Bz06072020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məqalələr Müslüm ibn Əqil

Müslüm ibn Əqil

Kufədə Müslümün taleyi

Həzrət Müslüm ibn Əqilin bu iş ona tapşırılarkən 28 yaşı var idi. O, pəhrizkar, pak qəlbi, qorxmaz, rəhimli, özünü qoruyan bir şəriət alimi və ədalətli bir gənc idi. Doğrudan da, o, bu işə çox layiq idi. O, Kufəyə gəlib Muxtar ibn Əbu Übeydə Səqəfinin evində qaldı. Şiələr dəstə-dəstə Muxtarın evinə gəlir, Müslüm isə Həzrət Hüseynin(ə) məktubunu onlara oxuyurdu və onlar da ağlayaraq beyət edirdilər.
Tarixçilər yazırlar ki, Kufəyə gəlməsindən bir neçə gün keçməmişdi ki, İmama(ə) bir məktub yazdı:
«Heç zaman bir qrupun nümayəndəsi öz yoldaşlarına yalan deməz. Kufə camaatı hamı sizinlədir. İndiyədək onlardan 18 min adam mənə beyət etmişlər. Bu məktub sizə çatan kimi dayanmadan Kufəyə tərəf yola düşün. Vəssalam».
Təbii ki, rəsmi, ya qeyri-rəsmi formada vəziyyətlə əlaqədar Yezidə gizlin məlumat veriləcəkdir. Buna görə də o, Kufə məsələsini öz hakimiyyətinin bir nömrəli problemi hesab edərək, dərhal öz xüsusi müşaviri Sərcun Ruminin bu barədə rəyini soruşdu. O, Bəsrənin hakimi Übeydulla ibn Ziyadı təklif etdi. Yezid onun rəyini bəyəndi və Übeydullaya yazdı:
- Mənim Kufədəki tərəfdarlarım məlumat vermişlər ki,Müslüm ibn Əqil orada xalqı öz ətrafına toplayaraq müsəlmanların vəhdətini pozmaq istəyir. Odur ki, bu məktub sənə çatan kimi Kufəyə gedib hər bir hiylə ilə olursa-olsun Müslümü həbs et, ya öldür, ya da Kufədən qov. Vəssalam...(«Əyanul-şiə» əsərində).
Sərcun öz seçimində səhv etməmişdi. Übeydulla ibn Ziyad ibn Əbih öz atasının əziz xələfi idi. Öncə yazdığımız kimi atasına layiq bir oğul idi. Ziyad məşhur əxlaqsız Süməyyənin oğlu idi. O, bir zaman Şirazın valisi idi və orada olduğu zaman füsunkar gözəlliyi olan bir atəşpərəst kəniz, yəni Mərcanə ilə əlaqəyə girdi. Übeydulla da həmin əlaqənin səmərəsidir. (Şəhid Murtəza Mutəhhəri «İran və İslamın qarşılıqlı xidmətləri»; Hemətulla Saleh Nəcəfabadi «Əbədi şəhid» əsərlərində).
Doktor Şəhidi «Hüseynin(ə) qiyamı» kitabında yazır: «Übeydulla Əli(ə) və Müaviyənin hakimiyyəti illərində bir neçə il İraq şəhərlərinin hakimi olan bir atanın əlinin altında tərbiyə olunmuşdu. Bəsrə və Kufənin dəstələrinə hamıdan çox bələd idi. Bilirdi ki, qiyamı yatırmaq üçün haradan başlamalı, hara casus göndərməli, kimi həbs etməli və kimi öldürməlidir. Übeyd belə bir siyasi mühitdə böyümüşdü və hakimiyyət növünün xırdalıqları barədə çox gözəl məlumatı var idi. O, Kufəyə girdikdə bir üslub işlətdi ki, bu üslub onun zirəkliyindən və mövqe seçə bilməsindən xəbər verir. O, üsyançı bir əyaləti sakitləşdirmək üçün Şam xilafətinin göndərdiyi hakim kimi rəftar etmədi. Əksinə, o, bir qrup bəsrəli ilə Kufəyə yollandı. Şəhərə çatmazdan qabaq üz-gözünü bağladı. Kufəyə daxil olduqda xalq belə hesab etdi ki, Hüseyn ibn Əli(ə) gəlmişdir. Hara çatırdısa, camaat ayağa qalxıb deyirdi: Peyğəmbərin(s) oğlu, xoş gəlmisən! Burada hazır olan qoşunlar sənin əmrini gözləyirlər. Beləliklə, o, işin başlanğıcında heç bir zəhmətə qatlaşmadan Kufənin möqeyini bildi. Hüseyni(ə) istəyənlərin sayı, onların başçıları və bu adamların hazırlıqları barədə məlumat aldı. Şübhəsiz ki, əgər Kufə camaatı onun Hüseyn(ə) deyil, Übeydulla ibn Ziyad olduğunu bilsəydi, ona aman verməyib şəhərin girişindəcə işini bitirərdilər. O isə hökumət sarayına çatmamış özünü onlara tanıtmadı. Qəsrə çatan kimi onunla olanlardan biri qışqıraraq dedi: Çəkilin, bu, sizin əmiriniz Übeydulla ibn Ziyaddır».
«Əyanul-şiə»nin müəllifi yazır: «İbn Ziyad o gecəni hökumət iqamətgahında keçirdi. Sübh vaxtı xalqı camaat namazına çağırdı. Adamlar toplaşandan sonra minbərə qalxdı. Onları sözə baxmamağın aqibəti ilə qorxutdu. Ona itaət edənlərə yaxşı mükafat müjdəsi verdi və dedi: Doğruçuluğunuz vədlərinizdən deyil, əməllərinizdən məlum olacaqdır».
Minbərdən enən kimi tanınmış adamlardan bir həssəsinin və başqa bir qrupun həbs olunması göstərişini verdi. O, camaata dedi: «Nə qədər ki, gec deyil Əmirəlmömininin(ə) tərəfdarlarını mənə göstərin, bundan boyun qaçıran hər bir adamın canı və malı hədər olacaqdır. Əmirəlmömininin(ə) tərəfdarlarını evində saxlayan hər bir adam öz evinin qapısı ağzında asılacaq, ailəsi və qohumları da ümumi hüquqdan məhrum olacaqlar».
Beləliklə, Müslüm ibn Əqil Übeydullanın gəlişini və onun hədə-qorxu ilə dolu olan sözlərini eşitcək Muxtarın evini tərk edib Kufənin tanınmış adamlarından birinin - Hani ibn Ürvənin evinə getdi. Onun dostları və tərəfdarları diqqətlə vəziyyətə nəzarət edirdilər. Onlar çalışırdılar ki, Übeydulla Müslümün yerini bilməsin.
Axır ki Übeydulla ibn Ziyad öz casusları vasitəsilə öyrəndi ki, Müslüm ibn Əqil Hani ibn Ürvənin evində gizlənmişdir. Übeydulla Kufəyə gələn gündən Hani xəstəlik bəhanəsilə onun görüşünə getmirdi. Ancaq Übeydullanın işlətdiyi hiylə nəticəsində özü də bilmədən hökumət evinə getdi. Übeydullanın gözü Haniyə sataşdıqda qəzəbli halda bağırdı: «Ey Hani, bu, nə fitnədir evində törətmisən?» Haniyə məlum oldu ki, Müslüm ibn Əqilin onun evində olması Übeydullaya bəllidir. Lakin cənab Hani ibn Ürvə öz canı bahasına olsa da, qonağını təslim etmək niyyətində deyildi və buna görə də Übeydullaya öz eturazını bildirdi. Nəhayət, 80 yaşlı bu peyğəmbər səhabəsini hökumət evinin damından yerə atdılar. Allah ona rəhmət eləsin!
Doktor Şəhidinin təhqiqatına əsasən, Haninin həbs olunma   xəbəri şəhərə yayılan kimi Müslüm bildi ki, daha gözləmək vaxtı deyildir. Meydana çıxıb müharibəni başlamalıdır. Odur ki, carçıları göndərib xalqı xəbərdar etdi. Mənbələrdə   yazıldığına görə ona beyət edən 18 min adamdan cəmi 4 min adam Haninin və ətraf evlərin yanına toplaşmışdı. Carçılar «Ey ümmətin köməkçisi» deyə şüarlarla Müslüm ibn Əqilə müraciət etdilər. Müslümün tərəfdarları hər tərəfdən həmin yerə axışdılar. Müslüm onları dəstələrə böldü və hər bir dəstəni şiənin böyüklərindən birinə tapşırdı. Bu dəstələrdən biri İbn Ziyadın Qəsrinə tərəf yollandı. Mənbələr göstərir ki, hücum edən dəstə qəsrə çatanda orada yalnız 30 müdafiəçi, Kufə əyanlarından 20 nəfər və İbn Ziyadın ailəsi var idi.
Ziyadın oğlu ağır vəziyyətlə üzləşdiyini görüb Kufə böyüklərindən bir neçəsini camaatın arasına göndərdi ki, adamlar arasında pərakəndəlik törətsinlər. Onlar da dünyagörmüş adamlar idilər və üsyançı adamların həyəcanını necə söndürməyin yollarını bilirdilər. Onlardan hər biri bir qrupun yanına gedib dedi: «Camaat, nə istəyirsiniz? Nə edirsiniz? Məgər bilmirsiniz ki, Şam qoşunları sabah buraya çatırlar? Məgər bilmirsiniz Şamın qoşunu ilə üz-üzə gəlmək olmaz? Əgər o qoşunun ayağı Kufəyə dəysə, sizi məhv edəcəkdir. (Amma nə etmək olar, bu hiylə də tarixin insan şeytan cildində olan adamlarının digər hiylə və əfsunları kimi, sadəlövh Kufə camaatına öz təsirini göstərdi). Nəticə bu oldu ki, Müslümlə can-başla əhd-peyman bağlayan 18 min adamdan axşam vaxtı 30 nəfərdən başqa heç kim onun yanında qalmadı. Şam namazını qıldıqdan sonra isə heç bir nəfər də qalmamışdı. Əqilin oğlunun son sözü isə bu oldu: «Hüseynə(ə) məktub yazın ki, gəlməsin». Bu qəmli hadisə zilhiccə ayının doqquzu, çərşənbə günü Übeydulla ibn Ziyadın fərmanı ilə sona yetdi. Göstəriş verib hər iki şəxsin - Müslüm ibn Əqil və Hani ibn Ürvənin cənazələrini ayaqlarından kəndirlə bağlatdırdı və onları Kufə bazarlarında gəzdirdi. Bilmək olmaz, bəlkə də Müslümün ayağındakı kəndiri çəkənlər elə ona beyət etmiş həmin insanabənzər namərdlər olmuşlar.

www.seyidperpenchi.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə