Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə)

İmam Həsən (ə)

Imam Həsənin (ə) həyatı -2

İmam Əli (ə) və İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) ilk meyvəsi, şiələrin ikinci imamı həzrət Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etmiş və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə nail olmuşdur. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığındadır.

Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Mübahilə” ayəsində (“Ali-İmran surəsi, ayə 61) “oğullarımız təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi, eləcə də, “Təthir” ayəsinin Əhli-beyt (ə) haqqında nazil olması onlar üçün əbədi bir iftixar olub, paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir.

Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən Müctəba (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, təkanverici qüvvəyə ehtiyaclı idi ki, Əzd qəbiləsindən olan bir nəfər fəryad edərək: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: Məni sevən hər kəs onu (Həsəni) da sevməlidir. Bunu eşidənlər eşitməyənlərə çatdırsınlar. Əgər Rəsulullahın (s) əmri olmasaydı, bunu kimsəyə söyləməzdim!” – deyib öz yerində oturdu. (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)

İmam Həsənin (ə) xüsusiyyətləri

İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:

O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi. (Əxbari-İsfahan, Əbu Nəim İsfahani, c.5, s.44.) Yenə nəql olunmuşdur: İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.” (“Tarixi-xuləfa”, Süyuti, s.73.)

O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam ehtiyacını yazıb gətir” – deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı. (Əl-məhasin”, Beyhəqi, s.55.)

O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünügöstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kifayətlənirik:

Bir nəfər şamlı deyir: Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib Sən Əbu Talibin oğlusanmı? deyə soruşduqda, Mən Əbu Talibin oğlunun oğluyam! deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Sözlərimi bitirdikdən sonra, o, “Bu şəhərdə qəribsənmi?” – deyə məndən soruşdu. Dedim: Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım. (Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c.3, s.1187.)

İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.

İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.

Imam Həsənin (ə) şəhadəti

Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullahın (s) məhəbbət bəslədiyi imam Həsən Müctəbanı (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır. Bu cinayət belə həyata keçirildi: Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızından (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önünə sərgiləndi.

Təbəri imam Həsən Müctəbaya (ə) dəfələrlə zəhər verilməsinə baxmayaraq, hər dəfə xilas olduğunu, lakin sonuncu dəfə ciyəri parçalanaraq ağzından gəldiyi və bu yolla şəhid olduğunu Ümmü Bəkr binti Müsəvvərdən nəql etmişdir. (Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s.514, Misir, “Darul-məarif” çapı.)

O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi”nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı? (Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.)

Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər.

İmаm Hәsәndən (ә) gözəl nәsihәt

Bir nәfәr imаm Hәsәnin (ә) yаnınа gәlib dеdi: Mәn еlә bir günаhkаr insаnаm ki, öz günаhlаrımın müqаbilindә dözә bilmirәm. Mәnә nәsihәt еt.
İmаm buyurdu: “Bеş işi yеrinә yеtir. Sоnrа istәdiyin qәdәr günаh еt. Аllаhın ruzisindәn yеmә. Sоnrа istәdiyin qәdәr günаh еt. Еlә bir yеrә gеt ki, Аllаh sәni görmәsin. Bu vахt istәdiyin qәdәr günаh еt. Аllаhın vilаyәtindәn хаric оl, sоnrа istәdiyin qәdәr günаh еt. Әzrаil cаnını аlmаq istәyәndә оnu özündәn uzаqlаşdır. Sоnrа istәdiyin qәdәr günаh еt. Cәhәnnәm аtәşinin sаhibi sәni cәhәnnәmә аtmаq istәyәndә оrа dахil оlmа. Sоnrа istәdiyin günаhа mürtәkib оl.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 274.)

İmam Həsən Müctəba (ə)

“Ərşin Rəbbi qarşısında dayanan kəsin rəngi saralsa, əzası titrəsə yaxşıdır.”
İmam Həsən (ə) haqqında nəql olunur ki, həzrət öz ömrünün ən abid, ən zahid və ən üstün şəxsi olmuşdur. Həcc ziyarəti zamanı həzrət çox vaxt ayaqyalın Mədinədən Məkkəyə gedərdi. Ölümü yada saldıqda ağlayar, qəbirdən danışıldıqda pərişan olar, Qiyamət və məhşər yada salındıqda üzüntü keçirərdi. Siratdan keçmək barədə düşündükdə həzrət göz yaşı axıdar, Allah qarşısında hesab barədə fikirləşdikdə fəryad çəkər, qorxudan huşunu itirərdi. Namaz zamanı Allah qorxusundan əzaları titrəyər, behişt və cəhənnəmdən danışıldıqda ilan çalmış kimi iztirab keçirər, Allahdan behişt diləyib cəhənnəm əzabından ona pənah aparardı. “Ya əyyühəl-ləzinə amənu” tilavət olunduqda “ləbbəykə allahummə ləbbəyk” söyləyərdi. (Səduq, “Əmali”, 178)
Həzrət dəstəmaz aldığı vaxt onun çöhrəsi saralar, bədəni əsərdi. Bu barədə soruşanlara belə cavab verirdi: “Ərşin Rəbbi qarşısında dayanan kəsin rəngi saralsa, əzası titrəsə yaxşıdır.”
Məscidin qapısına çatdığı vaxt İmam üzünü səmaya tutub deyərdi: “Pərvərdigara! Sənin qonağın qapı ağzında dayanıb. Ey bağışlayan Allah, hüzuruna günahkar gəlib. Ey Allah, ey mehriban! Öz böyüklüyünə xatir günahlarımından keç.” (“Əl-mənaqib”, 4-14; “Biharul-ənvar”, 43-339, bab 16, hədis 13)

Hər kim Quran oxuyar – bir duası yerinə yetər, istər tez olsun, istərsə də gec” – İmam Həsənin (ə) mübarək kəlamlarından

Məsum İmamlarımızın (ə) ən mühüm risaləti – dini təbliğ etmək, əhkamı bəyan etmək və Quranı təfsir etməkdir. İmam Həsən Müctəba (ə) – Məsum İmamlardandır və buna görə Qurana xüsusi diqqət edər və onu təfsir edərdi.

 

Ərbəli İmam Həsəndən (ə) nəql edir ki, buyurub: “Quranda nur çıraqları və sinələrin şəfası vardır. Ona görə də salik onun nurunda seyr edər və bu sifətlərlə ürəyini cilovlayar. Çünki bu cür düşünmək – ayıq qəlbin həyatıdır. Necə ki, insan qaranlıqda nur ilə aydınlanar. Dünyada bu Qurandan savayı bir şey qalmamışdır. Ona görə də onu öz imamınız qərar verin ki, sizi hidayətə yönəltsin. Quran üçün ən layiqli insan o kəsdir ki, ona əməl edər – baxmayaraq ki, onu əzbərləməz. Qurana ən uzaq insan o kəsdir ki, ona əməl etməz – baxmayaraq ki, onu oxuyar”.

 

Bu nurani hədisdə İmam (ə) buyurur ki, Quranı əməl və həyatınızda imam və rəhbər qərar verin və ona əsasən əməl edin.

 

İmam Həsən (ə) buyurur: “Bu Quran – Qiyamət günü gələr, o halda ki, rəhbərdir. O insanlar ki, Allahın halalını halal və Allahın haramını haram götürüblər və Qurana iman gətiriblər – behiştə yollanarlar. O insanlar ki, İlahi əhkamı məhv ediblər və Allahın haramını halal götürüblər – atəşə atılarlar”.

 

Həzrət (ə) başqa yerdə buyurur: “O kəs ki, Quran haqqında öz rəyi ilə danışar və təfsir edər – baxmayaraq ki, haqqdır – yenə də günah etmiş olar”.

 

İmam Həsən (ə) buyurur: “Hər kim Quran oxuyar – bir duası yerinə yetər, istər tez olsun, istərsə də gec”.

 

İmam Həsən (ə) buyurur: “Peyğəmbər (s) salavatı insanları öyrətdi və buyurdu: “Deyin: Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, necə ki, İbrahimə (ə) və Ali-İbrahimə (ə) salavat göndərmişdin. Sən – mədh olunan Böyük Allahsan”. Ona görə də bizim hər bir müsəlman üzərimizdə olan haqq odur ki, Allahın bir vacibatı kimi hər namazın təşəhhüdündə bizə salavat göndərsin. Allah qənimətləri Peyğəmbər (s) üçün halal etmişdir və bizim üçün də. Sədəqələri ona haram etmişdir və bizə də. Bunlar Allah tərəfindən bizim üçün müəyyən edilən olan kərahət və fəzilətlərdir”.

 

İmam Həsən (ə) Quranın bəzi ayələrini təfsir etmişdir ki, onlardan bəzilərinə nəzər salaq:

 

1. İmam (ə) bu ayə ilə bağlı buyurur: “Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir). (“Qəmər” 49). Yəni, biz hər şeyi cəhənnəm əhli üçün əməllərinin ölçüsündə yaratmışıq”.

 

2. “Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca”. (“Qaf” 40). Bu ayə ilə bağlı buyurur: “Məqsəd məğrib namazından sonra qılınan iki rükət namazdır”.

 

3. “İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi”. (“İnfitar” 8). Bu ayə ilə bağlı buyurur: “Sübhan Allah Əli ibn Əbitalibi (ə) Əbu Talibin belində Muhəmmədin (s) siması ilə xəlq etmişdir. Ona görə də Peyğəmbərə (s) ən çox bənzəyən insan Əli (ə) idi. Hüseyn ibn Əli (ə) Həzrət Fatiməyə (s.ə) ən çox bənzəyən insan idi və mən Xədiceyi-Kubraya (s.ə) ən çox bənzəyən insanam”.

4. İmam Həsən (ə) “Həşr” surəsinin son üç ayəsi ilə bağlı buyurur: “Hər kim səhəri edər və “Həşr” surəsinin son üç ayəsini oxuyar və həmin gündə ölər – şəhidlərin möhürü ona vurular. Əgər axşam olarsa və onu oxuyarsa və həmin gecədə ölərsə - yenə də şəhidlərin möhürü ona vurular”.

İmam Həsən ələyhis-salamın təvəllüdü Mübarək olsun!

İmam Həsən ələyhi-salama məxsus salavatı dinlə

 

Digər məqalələr