Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Ölümdən sonra...

Maraqli

Ölümdən sonra...

Ölümü son sayanların daş qəlblərinə heç bir moizə təsir etmir

Jan Jak Russo: “Əgər mən fani olduğumu bilirəmsə, nə üçün özümə bu həyatda bağlılıqlar yaratmalıyam?!

Vilyam Ceyms : İnsan belə bir inanca ehtiyaclıdır ki, bu dünyanın fövqündə mənəviyyat dolu başqa bir həyat var. Belə bir etiqad insanı hadisələr qarşısında güclü edir, onu möhkəmləndirir.

Qurani-Kərim ölümdən sonrakı həyata etiqadın tərbiyyəvi təsirləri haqqında nə buyurur?
Bütün dini etiqadların insanın rəftarlarına təsiri var. Təbii ki, bu təsirlər eyni səviyyədə deyil. Axirətə, ölümdən sonrakı həyata, məada etiqad insanın rəftarlarına, tərbiyyəsinə güclü təsirə malik olan amillərdəndir. Axirət etiqadının ruhun tərbiyyəsinə müstəsna təsiri var. Fərdi və ictimai həyatda bu etiqadın təsirləri özünü göstərir. Qurani-Kərimdə belə bir inancın təsirləri nəzərdən keçirilir.
Axirət inancı insanın həyata baxışını dəyəşir, onun həyatın ötəri səhnələrinə göz yummağa sövq edir. Axirətə inanan insan üçün həyat bir körpüdür. Bu körpü onu ali məqsədlərə doğru aparır. Dünya həyatına vasitə kimi baxan inanclı insan onda ayaq saxlamır, ondakı səhnələrə məftun olub qalmır. Tövhid dünya görüşünə əsasən, insan dünya üçün yox, dünya insan üçün yaradılıb. İnsan dünya görüntülərinə aldanmaqdan çox üstün və dəyərlidir. Ölümdən sonrakı həyata inam insanın həyata baxışını dəyişir. İnsan daha çox əbədi həyata nəzər salır. Onun dünyadakı təlaşları axirət səadətinə nail olmaq üçündür. Bəli, həqiqi möminlər gözəl anlayırlar ki, insan həyatının qısa bir fəsli dünya həyatına aiddir. Həyatın mühün bir hissəsi axirət həyatına aiddir.
Jan Jak Russo deyir: “Əgər mən fani olduğumu bilirəmsə, nə üçün özümə bu həyatda bağlılıqlar yaratmalıyam?! Dünyada hər şey dəyişir, hər şey ötüb keçir, məndə qısa bir zamandan sonra fani olacağam. Dünyaya bağlılıq ehtiyaclarıma cavab vermir. Əgər xoşbəxt olmaq, düşüncəli yaşamaq istəyirəmsə dünyanın ötəri gözəlliklərinə bağlanmamalıyam. Dünya ilə bağlı istəklərim məhdud olmalıdır. Dünyada yalnız əxlaq qanunlarının tələb etdiyi dəyərlərin sorağına getmək lazımdır. Çalış ki, bir şeyi itirməyə hazır olasan. Vicdanın qərarı olmadan heç nəyi qəbul etmə. Bu zaman hökmən xoşbəxt olacaqsan. Yer üzündə olanlara əsir olma.”
Qurani-Kərim müxtəlif əhvalatları nəql etməklə böyük məqsədə doğru hərəkət edən böyük insanları nümunə göstərir. Bu insanlar heç zaman dünya gözəllikləri qarşısında diz çökmür. Onlar dünyanın zahiri gözəlliklərinə aldanmır. Fironun sehrbazlarını yada salaq. Bu sehrbazlar Fironun mükafatları, ona yaxınlıq üçün hər şeyə hazır idilər. Amma qəfildən sorağlarına gəlmiş iman onları elə dəyişdi ki, bütün dünya gözlərindən düşdü, hətta Fironun hədə-qorxularına baxmayaraq dedilər: “Bizə heç bir zərər dəyməyəcək, nə istəyirsənsə et. Biz Rəbbimizə doğru qayıdacağıq.” (Bax: Şuəra, 50) Bəli, Allaha iman gətirmiş sehrbazlar dərk etdilər ki, Firon onların səadətini əllərindən almaq gücündə deyil. Onlar yalnız rəbbinin razılığını qazanmaq barədə düşünürdülər. Qurani-Kərim bəyan edir ki, sehrbazlar iman gətirdikdən sonra onların dünyaya baxışları dəyişdi. Dedilər ki, biz özümüzü tanımadığımız üçün sənin (Fironun) hədə-qorxularından çəkinirdik. Onlar Allahı tanıdıqdan sonra həyata baxışları dəyişidi. (Təfsiri-nümunə, c.15, səh 231)
Bəli, Allaha etiqad, əbədi həyata inam, Allahla görüşə iman insanı elə dəyişir ki, artıq ölüm onu qorxutmur bu insan ölümə məqsədə aparan bir vasitə kimi baxır. Axirətə inanmayan və ya axirət inancı zəif olan insan ölümdən qorxur, ölümə bir kabus kimi baxır. Ölüm düşüncəsi onun rahatlığını əlindən alır. Etiqadsız insan üçün ölüm yoxluqdur. Bu düşüncələr ona əzab verir.
Fironun zövcəsi dəbdəbəli bir şəraitdə yaşayırdı. Amma Firon səltənətinin bərbəzəyi onu aldatmadı. Qəlbi iman nuru ilə işıqlanan bu xanım Firon qəsrinin uca divarları üstən Allaha doğru baxa bildi. O duasında deyirdi: “Ey mənim Rəbbim behiştdə öz civarında mənim üçün bir ev qərar ver. Məni Firon və onun əməllərindən xilas et.” (Bax: Təhrim, 11) Fironun zövcəsi saray həyatı yaşadığı bir zamanda Allahın mərhəməti civarında yer istədi. O öz Rəbbinə yaxın olmaq arzusunda idi. Allaha yaxınlığı Firona yaxınlıqdan üstün tuturdu. Hansı ki, dünyanın bütün ləzzətləri onun ixtiyarında idi. Bir insanın arzu edə biləcəyi nə vardısa Fironun zövcəsinin qarşısında idi. Amma o dünya ləzzətlərinə göz yumdu. Bütün dünya ləzzətləri əli altında olduğu bir zamanda onlara arxa çevirib, Allaha üz tutdu. Belə bir arzu ilə də dünyasını dəyişdi. (Əl-Mizan, c.19, səh.695)
İnsan dünya həyatında olduğu zaman onun qəlbi arzularla dolu olur. Axirət inancı, ölümdən sonrakı həyata etiqad onun arzularını məhdudlaşdırır. Artıq dünya həyatı ilə bağlı arzular onun düşüncəsini Allahdan ayıra bilmir. O dünya həyatında yaşasa da, dünya nemətlərindən istifadə etsədə, bütün bunların əsiri deyil. Onun yeganə arzusu Allahın razılığını qazanmaqdır. Dünya həyatında həm arzular, həm də ümidsizliklər insanın sorağına gəlir. Onların hər ikisi öldürücüdür. Dünya ilə bağlı arzu və ümidsizliklər insan səadətinə qarşıdır. İnsan bu təhlükələrdən yalnız ölümü yada salmaqla xilas ola bilər. Ölüm barədə düşünmək insanı arzular və ümidsizliklərdən yaranan həyəcanlardan xilas edir. Ölüm düşüncəsi dünya təhlükələrini kiçik göstərir, insanın müqavimət qüvvəsini gücləndirir. İnsan üçün problemlərdən ötüb keçmək asan olur.
Əmirəlmömininin Əli (ə) ölümü yada salmağı insan üçün islah edici, tərbiyyəvi bir hal kimi qeyd edərək buyurur: “Çirkin işlərə qərar verən zaman ləzzətləri məhv edən, şəhvətləri aradan qaldıran, arzuları dayandıran ölümü yada salın.” (Nəhcül-Bəlağə, xütbə 99)
Quran hekayətləri də axirət inanclarının böyük təsirini təsdiqləyir. Ali-Firon mömini kimi yada salınan şəxs öz qövmünü qəflətdən oyatmaq üçün onlara dünyanın ötəriliyini, axirət həyatının əbədiliyini xatırladaraq deyir: “Ey qövmüm! Dünya həyatı ötüb-keçəndir, axirət həyatı həmişəlikdir.” (Mumin, 39) Tutaq ki, min bir hiylə ilə istəklərimizə çatıb, həqiqətə arxa çevirdik. Bu yolda əllərimiz qana batdı, məgər ömür bu dünya ilə başa çatır?! Qısa ömür sürət ilə ötüb-keçir, ölüm hamının sorağına gəlir. Sultanlar öz taxtından endirilərək torpağa gömülür. İnsan üçün əbədi məskən dünya deyil. (Təfsiri-Nümunə, c. 20, səh.106) İnsan şahiddir ki, bir qara külək onun həyatını alt-üst edir, var-dövləti bir dəqiqədə məhv olur, tufan və zəlzələ kimi təbii fəlakətlər onun qurduqlarını uçurur. Elə xəstəliyə tutulur ki, boğazından bir damla su keçmir. Bütün bunları gördüyü zaman insan hansı ağıl və məntiqlə dünya həyatına əsir olur, əbədi xoşbəxtliyi əlindən çıxarır?!
Qurani-Kərim Qarunun sərvətinə, cah-cəlalına aldanmış insanlarla yanaşı bütün bunlara arxa çevirmiş imanlı insanları yada salır. Dünya malına aldananlara deyilir ki, vay olsun sizə, iman gətirib saleh işlər görənlər üçün Allahın mükafatı daha üstündür. (Bax: Qəsəs, 80)
Məada etiqad insanın baxış üfüqünü o qədər genişləndirir ki, Qarunun böyük sərvəti onun gözünə görünmür, Allahın mükafatını dünyanın ötəri nemətlərindən üstün tutur.
Həzrəti Şüeyb bütə pərəstiş edən, dünya malına əsir olan qövmündən əziyyət çəkirdi. Onlar dünya arzularına çatmaq üçün bir-birlərini aldadır, saxtakarlıq edir, əskik satır, hər çirkin əmələ əl atırdılar. Həzrət Şüeyb onları Allahın əzabı ilə qorxudurdu. O qövmünə üz tutaraq deyir: “Ey mənim qövmüm! Tərəzidə yüngül çəkməyin... sizə gələcək böyük əzabdan qorxuram...” (Hud, 84)
Axirət inancı insanın ruhunda elə bir təlatüm yaradır ki, o öz məsuliyyətlərini yerinə yetirməkdən, Allahı razı salmaqdan ləzzət alır. O əmindir ki, ən kiçik xeyr əməl mükafatsız, ən kiçik şər əməl cəzasız qalmır. O şübhə etmir ki, ölümdən sonra əbədi həyat onun sorağındadır.
Vilyam Ceyms deyir: “İnsan belə bir inanca ehtiyaclıdır ki, bu dünyanın fövqündə mənəviyyat dolu başqa bir həyat var. Belə bir etiqad insanı hadisələr qarşısında güclü edir, onu möhkəmləndirir.” İnsanı həyatın problemləri qarşısında müqavimətli edən ikinci belə amil yoxdur. Axirətə etiqadlı insanın qəlbini dünyanın heç bir hadisəsi titrədə bilmir.
Qurani-Kərim etiqadlı insanların şücaətini yada salır. Talut Allah ordusunun sərkərdəsidir. O zülm ordusunun sərkərdəsi, padşah Calutla döyüş meydanına gedir. Çətin bir imtahan səbəbindən onun qoşunundakıların çoxu geri dönür, az bir hissəsi meydanda qalır. Bu azlıq da iki qismə bölünür. Bəziləri qorxur və deyir ki, bu gün mübarizə gücümüz yoxdur. Amma ikinci qrup axirətə dərin imana malik olduğundan mübarizə meydanında möhkəm dayanır. Onlar üçün say mühüm deyil. Onlar öz iman güclərinə inanırlar. Çox olub ki, azsaylı imanlı bir qrup çox saylı düşmənə qalib gəlib. Bəli, ölümə əbədi həyata aparan bir körpü kimi baxanlar üçün ölüm ruhun qəfəsdən uçuşudur. Onlar bu yolda şəhadətdən çəkinmir, əksinə bunu bir səadət sayır. Fironun sehrbazları Allaha iman gətirdikdən sonra Fironun hədə-qorxuları təsirsiz oldu. Onlar Firona üz tutaraq dedilər ki, Allaha iman gətirdikdən sonra bu hədə-qorxular onları çəkindirmir. Bəli, axirətə iman qığılcımı insanın ruhuna düşdüyü zaman elə şölələnir ki, artıq heç bir hədə-qorxu onu yolundan döndərə bilmir. O yalnız Allahla görüş, Allahın razılığı barədə düşünür. Bu iman səbəb oldu ki, bir gün Fironun var dövlətinə əsir olan sehrbazlar başqa bir gün iman gətirib güclü insanlara çevrildilər.
Qiyaməti yada salması səbəb oldu ki, həzrət Nuh hakimlərin istəyinə baş əyməyib onların yoxsullara qarşı zülmlərinə etiraz etsin: “Mən iman gətirənlərə heç vaxt arxa çevirmərəm, çünki onlar öz Rəbbləri ilə görüşəcəklər.”
İnsan fitrətən xoşbəxtlik sorağındadır. O ağrılı bir gələcək barədə düşünəndə qəlbi titrəyir, iztirab keçirir. Xoşbəxtliyin iki səbəbi var: Təlaş və mühitin şərtlərinə əminlik. Əlil bir şagird təlaş göstərmək və məktəb mühitinə hazırlaşmaqla müvəffəqiyyət qazanır. Əgər bir şagird müəllimin onunla ədalətsiz davranıb, zəhmətlərinin düzgün qiymətləndirilməyəcəyinə inansa həvəsdən düşər, iztirab keçirər. İztirab şək-şübhə, tərəddüddən yaranır. İnsan özünə aid olan mövzulardan narahat deyil. İnsanı qorxuya salan ətraf mühit, dünyadır. Saleh əməlin, sədaqətin, doğruçuluğun insana faydası varmı? İnsanın öz insanlıq vəzifələrinə əməl etməsi məhrumiyyətlə başa çata bilərmi? Bütün bu mövzularda tərəddüd yarandıqda insan iztirab keçirir. Axirət inancı belə ümidsizliklərə son qoyur. Ölümdən sonrakı həyata iman gətirən insan əmin olur ki, onun heç bir xeyir addımı və pis işi cavabsız qalmayacaq. O doğru yolu getməklə öz xoşbəxtliyinə əmin olur. İlahi ədalət insana vəd edir ki, hər bir şəxs öz əməllərinin cavabını alacaq. Qurtuluş yolunu tutmuş möminlər üçün heç bir qorxu yoxdur, onları xoşbəxt və əbədi həyat gözləyir. Qurani-Kərimdə bu mövzuda əhvalatlar nəql olunub. Həkim Loğman öz oğluna nəsihətlərində deyir: “Oğlum, xeyr əməl xardal dənəsi ölçüsündə olsa belə istər qayalıqda, istər səmada, istər torpağın dərinliyində yer alsa Allah-Taala onu Qiyamət sorğusuna gətirər, hesab çəkər. Çünki Allah dəqiq və agahdır.” (Loğman, 16) Xeyr əməl nə qədər kiçik olsa da o məhv olmaz, gizli qalmaz. Allah-Taala varlıq aləmindəki ən kiçik məxluqlardan xəbərdardır. Qiyamət sorğusunda hər şey nəzərə alınır. Qurani-Kərim ölümdən sonrakı həyat, qiyamət səhnəsini son dəqiqliklə təsvir edir. Bu təsvirlər oyaq vicdanlara təsirsiz ötüşmür. Axirətə inanan insan ən kiçik əməllərinə belə diqqətlidir.
Ali-Firon mömini saleh əməl sahibi olan mömin kişi və qadınların behiştə daxil olacağını deyir. O öz qövmünü axirət inancına çağırır. O qövmünə anlatmaq istəyir ki, günaha yol verən insan yalnız günahı həddində cəzalanacaq, xeyr iş görən bu əməlin qat-qat savabına çatacaq. Allahın razılığını düşünüb, doğru yolda addım atanlar üçün mükafatın ölçüsü yoxdur. İnsan bu mükafatı təsəvvür edə bilməz. Bundan gözəl müamilə ola bilərmi?!
Məada etiqadın böyük bərəkətlərindən biri insanda məsuliyyət hissinin güclü olmasıdır. Axirətə inanan insan Allah, cəmiyyət və özü qarşısında məsuliyyət hiss edir. O əmindir ki, qarşısında yernə yetirməli vəzifələr dayanır. Ona görə də zamana qiymət verir, vaxtını boşa keçirmir. O bu dünyada bir müsafirdir, axirət həyatı üçün azuqə yığmalıdır. Mömin insan bütün addımlarında ölümdən sonrakı həyatı nəzərə alır. O bilir ki, yaxşı və pis əməlləri cavabsız qalmayacaq, onun aqibətinə təsirlidir.
Materialistlər, əbədi həyata etiqadı olmayanlar düşünür ki, axirət inancı insanın həyat həvəsini zəiflədir, onun təlaşlarını azaldır. Onlar bu mühakiməni yürüdərkən insanların öz əməllərinə görə cavab verməli olduğunu yaddan çıxarır. Axirətə inanan insan həm də əməllərinə görə cavab verəcəyinə inanırsa heç vaxt sakit dayanmır, axirət həyatı üçün azuqə toplamağa çalışır. Ölümün son olduğunu düşünən insan isə yalnız daha çox ləzzət almaq barədə fikirləşir və məsuliyyətlərini unudur.
Allah-Taala Həzrət Musanı risalət məqamına yüksəltdikdən sonra buyurur: “Qiyamət günü hökmən gələcək. Mən onu gizli saxlayıram ki, hər kəs öz təlaşı müqabilində cavab alsın.” (Taha, 15)
Qiyamət gününün gizli saxlanılması, məlum olmaması müsbət bir hadisədir. İnsan qiyamət gününü bilmədiyindən həmin günə daim hazır olmalıdır. Mömində axirət gününə ümid və iştiyaq yaradan səbəblərdən biri həmin günün nə zaman çatacağının bilinməməsidir. Həmin günün gözlənilməz bir anda gerçəkləşəcəyi insanı həmişə təqvalı olmağa həvəsləndirir.
Allah-Taala Bəni-İsrailə müraciətlə buyurur ki, hələlik burada məskunlaşın amma axirət vədinin çatacağı, sorğuya çəkiləcəyinizi bilin. Allah-Taala fironçuları məhv edib Bəni-İsrailə yol açdı. Onlar Fironçuların torpaqlarına, var-dövlətlərinə varis oldular. Amma onlara xəbərdarlıq edildi ki, qarşıda axirət sorğusu var.
Ali-Yasin mömini də öz qövmünə ölümdən sonrakı həyat, axirət sorğusu barədə xəbərdarlıq edirdi. O deyirdi ki, nə üçün məni yaradmış Rəbbimə pərəstiş etməyim?! O əmin idi ki, hamı Allaha doğru qayıdasıdır. (Yasin, 22) Bu ilahi insan Allaha həqiqi bəndə olmaq zərurətini iki səbəblə əlaqələndirirdi. Əvvəla, Allah insanı yaradıb və varlıq aləmində hər şey onun əlindədir, hamı Allaha doğru qayıdasıdır. Bu səbəblərdən insan həqiqi bəndə olmağa borcludur. Axirətə etiqad saleh əməl üçün bir dəlildir. Sorğu gününə inanan insan öz əməllərinə biganə qala bilərmi?! Tarixə nəzər salsaq ibrətamiz hadisələr yetərincədir. Bu hadisələri nəzərdən keçirdikdə ötəri dünya həyatına bağlanmağın acılarına şübhə qalmır. Tarixdə baş vermiş bütün hadisələr onun ötəriliyini göstərir. Bir şərtlə ki, insan sadəcə tamaşaçı olmasın, bu hadisələrdən ibrət götürsün. Həzrət Əli (ə) tarixdən ibrət götürülməsi ilə bağlı buyurur: “Əgər dünyada əbədi qalmaq yolu olsaydı və ya ölümdən qaçmaq mümkün olsaydı, hökmən Süleyman ibni Davud bu işi görərdi. Cinlər və insanlar üzərində hakimiyyətə malik olan Süleymanın ömrü başa çatan anlarda ölüm onun sorağına gəldi. Misilsiz səltənət sahibi dünya ilə vidalaşdı, evi sahibsiz qaldı, başqaları onun sərvətinə varis oldu.” Tarixdə insan üçün ibrətlər var. Hanı Fironlar və onların övladları?! Hanı Rəs şəhərinin sakinləri?! Onlar peyğəmbərləri qətlə yetirdilər, onların qanunlarını pozdular. Qurani-Kərim Nuh, Ad, Səmud, Şueyb, Lut qövmlərinin aqibətini, Fironçuların sonunu ibrət dərsi olaraq yada salır. Etiqadlı insanlar bu hadisələri eşidəndə təsirlənirlər. Qurani-Kərim buyurur ki, baş vermiş hadisələrdə axirət əzabından qorxanlar üçün nişanələr var, həmin gün hamı bir yerə toplanar. (Hud, 103)
Bəli, axirət həyatına inananlar, ölümdən sonrakı həyata əmin olanlar tarixdəki hadisələrdən ibrət götürür, günahdan çəkinir, aqibəti barədə düşünür. Ölümü son sayanlar isə dünya ləzzətləri sorağındadırlar, əbədi həyat barədə düşünmürlər. Onlar əhəmiyyətsiz hadisələrə əhəmiyyət verir, əhəmiyyətli hadisələrin yanından kor kimi ötüb-keçirlər. Onların daş qəlblərinə heç bir moizə təsir etmir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə