Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar TƏBLİĞ VƏ DƏVƏT METODLARI

Ədəbi yazılar

TƏBLİĞ VƏ DƏVƏT METODLARI

Keçən yazılarımızın birində İslamın təbliği və bu mənada Rəsulullah (s. a. s-in) ortaya qoyduğu bəzi təbliğ prinsipləri üzərində durmuşduq. Bu gün inşallah bu prinsiplərdən bir digəri haqqında danışmaq istəyirik. Belə ki, Rəsulullah (s.a.s-in) təbliğ və dəvətinin müvəffəqiyyət səbəblərindən biri və ən əhəmiyyətlisi onun özünün, şəxsən özünün dəvət etdiyi və təbliğ etdiyi dəyərlər sisteminə, dinə səmimiyyətlə, ixlasla bağlanması və bu dinin bütün prinsiplərini öz həyatında tətbiq etmiş olması ilə əlaqədardır.

Həqiqətən də o, İslamın insanlara yüklədiyi öhdəçiliklərin heç birisindən özünü xaric tutmamışdır. Allahın Rəsulu (s. a. s) fərzləri ilk əvvəl özü tətbiq etmiş, əmrlərə ilk əvvəl özü tabe olmuş, qadağalara ilk əvvəl özü riayət etmiş, ediləcək hər hansı bir fədakarlıq varsa ilk fədakarlığı o özü etmiş, bu şəkilıdə ümmətinə nümunə olmuş və ən yaxınlarına da bunları tətbiq etdirmişdir. Bu inandığı və iman gətirdiyi dəyərləri olduğu kimi yaşamaq və yaşayaraq, öz həyatında şəxsən tətbiq edərək insanların gözü önündə onlara nümunə və canlı örnək olmaq, bu şəkildə insanları inanc dəyərlərinə dəvət etmək mənasına gəlir. Qardaşlarım bu çox əhəmiyyətli məsələdir.

Bu metod, bu üsul bu gün sizi, məni dinləyən dəyərli qardaşlarımı bu nöqsanlıqlardan uzaq tutaraq öz nəfsimə xitabən deyirəm ki, təssüflər olsun ki, bizdə böyük əskiklikdir, böyük çatışmamazlıqdır. İslamı təbliğ həyatımızda rastlaşdığımız ən böyük problemlərdən birinin bu olduğu müşahidə edilir. İstəyirsənizsə nümunələrə baxaq. Məsələn, biz insanlara haqqıyla Allahdan qorxun deyib özümüz haqqıyla Allahdan qorxmadıqca dediklərimizin insanlara, cəmiyyətə heç bir mənası və təsiri olmayacaqdır.

Ey insanlar, yalan danışmayın, yalan və yalançılıq günahdır, Allah qadağan edir, Rəsulullah (s.a.s) “Mən Ğaşşə fəleysə Minnə” “Yalan danışan, bizə kələk gələn bizdən deyildir” deyir, dedikdən sonra yalan danışmaq, yalançılıq etmək, kələkbazlıqla məşqul olmaq, yəni dediyinə, verdiyi öyüd nəsihətə əməl etməmək təbliğ və dəvət baxımından heç bir təsir yaratmır və bunun heç bir faydası yoxdur. Unutmayın Rəsulullah (s. a. s) heç bir zaman şərtlər nə olursa olsun yalan danışmamışdır. Axı bizə nə olur bu qədər yalanın içində batıb gedirik.

Ey insanlar! Qeybət etməyin, qeybət haramdır. Quran “və ləə yəğtəb ba*duhum ba*da” deyir, deyib arxasınca qeybət etsəniz, bir qardaşınızın və ya bacınızın diri-diri ətini yemiş olursunuz, “ə Yuhibbu əhədukum ən Yə.kulə ləhmə əxihi meytən” (Hücurat, 12) buna görə də sizin tövsiyyənizin heç bir təsiri olmaz. İnsanlar qeybət etməyə davam edər. Bu gün bizdə olduğu kimi. Çünki ağzımızda çiy insan əti, həm də qardaşımızın əti vardır. İçində qanlı çiy adam əti olan ağıza baxanlar və bu ətin qanının axdığı dodaqları görənlər, iyrənib ondan üz döndərərlər (fəkərihtumuuh).

Ay camaat! Söz gəzdirməyin, insanlar arasında söz gəzdirmək ağır günahdır, Rəsulullah (s.a.s) “Ləə Yədxulul-Cənnətə Nəmməəmun” “Söz gəzdirən adam cənnətə girməz” demişdir, bunu xalqa öyüd nəsihət olaraq verib insanlar arasında söz gəzdirənlərin, onların arasını vuranların bu nəsihətlərinin heç bir təsiri və faydası olmaz. Unutmamaq lazımdır ki, bu gün ictimai, qardaşlıq, qonşuluq, qohumluq və dostluq əlaqələrinin pozulmasının ən başqa gələn səbəblərindən biri qiybət və insanlar arasında söz gəzdirməkdir.
(və Əqimis-Saləəh) Dinin dirəyi sayılan mamazı qılın deyib özləri namaz qılmayanlar, namazın haqqını verin deyib namazın haqqını verməyənlər, namaz qılıb hər cür pis iş görənlər namazı necə əmr edə bilərlər, namazı necə yaşada bilərlər. Camaata, övladlarınıza namaz öyrədin, onları namaza qaldırın deyib öz övladlarımıza namazı öyrətmədikcə, öyrətdiklərimizə də sübh, fəcr namazında qıymayıb, qoy balam yatsın, uşağa əziyyət verməyin deyiriksə insanı bütün pisliklərdən qoruyan namazı əmr etməyin və bunun cəmiyyətə təsirinin heç bir keyfiyyəti olmaz.

(Kutibə aleykumussiyəəm) Oruc tutun, böyük ibadətdir, böyük savabdır, xeyirlidir, oruclu ikən yalnış, xətalı günah işləri görməyin, səbirli olun və s. və ilaxır deyib, Ramazanda insanların gözündən uzaq yerdə yeyib içib Allahı aldadanların, və ya oruclu ikən harama baxıb haram işlər görənlərin orucun fəziləti, feyzi və bərəkəti, insana maddi-mənəvi qazancları haqqında danışığının heç bir faydası yoxdur. Allahı aldatmaqla qalmır, insanları, eləcə özünü də aldadır.

Baxın həcc mövsümü yaxınlaşır, Allah həccimizi məbrur və mübarək etsin. Getməyənlərə və ya gedə bilməyənlərə qismət etsin. Amma Həcc ziyarətinə gedib həccin fəzilətini və mahiyyətini dərk etməyib, müsəlman hacı adına yaraşmayan hərəkət və davranışlar edənlər, bu qədər hacı cadugar və hacı falçılar, hacı faiz-çilər, hacı haramzadələr, hacı namazsızlar həcc haqqında danışdıqları zaman onların insanları həcc kimi mükəmməl və kamil bir ibadətə dəvət etmələrinin heç bir təsiri olmaz, baxın bu gün bu cəmiyyətimizdə həcci və hacı adını necə də gözdən saldılar. Ən çox şikayətlər də bu mövzuda gəlir.

(və Əətuz-zəkəəh) Malınızın, var-dövlətinizin zəkatını verərək onları maddi və mənəvi kirdən təmizləyin deyib zəkatını-sədəqəsini ehtiyacı olan insanlardan gizlədənlər, və ya bunu verərkən insanlara minnət, başa çaxmaq formasında edənlər, və ya insanların haqqına hüqüquna girib yetim yesirin, dulun, xəstənin, kimsəsizin, tələbənin, qaçqının-köçkünün malını min cür fırıldaqnan yeyib, yediyi bu haram puldan hər kəs görsünki mən xeyriyyəçiyəm deyib guya zəkatını-sədəqəsini verənlər zəkatın, sədəqənin, xeyriyyəçiliyin mənəvi feyz və bərəkətini heç bir zaman təbliğ və təmsil edə bilməzlər. Təsiri olmaz və yoxdur.

Həmçinin sual olunur-Qurani-Kərim müqəddəs və mübarək kitabdır, burada buyrulanlara əməl edin deyib ona əməl etməyənlərin, onu dirilərə oxumaqdansa ölülərə oxuyub pul qarşılığında satanların, İslam ümməti orta, tək və vahid, ixlaslı, səmimi və mehriban bir ümmətdir deyib ümmət anlayışına tərs hərəkət edərək ümməti hər cür təfriqəyə soxan, müsəlmanların, ölkə vətəndaşlarının birlik və bərabərliyini pozan idealogiya, sivilizasiya, məzhəb, sekta, təriqət, camaat, cərəyan, qrup partizanlarının, İslam qardaşlıq dinidir qardaş olmaq lazımdır deyib din qardaşlarını satan, təhqir edən, təkfir edən, onların dini həyatı ilə lağ-lağa edən dırnaqarası möminlər, məsciddə camaatına imamlıq edib örnək olmaqdansa öz camaatını bu və ya digər möhürlənmiş şablon dini adlarla satan, satdıran, onların arasını vuran bəzi dırnağarası məscid imamları və axundları o kənd camaatına, o şəhər camaatına, o ölkə camaatına necə nümunə ola bilər, o cəmiyyəti necə kamilləşdirə, necə paklaşdıra, necə ideallaşdıra bilər? Cavab! Cavabı sizdə.

Həmçinin halal pul qazanın deyib özü hərcür haramla, hərcmərcliklə qazanc əldə edənlərin, faiz haramdır deyib faizlə məşğul olan sələmçi müsəlmanların, korrupsiya ilə maşğul olmayın, korrupsiya günahdır deyib korrupsiya ilə maşğul olan koorupsioner müsəlmanların, monopoliya İslama görə haramdır, iqtisadiyyatı çökərdir etməyin-eləməyin deyib hərcür monopolya ilə məşğul olan monopolist müsəlmanların, israf haramdır deyib israfla yaşayan müsriflərin, rüşvət haramdır, rüşvət cəmiyyəti çökərdir, haqqı-ədaləti yox edir, İslam qadağan edir rüşvəti, Əbu Hureyrə və Abdullah İbn Amr rivayət edir, Rəsulullah (s.a.s): “Rüşvəti alanı da, verəni də lənətlədi” deyib özü rüşvət alan rüşvətxor müsəlmanların dediklərinin təbliğ və dəvət baxımından cəmiyyətə heç bir təsiri olmaz. Müsəlman, mömin, dindar bir idarə, təşkilat, təhsil ocağı və ya firma müdürü və ya ailə başçısı özü rüşvət alsa və öz işçilərinə və ya ona tabe olan insanlara desəki, rüşvət almayın, onun sözlərinin heç bir təsiri və əhəmiyyəti olmaz, çünki ilk olaraq bu insan özü rüşvət almamalı və bu əməli ilə nümunə olmalıdır ki, onun dediyinin bir təsiri olsun.

İçki içən, zina edən və ya siqaret çəkən və ya bunları etməyə davam edən müsəlman ata və ya ana övladına desə ki, övladım içki haramdır, zina günahdır, siqaret zərərlidir, içmə, etmə, çəkmə, onun övladı içib, edib çəkməyə davam edəcəkdir, çünkü valideynlərinin buna, dediklərinə əməl etmədiyini görür, bundan təsirlənir, ata-ana əgər bunlar pis şeylərdirsə bəs siz niyə edirsiniz? deyə uşaq soruşmazmı ata-anasından? Yəni sözün qısası müsəlmanın inandığı, dediyi ilə əməli bir-birinə uyğun olmalıdır, insan dediklərini yaşayarsa onun dedikləri də yaşadıqları da təsirli olar. Bu şəkildə təbliğ və dəvət mexanizmi də öz təsir edici gücünü göstərər.

Və Rəsulullah (s.a.s) hər bir şeyi özündən başlayırdı. Nə qədər ki biz bu yola baş vurmayacağıq bu məsələdə muvəffəqiyyət əldə etməyimiz mümkün deyildir. Rəsulullah (s.a.s) hər bir şeyi özündən başlayardı. O ilk olaraq İslama xanımı Hz. Xədicə (r.aha-nı) dəvətdən başladı. Ailəsindən, qızlarından, yaxın dostlarından başladı. Öz ailəsinə İslamı təbliğ edə biləməyən bir dəvətçi, öz ailəsində, xanımında, övladlarında İslami qanunları, İslami tərbiyəni tətbiq edə bilmirsə cəmiyyətdə nə qədər çığır bağır salıb İslamı təbliğ edirəm deyərsə onun sözünün və təbliğinin heç bir mənası və faydası yoxdur, və olmamışdır. Get ailənə ibadəti, halalı-haramı, hicabı və həyanı əmr et, açılıb saçılıb ortalıqda gəzir, uşaqlarıvı düzgün tərbiyə et, camaat onların ədəbsizliklərindən qan ağlayır.

Bu belədir qardaşlar. Rəsulullahın təbliğ sistemi bunun üzərinə qurulub. Biz də özümüzdən başlamalıyıq. Biz çox vaxt qarşısındakı insanlara öyüd nəsihət verib, onların etdiklərini bəyənməyib, özümüz bu öyüd nəsihətlərə, dediklərimizə əməl etmirik. Ona görə də yaşayışımız, həyatımız nümunə və örnəklik təşkil edə bilmir. Ona görə də yaşayışımız, dini həyatımız digər insanlara təsir etmir. Mənəvi dəyərlərin gedərək yox edildiyi qloballaşan dəyərlər sistemində, bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə də nümunəvi insanlara, örnək fərd və ailələrə ehtiyac vardır. Yazımızı Qurani-Kərimin Saff surəsinin 2 və 3-cü ayəsi ilə bitirmək istəyirəm.

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?-Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz axı? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.
Möhtərəm qardaşlarım! Allah Təala bizləri dediyilə, bildiyi ilə əməl edib nümunəvi və örnək mömin etsin inşallah! Allah Təala bizlərə, bildiyimizlə əməl etməyi, verdiyimiz öyüd nəsihəti yaşamağı, nümunə və örnək olmağı, peyğəmbərinin üsuluna görə Allahın dinini haqqıyla anlayıb, anlatmağı, təbliğ və dəvət etməyi qismət etsin. Amin!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə