Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Kamil insanla tanışlıq haqqında

Ədəbi yazılar

Kamil insanla tanışlıq haqqında

   İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Quran və sünnədə «kamil insan» deyil, «kamil müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Quranın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, «kamil mömin» isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Quran və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Quran və sünnədə kifayət qədər məlumatlar vardır.
   Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yəni, biz bu yolda Quran və sünnənin bu barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini islam və Quranın istədiyi kimi formalaşdırmalarından arxayın olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud olub.
Əziz islam Peyğəmbəri və eləcə də Əli (ə) islamın kamil insan nümunələrindəndir. İmam Əlini (ə) tanımaq islamın kamil insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq lazım deyil ki, həzrət Əlini (ə) zahiri görkəmi, adı, atasının adı və s. zahiri əlamətləri ilə deyil, onun əsil şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bəzən biz İmam Əlini (ə) adının nə olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının adı Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, Peyğəmbərin qızı Fatimənin əri, Həsən və Hüseynin atası, təvəllüd və vəfat tarixi, apardığı döyüş və müharibələr və bu kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu həzrət Əlinin (ə) adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazım olan məlumatlar bu həddə kifayət edər. Amma İmam Əlini (ə) bu həddə tanımaq onun tanınması demək deyildir. Həzrət Əlini (ə) tanımaq onun şəxsiyyətini tanımaq vasitəsi ilə mümkündür və əsl tanışlıq məhz budur. İmam Əlinin (ə) hərtərəfli şəxsiyyətini tanımaqla, islamın həqiqi kamil insan obrazını tanımış oluruq. Kamil insanı söz və ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. «Lümə» kitabının müəllifi və digər islam alimləri deyiblər ki, «şiə» Əlinin yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, söhbət və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs insan nə ilə şiə olur? Tabeçiliklə! Əli şiəsi o şəxsdir ki, əməldə Əliyə tabedir və əməli surətdə onun yolunu davam etdirir.
   İndiyə kimi etdiyimiz söhbətlərdən kamil insanı tanımağın iki yolu və bu barədəki bəhslərin faydası məlum oldu. Deməli, kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz islamın nəzərdə tutduğu kamil insanı, Quran və sünnənin açıqlamaları ilə tanımasaq, bu dinin müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət islam cəmiyyəti ola bilməz. Buna görə də islamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə