Cümə04262024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi, 10-cu bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi, 10-cu bölüm

Ey Şah! Siz ki, deyirsiniz “ondan xoşum gəlmir”, İslam heç kimsəni bu işə (əməl) məcbur etməmişdir. Həmçinin, məcbur deyilsən qızını bir saatdan sonra talağını verən bir kişi ilə evləndirəsən. Bundan əlavə, siz və digərlərinin bir işə rəğbətinin olmaması, o işin haram olmasına dəlil ola bilməz. Çünki, Allahın hökmü sabitdir, camaatın nəzər və istəkləri ilə təyin olunmur.
Məlik Şah Ələvinin cavab və dəlillərini eşidəndə, cavab verə biləcək sözü olmadı, ona görə də vəzirinə üzünü tutub dedi: – Ələvinin, müvəqqəti evlilik haqqında dəlilləri olduqca möhkəmdir!
Vəzirin də Ələvinin dəlilləri müqabilində sözü olmadığı üçün öz əvvəlki sözünü təkrar edərək dedi: – Amma alimlər Ömərin sözünə itaət etmişlər.
Ələvi vəzirin təkrar sözündən qəzəblənərək dedi: – Əvvəla, Ömərin sözünə yalnız sünni alimləri itaət etmişlər, nə bütün alimlər. İkincisi, Allah və Peyğəmbərin (s) sözünə itaət etmək vacibdir yoxsa Ömərin? Üçücüsü isə, hətta sizin öz alimləriniz belə Ömərin sözünə müxalif olmuşlar.
Vəzir: Necə?
Ələvi: Ömər demişdi ki, “İki mütə Peyğəmbərin (s) zamanında halal idi, mən onları haram edirəm: həcc mütəsi və qadın mütəsi”. Əgər Ömərin dediyi söz düzdürsə, bəs nə üçün alimləriniz həcc mütəsi haqqında ona itaət etmədilər və onun qadağasına baxmayaraq “həcc mütəsi düzgündür!” – dedilər?
Əgər Ömərin sözü səhvdirsə, bəs nə üçün alimləriniz qadın mütəsinin qadağasında onun rəyinə uyğun fətva verdilər?
Cavabı olmayan vəzir naçar qalıb sakit durdu.
Məlik Şah vəzirinin bu halından məyus olaraq məclisdə oturanlara üzünü tutub dedi: – Nə üçün Ələvinin cavabını vermirsiniz?
Şeyx Həsən əl-Qasimi adlı şiə alimi dedi: – Ömər və tərəfdarları haqqında gətirilən dəlillərin hamısı möhkəmdir. Buna görə də onların cənab Ələviyə – Allah onu qorusun! – verəcək cavabları yoxdur.
Məlik Şah kimsənin cavabı olmadığını görüb sakitləşərək dedi: – Yaxşı daha bu mövzunu dəyişin və başqa bir mövzuya keçin.
Abbasi, Ömərin ölkələri fəth etməsini önə çəkərək dedi: – Şiələr elə düşünür ki, Ömərin heç bir fəzilət və üstünlüyü yoxdur, halbuki onun ölkələri fəth etməsi kifayət qədər fəzilətli olmasından xəbər verir.
Ələvi: Bizim bunun üçün kifayət qədər cavabımız vardır. Birincisi, padşahlar, hakimlər öz ərazilərini genişləndirmək və nüfuzlarını artırmaq üçün fəthlər edirlər. Başqa ölkələri fəth edib öz ölkəsinin ərazilərini genişləndirmək nə vaxtdan fəzilət sayılıb?
İkincisi, fərz edək fəthlər fəzilət və üstünlükdür, bu, Peyğəmbərin (s) xilafətinin qəsb olunmasına və Ömərə bəraət qazandırılmasına əsas verə bilərmi? Halbuki, Peyğəmbər (s) xilafəti onun üçün təyin etməmişdi, əksinə öz yerinə Əli ibn Əbutalibi (ə) canişin seçmişdi.
Ey padşah! Sən bir nəfəri öz yerinə canişin təyin etsən, səndən sonra başqa birisi gəlib onun yerini qəsb etsə və ondan sonra da ölkələrə hücum edib öz ölkəsinin ərazisini genişləndirərək yaxşı işlər də görsə, sən onun bu işlərinə razı olarsanmı? Yoxsa, sənin təyin etdiyin şəxsin yerini qəsb etdiyi və sənin razı qalmadığın halda canişinin olduğu üçün ona qəzəblənərsən?
Məlik Şah: Ona qəzəblənərəm və onun qələbələri günahlarına bəraət qazandırmaz.
Ələvi: Ömər də eynilə bu cür idi. Xilafət məqamını qəsb edərək Peyğəmbərin (s) icazəsi olmadan onun yerində oturdu.
Üçüncüsü: Ömərin fəthləri, qələbələri olduqca yanlış və pis nəticələrlə tamamlandı. Çünki, İslam Peyğəmbəri (s) başqalarına hücum etmirdi, onun bütün döyüşləri müdafiə xarakterli idi. Buna görə də insanlar İslama meyil göstərdilər, dəstə-dəstə Allahın dininə daxil oldular. Ona görə ki, İslamı sülh və dostluq dini olaraq gördülər. Amma Ömər şəhərlərə hücum edərək camaatı qılınc gücünə İslam dininə gətirdi. Məhz bu səbəbdən də bəziləri bu dinə qarşı ikrah hissi ilə yanaşaraq onu qılınc və zor gücünə olan din adlandırdı. Əslində isə bu din öz növbəsində məntiq, sülh, əmin-amanlıq dinidir. Halbuki, Ömərin bu işi İslam düşmənlərinin çoxalmasına səbəb oldu. Buna görə də Ömərin qələbələri İslamın dirçəlməsi ilə deyil, əksinə İslamın simasını çirkin göstərərək mənfi reaksiyalarla nəticələndi. Əgər Əbubəkr, Ömər və Osman xilafəti öz əsil sahibi olan həzrət Əli ibn Əbutalibdən (ə) alıb qəsb etməsəydi, həzrət (ə), Peyğəmbərdən (s) sonra xilafətə sahib çıxıb müsəlmanların işlərini elə Peyğəmbərin (s) qanunları ilə idarə edəcək, ayağını Peyğəmbərin (s) ayağlarının izinə ataraq doğru yol ilə ümməti irəliyə aparacaqdı. Həzrət Əlinin (ə) Peyğəmbərinin (s) qanunları ilə getməsi insanların dəstə-dəstə İslama daxil olamasına səbəb olardı və İslamın nüfuzu çoxalaraq bütün yer kürəsini əhatə edərdi. Amma... La hövlə vəla qüvvətə illa billahil Əliyyul-Əzim!
Söz bura çatanda Ələvi, Peyğəmbərdən (s) sonra olan hadisələri və İslamın başına gətirilən bəlaları xatırlayaraq..., ah çəkib əlini əlinə vurdu və üzünə qəm-qüssə çökdü.
Məlik Şah bundan təsirlənmişdi, Abbasiyə “Nə cavabın var?” – deyə, xitab etdi.
Heyrət içində qalan Abbasi dedi: – Mən, indiyə qədər belə məntiqli və dəlillərə əsaslanan sözlər eşitməmişdim!
Ələvi də cavabında dedi: – İndi ki, eşitdin və haqq sənin üçün aşkar oldu, öz xəlifələrini tərk et və Peyğəmbərin (s) Allah tərəfindən təyin etdiyi xəlifəsi Əli ibn Əbutalibə (ə) itaət et.
Sonra əlavə edərək dedi: – Siz əhli sünnənin işləri olduqca qəribədir. Əsli (kökü) tərk edib budaqlardan yapışmısız.
Abbasi: Necə?
Ələvi: Siz Ömərin qələbələrini qabardırsınız, lakin Əli ibn Əbutalibin (ə) qələbə və uğurlarını unudursunuz.
Abbasi: Əli ibn Əbutalibin qələbələri nələr olmuşdur?
Ələvi: Peyğəmbərin (s) fəth və qələbələrinin əksəriyyəti Əli ibn Əbutalibin (ə) əli ilə olub. O cümlədən: Bədr, Xeybər, Hüneyn, Xəndək və s. kimi böyük döyüşlər. İslamın əsasını ayaq üstə saxlayan bu zəfərlər olmasaydı, daha nə Ömər olardı, nə İslam və nə də iman. Buna sübutum Peyğəmbərin (s) Əhzab (Xəndək) döyüşündə buyurduğu sözdür: İmam Əli (ə) Əmr ibn Əbdəvudlə döyüşə gedəndə Peyğəmbər (s) buyurdu: “Bütün iman, bütün şirklə müharibəyə getmişdir!”.
Sonra buyurdu: “İlahi! Əgər sənə ibadət olunmasını istəmirsənsə, onda ibadət olunmayacaqsan”. Yəni, əgər Əli (ə) öldürülsə, müşriklər mən və bütün müsəlmanların ölümünə cürət edəcəklər, bundan sonra da İslam və iman qalmayacaq.
Həmçinin buyurdu:

ضربة على يوم الخندق أفضل من عبادة الثقلين


“Əlinin (ə) Xəndək günündə vurduğu zərbə bütün cinlərin və insanların ibadətindən üstündür”. (58).
Buna görə də deyə bilərik ki, İslam dininin zühuru həzrət Peyğəmbərə (s), onun davamlılığı isə Əli ibn Əbutalibə (ə) bağlıdır. Allahın lütfü və İmam Əlinin (s) təlaşları nəticəsində İslam dini yaşadı və davam etdi.
Ələvinin sözlərinin müqabilində heç bir dəlili olmayan Abbasi mövzunu başqa səmtə çəkərək dedi: – Fərz edək ki, Ömərin xətakar və qəsbkar olması haqqında sizin söylədikləriniz düzdür və o, İslamın hökmlərində özündən dəyişiklik etmişdir, bəs nə üçün Əbubəkrdən xoşunuz gəlmir?
Ələvi: Onun bir çox yanlış işlərinə görə. Onlardan ikisini sənin üçün deyirəm:
Birincisi, Peyğəmbərin (s) qızı və iki dünya xanımı həzrət Fatimeyi Zəhra (s) ilə olan rəftarı.
İkincisi, zina edən günahkar Xalid ibn Vəlidə zina həddini icra etməməsi.
Məlik Şah: Xalid ibn Vəlid günahkar idi?
Ələvi: Bəli.
Məlik Şah: Onun günahı nə idi?
Ələvi: Onun günahı bu idi ki, Əbubəkr onu Peyğəmbərin (s) böyük səhabəsi Malik ibn Nüveyrənin (Peyğəmbər (s) Maliki cənnətlə müjdələmişdi) yanına göndərərək, onu və qohumlarını qətlə yetirməsinə əmr vermişdi. Malik Mədinədən kənar bir məntəqədə yaşayırdı. Xalidin kiçik bir qoşunla ona tərəf gəldiyini gördükdə, qəbiləsinə əmr etdi ki, silahlansınlar. Onlar da silahlandılar.
Xalid onlara çatdıqda, hiyləyə əl atdı. Yalandan and içib onlara qarşı pis niyyətdə olmadığını bildirib dedi: – Biz sizinlə döyüşə gəlməmişik, bu gecəni sizin qonağınız olmaq istəyirik.
Xalid Allaha and içdiyi üçün Malik əmin oldu və silahlarını açıb kənara qoydular. Namaz vaxtı çatanda Malik və qəbiləsi namaz qılmağa başladı, bu vaxt Xalid və qoşunu onlara hücum edərək hamısını qətlə yetirdi. Sonra Malikin xanımının gözəlliyini görən Xalid ona meyl edərək ərini qətlə yetirdiyi gecə onunla zina etdi. (ARDI 11-Cİ BÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

58.    “Nihayətul-uqul”, Fəxri Razi, səh. 104; “əl-Mustədrək”, Hakim, c. 3, səh. 32; “Bağdad tarixi”, Xətib Bağdadi, c. 3, səh. 19; “Təlxisul-Mustədrək”, c. 3, səh. 32; “Ərcəhul-mətalib”, səh. 481; “Yənabiul-məvəddət”, c. 1, səh. 412.

ARDI VAR

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə