Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri QEYBƏTİN MÜSTƏSNA HALLARI VARMI?

Şiə məqalələri

QEYBƏTİN MÜSTƏSNA HALLARI VARMI?

 Fiqh və əxlaq alimləri arasında qeybətin bəzən caizliyi ilə bağlı yekdil nəzər olsa da, onun hansı hallara aidliyi barədə fikirayrılığı vardır. Bəzən bu mübahisələr yalnız misallarda, bəzən də mövzunun öz ətrafında müşahidə olunur. Lakin bir çox dəlil və mənbələrə əsasən, iki yerdə qeybətin caiz olduğu başa düşülür:

1. Mühüm məsləhət zamanı qeybət doğuran danışıqlar günah sayılmır və ona dair misallar da müxtəlifdir:

a) Məşvərət zamanı; məsələn, bir kəs bir nəfərlə, yaxud bir şirkətlə alış-veriş, yaxud evlənmə işində başqası ilə məşvərət etdikdə, şübhəsiz, nəzərdə tutulan şəxsin zəif cəhətləri və s. eyibləri açıqlanmalı olacaq. O vaxt bu barədə məlumat verməyin heç bir eybi yoxdur və əslində, bununla həmin şəxsi – düz və ya səhv addımı barədə məlumatlandırmaq lazımdır.

b) “Nəhy əz münkər” (çirkinlikdən çəkindirmək) və pis yol seçənin əməlini aradan qaldırmaq zamanı: Yalnız qeybət vasitəsilə günah və ya münkərin (pis və nalayiq əməlin) qarşısı alınarsa, bu zaman qeybətə icazə verilir. Məsələn, insanların düzgün yoldan azmalarına səbəb olan bidətçilərin (dində bidət yaradan şəxslərin) nöqsanlarını və onların nalayiq rəftarlarını demək vacibdir.

c) Bir müsəlmanın gözlənilən zərər və təhlükələrdən xəbərdarlığı zamanı;

ç) Məlumat vermək zamanı: Bir şəxsin arxasınca alçaltmaq niyyəti olmadan onun kamil olmaması haqda danışmaq da qeybət hesab olunmaz. Məsələn, bir həkimin peşəkar olmaması, yaxud bir mütəxəssisin işində səriştəsiz olması haqda kiməsə məlumat vermək qeybətin caiz növlərindəndir.

Bütün bu hallarda şəriət müəyyən hadisələri aradan qaldırmaq üçün nəzərdə tutulan fərdin eyiblərini faş etməyi məqsədəuyğun görür.

Burada (əxlaq elmi baxımından) bir məsələni də qeyd etməliyik ki, mümkündür, insan müstəsna halların həddi-hüdudunu aşıb əyri yola əl atsın, yaxud səhv və qəflətə yol versin. Adətən, insan aşkar şəkildə qanunları pozmaq, günaha düşmək istəmir, bir çox məqsədlərində qeydlər və müstəsna hallardan öz mənafeyi üçün istifadə edir, hətta çox vaxt öz vicdanını belə aldadır, vicdan əzabından qurtulmaq, şəxsiyyətinə xələl yetirməmək üçün həmin qeyd və müstəsna hallara sığınır. Bu isə yatmış vicdanla oyaq vicdan arasındakı təzadların kəsişdiyi, birincinin ikincisinə qalib gəldiyi yerlərdir. Demək, olduqca son diqqətlə yuxarıdakı halların bütün yönləri və xüsusiyyətlərini nəzərə almalı, hər növ təəssübkeşlik, ədavət və digər qərəzlərdən uzaq olmaqla məsləhətdən kənar izahlardan tamamilə çəkinməli və nəfsi qıcıqlandıran qeybətin qorxulu və təhlükəli hiylələrindən yayınmamalıdır.

2. Heç bir məsləhət olmayan zaman: bu isə yalnız aşkarda günah edənlərə aiddir. Zalımın qeybəti də bu qismə aiddir.

Bu qismin müstəsna hal kimi sayılmasının əqli dəlilindən əlavə, onu şiə və əhli-sünnədən nəql olunan müxtəlif hədislər də təsdiq edir. O cümlədən:

عَنْ جَعْفَرٍ عَنْ اَبِيِهِ قالَ: ثَلاثَةٌ لَيْسَتْ لَهُمْ حُرْمَةٌ: صاحِبُ هَوىً مُبْتَدِعٌ، وَالْاِمامُ الْجائِرُ، وَ الْفاسِقُ الْمُعْلِنُ الْفِسْقَ

–İmam Cəfər Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edərək buyurur: “Üç nəfərə hörmət düşmür: əməlləri bidət doğuran əhli-kef insana, zülmkar hökmdar və başçıya, aşkarda günah edənə.” (“Biharul-ənvar”, 75-ci cild, səh.253.)

–Başqa bir hədisdə belə buyurulur:

ثَلاثَةٌ لا غِيْبَةَ لَهُمْ: صاحِبُ الهَوى وَ الْفاسِقُ الْمُعْلِنُ بِفِسْقِهِ، وَالْاِمامُ الْجائِرُ

“Üç nəfərin qeybəti caizdir: nəfsə qul olanın, aşkar günah edən fasiqin, zülmkar rəhbərin.” (“Biharul-ənvar”, 75-ci cild, səh.253.)

–Peyğəmbəri-Əkrəm (s) buyurur:

لَيْسَ لِفاسِقٍ غِيْبَةٌ

“Fasiqin (aşkar günah edənin) qeybəti caizdir.” (“Biharul-ənvar”, 75-ci cild, səh.236.)

–O həzrət başqa bir hədisdə belə buyurur:

لاغِيبَةَ لِثَلاثَةٍ: سُلْطانٍ جائِرٍ وَ فاسِقٍ مُعْلِنٍ وَ صاحِبِ بِدْعَة

“Üç qrup insanın qeybətini etmək caizdir: 1. zülmkar soltanın; 2. aşkar şəkildə günah edənin; 3. bidət əhlinin.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.128, 10448-ci hədis.)

–Yenə o həzrətdən belə nəql olunur:

مَنْ اَلْقي جِلْبابَ الْحَياءِ عَنْ وَجْهِهِ فَلا غِيْبَةَ لَهُ

“Həya pərdəsini götürən kəsin qeybəti caizdir.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.232.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə