Çr.ax04302024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Təvəkkül nədir? Mömin Allaha nə üçün təvəkkül edər?

Təvəkkül nədir? Mömin Allaha nə üçün təvəkkül edər?

  • Təvəkkül nədir? Mömin Allaha nə üçün təvəkkül edər?

    Təvəkkül dedikdə Allah bəndəsinin bütün işlərində Allaha qəlb etimadı bəsləməsi nəzərdə tutulur. Yəni, hər işində Allaha söykənir və Ona etimad edirsən.

    Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayildən (ə) soruşdum: “Təvəkkül nədir?”. Cavab verdi: “Bu, həqiqətdən agah olmaq ki, məxluq nə ziyan verər və nə də mənfəəti vardır. Gözünü insanların əlindən və sərmayəsindən çəkəsən. Nə zaman bəndə belə olar, Allahdan savayı heç kəs üçün iş görməz. Ondan qeyrisinə ümid bəsləməz. Bunların hamısı təvəkkülün həqiqəti və sərhədidir””.

    Bəs mömin Allaha nə üçün təvəkkül edir?

    Quran ayələrində təvəkkül etməyin bir çox səbəbləri bəyan edilmişdir. O cümlədən:

    1. İnsan öz varlığının acizliyinə inanar. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil”. (“Fatir” 15). O kəs ki, özünü aciz hesab edər və Allaha möhtac bilər, bu insan Allaha təvəkkül edər.

    2. Allahın Qadir olduğuna inanmaq. “Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. (“Ənam” 17). “Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O, çox bağışlayan və mehribandır”. (“Yunus” 107).

    3. Allah – Alimdir. “Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44).

    4. Allah – illəti tamdır, yəni yer üzündə olan hər bir işi kamil edən Allahdır. “De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar»”. (“Əhzab” 17). “Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz”. (“Zumər” 36).

    5. Təvəkkül etmək – səadət mənbəyidir. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». (“İbrahim” 12).

    6. Bütün işlərin sonu Allaha çatır. “Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin, etdiklərinizdən əsla xəbərsiz deyildir”. (“Hud” 123).

    7. Allah – həqiqi ruzi verəndir. “Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər”. (“Nəhl” 73).

    8. Mütləq hakimiyyət – Allahındır. “De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»”. (“Muminun” 88).

    Allah Təala bizləri təvəkkül edənlərdən qərar versin.