əl-Bəqərə, 198).
Nəticə:
- Ərəfə günü günlərin ən fəzilətlisidir.
- Ərəfə günü Allahın ən çox sayda insanı Cəhənnəmdən azad etdiyi gündür.
- Ərəfə günü Allahın yer əhli ilə göy əhli (mələklər) qarşısında fəxr etdiyi gündür.
- Ərəfə günü Şeytanın ən çox alçaldığı, qovulmuş və qəzəblənmiş olduğu gündür.
- Ərəfə günü Həcc mərasiminin zirvə nöqtəsinə çatdığı gündür.
- Ərəfə günü Zilhəccə ayının seçilmiş mübarək ilk 10 gününün zirvəsidir.
- Ərəfə günü edilən dua duaların ən fəzilətlisidir.
- Ərəfə günü tutulan oruc bir ilin günahlarına kəffarədir.
- Ərəfə günü Allahın öz dinini tamamladığı gündür.
- Ərəfə günü Rəsulullahın (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) vida xütbəsi söylədiyi gündür.
- Ərəfə günü oruc tutan insana bir ömür tutulan orucun savabı əta edilir.
Qeyd: Məlumat dəyərlər saytına istinad olunur