Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Şəfa bulağı

Ədəbi yazılar

Şəfa bulağı

Babakərin dağlara birləşən ucunda, bir-birinə dirsəklənmiş sifri qayaların arasında, üzü günəşə baxan bir mağara var. Yaşlı kişilər söhbət düşəndə deyir ki, bu mağaranın tək bir sakini varmış. Yatıb-durduğu, yayın istisindən qışın soyuq şaxtasından daldalanmaq üçün bu mağaraya «sahib» çıxan bu adamı el arasında Muraz deyə çağırarlarmış.

Nəql edirlər ki, Muraz elindən-obasından kənarda, insanlardan uzaq olan bu mağaraya ömrünün on beşinci baharında, yaşının, həyatının ən gözəl zamanında gəlmişdir. Gəlmişdi və yaşamaq üçün ona lazım olan ruzisini, Tanrının onun üçün vermiş olduğu qisməti bu dağlarda əldə edir, dolanırdı... Gözdən-könüldən uzaqda özünə məskən salmış Muraz, gün çıxmamış oxunu-kamanını götürüb dağlara qalxar, qismətinə çıxan ovunu edib heybəsinə qoyar, şər düşən vədə geri, mağarasına qayıdırdı. Muraz Allah verən qismətdən dadıb, ibadətə durar, gecə keçənə qədər Allah dərgahında ibadətilə Tanrısı qarşısında duasını edərdi.

Muraz uşaq yaşlarında atasını itirmiş, analıq umuduna qalmışdı. Bəxtinin kəmliyi özünü orada göstərmişdi ki, Murazın analığı dünyanın bu səmtində qadınların ən əzazili, analıq adını daşıyan arvadların ən insafsızı idi. Elə ona görə də gəldiyi ilk gündən ərinin üstünə düşmüşdü ki, bu uşağı evdən uzaqlaşdır. Xəstə idi Muraz. Üzünə, arıq, cəlimsiz görkəminə baxanda hiss edirdin ki, ana qayğısından, ana nəfəsindən kənarda böyüyüb. Əzazil və zalım insanlar həyatda həmişə, hər vaxt gördükləri pis işlərdən zövq alıblar. Pis əməllərində ləzzət alan belə adamlar Tanrının onlara vermiş olduğu ömürdən yaxşı işlər üçün deyil, bəd əməllərdə bulunmaq üçün istifadə edirlər.

Murazın anası Gülsənəm qarı da belə adam idi. Əri Sığırçı Qərib dəfələrlə ona bu barədə söz açıb, söhbət etsə də başa düşməmiş, uşağın evdən uzaqlaşmasınaçalışmışdı. Bunların hamısını Muraz eşidir, amma getməyə yeri olmadığı üçün susurdu.

On beş yaşı tamam olanda yuxusunda bir ağsaqqal kişi gəldi. Murazın əlindən tutub göy atının tərkinə alaraq Babakər dağlarına tərəf üzü yuxarı çıxmağa başladı. At quş kimi qanad çalırdı elə bil. Muraz atın üstündə oturmuş ağsaqqal qocanın çuxasından möhkəm-möhkəm yapışaraq gözlərini də yummuşdu... At dayandı. Muraz gözlərini açanda özlərini qayaların köksündə oyulmuş bir mağaranın önündə gördü. Günəş uzaqdan boylanan Ləlvər dağının arxasına çəkilməkdə olsa da bu kiçik mağaranın içini öz şüaları ilə işığa qərq etmişdi. Murazı gətirən ağsaqqal kişi onun qolundan tutub atdan endirdi. Sonra üzünü ona tutub:

- Arxamca gəl!- dedi və qayaların arası ilə bir az aşağı dərəyə tərəf endi. Üzü günəşə sal bir qayanın çat vermiş sinəsindən dumduru axan suyu ona nişan verdi.

- Bax, oğum, sən xəstəliyinin şəfasını bu suda tapacaqsan!.. Bu eldə bu bulağa «Şəfa bulağı» deyirlər. Bu gördüyün bulağın suyundan Həzrət Əlinin (ə) atı su içib... və həmin gündən dünyanın bu yönündə xəstəlik tapan hər kəs öz dərdinin dərmanını bu suda tapıb. Hər tərəfə diqqətlə bax. Sağalmaq istəyirsən, mən deyənləri unutma. Evdən ayrılanda başqa yerə getmə, bura gəl. Burda sənə zaval olmaz. Namaza duranda dəstəmazını bu bulağın suyu ilə alarsan. İnşallah hər şey yaxşı olar.

Muraz yuxudan analığının səsinə ayıldı. Gördüklərinin yuxu olduğunu biləndə heyifsilənə-heyifsilənə durub həyətə çıxdı. Yuxunun təsirindən ya nədənsə analığının deyintisi onu əvvəlki qədər üzmədi. Yaralarının ağrısı da deyəsən azalmış, özündə bir az da güc-qüvvət hiss eləmişdi. Canını dişinə tutub üz tutdu Babakərə tərəf. Ac qalmasına baxmayaraq gün günortadan ötsə də aclıq hiss etmirdi. Dağların təmiz havası şirin bal kimi ona güc-qüvvət verirdi. Muraz bir-birinə söykənmiş qayalığa çatanda gün batmaq üzrə idi. Ümid və həvəslə sal qayalıqlar arasında bu gecə yuxusunda görmüş olduğu bulağı axtarırdı. Muraz həmin andan bu günə qədər keçə on il ərzində öz şəfasını və qismətini bu dağlarda tapmışdı... Gündüzlər oxunu-kamanını çiyninə aşırıb qismətinə çıxacaq ovunun arxasınca dağlara üz tutur, gecələr kiçicik mağarada əllərini Allah dərgahına qaldırıb, duasını edir, namazına durardı...

Muraz iki gün dalbadal yuxusunda gördü ki, analığı ölüm yatağında uzanıb, hey Muraz!.. Muraz!- deyə haray təpir. Hiss elədi ki, evlərində nəsə var... Aydınlıq bir gecədə dalda yollarla üz tutdu obalarına tərəf.

Analığı ölüm ayağında olduğu üçün qohum-əqraba başına yığışsa da Gülsənəm qarı iki sözünün bir başında – Muraz!-deyib haray təpirdi. Muraz qapını açıb heç kimin gözləmədiyi halda içəri daxil oldu. Saç-saqqal onu basdığı üçün heç kəs Murazı tanımamışdı. Onlar Murazı tanıyanda isə o, artıq evi tərk etmişdi. Analığı Gülsənəm qarının şəfası üçün «Şəfa bulağı»na tələsirdi.

Muraz Babakər dağlarına qalxdıqca onu atın tərkinə alaraq «Şəfa bulağı»na gətirən o ağsaqqal, müdrik kişinin sözlərini xatırlayırdı.

- İnsan yerin, göyün şan-şöhrəti, bəzəyi olmaqla bərabər həm də birinci varlıqdır, həyatın əşrəfidir, incisidir, gözüdür. Allah taala insanı təbiətin bir hissəsi olaraq yaratmaqla bərabər, düşünən, müdrik varlıq olmaqla cahanın tacidarı, yaradıcı varlığı kimi Tanrının yer üzündə xəlifəsi, bəndəsidir. Sən insan kimi yaşa, doğru yol tut və xeyriyəçi ol. Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. Hərə öz günahına cavabdehdir!- deyirdi.

Oğlum, hər insanın cəzası onun etdiyi yaxşılıqlar və pisliklər qədər olar... Kim yaxşı əməllərlə məşğuldursa, onun müqabilində daha çox yaxşılıq görər. Kim pis əməllərlə məşğuldursa onun müqabilində daha çox pisliyə düçar olar- Sən yaxşılıq et, oğlum. Bütün bu yaxşılıqlar üçün Tanrı sənə «Şəfa bulağı»

Onun gözəl şəfasını qismət edər – İnşallah!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə