Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Şeir

Namaz olmasa

Orucsuz, namazsız olan bir insan,
Özünü o necə sayır müsəlman?
Dünya-Axirəti edirsən viran,
Peşiman olarsan, namaz olmasa.

Namaz ərşə qalxan haqqın səsidir,
Namaz mələklərin zümzüməsidir.
Namaz müsəlmanlıq vəsiqəsidir,
Müsəlman olarsan namaz olmasa?

Namaz qılmayanlar danır Allahı,
Allahın əmrindən çıxıbdır axı.
Dadaraq əzabı çəkəcək ahı,
Nə cavab verəcək, namaz olmasa?

Namazı olmayan deyildir bəndə,
Salıb məlun şeytan onu, kəməndə.
Nə cavab verərsən, əcəl gələndə?
Dilin lal olacaq, namaz olmasa.

Namaz sərhəddidir imanla küfrün,
Başa düşəcəksən bu sözü, bir gün.
Nəfəsin kəsilib qurtarar ömrün,
Əzabın başlayar, namaz olmasa.

Hər kimin imanı olsa Allaha,
Qılar namazını tərk etməz daha.
Tərk edib düşərsən böyük günaha,
Əməlin puç olar, namaz olmasa.

Namaz sütunudur dinin, imanın,
Peyğəmbər buyurub gəlin, inanın!
Çatdırdım sözünü sizə, Quranın,
Cənnətə getməzsən, namaz olmasa.

Ürəyim təmizdir deyən bir insan,
Ürək təmiz olmaz, namaz olmasa.
Kim nəfəs almadan yaşaya bilər?
Döyünməz ürəyi bir az olmasa.

Səməndər, namazdır gücün-qüdrətin,
Təkəbbür əhlinə namaz çox çətin.
Namaz nicatıdır bəşəriyyətin.
Aləm məhv olacaq, namaz olmasa.

Pərvaz edir ürəklər - gülzari-Kərbəlayə

Pərvaz edir ürəklər - gülzari-Kərbəlayə,

Əhsən deyir mələklər - zəvvari Kərbəlayə.


Hər kəs edə ziyarət sultani-Kərbəlanı,

Guya edib ziyarət ərşində kibriyanı,

Səy elə vermə əldən - bu feyzi-cavidanı,

Tez gəl amandı, tez gəl didari-Kərbəlayə.


Hər feyzidən müqəddəm, hər fərzidən fərizə,

Yaz altıguşə qəbrə əşgilə ver ərizə,

Xaki-şəfanı İslam əşkinlə ver mərizə,

İxlasilə dəxil ol dərbari-Kərbəlayə.


Bu rahi-Kərbəladı, rəncü-bəlasız olmaz,

Eşqin yolu çətindi, qəmsiz nəvasız olmaz,

Tök göz yaşın camalə qədrü-bəhasız olmaz,

Göndər bu dürrü-əşki bazari-Kərbəlayə


Bir səs gəlir rəvaqdan vay oxlanan balam vay,

Dərya yanında ətşan gül tək solan balam vay,

Pərvanə tək əşrari şəmə yanan balam vay,

Seyd oldun ey qəzalım əşrari-Kərbəlayə.




Tufandı Neynəvada,cəm əyləşib cəm üstə,

Matəmdi mətəm üstə,hey qəm gəlir qəm üstə,

Səqqayi-Kərbəlanı tap nəhri-Əlqəm üstə,

Hər dərdin olsa söylə sərdari-Kərbəlayə.


Çıx təlli Zeynəb üstə bax qəmli xeyməgaha,

Zeynəb o təllin üstə çox qaçdı qətligaha,

Əl xəncərə atanda təsir edib sipaha,

Ağlaşdı qovmi-kafir qəmxari-Kərbəlayə.

Bilməm nə məhşər oldu əl xəncərə atanda,

Əllər yaralananda, məcər qana batanda,

Gün batdı Şümri-zalım amalına çatanda,

Ləşkər xəbər apardı bimari-Kərbəlayə.


Bir ömür səslənibsən ya Kərbəla, Kərimi,

Bu Kərbəla, bu sənsən, eylə nəva, Kərimi,

Əqvam və aşnayə eylə dua, Kərimi,

Birdə çətin düşər yol bazari-Kərbəlayə.

Ey Zeynəb (s.ə.)

 Ey Zeynəb,
Payız yarpaqları tək
Üzüldü əzalar, düşdü başlar.
Amma sən dedin:
“Xəzanın da öz gözəlliyi var”.

  Ey Zeynəb,
Dedilər: “Qadın torpaqdır, sükut etsin gərək”.
Dedin: “Əbu Turab qızıyam.
Torpaq dillənəndə zəlzələ qopar,
Nəinki ağıllar, qəlblər oyanar”.

  Ey Zeynəb,
Dedilər: “Ağla, haray çək, yasa bat, qəm saxla!
Qamu əlvan rənglər sənə haramdır, bağla yanlız qara!”.
Əsrlər keçdi. Nalən nəğməyə döndü.
Aləmdə çox boya var, fəqət aşiqin qəlbində bir rəng var - o da qara.

Zeynəb xanım (s.ə)

Ey Əlinin zinəti, gənci-vüqar Zeynəb xanım,
Həzrəti Zəhra-gülü, qəlbi-qubar Zeynəb xanım.

Kərbəladə mən gözəllikdən səva şey görmədim!
Kəlməsi ta həşrəcən dildə şüar Zeynəb xanım.

Sən Hüseynin, sən Əbəlfəzlin tükənməz səbrisən,
Şiələrçün iftixarsan, iftixar, Zeynəb xanım.

Həqqi ifşa etməyi Mövla Əlidən dərs alıb,
Ol Əli tək həqqi etdin aşikar, Zeynəb xanım.

Kim əl açsa, məhzərindən naümid dönməz geri,
Çün şəfaət ixtiyarı sizdə var, Zeynəb xanım.

Tərk edənlər Əhli-beyti həşrdə tapmaz nicat,
Etməsin Allah bizi sizdən kənar, Zeynəb xanım.

İstədik illərlə, bitsin intizarı Hüccətin,
Çarə yox, sən istə bitsin intizar, Zeynəb xanım.

Qundaqı ərşə gedən

 

Qundaqı ərşə gedən


Qundaq ilə ərşə zinətdir Hüseyn, həşridə babi-şəfaətdir Hüseyn!
Sərvəri-azad mərdani-cahan milləti dünyaya izzətdir Hüseyn!
Qəlbidə gizli məhəbbətdir Hüseyn, xəlqə misbahi-hidayətdir Hüseyn!
Mayəyi-ənduh və möhnətdir Hüseyn, sayeye-lütf və inayətdir Hüseyn!
Payəyi-ədl və şəfaətdir Hüseyn, hər əməldə şərti-sihhətdir Hüseyn!
Rəmzi-rəhmət, ruhi taətdir Hüseyn, bəhri-cud, əbri səxavətdir Hüseyn
Şahi-iqlim səadətdir Hüseyn, mahi-əflak fütüvvətdir Hüseyn!
Meyvəyi-nəxli nübüvvətdir Hüseyn, şirəyi-bustani-ismətdir Hüseyn!
Buyi-ətri-bağı-cənnətdir Hüseyn, cuyi- nəhri-şəhri qüdrətdir Hüseyn!
Mərdi-meydani-şücaətdir Hüseyn, fərdi divani fəsahətdir Hüseyn!
Şeri-pur şuri-lətafətdir Hüseyn, nəsri mənsuri-bəlağətdir Hüseyn!
Tərhi-bəzmi-arayi-möhnətdir Hüseyn, şərhi-ənduh və müsibətdir Hüseyn!
Mehri-rəxşani-vilayətdir Hüseyn, çehryi-zibayi-imamətdir Hüseyn!
Şafei-ruzi-qiyamətdir Hüseyn, dafii-üsyani-ümmətdir Hüseyn!
Ruzi-məhşər Allah əmri ilə yəqin, mayei-əfvo-şəfaətdir Hüseyn!