Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Necə oldu ki, Allah onları lənətlədi ?

Ədəbi yazılar

Necə oldu ki, Allah onları lənətlədi ?

 

  Tövbə surəsinin 30-cu ayəsində buyurulur: “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!” Ayədən göründüyü kimi Allah yolunu azmış məsihi və yəhudiləri lənətləyir. İnsan zəif olduğundan lənətə, nifrinə üz tutur. Maraqlıdır ki, mütləq qüdrət sahibi olan Allah nə üçün cəzalandırmayıb, lənətləyir? Yəhudilər Üzeyri, məsihilər Məsihi Allahın oğlu adlandırırdılar. Əksər təfsirlərdə qeyd olunur ki, bu ayədə “qatələhumullah” təbiri əzaba işarədir. Allahın mərhəmətindən uzaq olmaq özü bir əzabdır. Allahın onları öldürməməsi göstərir ki, təkvini məna nəzərdə tutulmayıb. Təbii ki, Allah istəsəydi onları öldürərdi. Əslində Allahın həmin buyuruğu başqalarına xəbərdarlıqdır. Allah bəndələrinə xəbərdarlıq edir ki, azğın kəslərdən uzaq olsunlar. Belə bəyan təkvini yox, təşrii bəyandır. Məqsəd kimisə öldürmək yox, başqalarını azğınlıqdan çəkindirməkdir.
Allah-Taala Quranda insanın başa düşəcəyi bir dillə danışır. Quran bir növ bəşəriyyətin dilindədir. Allahın lənətləməsindən aydın olur ki, artıq həmin insanlar doğru yola qayıtmaq imkanını itirib. Bu insanların iman gətirmək məqsədi yoxdur.
  Hidayət, doğru yola qayıdış imkanını itirənlər azğınlığın son həddinə çatıblar. Bütün peyğəmbərlər gəlsə də onlar hidayət olası deyil. Allah öz bəyanı ilə bu insanların azğınlıq həddini göstərir.
  Quranın təbirlərini əlimizdə dəlil olmadan sətiraltı mənaya yoza bilmərik. Bəli, Quranda kinayələr, sətiraltı mənalar var. Amma bu mənalara əsaslanmaq üçün rəvayətlərə ehtiyac var. Təbərsi həzrət Əlidən (ə) nəql edir ki, Əmirəlmöminin “qatələhumullah” təbiri haqqında buyurub: “Böhtanı hansı həddə çatdırdılar ki, Allah onları lənətlədi!”
  Qətl sözünün lüğət mənası öldürməkdir. Amma bu o demək deyil ayədə lüğət mənası nəzərdə tutulub. Allahın onları öldürməməsi dəlildir ki, söz öldürmək mənasında işlədilməyib. Aydın olur ki, məqsəd təkvini, təbii ölüm deyil. Allah bu buyuruğu ilə bəndələrini doğru yola çağırır. Ayədə bir növ insanların dilində danışılıb. İnsana öyrədilir ki, belə azğınlara lənət desinlər. Bu lənət Allahın mərhəmətindən məhrumluq mənasındadır. Müsəlmanlar ayədə nəzərdə tutulan zümrəyə bu münasibətdə olmalıdırlar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə