Şn04272024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Ən yaxşı insanlar

Öyüd-Nəsihət-Rəvayət

Ən yaxşı insanlar

İmam Riza (ə) hicri 153-cü il zilqədə ayının 11-də cümə günü (bir rəvayətə görə hicri 148-ci ildə) Mədinədə dünyaya göz açıb. Anası Nəcmə Xatun deyir: Övladım Əliyə hamilə olanda ağırlıq hiss etmədim. Yatan zaman daxilimdən həmd-səna səsi eşidirdim. Bəzən qorxudan ayağa qalxırdım amma ayağa durandan sonra bu səs kəsilirdi. Övladım dünyaya gəldi, əlini yerə qoyub üzünü göyə tutdu. Dodaqlarının tərpəndiyini gördüm. Elə bil kiminləsə danışırdı. Atası Musa ibn Cəfər buyurdu: "Ey Nəcmə, Allahın sənə bu kəraməti mübarək olsun!" Sonra Əlini ağ parçaya büküb ona verdim. Həzrət (ə) uşağın sağ qulağına azan, sol qulağına iqamə dedi. Sonra onu mənə qaytarıb buyurdu: "Al, o yer üzündə Bəqiyətullahdır."

İmam Riza (ə) Allahın ən yaxşı, ən üstün bəndələrinin beş xüsusiyyətini sadalayır: "Allahın ən üstün bəndələri yaxşı iş görəndə sevinər, pis işə yol verəndə Allahdan bağışlanma diləyər, onlara bir şey veriləndə təşəkkür edər, çətinliyə düşəndə səbirli olar, qəzəblənəndə əfv edər." (Fiqhur-Riza).

Bu nurani kəlamlar ilahi ayələrdən götürülmüşdür. Həzrət (ə) bu sözləri nəql etməklə Allah bəndələrini oyadır, bir ümid çırağı yandırır.

Allah-Taala buyurur: "(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!”" (Yunus, 58).

İmam Rizanın (ə) kəlamına görə, yaxşı bəndələrin bir xüsusiyyəti xeyir iş görəndə sevinməkdir. Bəs nə etmək lazımdır ki, bu sevinc yaransın? Əgər insan xeyir işi Allaha görə və gizlində yerinə yetirsə sevinər. Çünki Allahın razılığı yolunda addım atmışdır. Riya ilə istənilən bir əməl batildir və şirkə səbəb olur. Rəvayətə görə bir şəxs Peyğəmbərə (s) ərz etdi ki, yaxşı əməlimi gizlədirəm, amma bir yolla açılanda xoşhal oluram. Həzrət (s) buyurdu: "Sənin iki mükafatın var. Biri gizli iş görməyin mükafatı, o biri həmin əməlin aşkar olmasının mükafatı." İmam Baqirdən (ə) soruşdular ki, bir şəxs xeyir iş görür, amma həmin əməl aşkar olanda sevinir. İmam buyurdu: "Bu hal qorxulu deyil. Allah bir insanın yaxşı işini insanlara aşkarlayanda onun sevinməsi təbiidir." (Cameus-səadat). Bu iki xəbərdən aydın olur ki, belə hallarda sevinməyin eybi yoxdur. Çünki insan əməlinin gizli qalmasını istəyir. Əməl aşkar olanda sevinməyin eybi yoxdur. Belə bir hal əməli batil etmir. Əməlini kimsə görməyən insan sevinəndə Allahın razılığını qazanır. Bu xoşhallıq riya və təkəbbür deyil. Xeyir əməldən sonra insanda belə bir hal yaranması təbiidir.

Allah-Taala buyurur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nisa, 17). Tövbə o insanlara aiddir ki, bilmədən pis iş görüblər allah belələrinin tövbəsini qəbul edir. Başqa bir ayədə oxuyuruq: "O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar." (Ali-İmran, 135). Burada təqva əhlinin başqa bir sifətinə işarə olunur. Onlar günaha yol verən kimi tövbə qılarlar. Təfsiri-nümunədə yazılır ki, insan nə qədər ki, Allahı xatırlayır, günaha yol vermir. Allahı unutduğu zaman günah yolu açılır. Bu zaman qəflət insanın vücudunu bürüyür. Təqvalılarda bu hal tez ötür, yubanmadan Allahı xatırlayırlar və günahlarına görə tövbə edirlər. Bəli, təqva əhli günahı təkrarlamır. Ayə ilə bağlı İmam Baqir (ə) buyurur: "Günah üzərində israr budur ki, insan günaha yol verəndə tövbə etmir, tövbə barədə düşünmür."

İmam Sadiqdən (ə) nəql olunmuş çox dəyərli bir hədisin xülasəsi budur: Bu ayə nazil olanda günahkarlar tövbə ilə müjdələndi. İblis çox narahat oldu. Uca səslə yoldaşlarını yanına dəvət etdi. Onlar bu dəvətin səbəbini soruşdular. İblis nazil olmuş ayə barədə məlumat verdi. Yoldaşlarından biri ayənin qarşısını almaq üçün yol təklif etsə də iblis bu təklifi rədd etdi. Başqa təkliflər də rədd olundu. Bu vaxt Xənnas adlı təcrübəli şeytan dedi: "Mən bu çətinliyi həll edərəm. Adəm övladlarını xoş vədlər, şirin arzularla günaha batıraram. Günaha batandan sonra imkan vermərəm ki, Allahı yada salsınlar." İblis bu yolu bəyəndi və bu işi dünyanın sonunadək ona tapşırdı. Demək, günaha batan insan tövbəni yubatmaqla azğın yolda qalası idi. Şübhəsiz ki, unutqanlıq səhlənkarlıq və şeytan vəsvəsələrinin nəticəsidir. Xənnasın vəsvəsəsinə uyanlar unutqan olur. Amma oyaq və imanlı insanlar səhvə yol verən kimi tövbə edir, qəlb yollarını şeytanın üzünə bağlayırlar.

Səba surəsinin 13-cü ayəsində buyurulur: "Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır! " Yuxarıdakı ayəyə görə, bəndələrin kiçik bir qismi həqiqi şükrə nail olar. Elə buna görə də İmam Riza (ə) şükür sifətini yaxşı bəndələrin sifəti kimi qeyd edir. Həqiqi şükr edən bəndələr dillə şükr etməklə yanaşı inanırlar ki, bütün nemətlər Allahın lütf və mərhəməti sayəsində əta olunur. Bir insandan yaxşılıq görəndə bunu da Allahın lütfü kimi dəyərləndirirlər. Belə bir ruhiyyə ilə Allahın razılığı yolunda çalışırlar.

  Mərhum Molla Əhməd Nəraqi buyurur: Nemət sahibinin nemətini tanımaq, bu nemətə görə şad olmaq, nemət verənə təşəkkür etmək, neməti lazım olan yolda sərf etmək həqiqi şükürdür. Demək, şükr edən insan bütün nemətlərin Allah tərəfindən olduğuna inanır, biri yaxşılıq edəndə onun qəlbində yaxşılıq fikrini Allahın yaratdığını düşünür. Bunu başa düşən şükrün bir şərtini yerinə yetirmişdir. Bu qəlb şükürüdür. Şükürün ikinci şərti nemətə görə şad olmaq və Allahın razılığını qazanmaqdır. Dünya nemətlərinə görə sevinməyə dəyməz. O nemət şadlıq gətirməlidir ki, axirət xoşbəxtliyinə səbəb olur. Şükrün üçüncü şərti qəlb və dildə şükrü yerinə yetirməkdir. Qəlbin şükrü budur ki, Allahın məxluquna xeyirxah olasan, onlara təşəkkür edəsən. Dördüncü şərt budur ki, nemətləri Allahın razılığı yolunda xərcləyəsən. Məsələn, bədən üzvləri ilahi nemətdir. Onları günah yox, ibadət yolunda işlətmək lazımdır. Gözün şükrü budur ki, eyblərə yumulsun, qulağın şükrü budur ki, pis sözlərə kar olsun. (Meracus-səadə).

Bəqərə surəsində oxuyuruq: " Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!; O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər; Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!" (ayə, 155-157). Şübhəsiz ki, bu ayələr İmam Rizanın (ə) buyuruğunun ən gözəl təsdiqidir. Bəla zamanı səbr edən, Allaha sığınan əvəzində Allahın mükafatını alan, lütf və mərhəmətinə çatan insanlar həqiqi şükr edənlərdir.

İmam Riza (ə) buyurur: "Bir insanda üç xüsusiyyət olmasa iman həqiqətini dadmaz. Bir üsul Allahdan, bir üsul Peyğəmbərdən (s), bir üsul İmamdan (ə): Allahın üsulu sirr saxlamaq, Peyğəmbərin üsulu xalqla xoş davranmaq, İmamın üsulu qəm-qüssə qarşısında səbr və dözüm." Digər bir hədisdə buyurulur: "Bir insanda dində bəsirət, həyatda orta həddi gözləmək, çətinlik zamanı səbr sifətləri olmasa həqiqi imanın ləzzətini dadmaz." İki hədisdə müştərək nöqtə budur ki, mömində bəlaya səbr, qəzəblənəndə bağışlamaq sifəti olmasa imanı kamilləşməz.

Ali-İmran surəsində oxuyuruq: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin; O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (ayə, 133, 134).

Ayələrdə təqva əhlinin sifətləri yada salınır. Bu sifətlər bəyənilmiş əxlaqi sifətlərdir. İnfaq səxavətdəndir. Bunun ziddi xəsislikdir. Həzrət Peyğəmbər (s) buyurur ki, behişt səxavət əhlinin yeridir. Qisas almağa gücü çatdığı zaman bağışlamaq fəzilətdir. İmam Sadiq (ə) buyurur: "Kim qəzəbini utsa Allah onun dünya və axirət izzətini artırar."

Qəzəbi udmaq infaqdan üstündür. Çünki infaq əməldir, qəzəbi udmaq nəfsani sifətdir. Asanlıqla infaq edən insanın qəzəblənəndə qəzəbini uda bilməməsi mümkündür. Əfv ilahi sifətdir. Bu sifətə malik olan insan ilahi sifətlə zinətlənmişdir.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Qiyamət günü nida olunar ki, mükafatı Allahın öhdəsində olanlar qalxsın. Əfv edənlərdən savayı kimsə ayağa qalxmaz. Allah buyurur ki, əfv edənin mükafatı mənim öhdəmədir."

Həzrtə Peyğəmbər (s) buyurur: "Allah mənə əmr etdi ki, səndən üz çevirənlə əlaqə yarat, sənə zülm edəni bağışla, səni məhrum edənə əta et, sənə pislik edənə yaxlışıqla cavab ver." Həqiqi mömin və bəndə öz nəfsinə hakimdir. O ağıl və müqəddəs şəriətin hökmü ilə hərəkət edir. Buna görə də İmam Riza (ə) buyurur: "Mömin qəzəblənəndə qəzəb onu haq yoldan çıxarmır. Şadlananda şadlıq onu batilə aparmır. Qadir və güclü olduğu vaxt haqqından artıq istəmir."

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə