Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

İmam Mehdi (əc)

Bismillahir-rəhmanir-rəhim
İmam Mehdinin əleyhis-salam həyatına bir baxış.
Birinci bəhs:
Şiələrin axırıncı imamı Peyğəmbər (s)-in 12-ci xəlifəsi hicri tarixiylə 255-ci (868-ci miladi ili) ildə şaban ayının 15-də cümə günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır.
Onun atası 11-ci imam Həsən Əsgəri əleyhis-salamdır.
Anası isə Nərcis adında ləyaqətli bir xanım olmuşdur. Rəvayətə əsasən o xanım Rum imperatorunun oğlu Yəşuənin qızı, anası isə İsa peğəmbərin vəsisi Şəmunun nəslindəndir.
Bu rəvayətə əsasən Nərcis xanım yuxuda qəribə bir şəkildə islam dinini qəbul etmişdir. İmam Həsən Əskəri əleyhis-salamın göstərişiylə özünü müsəlman ordusu ilə müharibəyə gedən Rum qoşununun sıralarına qoşulur. Sonda isə islam qoşunu tərəfindən əsirliyə alınır. İmam Hadi əleyhis-salam bir nəfəri onun ardınca göndərir ki, onu kəniz ünvanında alıb Samirra şəhərinə gətirsin.
“Kəmalud-din”, 2-ci cild, 41-ci bölmə, səh: 132.
Nərcis xanım bir müddət xanım Həkimənin evində qalır onun təlim və tərbiyəsi vasitəsilə islam dini ilə tanış olur. Qeyd etmək lazımdır ki, Həkimə xanım ona çox böyük hörmət göstərərdi.
Nərcis elə bir xanım idi ki, illər öncə islam peyğəmbəri, həzrət Əli və imam Sadiq əleyhimus-salam onun barəsində mədhlər demiş və onu kənizlərin ən yaxşısı kimi tanıtdırmışlar.
Yeri gəlmişkən demək lazımdır ki, o xanımın Susən, Reyhanə və Məlikə kimi başqa ləqəbləri də olmuşdur.
O, həzrətin adı, kunyəsi və ləqəbləri.
İmam zaman ağanın adı və kunyəsi peyğəmbərin adı və kunyəsi ilə eynidir. Bəzi rəvayətlərdə o həzrətin zühur etdiyi zamana qədər adını çəkmək qadağan olunub.
O həzrətin məşhur ləqəbləri aşağadakılardan ibarətdir:
Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Hüccət, Xələfi-saleh, Sahibul-əmr, Sahibuz-zəman və Vəliyyi-əsr. Onların arasında ən tanınmışı Məhdidir. Bu ləqəblərdən hər biri bir mənaya işarədir.
O həzrətə bu səbəbdən Məhdi deyilib ki, Allah tərəfindən hidayət olunub və insaniarı haqqa tərəf çağıracaq. Qaim deyilib çünki o həzrət haqq üçün qiyam edəcək. Müntəzər deyilib ona görə ki, bütün möminlər o həzrətin zühurunu gözləyirlər və o həzrətin intizarındadırlar. Bəqiyyətullah, yəni o həzrət Allah hüccətləri arasında yeganə imamdır ki. bu vaxta qədər yaşayır. Xələfi-saleh deyilməsinin səbəbi layiqli canişin olduğu üçündür. Mənsur ləqəbi isə Allah tərəfindən ona kömək olunacağını göstərir. Sahibul-əmr deyilməsi buna görədir ki, ədalətli bir hökumət qurmaq onun öhdəsindədir və Sahibəz-zaman və Vəliyyi-əsr ona görə deyilir ki, indiki zamanın yeganə ilahi hakimi odur.
İmamın təvəllüdü
İslam Peyğəmbəri (s)-dən bir neçə rəvayətlərdə belə nəql olunub ki, onun nəslindən Məhdi adında bir nəfər qiyam edəcək və dünyadan zülmü yox edəcək.
Zalım Abbasi xəlifələri bu rəvayətlərdən agah olduqları üçün imam Məhdini elə doğulduğu gün öldürmək istəyirdilər. Elə bu səbəbdən də məsum imamların yaşayışı 9-cu imam Məhəmməd Təqi əleyhis-salamın vaxtından məhdudiyytlərlə üzbəüz oldu. Bu məhdudiyyətlər imam Həsən Əsgəri əleyhis-salamın vaxtında lap çoxaldı. İş elə bir həddə çatdı ki, bütün ged-gəliş artıq hökumət tərəfindən nəzarət altında idi.
Məlumdur ki, belə bir vəziyyətdə gərək o həzrətin dünyaya gəlməsi gizlin olsun. Elə bu səbəbdən də 11-ci imamın yaxın adamları da O həzrətin dünyaya gəlməsindən xəbərsiz idilər. Hətta o həzrət dünyaya gəlməmişdən bir neçə saat öncə anası Nərcis xanımda doğum əlamətləri bilinmirdi
9-cu imam Məhəmməd Təqi əleyhis-salamın qızı Həkimə Xatun o həzrətin dünyaya gəlməsini belə nəql edir:
11-ci İmam Həsən Əsgəri əleyhis-salam onunla sağollaşıb getdiyim zaman mənə buyurdu.
-Ey bibi bu gün iftara bizimlə qal. Çünki bu gecə Şaban ayının 15-dir və Allah Öz axırıncı hüccətini yer üzündə aşkar edəcəkdir.
Mən "ey Allah rəsulunun övladı! Onun anası kimdir?" –deyə soruşdum. "Nərcis" -deyə cavab verdi.
Mən yenə "sənə fəda olum, axı onda hamiləlik əlamətləri bilinmir ?"-deyə soruşdum.
İmam buyurdu:
-Söz, həmin sözdür ki, dedim.
Mən Nərcis xanımın yanına getdim salam verib oturduqda istədi ki, mənim ayaqqabılarımı çıxartsın amma mən ona mane oldum və mənə həmişə olduğu kimi,"ey mənim xanımım" deyə xitab etdi.
Amma mən bu dəfə dedim ki, bəlkə siz mənim xanımımsınız. Nərcis xanım buyurdu:
-Bibi can siz nə danışırsız? Dedim:
-Mənim qızım Allah taala bu gecə sənə elə bir oğlan uşağı nəsib edəcək ki, bütün dünyanın ağası olacaq.
Həkimə xanım daha sonra nəql edir ki:
İşa namazını qılıb iftar etdikdən sonra uzandım. Gecənin yarsında gecə namazı üçün qalxdım və namazı qıldım. Amma xanım Nərcisdə heç bir doğum əlaməti yox idi. Bəzi duaları oxuduqdan sonra yatdım.
Bir az keçdikdən sonra narahat halında oyandım amma o hələ də yuxuda idi. Bir müddət keçdikdən sonra xanım oyandı gecə namazını qıldıqdan sonra yatdı.
Sübh namazının vaxtın bilmək üçün çölə çıxdım. Sübh namazına az qalmışdı, amma hələdə Nərcis xanım yuxuda idi. Şəkkə düşdüm elə bu zaman imam Həsən Əsgəri əleyhis-salam öz otağından səslədi.
-Ey bibi, axırıncı Hüccətin viladəti yaxınlaşıb.
Bu sözdən sonra “Səcdə” və “Yasin” surəsini oxumağa məşğul idim ki, Nərcis xanım həyəcanla oyandı. "Bir şey hiss edirsən?" -deyə soruşdum. “Bəli bibi” -deyə cavab verdi.
Bir müddət sonra hər ikimizi yüngül bir yuxu apardı və mən təzəcə doğulan mübarək körpənin səsinə ayıldım. Körpənin üstündə olan parçanı kənara çəkdikdə onu səcdədə gördüm. O həzrəti qucağıma alıb gördüm ki, bədəni pak və pakizədir.
Bu zaman imam Həsən Əsgəri əleyhis-salam məni səsləyib buyurdu:
-Ey bibi, mənim övladımı bura gətir.
Mən təzə doğulımuş uşağı imamın yanına apardım imam onu qucağına aldıqdan sonra “ey mənim oğlum, dilə gəl!” deyə söylədi. Təzə doğulmuş imam dilə gəlib buyurdu:
"Əşhədu əlla ilahə illəllah vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən rəsulullah."
Sonra imam Əli əleyhis-salam və digər imamlara salam göndərdi.
Həkimə xanım deyir ki, həmin günün səhəri imam Həsən Əsgəri əleyhis-salamın yanına getdikdə imam Məhdini görmədim. İmamdan yerini soruşduqda imam buyurdu:
-Ey bibi, onu Musanın anasının Musanı tapşırdığı Allaha tapşırdım.
Həkimə xanım öz sözünə belə davam edir:
7-ci gün olduğda imam Həsən Əsgəri əleyhis-salamın evinə gedib salam verdikdən sonra oturdum imam buyurdu:
-Ey bibi, mənim övladımı yanıma gətir. Mən həzrəti Məhdini gətirdikdən sonra imam övladına xitab edib “ey mənim övladım dilə gəl danış” –deyə buyurdu. İmam Məhdi dilə gəlib şəhadeteyni dedikdən və imamlara salam göndərdikdən sonra "Qəsəs” surəsinin 5 və 6-cı ayələrini tilavət etdi.
İmam Məhdinin xüsusiyyətləri
İslam Peyğəmbəri (s) və digər məsumların rəvayətlərində o həzrətin xüsusiyyətləri bəyan olunmuşdur. Biz onlardan bəzisinə işarə edirik.
O həzrət ibadət əhli, zahid, səbrli, ədalətli və başqalarının əlindən tutan və onlara kömək edəndir.
O həzrət hamıdan elmli və mübarək vücudu bərəkət çeşməsidir.
O bəşəriyyətə nicat verən və islam peyğəmbərinin nəvələrindən Fatimə (s) övladı və imam Huseyn əleyhis-salamın 9-cı övladıdır. Zühur etdiyi zaman Kəbəyə söykənər və Peyğəmbər (s)-in bayrağını ələ alıb öz qiyamı ilə Allahın dınini dirildər. İlahi hökümləri bütün dünyaya tətbiq edər və dünya zülmlə dolduğu zaman o həzrət düyanı ədalət və mehribanlıqla doldurar.
O həzrətin həyatını üç hissəyə bölmək olar.
1.Gizlin olan dövrü;
O həzrətin gizlin yaşayışı, dünyaya gələn gündən atası şəhadətə çatan dövrə qədərdir.
2. Qeybə çəkilən dövrü;
Bu dövran 11-ci imamın şəhadətindən başlayır və O həzrətin Allahın izniylə zühuruna qədər davam edəcəkdir.
3. Zühur əsri.
O həzrətin qeybdə qalmaq dövranı sona çatdıqdan sonra Allahın izniylə 12-ci imam zahir olacaq və dünyanı ədalətlə dolduracaqdır.
Heç kəs O həzrətin nə vaxt zühur edəcəyini bilmir. Rəvayətlərin birində belə nəql olunub ki, imam Məhdi əleyhis-salam buyurdu:
"Hər kəs zühurun vaxtını müəyyənləşdirsə yalançıdır..."
www.abna.ir

Təndir şiələri” kimlərdir?

İmam Zaman (ə.f)-da İmam Sadiqin (ə) təndir səhabələrinin yolunu gözləyir...

İmam Zamanın (ə) zühuru üçün insanların da hazır olması gərəkdir. Hədislərdə göstərilən belə hazırlıqlı səhabələr "təndir şiələri" adlanır.

Məmun Rıqqi belə nəql edir:

Bir gün İmam Sadiqin hüzurunda idim, Səhl ibn Həsən Xorasani İmam (ə.s)-ın yanına gəldi, salam verib oturdu. Sonra belə dedi:

"Ey Rəsulullahın nəvəsi! İmamət (məqamı) sizin haqqınızdır. Çünki siz, şəfqət və rəhmət ailəsisiniz. Niyə haqqı almaq üçün qiyam etmirsiniz? Halbuki sizin təqibçilərinizdən yüz min adam, kəsici qılınclarıyla sizin kənarınızda düşmənlə döyüşməyə hazırdırlar!"

İmam (ə.s) onun bu sözünə qarşılıq belə buyurdu:

"Ey Xorasani! Otur həqiqət sənə aşkar olsun"

İmam (ə.s) cariyəsinə, təndiri yandırmasını əmr etdi, təndir dərhal alovlanmağa başladı, belə ki onun alovu təndirin üst tərəfini işıqlandırdı. İmam (ə.s) Səhlə: "Ey Xorasani! Qalx bu təndirin içində otur!" - buyurdu.

Xorasanlı adam (Səhl) bəhanə axtarmağa başlayıb belə dedi: "Ey Rəsulullahın nəvəsi! Məni odla yandırma, bu günahkarı bağışla!"

İmam (ə.s): "Narahat olma, səni bağışladım" - buyurdu.

Bu vaxt Harun Məkki, naleynini (ayaqqabısını) əlinə aldığı bir halda, ayaqyalın içəriyə girib salam verdi. İmam (ə.s) onun salamının cavabını verdi və belə buyurdu:

"Naleyni at və təndirdə otur!"

Harun naleynini atıb dərhal təndirin içinə girdi!

İmam (ə.s), Xorasani ilə söhbət etməyə başladı. Xorasanın bazarının vəziyyətindən və oranın xüsusiyyətlərindən elə danışırdı ki, sanki uzun illərcə orada qalmışdı. Daha sonra Səhldən, təndir vəziyyətinin necə olduğuna baxmasını istədi. Səhl deyir: "Təndirin başına çatanda, Harunun atəşlər arasında diz üstündə oturmuş olduğunu gördüm. Məni görər-görməz təndirdən çölə çıxdı və bizə salam verdi."

İmam (ə.s) Səhlə: "Xorasanda bunun kimi neçə adam var?" - deyə soruşdu.

Xorasani: "Allaha and olsun ki, bir adam da tapılmaz" - dedi.

İmam (ə.s) da onun bu sözünə qarşılıq: "Bəli, Allaha and olsun ki, bir adam da tapılmaz. Əgər bunun (Harun) kimi beş adam da olsaydı, biz qiyam edərdik" - buyurdu.

İmam Zaman ağanın (ə.f) qarşısındakı vəzifələrimiz

İmam Zaman ağanı (ə.f) tanıyandan sonra onun intizarında olanların ilk vəzifəsi budur ki, Həzrəti (ə.f) yada salmağı unutmasınlar. (Tebyan)
Zikr – yada salmaq deməkdir. Yəni, o şeyi ki, insan tanıyır, insan onu yada salır. Zikr iki cürdür: biri ürək zikridir və biri də dil zikridir. Ona görə də deyə bilərik ki, zikr – yada salmaqdır, istər dillə olsun, istərsə də ürəklə.
Allah Təala Quranda buyurur: “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).
Bu ayə bizə buyurur ki, əgər siz Allahı yada salsanız, Allah da öz rəhmət və məğfirəti ilə sizi yada salacaqdır. Allah Təala buyurur ki, Məni yada salın ki, ruhunuz və canınız paklaşsın, təmizlənsin. İlahi rəhmətə hazır vəziyyətdə olsun. Sizin Allaha diqqət etməyiniz sizi hər bir işdə daha güclü və daha əzmli edər.
İmam Sadiq (ə) buyurur: “Əl dəyilməmiş (təhrif olunmamış) Tövratda yazılmışdır ki, Musa (ə) Allaha sual verir və deyir: “Pərvərdigara! Sən mənə yaxınsansa, Səninlə yavaşca dərdləşim, uzaqsansa, Səni çağırım?”. Allah Təala ona vəhy edir: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, Məni yada salar””.
Allahı yada salaraq, Onun sevimli bəndəsi ola bilərik. Hər kim Allahı yada salar, ürəyi rahatlanar və hüzur tapar. “Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
İmam Zaman ağa (ə.f) – Allahın yer üzərindəki hüccətidir. O, kamil insandır, Allahın yer üzərindəki xəlifəsidir. İmamda (ə.f) Allahın sifətləri vardır. Ona görə də hər kim onu yada salar, İmam (ə.f) da onu yada salar. Hər kimi ki, İmam (ə.f) yada salar, Allahın xüsusi vilayətinə yol tapmış olar. Bu vilayət bərəkətə səbəb olar.
Necə ki, hər kim Allahı yada salar, Onun yoldaşı olar, eləcə də hər kim İmamı (ə.f) yada salar, İmamın (ə.f) yaxın dostlarından və davamçılarından olar.
İmam Məhdi (ə.f) buyurur: “Biz sizə qarşı səhlankarlıq etmirik, sizi yadımızdan aparmırıq. Əgər belə olsaydı, hər tərəfdən giriftarlıq sizi əhatə edərdi. Düşmənlər sizi aradan aparardı”.
Lakin o kəs ki, İmamla (ə.f) xüsusi rabitə qurmaq istəyindədir, çalışacaqdır ki, İmamı (ə.f) bir an belə unutmasın. Allahın hüccətini yada salmaq və zikr etmək – onun xüsusi inayətindən bəhrələnməyin ən mühüm addımıdır. İntizarda olanların başqa bir vəzifəsi isə İmamın (ə.f) salamatlığı və fərəcin tezləşməsi üçün dua etməkdir. İmamı (ə.f) incitməmək üçün günahdan uzaq olmaq, saleh əməllər yerinə yetirmək, İmama (ə.f) xüsusi diqqət etməkdir.
Əlbəttə, bunu da yaddan çıxartmayaq ki, böyük Peyğəmbəri (s) yada salmaq da – İlahi zikrin bir nümunəsidir. Necə ki, İmam Baqir (ə) buyurur: “Həqiqətən, bizi yada salmaq – Allahı yada salmaqdır. Həqiqətən, əgər biz yada salınsaq, Allah yada salınar”.
Beləliklə, deyə bilərik ki, İmamı (ə.f) tanımaqla onu yada salmaq arasında sıx rabitə mövcuddur. Necə ki, Allahı yada salmaq ürəkləri paklaşdırar, Həzrət Məhdini (ə.f) yada salmaq də onun xüsusi inayətinə səbəb olar.

İmam Əli (ə) yüzillər əvvəl İmam Zaman ağanın (ə.f) qeybinin səbəblərini insanlara tanıtmağa çalışırdı

Əmirəl-möminin (ə) İmam Zamanın (ə.f) qeyb məsələsinin bir neçə zəminəsinə işarə edir ki, bu da qeybətin təsadüf olmadığını isbat edir. İmam Əli (ə) buyurur: “Yer üzü heç bir zaman dini dəyərlərə və əhkama hakimiyyət bəxş etmək üçün qiyam edən İlahi hüccətdən boş olmayacaqdır. Aləmlərin Allahının hüccəti ya tanınmış şəkildə insanların arasında yaşayacaqdır (on bir İmam kimi), ya da gizli və tanınmamış şəkildə olacaqdır”. (Erfan)
İmam Əli (ə) başqa bir xütbəsində İmamın varlığının zəruriliyinə işarə edərək demişdir: “Allahın hüccəti bəzən açıq şəkildə ki, hamı onu tanıyar, insanların arasında olar. Ancaq zamanın işlərini - şərait hazır olmadığına görə - əlinə ala bilməz. Bəzən də İlahi hüccət Allah Təalanın iradəsinə görə insanların gözündən qaib olar. Belə bir vəziyyətdə onlar İlahi hüccətin intizarında olarlar. Qeyb zamanında İmamın (ə) cisminin bir çox təhlükələrə və ya başqa səbəblərə görə insanların gözündən gizli olmağına baxmayaraq, ancaq onun elmi insanlar üçün gizli deyildir. Əhkam və təlimləri möminlərin qəlbində və canında möhkəm və sabitdir. İnsanlar onun təlimləri və yol göstərmələri ilə yaşayarlar”.
Əsbəğ ibni Nəbatə nəql edir ki, bir gün Əli ibni Əbutalibin (ə) yanına getmişdim. Həzrəti düşüncəyə qərq olan halda gördüm. Bu haldan çox təəccüb etdim. Dedim: “Ya Əmirəl-möminin! Məgər bir hadisə baş vermişdir ki, bu qədər nigaran və təfəkkürə qərq olmuş görünürsünüz?”. İmam (ə) buyurdu: “Mənim nəslimdən sonralar dünyaya gələcək övladım haqqında düşünürəm. O, mənim on birinci övladımdır. O, biz Əhli-beytin (ə) Məhdisidir (ə.f). Yer üzü zülmlə dolduqdan sonra, onu ədalətə bürüyəcəkdir. Lakin bundan əvvəl onun üçün bir qeyb dövrü vardır ki, insanların bir çoxu bu dövrdə haqdan və sirat yolundan azacaqlar”.
İmam (ə) başqa yerdə buyurur: “İmam Məhdinin (ə.f) qeyb zamanı o qədər uzun olacaqdır ki, İlahi hikmətdən xəbərsiz olan insanlar Həzrətin (ə.f) zühurundan ümidsiz olacaqlar. Bəşər aləminin müjdə verənindən ümidsiz olduqları üçün hətta dillərinə bu cümləni gətirəcəklər: Aləmlərin Allahının Ali-Muhəmmədə (ə) ehtiyacı yoxdur. Yəni, əgər Ali-Muhəmməddən (ə) kimsə yer üzündə olsaydı, indiyə qədər qiyam edərdi və bu ədalətsizliyə son verərdi”.
İmam (ə) yenə buyurur: “O Həzrət (ə.f) insanların gözündən gizlin olacaqdır ki, yolunu azmışlar, azmamışlardan ayrılsınlar”.
İmamın (ə) bu sözü də ürəkağrıdıcıdır: “Siz mənim övladlarıma etdiyiniz zülmə görə bu məsələyə və onun çətinliklərinə düçar olacaqsınız”.
Bəli, insanlar dünyaya qərq olduqları üçün on bir İmamı (ə) öz əllərilə şəhadətə çatdırmışdılar. İmam Əlinin (ə) bu nurani kəlamı həmin müsibətə bir işarədir. Əgər on ikinci İmam (ə) da insanların arasında aşkar yaşasaydı, onu da bu aqibət gözləyərdi. Allah insanları hidayət etmək üçün onun üzərinə qeyb pərdəsi örtmüşdür.
İmam Əli (ə) yüzillər əvvəl İmam Zaman ağanın (ə.f) qeybinin səbəblərini insanlara tanıtmağa çalışırdı.

İmamın (ə.f) qeybinin 8 səbəbi

Həzrət Məhdinin (ə.f) qeybinin bir çox səbəbləri vardır ki, hər biri ayrı-ayrılıqda tədqiq edilməlidir. Bu səbəblərdən bəzisinə işarə edək. (Tebyan)
1. Beyətin heç kəsin boynunda olmaması. İmam Əli (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcək, heç kəsin boynunda onun beyəti olmayacaqdır. Ona görə də təvəllüdü gizli olacaq və özü gözlərdən gizli olacaqdır”.
Məsumların (ə) nəzərinə görə beyət elə bir əhddir ki, ona görə düşmənlə vuruşmaq olmaz. İmam Hüseyn (ə) buyurur: “Məgər bilmirsiniz ki, Cənab Xızr (ə) gəmini deşən, cavanı öldürən və divarı tikən zaman Həzrət Musa ibni İmranın (ə) qəzəbinə səbəb olur? Çünki onların hikməti ona gizli idi. Lakin Həzrət Xızrın (ə) üslubu Allah dərgahında hikmətə uyğun idi. Hər birimizin də İlahi hikmətə uyğun olaraq, zamanın tağutunun boynunda beyət vardır, Qaimdən (ə.f) başqa”.

2. İmamın (ə.f) canını qorumaq. İmam Baqir (ə) buyurur: “Əgər Fatimə (s.ə) övladının yerini bilsələr, onu tikə-tikə etmək üçün həris olarlar”. Həzrət Məhdi (ə.f) – Allahın sonuncu hüccətidir. Əgər o, insanlar arasında tanınsaydı, düşmənlər onun olmasına dözə bilməzdilər. Onu mütləq şəhid edərdilər. O zamanda onun canişini yox idi və dünyanın işləri vədə verilmiş sonuna çatmamışdı.

3. Keçmiş peyğəmbərlərin (ə) sünnətini icra etmək. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, bizim Qaimin (ə.f) qeybi vardır ki, müddəti uzun çəkəcək. Ona görə ki, Allah Təala istəyir ki, keçmiş peyğəmbərlərin (ə) qeyb zəminəsində olan sünnətləri Qaimə (ə.f) də şamil olsun”. Bu sünnətlər İdris (ə), Musa (ə), Saleh (ə), İbrahim (ə)... peyğəmbərlər tərəfindən ona çatmışdır.

4. İnsanları imtahan etmək. Qeybin səbəblərindən biri – insanları imtahan etməkdir. Allah Təala bu vasitə ilə həqiqi möminləri zahirdə möminlik iddiasında olanlarla ayırd edər. İmam Kazım (ə) buyurur: “Yeddinci İmamın beşinci övladı qaib olan zaman Allah, Allah dininizdə... Bu elə bir bəladır ki, Allah Təala xəlqini onun vasitəsilə imtahana çəkər”.

5. İnsanların zülm etməsi. Əmirəl-möminin (ə) buyurduğuna görə, İmamın (ə.f) qeybinin səbəblərindən biri insanların zülm etməsidir.“Bilin ki, yer Allah Təalanın hüccətindən boş qalmaz, lakin bəzən Allah xəlqin israf və özlərinə rəva bildikləri zülmə görə hüccətini onlardan gizlədər”.

6. Dostların olmaması. İmam Cavadın (ə) buyurduğuna görə, nə zaman Həzrət Məhdinin (ə.f) dostları Bədr döyüşünün dostlarının sayına çatar, o Həzrət (ə.f) qeyb pərdəsindən xaric olar. “Dostları Bədr əhlinin sayı qədər ətrafında toplanar. O zaman ki, ixlas əhlindən olan bu say toplanar, Allah onun əmrini aşkar edər”.

7. Bəşər cəmiyyətinin hazır olmaması. Həzrət Məhdi (ə.f) buyurmuşdur: “Əgər bizim davamçılarımız - Allah itaət tofiqi versin – boyunlarında olan əhdi yerinə yetirmək yolunda birlikdə olsaydılar, bizim onlarla görüşümüz təxirə düşməzdi. Bizim görüş səadətimiz daha tez onlara nəsib olardı”.

8. İlahi sirr. Qeybin sonuncu səbəbi İmam Sadiqin (ə) buyurduğuna görə, İlahi sirr və hikmətə görədir. Zühurdan sonra aşkar olacaqdır. “Bu əmr sahibi üçün elə bir qeyb vardır ki, onun çarəsi yoxdur. Bu, ona görədir ki, bizə onun səbəbini ifşa etmək icazə verilməmişdir. Əgər Allahı Müdrik bilsək, Onun bütün işlərini hikmətinə uyğun bilərik. Baxmayaraq ki, bəzisi bizim üçün aydın olmasa belə”.

Qeyb zamanının həqiqi müntəzirləri bütün zamanların insanlarından daha üstündürlər

İnsanın imtahana çəkilməsi - Uca Allahın mühüm sünnətlərindəndir. Bəşər tarixində müxtəlif formalarda həyata keçmişdir. Bu yolla insanların dini əhkama nə qədər sadiq olduqları müəyyən olmuşdur. İmam Zaman ağanın (ə.f) qeybi də bir imtahandır. Bu İlahi imtahan müxtəlif şəkildə həyata keçir. Bu imtahanda dini qorumaq və onun dəyərini bilmək çox mühümdür.
İmam Kazım (ə) buyurur: “O zaman ki, mənim övladlarımın beşincisi qayib olar, dininizlə bağlı çox ehtiyatlı olun. Məbada kimsə sizi dininizdən ayırar”.

İmam Sadiq (ə) buyurur: “Sahibi Əmrin (ə) qarşıda qeybi vardır ki, həmin zamanda dini qorumaq - … ağacının tikanlı budaqlarını əlinlə təmizləməyə bənzər. Kim bu işi əli ilə görə bilər? Ona görə də İlahi hüccətin qeyb zamanında Allah bəndələri gərək təqvaya riayət etsinlər və Allahın dinini buraxmasınlar”.



İmam Əli (ə) buyurur: “İmam Əsrin (ə.f) qeybində insanlar ağır heyrətə düşəcəklər, bir dəstə yolunu azacaq və bir dəstə isə çətinliklərə baxmayaraq, hidayətlərində qalacaqlar”.

Bəli, bu hədislərdən belə nəticəyə gəlmək olur ki, qeyb zamanında din və dini dəyərlər insani və əxlaqi mövzularından olacaqdır. Bütün bu çətinliklərə baxmayaraq, bir dəstə öz dinindən əl çəkməyəcəkdir.

Bəli, qeyb zamanında insanın dininə sadiq qalması çətin məsələdir və bu haqda Peyğəmbərimiz (s) belə buyurur: “İnsanlar üçün elə bir zaman gəlib çatacaqdır ki, qəm və qüssələri - ancaq qarınları və dəyərləri - həyat təmtəraqları olacaqdır. Dinləri - sərvət və malları olacaqdır. Bilin ki, onlar ən pis xəlqdirlər və Allah yanında onlar üçün məqam mövcud deyildir”.

Həzrət Peyğəmbər (s) qeyb dövrünün möminləri haqqında buyurur: “Onlardan hər biri etiqadlarını və dinlərini çətinliklə qoruyarlar. Sanki … ağacının tikanlarını əlləri ilə soyarlar. Ya da davamlı atəşi əllərində saxlayarlar”.

İmam Sadiq (ə) bu dövr haqqında buyurur: “Bu cür şəraitdə batil əhli haqq əhlinə hakim olacaqdır. Münkər və pisliklər cəmiyyətdə aşkar müşahidə olacaqdır. Heç kəs onu qadağan etmək cürətinə malik olmayacaqdır. Əgər kimsə münkərə etiraz etsə, hamı onun tərəfdarlığına qalxar. Fasiq insanlar nalayiq işlərində günü-gündən daha həyasız olarlar. Haqqın davamçıları isə xar və kiçik hesab edilərlər”.

Imam Səccad (ə) buyurur: “Məhdinin (ə.f) qeyb zamanında o insanlar ki, Həzrətin (ə.f) imamətinə sadiqdirlər, davamlı olaraq zühurun intizarında olarlar, bütün zamanların insanlarından daha üstündürlər. Çünki Allah onların dərk qüvvəsini o qədər güclü edər ki, qeyb onlar üçün zühur zamanı kimi olar. Onlar ixlas edərlər”.