Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Şəxsiyyətlər

Şəxsiyyətlər

İmam Xomeyninin (r) baxışında Həzrət Əli (ə) kim idi?

Həzrət Rəsuli-Əkrəm və Həzrət Əli (ə) insanların müəllimi idilər. Mələklər qanadlarını Həzrət Əlinin (ə) ayaqları altına sərərdilər, çünki o İslam üçün çalışan, İslamı ucaldan biri idi. Həzrət Əlinin (ə) ləqəblərindən biri "Zilullah" idi. Yəni "Allahın kölgəsi" deməkdir. Onun bütün hərəkətləri Allahın əmrlərinə uyğun idi. Həzrət Əli (ə) özündə zidd sifətləri birləşdirə bilən nadir şəxsiyyətlərdən idi. Savasçı biri ibadət əhli ola bilməz. Bilək gücünə sahib olmaq istəyən biri zöhd əhli ola bilməz. Gündüzləri orucla, gecələri ibadətlə keçirərdi. Yediyi yemək ancaq çörək və sirkə, və ya çörək və duz idi. Buna baxmayaraq Xeybər qapısını yerindən çıxarıb onlarla metr uzaqlığa atmışdır. Minlərlə İslam düşmənini Allah yolunda gözünü qırpmadan öldürər, amma başqa bir diyarda bir müsəlmanın incidildiyini eşitsəydi, gecələr ağlamaqdan yata bilməzdi. Nəzərimcə İslam Peyğəmbəri (s) ondan başqasını yetişdirməmiş olsaydı belə, bu ona kifayət edərdi. Biz onun barəsində nə tərif deyə bilərik, nə də elmi və irfanı haqqında danışa bilmərik, heç buna gücümüz də çatmaz. Amma bir cümlə demək istəsək, deyə bilərik ki, Həzrət Əli (ə) Allahın qulu idi. Bu onun üçün ən iftixar etdiyi bir şey idi. "İmam Ruhullah Xomeyni (r)"

İmam Hüseyn (ə) üçün düşən bir damla göz yaşının hikməti

Onun bizim üzərimizdə haqqı vardır. Ona görə də o, hər nə etsə, cəzalandıra bilmərik

Ayətullah əl-üzma Behcət məsum imamların (ə) böyüklük və kəraməti barədə bir hekayə nəql edərək deyir:
Nəcəfi-əşrəfin yaxınlığında Fərat və Dəclə çaylarının qovuşduğu yerdə Musəyyib adlı bir kənd var. Şiə olan bir kişi təqvalıların mövlası Əmirəlmöminin Əlini (ə) ziyarət etmək üçün həmişə bu kənddən keçib gedirdi. Əhli-sünnədən olan bir kişinin də yol üstə evi var idi. O, həmin şiənin oradan keçdiyini görəndə, onun Əmirəlmöminini (ə) ziyarət etməyə getdiyini başa düşür və onu ələ salır, istehza edirdi. Hətta bir dəfə İmama (ə) qarşı da cəsarət etdi. Şiə kişi bundan çox narahat oldu. İmamın (ə) ziyarətinə çatan kimi nalə və fəryad edib İmama (ə) onun müxaliflərindən şikayətləndi.
Həmin gecə şiə kişi yuxusunda İmamı (ə) gördü və yenə müxaliflərdən şikayət etdi. İmam (ə) ona buyurdu: Onun bizim üzərimizdə haqqı vardır. Ona görə də o, hər nə etsə, cəzalandıra bilmərik.
Şiə kişi dedi: Hə, ola bilsin, sizə qarşı etdiyi cəsarətlərinə görə bu haqqı qazanıb?!
Həzrət buyurdu: O, bir gün Fərat və Dəclə çaylarının qovuşduğu yerdə oturub, Fərata baxırdı. Birdən Kərbəla hadisəsi və Seyyidüş-şühədaya (ə) suyun verilməməsi yadına düşdü. Öz-özünə dedi: Ömər Səd onları susuz öldürməkdə yaxşı iş görmədi. Gərək onlara su verəydi, sonra onların hamısını qətlə yetirərdi. O, Hüseynin (ə) susuzluğunu görə narahat oldu və gözündən bir damla yaş axdı. Ona görə də bizim öhdəmizdə onun haqqı var. Biz onu cəzalandıra bilmərik.
Şiə kişi deyir: Yuxudan ayıldım və öz yerimə tərəf qayıtdım. Yolda yenə həmin sünni kişi ilə qarşılaşdım. O, məni görən kimi yenə ələ salaraq dedi: Ağanı gördün? Mənim sözümü ona çatdırdın?
Dedim: Bəli, sənin sözünü çatdırdım və Ağadan sənə sifariş gətirmişəm.
O, gülərək dedi: Hə, de görüm, nə sifarişdir?
Mən hadisəni və yuxumu başdan-ayağa ona danışdım. İmamın (ə) bu sözünə çatdım: “O, suya baxdı və Kərbəla hadisəsini xatırladı....”.
Sünni kişi bu sözü eşidəndə başını aşağı saldı, bir az fikrə getdi. Sonra dedi: İlahi, o vaxt mənim yanımda heç kəs yox idi və mən özüm də bunu heç kəsə deməmişəm. Bəs, Ağa bunu haradan bilib? Sonra dərhal dedi: Əşhədu ənla ilahə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsulullah. Əşhədu Ənnə Əliyyən Əmirəlmomininə vəliyullah və vəsiyyi rəsulillah.

MUXTAR SƏQƏFİNİN QIYAMI

Rəbiüs-sani ayının 14-ü (Yanvar ayının 25-i) Muxtar Səqəfinin qiyam etdiyi günə təsadüf edir. Elə bu məqsədlə onun qiyamı haqda qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Əbu Übeyd oğlu Muxtar 1-ci hicri-qəməri ilində dünyaya gəlmiş və 67-ci hicri-qəməri ilində Müsəb ibn Zübeyr tərəfindən qətlə yetirilmişdir. Taif şəhərinin Səqif qəbiləsindən olduğu üçün soyadı Səqəfi, künyəsi Əbu İshaq, ləqəbi isə Keysandır və Keysaniyyə firqəsi ona mənsubdur. Keysan zəkalı, zirək və huşyar mənasını verir. Əsbəğ ibn Nobatənin rəvayətinə əsasən, ona bu ləqəb imam Əmirəlmöminin Əli (ə) tərəfindən verilmişdir.

Muxtar Səqəfi Kərbəla faciəsindən beş il və “Təvvabin” (Tövbə edənlər) qiyamından bir il sonra, 66-cı hicri-qəməri ilində Aşura faciəsinin cinayətkarlarından, imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qatillərindən intiqam almaq üçün Kufədə qiyam etdi. Onun Kərbəla şəhidlərinin qatillərindən intiqam alması Əhli-beytin (ə) və tərəfdarlarının sevincinə səbəb oldu.

MUXTAR VƏ KƏRBƏLA FACİƏSİ

İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqil imam Hüseyn (ə) üçün beyət almaq üçün Kufəyə gəldikdə, Muxtar onunla yaxından həmkarlıq etdi və evini onun ixtiyarında qoydu.

Lakin Übeydullah ibn Ziyad Kufəyə daxil olduqdan sonra Muxtar, Müslim ibn Əqillə həmkarlıq etdiyi üçün zindana atıldı və Kərbəla faciəsi baş verdiyi zaman Kufədə zindanda saxlanılırdı. İmam Əlinin (ə) yaxın səhabəsi Meysəm Təmmar, Muxtarla birgə Kufə zindanında ikən, bir gün Meysəm, Muxtara dedi: “Sən zindandan azad olub, zülmkar Übeydullah ibn Ziyadı öldürəcək və ayağını onun üzünə qoyacaqsan...” Meysəm edam olundu. Muxtar isə Kərbəla faciəsindən sonra bacısının həyat yoldaşı Abdullah ibn Ömərin vasitəçiliyi və Yezidin əmri ilə həbsdən azad edildi. Ondan sonra Taifə gedib, bir il orada yaşadı. Həmin zaman Abdullah ibn Zübeyr Məkkədə qiyam edib özünü müsəlmanların xəlifəsi elan etmiş və Məkkənin hökmranlığını ələ almışdı. Muxtar Taifdən Məkkəyə getdiyi zaman, Abdullah ibn Zübeyr onu həmkarlığa dəvət etdikdə, bir sıra şərtlərlə onunla həmkarlığı qəbul etdi.

Məkkə Yezid ordusunun vasitəsilə mühasirəyə alındıqda, Muxtarın tədbirləri və fədakarlığı ilə Məkkənin mühasirəsinə son qoyuldu və Muxtar 64-cü hicri-qəməri ilində Yezidin ölümündən beş ay sonra Kufəyə döndü. Onun Kufəyə döndüyü zaman, artıq Kufə Zübeyrlilərin ixtiyarına keçmişdi. Onun Kufəyə daxil olması Süleyman ibn Sürəd Xüzainin rəhbərliyi ilə “Təvvabin” ordusu Yezid ordusu ilə döyüşmək üçün şəhərdən çıxmışdı.

Muxtar Kufəyə daxil olduqdan sonra inqilabi fəaliyyətinə başladı, fəaliyyətini imam Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyənin imzası və razılığı ilə əlaqələndirdi. Bir qrup şiə Kufədən Mədinəyə gedib, Məhəmməd Hənəfiyyədən Muxtar haqda soruşduqda, onların sualına üstüörtülü cavab verərək dedi: “Mən istəyirəm ki, Allah-Taala istədiyi hər bir bəndəsinin vasitəsilə düşmənlərimizdən intiqamımızı alsın!”

Bu söz şiələr arasında yayıldıqda, Muxtarın ətrafına çoxlu şiə toplaşdı. Nəhayət, Muxtar kifayət qədər qüvvə topladıqdan, nüfuzlu şəxsləri, o cümlədən Malik Əştərin oğlu İbrahimi özünə cəlb etdikdən sonra, 66-cı hicri-qəməri ilinin Rəbiüs-sani ayının 14-cü günü Kufədə “imam Hüseynin (ə) qanının intiqamı naminə irəli” şüarı altında qiyam edib Kufəni ələ keçirtdi. Abdullah ibn Zübeyrin Kufədəki valisi Abdullah ibn Müti də gizli şəkildə şəhər tərk etdi.

Muxtar Kufəni ələ keçirtdikdən sonra əsas vəzifəsini icra etməyə, yəni imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qatilllərindən intiqam almağa başladı. O, hakimiyyətdə olduğu müddətdə Aşura faciəsinin cinayətkarlarından, o cümlədən, Ömər Səd, Şümr, İbn Ziyad, Xuli, Sənan, Hərmələ, Həkim ibn Tüfeyl, Münqəz ibn Mürrə, Zeyd ibn Rəqqad, Ziyad ibn Malik, Malik ibn Bişr, Abdullah ibn Üseyd, Əmr ibn Həccac və Kərbəla şəhidlərinin qanının tökülməsində iştirak edən bir çoxlarını qılıncdan keçirtdi.

Nəql olunur ki, Muxtar, Übeydullah ibn Ziyadın kəsilmiş başını Məhəmməd Hənəfiyyəyə, o da imam Səccada (ə) göndərdikdə, İmam (ə) Muxtara dua edib belə buyurdu: “Allaha həmd və şükürlər olsun ki, düşmənlərimizdən intiqamımızı aldı. Allah Muxtara xeyir əta etsin.”

İmam Baqirin (ə) hüzurunda Muxtardan söz düşdükdə, bəziləri onun haqda pis danışdı. Bu zaman İmam (ə) buyurdu: “Muxtar haqda pis danışmayın, çünki o, bizim şəhidlərimizin qatillərini öldürdü, (düşmənlərdən) intiqamımızı aldı...” (“İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, səh.125-127; “Camiur-ruvat”, 1-ci cild, səh.22; “Tarixi-xüləfa”, Ustad Rəsul Cəfəryan, səh.517.)

Nəhayət, Muxtar on səkkiz ay (67-ci hicri-qəməri ilinin Ramazan ayının 14-cü gnününə qədər) hakimiyyətdə oldu və nəhayət, Zübeyrlilər tərəfindən məğlubiyyətə uğrayaıb, 67 yaşında ikən Abdullah ibn Zübeyrin qardaşı Müsəbin əli ilə öldürüldü. (“Tətimmətül-müntəha – xəlifələrin tarixi”, Şeyx Abbas Qummi, 64-67-ci hicri-qəməri ilinin hadisələri.)

Rza Şükürlü

ZEYD İBN ƏLİ İBN HÜSEYNİN (Ə) ŞƏXSİYYƏT VƏ QİYAMINA QISA BİR BAXIŞ

İmam Zeynəlabidinin (ə) oğlu Zeyd imamət və vilayət xanədanının məşhur və parlaq çöhrələrindən biridir. O, Əməvilər hakimiyyəti ilə mübarizə aparmış və Hişam ibn Əbdülməlikin xilafətinə qarşı qiyam etmişdir. Şeyx Müfid “Əl-irşad” əsərində onun şəxsiyyəti haqda belə yazır: “Zeyd ibn Əli ibn Hüseyn (ə) qardaşı imam Baqirdən (ə) sonra imam Zeynəlabidinin (ə) böyük oğludur. O, təqvalı, fəqih, səxavətli və şücaətli bir şəxs olmuş, öz qiyamı ilə “əmr be məruf” və “nəhy əz münkər” etmiş və imam Hüseynin (ə) qatillərindın qisas almışdır.” (Əl-irşad”, Şeyx Müfid, səh. 520.)

Qeyd etmək lazımdır ki, “Aşura” faciəsi və imam Hüseynin (ə) şəhadətindən sonra “Təvvabin” və Muxtar Səqəfinin qiyamları kimi Əhli-beyti (ə) sevənlər tərəfindən Kərbəla şəhidlərinin qısasını almaq və yaxud digər məqsədlər üçün Əməvilər hakimiyyətinə qarşı qiyamlar baş qaldırsa da, Ələvilərdən Zeyd ibn Əlinin zamanına qədər mühüm qiyam və hərəkata əl atan olmamışdır.

Bəzi rəvayətlərdən belə anlaşılır ki, Kufədə Əhli-beyt (ə) dostları və şiələri Zeyd ibn Əlinin (ə) mübariz əhval-ruhiyyəsindən, onun Əməvilər hakimiyyətinə qarşı aşkar və gizli müxalifətindən agah olduqda, onu Əməvilərə qarşı hərəkata rəhbərlik etmək üçün Mədinədən Kufəyə dəvət edirlər. Zeyd bu haqda böyük qardaşı imam Mühəmməd Baqirlə (ə) məsləhətləşdikdə, İmam (ə) onu qiyamın hələ tez və nəticəsiz olacağından xəbərdar edir. Zeyd imam Baqirin (ə) nəzərinə ehtiramla yanaşır və o həzrətin həyatında qiyama qalxmır. Lakin İmam (ə) şəhadətə yetdikdən sonra Mədinənin hakiminin ayrıseçkilikləri və zorakılıqlarının dözülməz həddə çatdığını görən Zeyd Mədinə hakimindən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə şikayət etmək üçün Şama yollanır. Hişam ibn Əbdülməlik, Zeydin şikayətinə nəinki etina etmir, hətta onu Şamdan qovur. Bundan sonra Zeyd qiyam haqda qəti qərara gəlib Kufəyə doğru hərəkət edir.

O, Kufəyə daxil olduqdan sonra camaatı gizli şəkildə mübarizəyə dəvət edir və bir dəstə onun dəvətinə müsbət cavab verir. Lakin Zeyd aşkar mübarizə üçün onların sayını kafi bilmədikdə, Kufədə dörd ay qaldıqdan sonra Mədinəyə doğru yola düşür. Əməvilər hakimiyyətinin müxalifləri və şiələr onun fikir və qərarından agah olduqda, onu İraqın qərb nahiyəsindən – Qadisiyyədən geri qaytarır və zülmkar hakimiyyətə qarşı mübarizədə ona yardımçı olacaqlarını söz verirlər.

Zeyd ibn Əli (ə) yenidən Kufəyə qayıdıb, orada on ay qalır. Bu müddət ərzində Bəsrə əhalisini də mübarizəyə dəvət etmək üçün həmin məntəqəyə yollanır və iki ay orada yaşayır. Nəhayət, Zeydin hərəkatı və fəaliyyətləri haqda xəlifə Hişam ibn Əbdülməlikə məlumat verdikdə, xəlifə Kufənin hakimi Yusif ibn Ömərə məktub yazıb, Zeydin hakimiyyətə təhlükəli bir ünsür olduğunu xəbər verir. Ondan sonra Yusif ibn Ömər, Zeydin axtarışına başlayır. Zeyd də Mədain, Bəsrə, Vasit, Musil, Xorasan, Rey və digər şəhərlərə nümayəndələr göndərməklə həmin məntəqələrin şiələrini Əməvilər sülaləsinə qarşı qiyama dəvət edir. Yalnız Kufədən on beş min onunla beyət edib, zülmkar hakimiyyətlə mübarizəyə hazırlıqlarını bildirirlər. Beyət edənlərə müxtəlif fiqhi və ideoloji cərəyanlar, həm əhli-sünnə, həm də Əhli-beyt (ə) tərəfdarları qoşulurlar. Müxtəlif dini cərəyanlar Əməvilər hakimiyyətinə qarşı mübarizədə yekdil fikirdə olurlar.

Yusif ibn Ömər, Zeyd ibn Əlini (ə) ələ keçirmək üçün müxtəlif işlərə əl atır. Kufəyə ciddi rejim hakim kəsilir. Elə bu səbəbdən, Zeyd ibn Əli (ə) bir həftə vaxtından tez qiyama başlayır. Bu da səbəb olur ki, beyət edənlərdən az bir dəstəsi özünü Zeydə yetirib qiyamına qoşul bilsin.

Zeyd ibn Əli (ə) 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 1-də Kufənin hakimi Yusif ibn Ömərin ordusu və Şamdan gələn əsgərərlə döyüşə başlayır. Şam ordusundan bir çoxları qətlə yetirilir və yaralanırlar. Zeyd ibn Əlinin (ə) mübarizlərinin sayı Yusif ibn Ömərin ordusu ilə müqayisədə olduqca az olsa da, döyüş iki gün davam edir və döyüş əsnasında Zeyd ibn Əlinin (ə) alnına bir ox dəyərək onu qüvvədən salır. Onun yaralanması ilə bəzi əsgərlər döyüş meydadnını tərk edib pərakəndə olur, az bir qismi isə, gecə ikən onun yaralı bədənini Hərran ibn Əbu Kərimə adlı şiələrdən birinin evində məxfi edirlər. Onu müalicə etmək üçün bir təbib gətirirlər. Təbibin də zəhməti faydasız olur. Onun alnından oxu çıxardıqdan sonra, 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 2-də (yaxud 3-də), qırx iki yaşında ikən şəhadətə yetir. Zeydin dostları məsləhətləşdikdən sonra onun cəsədi hakim dairələrin və Əməvi məmurlarının əlinə düşməsin deyə, bir su arxının kənarında dəfn edib, arxın yolunu qəbrin üstündən açırlar.

Zeydin dostları, övladları, o cümlədən, Yəhya adlı oğlu onun cəsədini dəfn etdikdən sonra bir-birindən ayrılır və Kufədən qaçıb başqa şəhərlərə sığınırlar. Kufənin hakimi Yusif ibn Ömər, Zeyd ibn Əlinin (ə) cəsədinin tapılması üçün böyük məbləğdə hədiyyə təyin etdiyindən, dəfnin şahidlərindən birinin xəbərçiliyi ilə Zeydin qəbrini tapıb cəsədini çıxarırlar. Başını bədənindən ayırıb Şama – xəlifə Hişam ibn Əbdülməlikə göndərir və bədənini də Kufədə dar ağacından asırlar. Bu hadisədən bir müddət keçdikdən sonra, xəlifə Hişam ibn Əbdülməlikin əmri ilə Zeydin bədəninə od vurub yandırırlar.

(“Tarixi-xüləfa”, Ustad Rəsul Cəfəryan, səh. 650; “Tarixi-Dəməşq”, İbn Əskər Əsqəlani, 19-cu cild, səh. 456-476; “Mürucuz-zəhəb”, 3-cü cild, səh. 250-251.)